Virciniya ştatında yaşayan azərbaycanlı dizayner və sahibkar Səkinə İskəndər Vaşinqtonun moda həyatına yeni çalar gətirə bilib. Artıq bir neçə ildir Səkinə İskəndər Türkiyə və Azərbaycan dizaynerlərinin geyim və aksessuarlar kolleksiyalarını amerikalılara tanıtdırır. Bu yaxınlarda onun sahibi olduğu Take 5 butikində keçirilən moda şousunda Türkiyənin tanınmış dizaynerlərinin geyimləri nümayiş etdirilib.
Qadınlara həsr edilmiş moda şousu qadınları və dünyanı daha gözəl etmək şüarı altında keçib. Take 5 butikinin sahibi, dizayner və sahibkar Səkinə İskəndərin moda konsepsiyasının əsasında bu durur. Şounun açılışında o, “moda və qadınlar dünyanı gözəlləşdirir, geyimlər vasitəsilə qadınların gözəlliyi tərənnüm edilir” deyir.
Professional və könüllü modellər Türkiyənin aparıcı dizaynerlərinin kolleksiyalarından nümunələri nümayiş etdirib. Səkinə İskəndərin moda sahəsində yaratdığı biznesin məqsədi Vaşinqton qadınlarını Türkiyə və Azərbaycan dizaynerlərinin kolleksiyaları ilə tanış etməkdən ibarətdir: “Belə düşündük ki, Amerikada tanınmayan dizaynerlərin kolleksiyalarını buraya gətirək və qeyri-adi dizaynları bu bazara çıxaraq. Take 5 Global şirkətini açdıq. Onun məqsədi xarici dizaynerləri Amerikada təbliğ etməkdən ibarətdir. Beş terk dizayneri ilə başladıq, çünki onlar dizayn baxımından çox fərqli idilər.”
Səkinə İskəndər inanır ki, hər gün işləyən, evdə və ailədə məşğul olan qadınlar da zövqlü və stilli geyimlərlə öz üslublarına şıq və ekslüzivlik elementi əlavə edə bilər: “İndi mən hansı qadına hansı stilin uyğun gəldiyini daha yaxşı anlayıram. Hansı bədənə hansı modelin daha münasib olduğunu daha yaxşı bilirəm. Bundan sonra özümü dizayner kimi irəli getmək istəyirəm. Uşaqlıq arzum dizayner olmaq olub. Bundan sonra bu arzumu reallaşdıra bilərəm.”
Moda şousu Vaşinqtonun Türk Qadınlar Cəmiyyəti ilə birgə təşkil edilib. Cəmiyyətin sədri Oya Kohen azərbaycanlı və türk qadın sahibkarlara dəstəklə yanaşı, şounun xeyriyyə məqsədilə keçirildiyini qeyd edib.
Şoudan yığılan vəsaitdən uşaqların təhsil səviyyəsinin yüksəldilməsi üçün Türkiyədə bir sıra məktəblərə yardım göstəriləcək.
Vaşinqton dünyanın siyasi paytaxtı adlandırılsa da, çoxmillətli şəhər dünya ölkələrinin mədəniyyətlərinin bir araya gəldiyi yerdir. Dizayn və moda biznesində yeni, lakin inamlı addımlar atan Səkinə İskəndər Amerikanın ən kosmopolit şəhərlərindən biri olan Vaşinqtonun stilinə özünəməxsus çalar və zövq gətirməyə çalışır.