Cəmil Həsənli: Hakimiyyət qarşısında güc görməlidir!

Posted September 4th, 2013 at 9:20 am (UTC-4)
22 comments

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmamasından sonra ehtiyat vahid namizəd tarix emləri doktoru Cəmil Həsənlinin namizədliyi irəli sürülüb. Mərkəzi Seçki Komissiyası artıq onun namizədlik müraciətini qəbul edərək Milli Şuraya imza vərəqələrini təqdim edib. Bu gün Modern.az-ın verdiyi məlumata görə isə, tələb olunan 40 min imzadan da çox – 45 min imza qısa müddət ərzində toplanaraq Bakıya göndərilib. Bununla yanaşı Milli Şuranın fəaliyyəti və vahid namizədi haqda müxtəlif təbəqələrdə müxtəlif suallar qaldırılmaqdadır.

Bu suallara cavab tapmaq üçün bu həftə Sərbəst Kürsü canlı onlayn forumuna Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəvət etmişik. Sentyabrın 4-ü Bakı vaxtı ilə axşam saat 21-dən 23-dək Cəmil Həsənli oxucularımızın suallarını canlı olaraq cavablandırıb.

———————————————————————————————————————–
21:00 / 04 sentyabr 2013
Salam əziz Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlidir.

21:02
Emil Quliyev [moderator]: Cəmil bəy, sizin Sərbəst Kürsüdə salamlayırıq. Vaxtınızı ayırıb Sərbəst Kürsəyə gəldiyiniz üçün minnətdarıq.

21:05
Cəmil Həsənli: Təşəkkür edirəm, Emil bəy! Maraqlı suallar olacağını düşünürəm. Azərbaycanda mühüm bir siyasi kampaniya başlanılıb. Biz seçki hazırlıqları dövrünü yaşayırıq. Ölkəmizdə bu məsələlərlə bağlı ciddi problemlər var. Ümid edirəm ki, bu istiqamətdə sizin suallarınızı cavablandıra biləcəyəm.

21:06
Emil Quliyev: Cəmil bəy, biz də ümid edirik bugünkü suallar məhz bu mövzuda olacaq və sizun Sərbəst Kürsüdə iştirakınız oxucularımızın Milli Şura və prezident seçkilərində iştirakla bağlı suallarına cavab  tapmaq imkanı yaradacaq. Foruma ilk sualı Süleyman Sultanlı adlı oxucu göndərib. O yazır:
– Cəmil müəllim salam. Biz sizə güvənirik. Mən şəxsən Rüstəm İbrahimbəyovdansa sizin namizəd olmanızı istəyirdim və şükürlər olsun, nəhayət namizəd oldunuz. Sualım belədir ki, siz əvvəl namizəd olmaq istəmirdiniz. Nə üçün? Və hansı hadisədən sonra namizədliyi qəbul etmək qərarına gəldiniz. Uğurlar!

21:13
Cavab: Süleyman bəy təşəkkür. Milli Şura modeli Rüstəm bəyin şəxsiyyəti üzərində qurulmuşdu. Bu uğurlu bir model idi. Rüstəm İbrahimbəyov Azərbaycan ziyalı elitasının yüksək pilləsində dayanan bir fikir adamıdır və Milli Şura doğru olaraq onun namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Lakin məlum prosedur çətinliklər, Rüstəm bəyin namizədliyi üçün əlavə çətinliklər yaratdı. Milli Şura ciddi bir böhranla qarşılaşdı. Bu halda həm Rüstəm bəy, həm də Milli Şurada təmsil olunan aparıcı partiyalar bu missiyanı üzərimə götürməyi məndən xahiş etdilər. Baxmayaraq ki, mən əvvəl bu yükü üzərimə götürməkdən imtina etmişdim. Yaranmış böhranlı vəziyyət və qeyd etdiyim rəhbər xadimlərin xahişlərini nəzərə alaraq mən Milli Şuranın yeni namizədi olmağa razılıq verdim.

