Posted October 4th, 2011 at 2:56 pm (UTC-4)
Türkiyə yığmasının və “Atletiko” Madrid klubunun üzvü Arda Turan verdiyi müsahibədə Avropa Çempionatı 2012 təsnifat mərhələsi çərçivəsində ən ağır xal itkilərinin Azərbaycana qarşı oyunda olduğunu bildirib. Fanat.az saytı Fanatik.com veb səhifəsinə istinadən yaydığı müsahibəni sizə təqdim edirik:
– Almaniya matçı yaxınlaşır. Son 2 oyundan nə gözləyirsən?
– Qalan 2 matçda 6 xal toplaya bilərik. 4 xalla play-offa vəsiqə qazanacağıq. Bizə, «play-offda iştirak etmək istəyərsiniz?» desəydilər, «təbii ki» deyərdik. Almaniya ilə oynayacağımız ilk matçda yaxşı mübarizə aparmağa çalışdıq, amma erkən qol bizi ruhdan saldı. Bu dəfə sistemli oynayacağıq. Və nə lazımdısa, neçə xala ehtiyacamız var, onun üçün savaşacağıq.
– Öz formandan razısanmı?
– Hə, həm də çox xoşbəxtəm. 3 ay futboldan ayrı qaldım, sağaldıqdan sonra təkrar döndüm və qolumu vurdum. Geriyə dönüb baxanda milli komandada çoxlu qol vurduğumu görürəm (Arda Türkiyə millisində 47 oyunda 12 qol vurub – red). Ailəm də, mən də formamdan razıyam. Türkiyəyə dönəndə çox xoşbəxt oluram.
– Almaniya və Azərbaycan məğlubiyyətlərindən sonra ümidsizliyə qapıldınmı?
– Əsla yox. Biz yaxşı bir komanda olduğumuza inanırıq. Uğurlu bir strategiya ilə play-offa düşəcəyimizi düşünürəm. Bunu kimsə əngəlləyə bilməz. Almaniya və Azərbaycan matçında azarkeşlərin üzərinə böyük yük düşür. Bizi dəstəkləsinlər, tribunaları doldursunlar, gerisini biz həll edəcəyik.
– Ən çox hansı matça üzüldün?
– Məni ən çox Azərbaycan məğlubiyyəti üzdü. Amma açığı söyləməliyəm, Belçikaya baxanda biz şükr etməliyik. 2 Belçika matçında 4 xal qazanmağamız çox yaxşı oldu. Belçika qarşıdakı illərdə Avropaya səs salacaq. Bəlkə futbol olaraq hər kəsin istədiyini ortaya qoya bilmədik. Amma hər hər rəqibimizə qarşı bizdən gözlənilən nəticəni qazandıq.
– «AVRO-2012-yə gedəcəyik» deyirsən?
– Hə. Elə ya da belə, 2012-ci ilin finallarına qatılacağıq. Buna bizim qədər ölkəmizin də ehtiyacı var. Qoy gələn yay bir az da futboldan danışaq. Yüzlərlə təyyarə Polşa və Ukraynaya getsin. Təyyarələr Türkiyə millisini dəstəkləyəcək azarkeşlərlə dolsun. İnsanları sevindirək, eynən 2008-dəki kimi.
– Qus Hiddinki necə xarakterizə edərsən?
– Gəldiyi gündən bizə çox şey öyrətdi. Onunla çalışmaq bizim üçün çox maraqlıdı. Fiziki olaraq daha qüvvətli və istəkli olmağımızı təmin etdi. İşini normal görürsə, problem yoxdu. Nizam-intizamı sevir, hər kəs onun dediyini edirsə, gözəl ab-hava yaranır. Milli komandada ailə ab-havası yaratdığı üçün ona və köməkçilərinə təşəkkür edirik.
– Sənə nə kimi xeyiri oldu?
– Hiddinklə özümü daha inamla hiss edirəm. Onunla birlikdə çalışmaqdan qürur duyuram. Mənə çox önəmli oyunçu olduğumu hiss etdirdi. Komanda yoldaşlarıma «topu Ardaya çatdırın» deyir. Bu da məni məst edir. Geridə qalan matçlarımızda Hiddinki heç peşman etməmişəm. O mənə necə güvənirsə, mən də onun etimadını boşa çıxarmamaq üçün çalışıram, savaşıram.
– Komanda yoldaşların bununla bağlı nə düşünür?
– Etiraf etməliyəm ki, komanda yoldaşlarım da mənim özümü yaxşı hiss etməyim və komandaya xeyir verməyim üçün əllərindən gələni edirlər. Bunu hiss etdiyim üçün də milli komandanın formasında coşuram. Hamit və Əmrə mənə liderlik xüsusiyyətini verdilər. Mənə önə çıxartmaq istəyirlər. Onlara təşəkkür edirəm. Komanda məndən böyük bütün qardaşlarımın dəstəyini hiss edirəm.
– Bəs nə vaxt bomba kimi milli komanda izləyəcəyik?
– AVRO-2012 öncəsi indiyədək yaxşı nəticələr qazandıq. Düzdü, taktika və intizam baxamından bəzi əskiklər var, amma bunlar həll olunacaq problemlərdi. Azərbaycan məğlubiyyəti qəbuledilməzdi, ancaq hər bir böyük komanda məğlub ola bilər. Yeni bir nəsil gəlir. Baxın, Burak Yılmaz, Selçuk İnan, İsmail Köybaşı, Gökhan Töre və Mehmet Ekici kimi futbolçular insana ümid verir. Önümüz açıqdı. 2008-ci ildə kuboku qazanmaq istəyirdik, amma sonda əldən verdik. Mənim AVRO-2012-yə inamım böyükdü. Biz ora getsək, çempion ola bilərik. Kimsə gülməsin, çox güclü milli komanda gəlir.
Sonda Arda maraqlı bir açıqlama verib: «Madridə getdiyimdən bəri çoxları məndən müsahibə almaq istəyir. Hər kəsi məmun etmək üçün əlimdən gələni edirəm. Amma Sinemlə birlikdə müsahibə məsələsində birlikdə bir qərar verdik. Bu müsahibələr üçün yüksək məbləğdə pul tələb edəcəyik. Gəliri də yardım fondlarına verəcəyik. Əgər ciddidən bizdən gözəl müsahibə almaq istəyən varsa, əlini bir az cibinə atmalı olacaq».