Sürgündə yaşayan iranlı aktrisa Gülşiftə Fərahaninin Fransanın Eqoist (Egoiste) jurnalının üz qabığında çılpaq şəkli Tehran ayətullahlarına yeni itaətsizlik mesajı kimi qəbul edilir.
Tehran rəsmiləri aktrisanın növbəti addımına reaksiya verməyiblər.
Gülşiftə Fərahinin ağ-qara şəklinin müəllifi tanınmış fotoqraf Paolo Roversidir. Aktrisa “Eqoist” jurnalına verdiyi müsahibədə Fransada azad olduğunu deyib: “Paris qadının azad ola bildiyi yeganə yerdir. Şərqdə isə belə deyil. Qadında seksual maraq yaranan kimi o, günaha batmış hesab edilir.”
Bu, Gülşiftə Fərahaninin İranda qadın və insan hüquqları məsələlərinə diqqət yönəltmək üçün atdığı ilk belə addım deyil. 31 yaşlı aktrisanın İrana gəlişinə iki il bundan əvvəl qadağa qoyulub. Onun Fransada Oskar kino mükafatlarına bənzər Cesars mükafatlarına dəstək məqsədilə 30 başqa aktyor və aktrisa ilə “gənclərə ümid” şüarı altında videoda çəkilməsi rəsmi Tehran tərəfindən qəzəblə qarşılanmışdı. Gülliftə Fərahinin sinəsi açıq göstərildiyi videonun internetdə yayılmasından bir neçə gün sonra İran rəsmiləri aktrisanın valideynlərinə zəng edərək onları hədələyib və aktrisanın bundan sonra ölkəyə gəlişinin məqbul olmadığını deyiblər. Bu təzyiqlərdən sonra onun atası bir neçə gün xəstəxanaya yerləşdirilib. Gülşiftə Fərahani özü isə hadisələrə münasibətini kiçik mesajda bildirmişdi. “İran təzadlar ölkəsidir, mədəni fərqlər olduqca güclüdür. Heç kəsin Cesars-dan xəbəri olmasa da hər şey siyasiləşdirilir.”
Gülşiftə Fərahani təkcə İran kinosu deyil, Hollivud səviyyəsində parlayan ulduzdur. O, “Yalanın mahiyyəti” (“Bodyof Lies”) filmində Leonardo Di Kaprio ilə çəkilməklə1979-cu ildə İran İslam inqilabından sonra Hollivuddun böyük ekranına çıxan ilk iranlı aktrisadır. 2008-ci ildə Nyu-Yorkda filmin premyerasına gələn aktrisa başı örtülməmiş göründüyü üçün İran rəsmiləri onun pasportunu əlindən almışdı. İranın özündə və pasportu olmadığı üçün ölkənin xaricində fəaliyyətini davam etdirə bilməyən aktrisa Fransaya mühacirət etməli olmuşdur.
Bundan əvvəl isə aktrisa Berlin kino-festivalında “Gümüş Ayı” mükafatı alıb, Traybeka kino-festivalının laureatı olub.
Gülşiftə Fərahani İranda qadın hüquqlarına hörmət edilməsi çağırışları və qadınların cəmiyyətdə qarşılaşdığı təzyiqlərlə bağlı açıq çıxışları ilə tanınır.