ABŞ-da rus mühacirlərin ailəsində dünyaya gəlib boya-başa çatmış Kira Kazantsev 2015-ci il Amerika gözəli tituluna layiq görülüb. Nyu-York ştatını təmsil edən 23 yaşlı Kira Kazantsev münsiflər heyəti və tamaşaçıları öz gözəlliyi ilə yanaşı istedadı və intellekti ilə də valeh edə bilib.
Amerika gözəli müsabiqəsi Nyu-Cersi ştatının Atlantic City şəhərində keçirilirdi. Müsabiqənin finalında Nyu York gözəli Kazantsevlə yanaşı Amerikanın daha dörd ştatından gözəllər yarışırdı. Kira Kazantsev final yarışmasında Amerikalı türk dizayner Kerime Atakerin hazırladığı gözləri qamaşdıran açıq çəhrəya rəngli uzun don geymişdi. 2015-ci il Amerika gözəli tacını isə ona keçən il bu titulu qazanmış hind mənşəli Nina Davuluri təqdim edib. Müsabiqənin tarixində ilk hind mənşəli Amerika gözəli olan Nina Davuluri də Nyu-York ştatını təmsil edirdi. Kira gözəllik tacını almaqla Amerika gözəli müsabiqəsi tarixində Nyu-York ştatına bir-birinin ardınca üçüncü dəfədir qələbə gətirib.
Rus mühacirlərinin ailəsində böyüyən Kira Kazantsev Kaliforniya ştatında anadan olub. Onun valideynləri 1990-cı illərdə Rusiyadan Amerika Birləşmiş Ştatlarına mühacirət edib. Kira Kazantsev ingilis, rus və ispan dillərini mükəmməl bilir. Kaliforniyada orta məktəbdə oxuduğu illər o, yeniyetmələr arasında ştatın gözəli titulunu qazanıb. Beş il bundan əvvəl təhsil almaq üçün Nyu-Yorka gələn Kira Kazantsev Lonq Aylenddəki Hofstra universitetini siyasi elmlər, qlobal araşdırmalar və cografiya ixtisasları üzrə bitirib. Lakin o bununla kifayətlənmir. Amerika gözəli müsabiqəsinin Kira Kazantsevə ayrılmış veb səhifəsində onun hüquq sahəsində doktorluq, biznes administrasiyası sahəsində isə magistr dərəcəsi almaq üçün təhsilini davam etdirdiyi haqda məlumat verilib. Gözəllik müsabiqəsindən öncə o, prestijli Fordham universitetinin hüquq fakültəsinə qəbul olunub.
Təhsillə bərabər o, ictimai həyatda da aktiv rol oynamağa çalışır. Kira Kazantsev qadınlara qarşı məişət zəminində zorakılığa son qoyulması kampaniyası aparır. Universitetdə təhsil aldığı illərdə o, oğlan dostu tərəfindən zorakılığa məruz qaldığı üçün indi başqa qız və qadınlara kömək etmək istəyir. Amerika gözəli müsabiqəsi zamanı ona verilən “ABŞ Konqresində qadınlar kişi həmkarlarını hansı məsələnin həllinə cəlb etməlidir?” sualına o, “qadınlara qarşı zorakılıq məsələsinə” cavabını verib.
Gözəl olmaqla yanaşı, Kira Kazantsev müsabiqədə yüksək intellekt, yumor və istedad sahibi olduğunu nümayiş etdirib. Onun müsabiqənin sənət bölməsində Farrel Uilyamsın (Pharrel Williams) “Happy” mahnısını ifa etməsi auditoriyanın böyük rəğbətini qazanıb.
Amerika gözəli titulu ilə yanaşı Kira Kazantsev 50 min dollar məbləğində mükafat alıb. Müsabiqənin şərtlərinə əsasən, Amerika gözəli bir il ərzində ölkənin müxtəlif yerlərinə səfər edib ştatlarda görüşlər keçirməlidir. Kira Kazantsev bu tur zamanı qadınlara qarşı məişət zəminində zorakılıqlara son qoyulması kampaniyasını davam etdirməklə məşğul olacaq.
Gözəllik, zəka və istedad sahibi olan Kira Kazantsev Amerika arzusunu gerçəkləşdirməyə davam edir.