Dilşad Əliyarlı

Zeyno Baran qızı ilə

Zeyno Baran qızı ilə

Vaşinqtonda Avrasiya üzrə tanınmış ekspertlərdən biri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran bu yaxınlarda özünü tamamilə fərqli sahədə sınamaq istədiyini elan etməsilə çoxlarını təəccübləndirdi. Zeyno Baran Stanford universitetində Siyasi Elmlər üzrə bakalavr və beynəlxalq iqtisadi inkişaf üzrə magistr dərəcəsi alandan sonra ABŞ paytaxtında Nikson Mərkəzi, Hadson institutu, Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzi kimi aparıcı beyin mərkəzlərində ekspert olaraq çalışıb. O, Türkiyə, Avropa və Asiyada enerji təhlükəsizliyi, Xəzər hövzəsində enerji siyasəti, islam radikalizmi təhlükəsi və başqa mövzularda bir sıra məqalələrin müəllifidir.

Lakin geo-siyasi ekspert kimi uğurlu karyera yarada bilən Zeyno Baran ailə qurduqdan sonra həyatında ciddi bir addım atıb tamamilə yeni fəaliyyət sahəsinə üz tutub. Özünün dediyi kimi, Şərq təbabəti, alternativ tibbi müalicə üsulları və sağlam həyat tərzi onu həmişə maraqlandıran sahələr olub, lakin yalnız ana olduqdan sonra o, yeni seçimlərə hazır olduğunu görüb. Zeyno Baranın hazırda  İstanbulda yaratdığı “Sağlamlıq mərkəzi”ndə sağlam həyat tərzi, yoqa, alternativ tibbi üsullarla müalicə təklif edilir. Zeyno Baranla onun yeni işi, qadının seçimləri, ailə və karyera arasında balans haqda danışdıq.

 

Zeyno-Baran-Washington

Dilşad Əliyarli: Zeyno xanım, kareyarınızda dəyişiklik etməklə çox cəsarətli bir addım atmısınız. Bu seçiminiz nə ilə bağlı idi?

Zeyno Baran: Mən əvvəlki karyeramı və işimi də çox sevirdim. Amma daha sonra özümü insanların daha xoşbəxt, daha sağlam yaşaması və həyatdan zövq alması işinə həsr etdim. Əvvəlcə ailəmdə və dostlarımdakı dəyişiklikləri gördüm, sonra buna bir peşə kimi yiyələnmək istədim. Təbii ki bir keçid dövrü oldu. İndi həm ailələrlə işləyirəm, həm də təlim verməklə məşğulam və daha xoşbəxtəm.

 

Zeyno Baran və "Karmik şəfa" mərkəzində həmkarı Fatih Enginsel

Zeyno Baran və “Karmik şəfa” mərkəzində həmkarı Fatih Enginsel

Dilşad Əliyarli: “Sağlamlıq mərkəzi”ndə nə ilə məşğul olursunuz?

Zeyno Baran: Biz həkim deyilik, biz karmik sağlıqla məşğuluq. Keçmişdən gətirdiyimiz karmalarla. Yəni əvvəl kimi isə özümüdən incidib, ürəyini sındırmışıqsa, bu üzərimizdə emosional bir ağırlıq olaraq qala bilər. Bu emosional ağırlıq xəstəliyə çevrilə bilər. Bu, daim maliyyə çatışmazlığı və ya ümumiyyətlə özünü bədbəxt hiss etmək kimi özünü büruzə verə bilər. Biz burada fərqli üsullarla, kvantum metodlarla, Türkiyə, Azərbaycan və Orta Asiyada məlum olan şamanik metodlardan istifadə edərək insanların keçmişdən qalan “yüklərdən” azad olub həyatlarını istədikləri kimi yaşaya bilməsinə kömək edirik. Bizə həkimlər, müəllimlər, təhsilli insanlar, müxtəlif peşə sahibləri müraciət edir və biz onların problemlərini həll etməyə çalışırıq. Bu, miqren baş ağrıları, siqaretə aludəçilik, ailədə və ya işdə problem ola bilər, bütün bunların əsasında emosional səbəblər olduğu üçün biz kvantum, şamanik metodlarla insanları müalicə edirik.

Zeyno Baran və həyat yoldaşı Metyu Brayza ABŞ prezidenti Barak Obama ilə

Zeyno Baran və həyat yoldaşı Metyu Brayza ABŞ prezidenti Barak Obama ilə

Dilşad Əliyarli: Sizdə qeyri-ənənəvi təbabətə maraq nə zaman yaranıb?

