“Rozi” – Amerikada müharibə dövrünün əməkçi qadın simvolu

Posted May 8th, 2015 at 9:18 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Rozi-the-Riveterİkinci Dünya müharibəsi zamanı Amerikada milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün presedenti olmayan bir şəkildə işisi qüvvəsi sıralarına qoşuldu. Bunun başlıca səbəbi işçi qüvvəsinin əsas hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə əlaqədar idi. 1940-1945-ci illər arasında ABŞ-da qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi. Qadınlar hərbi sənaye daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Amerikada hər dörd ailəli qadından biri işləyirdi.

ABŞ hökuməti İkinci Dünya müharibəsi dövrü qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlamışdı. Bu kampaniyanın qəhrəmanı olan “Çəkicvuran Rozi”nin qollarının gücünü nümayiş etdirən portreti Amerikada müharibə dövrünün ən yadda qalan şəkillərindən birinə çevrilmişdi. Qadın qüdrətinin mücəssəməsi olan “Rozi” qadınların işə cəlb edilməsi kampaniyasında çox uğurlu vasitələrdən biri idi.

İkinci Dünya müharibəsi dövrü hərbi sənayedə çalışan amerikalı qadınlar

İkinci Dünya müharibəsi dövrü hərbi sənayedə çalışan amerikalı qadınlar

“Rozi”nin portretini yaratmaq üçün Vermont ştatının Arlinqton şəhərində yaşayan rəssam Norman Rokvell qonşu telefonçu qızın model olmasını istəmişdi. Meri Doyl Keefe adlı gənc qızın ağır sənayedə işləmək təcrübəsi yox idi. Lakin onun görünüşü rəssamın yaratmaq istədiyi qələbə əzmli, zəhmətə qatlaşmağa hazır gənc amerikalı qadın obrazına uyğun idi. “Rozinin portreti isə Amerika tarixində ən populyar rəsmlərdən biri oldu.

1943-cü ildə "Rozi"nin portreti üçün model olmuş Meri Deyl Keefe (arxiv fotosu)

1943-cü ildə “Rozi”nin portreti üçün model olmuş Meri Deyl Keefe (arxiv fotosu)

Müharibə dövrünün filmləri, qəzetləri, şəkilləri və posterlərində “Rozi”nin göstərilməsi ilə qadınların böyük işçi qüvvəsi olmasının vətənpərvərlik baxımından müstəsna əhəmiyyəti vurğulanırdı. “Rozi” bəzən feminist qadın obrazı kimi qəbul edilsə də, bu obrazın mesajı hamıya aydın idi. “Rozi”nin portretinin üzərində “Biz bunu edə bilərik!” sözlərinin yazılması təkcə qadınlarda özünə inam deyil, okeanın o tayında, eləcə də Asiyada milyonlarla amerikalının döyüşdüyü müharibədə qələbəyə inam mesajı göndərirdi.

Məşhur amerikalı aktrisa, Hollivud ulduzu Merilin Monro da böyük ekrana gəlməmişdən əvvəl İkinci Dünya müharibəsi dövrü gündə 10 saat təyyarə zavodunda işləyib. O zaman böyük ekran ulduzu olacaq 18 yaşlı Norma Cean Mortensonun həyat yoldaşı dənizçi kimi Avropada müharibədə iştirak edirdi.

Hollivud ulduzu Merilin Monronun İkinci Dünya müharibəsi illərində təyyarə zavodunda çalışdığı zaman çəkilmiş fotosu

Hollivud ulduzu Merilin Monronun İkinci Dünya müharibəsi illərində təyyarə zavodunda çalışdığı zaman çəkilmiş fotosu

Altı milyondan çox amerikalı qadın təyyarələr, bombalar, tanklar və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci Dünya Müharibəsində qələbəsinə böyük töhfə vermişdir.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

May 2015
M T W T F S S
« Apr   Jun »
 123
45678910
11121314151617
18192021222324
25262728293031