Amerikada Prezidentlər günüdür. Corc Vaşinqtondan başlayaraq ölkənin bütün 44 prezidentinin şərəfinə qeyd edilən bu gündə siyasi arenada böyük rol oynamasalar da, Ağ Evdə ali baş komandanla hər zaman birlikdə olan birinci xanımlar da unudulmur.
220 il ərzində ABŞ-ın birinci xanımı olan 45 qadının demək olar hər biri bu yüksək titulu özünəməxsus şəkildə daşıyıb. Birinci xanımların Ağ Eva gətirdiyi ab-hava çox vaxt Vaşinqtonun yüksək cəmiyyətinin tonunu müəyyən edib.
Birləşmiş Ştatların ilk prezidenti Corc Vaşinqtonun xanımı Marta Vaşinqton Amerikanın ilk birinci xanımı olub. Dörd uşaqla 25 yaşında dul qalmış Ledi Vaşinqton gənc Corc Vaşinqtonla izdivaca var-dövlət gətirsə də, onların birlikdə övladı olmayıb. Birinci xanım statusundan o qədər də mutlu olmayan Marta Vaşinqton bununla belə üzərinə düşən vəzifəni gözəl yerinə yetirə bilib. Corc Vaşinqtonun prezidentlik müddəti bitdikdən sonra o, həyat yoldaşı ilə ömrünün sonuna qədər Mont Vernon iqamətgahında yaşayıb.
Amerikanın ikinci prezidenti Con Adamsın həyat yoldaşı Abigeyl Adams Ledi Vaşinqtondan fərqli olaraq siyasətdə fəal rol oynayıb və hətta buna görə “Xanım Prezident” ləqəbi qazanıb. 1800-ci ildə Vaşinqtonun paytaxt olmasından sonra Abigeyl Adams Ağ Evdə ilk birinci xanım olub. Xanım Adams qadınların əmlak hüquqları və qadın məsələləri ilə yaxından məşğul olub və həyat yoldaşına yazdığı məktublardan birində prezidenti qadın məsələlərini unutmamağa çağırıb.
ABŞ prezidenti Ceyms Medisonun həyat yoldaşı Dolli Medison Ağ Evdə təmtəraqlı ballar və ziyafətlərin eleqant ev sahibəsi kimi yadda qalıb. Dolli Medison Ağ Evə qlamur və dəb gətirən birinci xanım hesab edilir. O, nəfis geyimləri, Napoleon dövrünün dekolteli donları ilə yadda qalır.
Prezident Franklin Ruzveltin həyat yoldaşı Eleonor Ruzvetl mətbuat konfransı keçirən ilk birinci xanım olub. Özü də xanım Ruzvelt 1933-cü ildə keçirdiyi məbuat konfransına yalnız qadın müxbir və jurnalistləri dəvət edib. Ağ Evə gəldiyi ilk gündən Eleonor Ruzvelt birinci xanımın “passiv ev sahibəsi” statusunu qəbul etmirdi. Amerikanın birinci xanımı olduğu dövrdə o, mühazirələrlə çıxış edir, qadınların yalnız çox az hissəsinin işlədiyi bir vaxt geniş ictimai fəliyyət göstərirdi. Xanım Ruzvelt siyasi partiya qurultayında məruzə ilə çıxış edən ilk birinci xanım olub.
Dəbə gəldikdə Amerikanın birinci xanımları arasında bu kateqoriyada birinci yerdə prezident Con Kennedinin həyat yoldaşı Jaklin Kennedini qeyd etmək lazımdır. Jaklin Kennedi özü ilə Ağ Evə Jivanşi, Dior və Şanel kimi yüksək moda dünyasına aid adlar gətirdi. O həm də Gremmi mükafatı almış ilk və yeganə birinci xanımdır. Onun 1962-ci ildə fevralın 14-də Ağ Evdə hazırladığı video tur milyonlarla amerikalıya prezident və birinci xanımın həyatı ilə tanış olmaq imkanı verdi. Jaklin Kennedi eleqant geyimləri, baş örtükləri və təkrarolunmaz stili ilə çoxlarını valeh edirdi.
Prezident Ronald Reyqanın xanımı Nensi Reyqanla Ağ Evə bir Hollivud ab-havası gəldi. Həftədə iki dəfə birinci xanım Nensi Reyqanın iki şəxsi saç ustası onun saçlarını düzəltmək üçün Ağ Evə gəlirdi. Xanım Reyqanın bəzi bahalı geyimləri ilə bağlı cəmiyyətdə mübahisəli fikirlər söylənsə də, Amerika dizaynerləri onun moda sahəsinə verdiyi töhfələri xüsusi qeyd edərək, Nensi Reyqana mükafat təqdim etmişdi.
Prezident Bill Klintonun həyat yoldaşı Hillari Klinton stili ilə seçilməsə də birinci xanım kimi ictimai-siyasi fəailyyətlərinə görə böyük iz qoyub. Hillari Klinton Senata seçilən və Dövlət katibi olan ilk birinci xanımdır. Zaman keçdikcə Hillari Klintonun geyim stilində də dəyişikliklər müşahidə edildi və onun eleqant birinci xanım və siyasətçi kimi fotoları “Vogue” jurnalının səhifələrini bəzədi.
Birinci xanım Lora Buş qadınlar və təhsil məsələləri ilə yaxından məşğul olub və Əfqanıstanda qadınlar üçün imkanların genişləndirilməsi təşəbbüsü ilə çıxış edib. Kitabxanaçı olmuş xanım Buş Amerikanın bir çox məktəblərini ziyarət edərək, uşaqlarda qiraətə həvəs yaratmaq üçün onlara kitab oxumağın əhəmiyyətini vurğulayıb. Amerika dizayneri Oskar De La Rentanın nəfis donlarında görünməsi Lora Buşun Ağ Evdə olduğu illər geyim stilində müsbət dəyişiklik kimi qiymətləndirilir.
Prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama artıq tarixə ABŞ-ın ilk qaradərili birinci xanımı kimi düşüb. Barak Obamanın prezidentliyinin ilk dövründə Mişel Obama birinci xanım statusunun ən önəmli prioritetini ana olmaqda gördüyünü deyib. Bununla belə o, amerikalılar arasında hətta prezidentin özündən də populyar olaraq qalır. Xanım Obama sadə geyimləri, gənc Amerika dizyanerlərinə dəstəyi ilə tanınır. Amerikanın birinci xanımlarından daha çox hansına bənzəmək istədiyi soruşulduqda, Mişel Obama Eleonor Ruzvelt və Caklin Kennedinin adlarını çəkir. Xanım Obama əsas prioritelərini uşaqların sağlamlığına diqqət vermək, hərbçilərin ailələrinə yardım göstərmək və gənc amerikalıların arzularına çatmasına kömək etməkdə görür.