Dilşad Əliyarlı

Nar və zəfəran, ətirli ədvalar, payız meyvələri, qurudulmuş meyvə və çeşidli tutmalar – bu`qurmanlar cənnəti`ndə qonaqlara hər cür dadlar təklif edilir. Bakının kulinariya mənzərəsi ilə tanışlıq Yaşıl Bazarda başlayır. Fəridə Buyuran mətbəx və mədəniyyət turunun iştirakçılarını təzə yerli məhsullarla tanış edir. Beynəlxaq mükafatlara layiq görülmüş və ABŞ-da Azərbaycan mətbəxi haqda ilk  “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Azərbaycanın milli mətbəx ənənələri, yeməklərin xüsusiyyətləri haqda məlumat verir.

ABŞ-da yaşayan Fəridə Buyuran vətəni Azərbaycana təşkil etdiyi kulinariya turları ilə milli mətbəx ənənələlərinin zənginliyini göstərməyə çalışır. Keçən il Azərbaycana növbəti kulinariya turu zamanı Fəridə Buyuran tur iştirakçıları ilə müxtəlif bölgələrdə tarixi abidələri ziyarət edib, yerli insanlarla görüşüb və süfrə arxasında milli yeməkləri bölüşüb. Tanınmış kulinariya eksperti Bakıda qonaqlarla Yaşıl Bazarda olub və Amerikanın Səsinə turu haqda danışıb.

O deyir ki, bu turlar vasitəsilə Mərkəzi Asiya və Yaxın Şərq bölgələrinin zəngin ənənələlərindən təsirlərlənən Azərbaycan mətbəxinin xüsusiyyətlərini göstərməyə çalışır.

Tur iştirakçıları Azərbaycana səfər zamanı təkcə mətbəx mədəniyyəti ilə deyil, ölkənin tarixi və mədəni ənənələri ilə tanış olduqlarını bildirir və bunu sözün əsl mənasında mədəni ekskurs adlandırır.

“Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti”

Fəridə Buyuran Böyük İpək Yolu üzərində yerləşən Azərbaycanın müxtəlif regionlarının zəngin mətbəx ənənələri olduğunu deyir. Onun sözlərinə görə, kulinariya turunun əsas məqsədi bu özəllikləri göstərməkdən ibarətdir.

Mədəniyyət turlarının əsas diqqət mərkəzində milli mətbəx olsa da, tur iştirakçıları Azərbaycanın təbiəti, tarixi, tətbiqi sənəti və musiqisi ilə tanışlıq imkanı əldə edir.