Dilşad Əliyarlı
Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam oldu. Üzeyir Hacıbəylinin musiqisi müasir dövrdə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda dünyanın ən tanınmış musiqiçiləri tərəfindən ifa edilir. Amerika Birləşmiş Ştatlarında “Leyli və Məcnun” operasının iki quruluşda tamaşaya qoyulması Azərbaycan musiqisinin ABŞ-da və dünya miqyasında tanıdılmasında müstəsna rol oynayıb. “Leyli və Məcnun” dünya şöhrətli musiqiçi Yo Yo Manın bədii rəhbəri olduğu İpək Yolu ansamblı, daha sonra isə ansamblla birlikdə müasir dövrün ən tanınmış xoreoqraflarından biri olan Mark Morrisin rəqs qrupu tərəfindən yeni quruluşda tamaşaya qoyulub. İndiana Universitetinin professoru, musiqişünas Aida Hüseynova hər iki layihənin elmi məsləhətçisi olub.
Aida Hüseynovanın bildirdiyinə görə, bəstəkar Firəngiz Əlizadənin “Dərviş” kompozisiyasının Qərb auditoriyasına təqdim edilməsindən sonra Qərb və Amerika musiqiçilərinin Azərbaycan musiqisi ilə yaxından tanışlığı Üzeyir Hacıbəylinin muğam operası ilə davam etdirilib və iki quruluşda tamaşaya qoyulub.
Aida Hüseynova operanın yeni improvizə edilmiş redaksiyası ideyasının 2000-ci ildən İpək Yolu ansamblı ilə əməkdaşlıq edən muğam ustası Alim Qasımova məxsus olduğunu qeyd edib.
2007-ci ildə Yo Yo Manın bədii rəhbərliyi ilə İpək yolu ansamblı tərəfindən yeni quruluşda tamaşaya qoyulan “Leyli və Məcnun” operası qrupun repertuarında mərkəzi yerlərdən birini tutub və növbəti bir neçə il ərzində tamaşa ABŞ-ın mötəbər konsert salonları ilə yanaşı, Avropa və Asiya ölkələrində də nümayiş etdirilib.
Yo Yo Ma İpək Yolu ansamblını 1998-ci ildə region ölkələrinin mədəniyyəti və musiqi ənənələrinin yeni, innovativ şəkildə təqdim edilməsi konsepsiya ilə yaratmışdı. Aida Hüseynova Yo Yo Ma və İpək yolu ansamblının musiqiçilərinin Yaxın Şərq və Qərb musiqi ənənələrini özündə birləşdirən “Leyli və Məcnun” operasında “innovativ ideyalar, yeni imkanlar” gördüklərini vurğulayıb.
“Doğrudan da onun yeniliyi, yeni bədii formalarına marağı onu vadar etdi ki, Alim Qasımovun təklifinə `hə` desin. Ondan sonra əsas iş başladı. Hansı epizodlardan istifadə etmək, onları necə aranjman etmək və operanın mənasını, musiqisini tam şəkildə çatdırmaq – bunlar hamısı böyük zəhmətin, böyük bir yolun nəticəsi oldu.”
ABŞ-da Azərbaycan musiqisi haqda ilk müfəssəl kitab olan “Muğamdan operaya qədər Azərbaycan musiqisi” kitabında Aida Hüseynovanın yazdığına görə, Yo Yo Ma layihənin musiqiçilər üçün “dərin özəl və emosional bir təcrübə” olduğunu deyib. O, layihə üzərində işin unikal bir atmosferdə keçdiyini yazıb. Kitabda ansamblın solistlərindən biri, tanınmış skripkaçı Kolin Ceykobsonun layihə üzərində iş zamanı “Leyli və Məcnun hamımızı Məcnun edib” dediyi qeyd edilib. Aida Hüseynovanın sözlərinə görə, “Leyli və Məcnun” operasının yeni quruluşda tamaşaları ilə çoxları Azərbaycan muğamının improviziya imkanları, Üzeyir Hacıbəyli musiqisini “kəşf etmiş” oldu. O deyib ki, İpək Yolu ansamblının fərqli stillər və janrlar vasitəsilə müxtəlifliyi və bütöv bir dünyanı təmsil etmək konsepsiyası, Alim Qasımov, Yo Yo Ma və Mark Morris kimi sənət ustalarının bir araya gəlməsi hər bir mərhələdə təkrarolunmaz bədii mühitin yaranmasına gətirib çıxarmışdı.
“Bu əsərdə, bu layihədə Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin ən mühüm və ən uca zirvələri birləşdirilib. Bu, çox böyük və çox nadir bir haldır. Və eyni zamanda, Qərb musiqisinin ulduzları, Yo Yo Ma və İpək yolu ansamblı, sonra Mark Morris və onun rəqqasları, bu birlik doğrudan da çox nadir hallarda mümkün olan bir birlikdir.”