Amerika Birləşmiş Ştatlarının dövlət kimi təşəkkül tapmağa başladığı illərdə siyasi quruluşun məzmunu və forması bardə qızğın debatlar gedirdi. Monarxiyalar okeanında respublika qurmağa çalışan banilər dövlət aparatının funksiyalarını ayırd etməyə, hakimiyyət qanadlarının hansı məqsədə xidmət edəcəyini müəyyən etməyə çalışırdılar. ABŞ konqresinin bir yaxud iki palatadan ibarət olması haqda müxtəlif fikirlər dolaşırdı. Rəvayətə görə Fransadan yenicə qayıtmış Tomas Cefferson səhər yeməyi zamanı Corc Vaşinqtondan niyə Senat ideyasını dəstəklədiyini soruşur. “Qəhvəni içməzdən əvvəl nə üçün onu indicə nəlbəkiyə tökdün?” deyə Vaşinqton sualı sualla cavablayır. “Soyutmaq üçün – boğazım dəmirdən deyil axı,” İstiqlaliyyət Bəyannaməsinin müəllifi dillənir. “Bax, biz də qanun layihələrini soyutmaq üçün Senat nəlbəkisinə tökürük,” deyə Vaşinqton Senat və Nümayəndələr Palatasının fərqli rollarını izah edir.
Hər iki ildən bir ABŞ-da Konqresə seçkilər keçirilir. Bu seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri, 100 Senat yerlərinin isə üçdə biri səsverməyə çıxarılır. Əhalisinin sayına uyğun müəyyən edilmiş seçki daiələrində Nümayəndələr Palatasının üzvləri hər iki ildən bir yerlərini seçkilərdə qorumalıdırlar. Senatorlar isə altı illik dönəmə seçilir. Təbii ki, xidmət dönəmi qısa olan Nümayəndələr Palatasının üzvləri məqamın emosiyasına, cəmiyyətdə dəyişən əhval ruhiyyəyə daha həssas olur, ona uyğunlaşmağa çalışırlar. Hər ştatdakı iki senatordan biri olan qanunvericinin isə altı il vaxtı var. Altı ildə çox şey dəyişir. Cəmiyyətin əhval ruhiyyəsi də.
Xalq hakimiyyəti anlamına gələn demokratiyalar hamısı eyni cür olmur. Ən azı bu gün Amerikada fəaliyyət göstərən demokratik quruluş Afinadakı sələfindən xeyli fərqlidir. Amerikanın özündə demokratiya xeyli təkamül edib. 1865-ci ilədək quldarlıq sisteminin mövcud olduğu ölkədə əhalinin böyük kəsimi səs verə bilmirdi. Qadınlar bu hüququ 1920-ci ildə qazanıblar. Amma demokratiyanı başqa sistemlərdən fərqləndirən başlıca xüsusiyyət qaydaların mövcudluğu və bu qaydalara riayətdir. Bu baxımdan Amerikada kollektiv idarəçilik elə Kontinental Konqres bir araya gələndən bəri mövcud olub. Səsvermə hüququnun kimə tanınması debat mövzusu ola bilər. Amma hakimiyyətin səsvermə yolu ilə mütəmadi qaydada müəyyən edilməsi müzakirə obyekti olmayıb.
Amerika birbaşa yox, təmsilçili demokratiyadır. Bu, o deməkdir ki, hakimiyyət seçicilərin təmsilçi kimi müəyyən etdikləri siyasi fiqurlar tərəfindən idarə olunur. Nümayəndələr Palatasının üzvü xalqın təmsilçisidir – 2 illik. Senata seçilmiş şəxs də xalqın təmsilçisidir – 6 illik. İcra hakimiyyətinin rəhbəri olan prezident də xalqın təmsilçisidir – 4 illik. Hər iki ildən bir noyabrın ilk çərşənbə axşamı seçki məntəqələrinə axışan amerikalılar təkcə federal yox, həm də ştat və bələdiyyə səviyyəsində öz təmsilçilərini seçirlər. Bu təmsilçilərin borcu onların təmsil etdikləri toplumun – bələdiyyə, ştat, və federal səviyyədə – maraqlarını qorumaq, onların rifahına xidmət etməkdir. İctimai maraqlara toxunan layihələr üzərində referendumlar da həmin günə təyin olunur ki, bunların mütləq əksəriyyəti lokal xarakter daşıyır. Amerikalılar parçalanmış hökuməti sevirlər. Ona görə də Ağ Ev adətən bir partiyaya, Konqres isə müxalifətə mənsub olur.
