“Time” jurnalının dünyanın ən nüfuzlu 100 adamı arasında bu il Əfqanıstanın birinci xanımı Rula Qani də göstərilib.
Tanınmış yazıçı, “Çərpələng uçuran” kitabının müəllifi Xalid Hüseyni onun haqda təqdimatda yazıb ki, birinci xanım Rula Qaninin görünüşü Əfqanıstanda böyük təəccüb yaratmaya da bilər çünki 1920-ci illərdə kraliça Sürəyya da üzünü örtmürdü. Lakin onun yazdığına görə, bir məsələ aydındır ki, livan mənşəli Rula Qani həyat yoldaşı, prezident Əşrəf Qaninin kölgəsində qalmaq istəməyəcək.
Sentyabr ayında seçkilərdən sonra inaqurasiya çıxışında prezident Əşrəf Qani çoxları üçün tamamilə qeyri-adi bir addım ataraq, xanımına dəstəyə görə təşəkkürünü bildirmişdi. Bu, Əfqanıstanda Taliban rejiminin devrilməsindən sonra hakimiyyətdə olduğu 10 il ərzində heç vaxt xanımı ilə ictimaiyyət qarşısına çıxmayan prezident Həmid Karzaidən tamamilə fərqli bir davranış idi. Çoxları Əfqanıstanın gələcəyini bu fərqlilik, bu dəyişikliklə bağlayır.
Rula Qanini bəzən Xalid Hüseyninin yazdığı kimi kraliça Sürəyya ilə müqayisə edirlər. Müasir düşüncəli kraliça Sürəyya da 1920-ci illərdə dövrün qadınlarını inkişaf etmiş görmək istəyirdi. Lakin müasir Əfqanıstanın birinci xanımının üzərinə götürdüyü rol daha çox Amerika Birləşmiş Ştatlarında öz statusundan mühüm sosial məsələlərin həlli üçün istifadə edən birinci xanımların roluna bənzəyir.
Rula Qani Livanda anadan olub və gələcək həyat yoldaşı Əşrəf Qani ilə Beyrutda Amerika universitetində təhsil aldığı zaman tanış olub. 1975-ci ildə ailə həyatı qurduqdan sonra Rula Qani bir müddət Əfqanıstanda yaşayıb. Müsahibələrində Əfqanıstanın birinci xanımı o zaman qadınlar üçün fərqli bir dövrün olduğunu deyərək, indi ölkənin bir çox yerlərindəki kimi qadınların hər zaman çadra örtmədiyini xatırlayır.
Əşrəf və Rula Qani Əfqanıstana yenidən 2002-ci ildə səfər qayıdıb. Rula Qani o zaman altı il məcburi köçkünlərə yardım edən qeyri-hökumət təşkilatında çalışıb. O, müharibənin dağıtdığı ölkədə məcburi köçkünlər arasında ən ağır şəraitdə qadın və uşaqların olduğunun şahidi olub. Lakin Əfqanıstan kimi ənənələrin kök salmış olduğu ölkədə Rula Qaninin işləri deyil, əsas diqqət bəzən onun şəxsiyyəti və kimliyinə yönəldilir. Birinci xanımın əfqan olmaması və xristian dininə mənsub olması bəzi əfqan siyasətçilərin tənqidlərinin əsas hədəfinə çevrilir.
Rula Qaninin Əfqanıstanda qadın məsələlərini gündəmə gətirməsi təkcə əfqanları deyil, dünyanın diqqətini özünə çəkib. O, qadınlar üçün bərabər hüquqların təmin olunmadığı ölkədə qadın və qızların həyat standartlarını yaxşılaşdırmağa söz verib. Əfqanıstan dünyada qadın problemlərinin ən ciddi hal aldığı ölkələrdən biridir. Talibanın hakimiyyəti dövrü Əfqanıstanda qadın və qızların təhsil alması qadağan edilmiş, onların fəaliyyətlərinə ciddi məhdudiyyətlər qoyulmuşdu. Lakin ölkənin birinci xanımı müasir əfqan qadınlar üçün imkanların genişləndirilməsinə nail olmağa çalışır.
Xalid Hüseyni yazıb ki, birinci xanım Rula Qani qadın hüquqları uğrunda mübarizəni qeyri-əfqan və xristian dininə mənsub birinci xanım kimi aparmalı olacaq. “Rula Qani Əfqanıstanda qadınlar üçün yeni dövrün başlamasına kömək edə biləcəkmi? Bir çox əfqan kimi mən də bunu səbirsizliklə gözləyirəm”-deyə Xalid Hüseyni təqdimatını bu sözlərlə bitirib.