Səudiyyə Ərəbistanı qadınları nəhayət onların avtomobil sürməsinə icazə verilməsini böyük sevinc hissi ilə qarşılayaraq, bunu gələcək dəyişikliklərin müjdəçisi kimi qəbul edib. Dövlət mətbuatının verdyi məlumata görə, Səudiyyə Ərəbistanı kralı Salmanın fərmanı ilə qadınların kişilərlə bərabər avtomobil sürməsinə bundan sonra icazə veriləcək. Fərmanın 2018-ci ilin iyun ayında qüvvəyə minəcəyi bildirilir. Qadın hüquq müdafiəçiləri və fəallar Körfəz bölgəsində neftlə zəngin və mühafizəkar qanunları ilə tanınan krallığın özündə bu istiqamətdə uzun müddətdir iş aparıb, ölkədən xaricdə buna çağırışlar edilib.
Səudiyyə Ərəbistanı kral fərmanına qədər dünyada qadınların avtomobil sürməsinə icazə verilməyən yeganə ölkəsi olaraq qalırdı. Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri, şahzadə Xalid bin Salman qadınların avtomobil sürməsinə verilmiş icazəni irəliyə doğru böyük addım adlandırıb. Səfir deyib ki, qadınların sürücülük dərsləri üçün kişi qohumlarından icazə almasına ehtiyac yoxdur. Beynəlxalq ictimaiyyət bu addımı müsbət qarşılaşasa da, ölkədə qadınlar üçün ciddi məhdudiyyətlər hələ də qalmaqdadır. Səudiyyə Ərəbistanı monarxının ailəsinə mənsub şahzadələr də daxil olmaqla, hələ də qadınlar yaxın kişi qohumlarının müşayiəti olmadan xarici səfərə çıxa bilməz.
Qərbdə Səudiyyə Ərəbistanı şahzadəsi kimi tanınan, Alvaled Bin Talal Fondunun vitse-prezidenti və qadın hüquqları müdafiəçisi Ameerah Bin Talal ABŞ mediasına müsahibələrində dəfələrlə vətənində qadınların cəmiyyətdə rolunun artırılması üçün qadınlara bərabər hüquqlar verilməsinə dəstəyini ifadə edib və bu istiqamətində işi dayandırmayacağını deyib. O, müsahibələrindən birində Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsinə icazə verilməməsini həm xaricdə, həm də daxildə simvolik məna daşıdığını deyib.
“Bu, həm daxildə, həm də xaricdə simvolik məna daşıyır. Daxildə bu, iqtisadi sədd olmaqla yanaşı, belə ki qadınlar orta hesabla maaşlarının 30 faizini sürücüyə xərcləyir, bu, həm də sosial baryerdir. Çünki qadın bu sürücüyə görə, özəl həyatı müdafiə olunmadığı və bəzən də təhlükəsizliyə əlaqədar bəzi yerlərə gedə bilməz. Xaricdə isə ona görə simvolikdir ki, orada bizi əzilmiş və bu status-kvodan razı qalmış kimi görürlər. Amma bu belə deyil. Bizim nə qədər yaxşı iş görməyimizdən asılı olmayaraq, bizə qadınların əzildiyi ölkə kimi baxacaqlar, çünki biz dünyanın qadınların maşın sürə bilmədiyi yeganə ölkəsiyik. Əgər biz dünyanın bizə fərqli baxmasını istəyiriksə, o zaman bu simvolik məsələ dəyişməlidir.”
#SaudiWomenCanDrive pic.twitter.com/BGCTYxL0UY
— وزارة الخارجية ?? (@KSAMOFA) September 26, 2017
Səudiyyə Ərəbistanında qadınlarının sosial həyatda daha fəal iştirakı istiqamətində son illər bir sıra addımların atıldığı müşahidə edilir.
Hazırda isə 32 yaşlı vəliəhd, şahzadə Məhəmməd bin Salman ölkə iqtisadiyyatının transformasiyası planının bir hissəsi olaraq qarşıya qadınların işçi qüvvəsi sıralarında sayının artırılması kimi bir məqsəd qoyub. Buna nail olmaq üçün isə qadınlara cəmiyyətdə qoyulmuş ciddi məhdudiyyətlərin tədricən aradan qaldırılması vacibdir.
Bizim nə qədər yaxşı iş görməyimizdən asılı olmayaraq, bizə qadınların əzildiyi ölkə kimi baxacaqlar, çünki biz dünyanın qadınların maşın sürə bilmədiyi yeganə ölkəsiyik. Əgər biz dünyanın bizə fərqli baxmasını istəyiriksə, o zaman bu simvolik məsələ dəyişməlidir.
Son inkişafların Səudiyyə Ərəbistanı iqtisadiyyatına təsiri olacağı gözlənilir. Qadınlar özləri avtomobil idarə edə bilmədikləri üçün maaşlarının böyük hissəsini şəxsi sürücüyə ayırmalı olur. Bu sürücülərin əksəriyyəti isə xarici ölkələrdən gələn işçi qüvvəsidir. Neft qiymətlərinin son illər düşməsi ilə Səudiyyə Ərəbistanı qadınlar da daxil olmaqla, daha çox işçinin özəl sektora üz tutmasına çalışır. Bu isə biznes və sahibkarlıq sahəsində daha artıq qadın demək ola bilər. Son illər qadınlar həm pula qənaət etmək, həm də müəyyən hərəkət azadlığı əldə etmək üçün Uber və Kərim kimi avtomobil applikasiyalarından birgə istifadə etməyə başlayıb.
Müşahidəçilər qadınlara avtomobil sürməyə icazə verilməsini eyni zamanda, gələcəkdə daha ciddi addımların atılması üçün imkan kimi qiymətləndirir.
Səudiyyə Ərəbistanında qadınların sosial həyatında dəyişiklərlə bağlı atılan son addımlar arasında 2015-ci ildə qadınların ilk dəfə olaraq seçkilərdə iştirakı və Məsləhət Şurasına qadınların seçilməsini göstərmək olar. Buna qədər Səudiyyə Ərəbistanı dünyada qadınların siyasi prosesdən kənarda qaldığı yeganə ölkəsi idi.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Əmək nazirliyi də qadınların özəl sektora üz tutmasını təşviq edir və bunun nəticəsində son illər daha çox qadının supermarketlər və qadın geyimləri satılan mağazalarda çalışdığı müşahidə edilir. Ölkənin bəzi yerlərində hicabla bağlı sərt məhdudiyyətlərin də bir qədər yüngülləşdirildiyi hallarına da rast gəlmək mümkündür. Səudiyyə şahzadəsi və milyarder Əl-Valid Bin Talalın Kingdom Holding biznes imperiyasının ofislərində hicab geyilməsi tələb edilmir. Ofisdə çalışanların böyük əksəriyyətini də qadınlar təşkil edir.