Sistem ideal deyil. Seçkilərdə önə çıxan namizədlərin bir qismi bəzən hansısa siyasətçinin qohumu olur. Corciya ştatından senata namizəd olan David Perdyu Vaşinqtona siyasi autsayder kimi gedəcəyini deyir, amma özü sabiq Corciya qubernatoru Sonny Perdyunun milyoner əmisi oğludur. Onun rəqibi Mişel Nann sabiq senator Sam Nannın qızıdır. Alaskadan senatorluğa namizəd Mark Begiçin atası konqresmen olub. Arkanzasda Mark Prayor atasının Senatdakı yeri uğrunda mübarizə aparır. Belə nümunələrin sayı onlarcadır. Bunu korrupsiya ilə izah etmək ədalətdən uzaq olardı. Fakt budur ki, seçicilər arasında ad tanınmasının böyük rolu var. Adamlar tanıdıqları adama səs verirlər. O adamların ki, valideynləri yaxud qohumları siyasətdə olub, onlar üçün bu, ciddi problem deyil. İkincisi, siyasi təcrübə, mövcud siyasi şəbəkə və kontaktlar elə bir kapitaldır bu atadan övlada, qohumdan qohuma daha asanlıqla keçir. Amma günün sonunda heç bir şübhə ola bilməz ki, heç kəs sadəcə Həsənağanın qohumu olduğuna görə vəzifəyə seçilmir. Qalib şəxs bu səsləri real olaraq seçki qutusunda toplamalı və seçicilərin rəğbətini qazanmalıdırlar. Və saxlamaldırlar ki, sabah həmin rəğbəti istəyəndə başqasına ötürmək iqtidarında olsunlar.
Amerikada siyasi sistem hamıya açıqdır. Məhz bu açıqlığın sayəsində Abraham Linkoln, Harri Truman, Bill Klinton, Barak Obama kimi adamlar böyüyüb prezident ola bilirlər. Amerikada xalq seçim hüququnu özündə saxlayır və seçki prosesinin təmizliyini yüksək sayıqlıqla qoruyur. Bu səbəbdən seçki günü məğlub olan rəqib (söhbət həqiqi rəqibdən gedir) qalibə təslim zəngi vurur və onu qələbə münasibətilə təbrik edir. Sırf etik baxımdan belə bir zəng gəlməyincə seçki bitmiş hesab olunmur. 2000-ci ildə Albert Qorla Corc Buş arasında uzun çəkən seçki mübahisəsi məhz belə zənglə bitmişdi. Söhbət təkcə telefon zəngingən getmir. Söhbət burada ondan gedir ki, namizədlər prosesin təmizlyiini tanıyaraq, rəqibin ədalətli və şəffaf qaydada qalib gəldiyini etiraf edirlər və bununla da öz tərəfdarlarına bu nəticələri tanımağa və növbəti seçkini gözləməyə mesaj yolayırlar. Bu ictimai təslim aktı demokratiyanın ən mühüm atributlarındandır. Çünki əgər bir tərəf səsvermənin düzgün keçirildiyini qəbul etmirsə və onu nəticələrini tanımadan imtina edirsə onda seçki öz mənasını büsbütün itirmiş olur. Əgər məğlub etdiyin tərəf sənin seçkini və oradakı qələbəni tanımırsa, və nəhayət cəmiyyətdə idarəçiliklə bağlı barışıq, konsensus yaranmırsa, bu demokratiya ideyasının inkarıdır. Səsvermənin bütün mahiyyəti prosesin sonunda milli barışığa, qanun-qaydanın hər şeydən üstün olduğuna dair cəmiyyətdə konsensusa nail olmaqdır. Bir dostum müşahidə etmişdi ki, əslində seçkilər vətəndaş müharibəsinin sivil formasıdır. Fərqləndirici cəhət insanların aralarındakı fikir ayrılıqlarını silah yox, əvvəlcədən müəyyən edilmiş qaydalarla yoluna qoymasıdır. Bu qaydalar olmayanda Amerika yox, Suriya əmələ gəlir.
Səhər mütaliəsində qəzetdə maraqlı xəbərə rast gəldim: Nyu Hempşirdə Senator postu uğrunda gedən mübarizədə axırıncı debatdan sonra Skott Braun özünü bara çatdırır. Bardakı xidmət piştaxtasının arxasına atılan Braun qalstukunu boşaldıb gələn müştərilərə içki satmağa başlayır. “Mən bu adamı cəmi bir neçə dəqiqə öncə televizorda debat edən yerdə gördüm, indi o, mənə viski süzür,” deyə müştəri sevincini ifadə edir. Bir gün öncə sabiq prezidentliyə namizəd və senatorlar Con Makkeyn və Kelli Ayott Braunun kampaniyasına qoşularaq barda müştərilərə pivə satırdılar. Məncə, bu cür olaylar əslində Amerika siyasi sisteminin metaforudur. Amerikada liderlər ilk növbədə özlərinə “public servant” – yəni ictimai qulluqçu kimi baxırlar. Prezidentdən tutmuş qəsəbə merinədək, senatordan tutmuş yerli ştat nümayəndəsindək siyasi liderlər dərk edir ki, onların borcu xalqa xidmət etməkdir, əksinə yox.