Zeyno Baran: Mən uşaqlıqdan bununla maraqlanırdım. Həvəskar kimi boş vaxtlarımda bu barədə oxuyub bilik əldə edirdim. Vaşinqtonda geo-siyasi məsələlər üzrə təhlilçi olduğum zaman da həftə sonu, ya da iş gününün sonunda bu məsələlərlə məşğul olurdum. Nəhayət elə bir məqama gəlib çatdım ki, artıq bütün vaxtımı və işimi buna sərf etmək istədim. Çünki Qərb təbabəti, bizim bildiyimiz müasir təbabət hazırda həkimlərin müalicəsində dayanan bir nöqtəyə çatıb. Dərmanlar yalnız simptomlara kömək edir, biz isə simptomlar deyil, əsas səbəbi müalicə edirik. Mən özüm də əvvəllər çox dərman içmişəm, amma onlar sadəcə bir müddət kömək edir, amma problem sonra təkrar üzə çıxır. Mən öz həyatımda bəzi məsələləri həll etdikdən sonra dedim ki, “mən niyə başqa insanların problemlərinə kömək etmək kimi bir iş görməyim?” Allaha çox şükür, keçidi edib ürəyim istəyən işlə məşğul ola bilirəm.

Zeyno Baran

Zeyno Baran

Dilşad Əliyarli: Çoxlarını həyat yoldaşınız Metyi Brayzanın yeni işinizə başlamağınıza münasibəti maraqlandırır. O sizin seçiminizi necə qarşıladı?

Zeyno Baran: İlk əvvəl mənim enerji, Qafqaz və geo-siyasi sahəsində işimə dəstək vermişdi və eyni o sahədə işimi davam etdirməyimi istədi. Bunun keçici bir maraq olduğunu düşünürdü. Amma sonra baxıb gördü ki mən bu sahədə işləmək mənim çox xoşuma gəlir. Bir qədər məni müşahidə etdi, amma sonra tam dəstəyini verdi. Sağ olsun. Mən ona bu sahədə çalışmaq istədiyimi deyəndə əvvəlcə anlamadı, çünki bu, 20 il gördüyüm işdən çox fərqli bir sahədir. Amma sonra gördü ki bu, mənim üçün önəmlidir və dəstəyini verdi.

Zeyno Baran qızı ilə

Zeyno Baran qızı ilə

Dilşad Əliyarli: Zeyno xanım, bu seçimi etməyinizdə ana olmağınızın və qızınızın da rolu olub. Qızınızla münasibətinizdən danışmağınızı istərdik. Zeyno Baran necə bir anadır?

Zeyno Baran: “Ana olmaq qadın üçün çox özəl bir şeydir, çünki özünüzdən həyat verirsiniz və uşaqla birlikdə özünüzün də bilmədiyiniz çox xarakteriniz üzə çıxır. Mənim qızımla birlikdə daha çox şey öyrəndim, daha çox şeyi anladım. Ona daha yaxşı ana olmaq üçün bu yolçuluğa başladım. Həm ona daha yaxşı ana olmaq, həm də mənim kimi yeni ana olan və ana olmağı düşünən qadınlara da yol göstərmək üçün. Çünki uşağa hansı adı qoyamqdan tutmuş, uşağı sevgi içində böyütmək, uşağa gerçək sevgini necə göstərmək kimi bir çox sual var. Bizim mərkəzdə bu məsələlərlə bağlı təlim verilir. Çünki hər şər şey uşaqlıqda başlayır. 6 yaşına qədər uşaqlar biz nə deyiriksə hamısını götürür. Biz nə ediriksə, onlara təsir göstərir. Buna görə də valideyn olmaq həm böyük imtiyazdır, həm böyük bir məsuliyyət. Mən də əlimdən gələni edib yaxşı ana olmağa çalışıram, yoldaşım da çox yaxşı atadır və əlindən gələni edir.

Zeyno Baran jurnalistlərlə

Zeyno Baran jurnalistlərlə

Dilşad Əliyarli: Karyera və ailə arasında balans yaratmağa çalışan müasir qadınlara tövsiyəniz nədir?

Zeyno Baran: Biz belə bir seçim etmək məcburiyyətində deyilik. Qadın kimi bəzən belə bir seçim etmək məcburiyyətində olduğumuzu düşünürük. Əgər maddi imkan baxımdan çətinlik varsa, təbii ki onda qadın işləmək məcburiyyəti qarşısında qala bilər. O zaman da seçim nə olursa-olsun bununla rahat olmaq lazımdır, bu, mühümdür. “Ailəmə Kifayət qədər vaxt ayıra bilmirəm, ya da işimdə kifayət qədər uğurlu ola bilmirəm” deyib özümüzü günahlandırmaq və çatışmazlıq hissi keçirmək əvəzinə tarazlığı saxlamağa çalışmaq lazımdır. Bəzən insan daha çox ailəsilə vaxt keçirə bilir, bəzən də özünü işə daha çox həsr edir. Amma bir qadın və ya bir kişinin ürəyincə olduğu işi görməsi həm onun özünü daha xoşbəxt edər, həm də onun ailədə daha yaxşı ana, daha yaxşı ata, daha yaxşı dost olması üçün faydalı olar. Mən bütün qadınlara ürəkləri istəkdikləri işi görmələrini arzulayıram.