21:14
Sual [Cenublu]: Sizin siyasətinizdə Güney Azərbaycan hansı yeri tutur. Bizim hüquqları müdafiə edən ata dövlətimizi görəcəyikmi? Allahdan Elçibəyə rəhmət diləyirəm

21:22
Cavab: Əbülfəz bəyə sayğılı münasibətinizə görə təşəkkür edirəm. Güney sevgisi bizim içərimizdə unudulmaz müəllimimiz Əbülfəz bəy yaradıb. Əlbəttə, Güney Azərbaycanla bağlı insan haqları, dil və mədəniyyət haqları, tarixi keçmişə sahiblik haqqı kimi məsələlərdə zəruri addımların atılması vacibdir. Güneyli dostlarımızın müstəqil Azərbaycanda hər hansı ayrı-seçkiliyə məruz qalması ədalət anlayışından çox uzaqdır. Güneyin milli mübarizə tarixinin yazılması ilə bağlı bir sıra araşdırmalar aparmışam. Hesab edirəm ki, Güney probleminin müzakirə gəlməsi baxımından bu araşdırmalar müəyyən rol oynayıb. Bununla belə qonşu dövlətlərə münasibətdə beynəlxalq münasibətlərin universal prinsipləri, beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən yanaşılmasının vacib hesab edirəm.

21:23
Emil Quliyev [moderator]: Kemale Resid adlı Twitter istifadəçisi soruşur:

– Londona seferinizin meqsedi nedir? Bu seferi kim teskil edib?

21:28
Cavab: Sualınız üçün təşəkkür edirəm Kəmalə xanım.
Bu dəvət Londonda fəaliyyət göstərən bir cəmiyyət tərəfindən həyata keçirilir. Burada söhbət Azərbaycanda prezident seçkiləri ilə bağlı, seçki mühiti, seçki demokratiyası və hazırkı seçki şəraiti ətrafında müzakirələr keçirməkdir. Britaniya Parlamentində, Xarici İşlər Nazirliyində və seçki demokratiyası ilə məşğul olan bir sıra QHT-lər və vətəndaş cəmiyyətləri ilə müzakirələrin keçirilməsi nəzərdə tutulur.

21:29
Sual [Rauf Binnetov]: Salam Emil bey ve Cemil muellim milli surayla bagli menim fikrim beledir ki men milli suranin semimiyetine inanmiram Azerbaycan muxalifetinin liderleri 1988-1993 illerin romantizmen cixa bilmeyib iyulun 2deki iclasda Eldar Namazavovun vahid namizedliyi elan olunsaydi daha mentiqli olardi Cenab Rustem Ibrahimbeyovun xalqi nece aldadmasini ise men basa duse bilmirem eger Rustem muellimin ciddi sekilde seckilerde istirak etmekfikri var idise o gerek Rusiya vetendasligindan cixmaq qerarini kecen ilden gerek vereydi mence Cemil muellim sizin namizedliyiniz yerine Eldar Namazovun vahid namizedliyi elan olunsaydi milli sura mence daha cox sizce semimi olmasmiydi?

21:42
Cavab: Milli Şura ilə bağlı və Azərbaycan müxalifət partiyaları ilə bağlı sizin fikirlərinizi bölüşmürəm. Rüstəm İbrahimbəyov haqqında dediklərinizə şübhəsiz ki, qatılmıram. Mən bu prosesin içərisində olan bir şəxs kimi bildirirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycanda demokratik bir dövlətin qurulmasına, xalqın hakimiyyəti formalaşdırmaq haqqını özünə qaytarılmasını vacib hesab edən və bunun üçün böyük işlər görmüş tanınmış bir fikir adamıdır. Onu yaxından tanımadan haqqında belə ifadələr işlətməyi sizə məsləhət görməzdim. Bir il bundan əvvəl Rüstəm bəyin seçkilərə qatılmaq, namizəd olmaq heç ağlından keçmirdi. O, mənəvi cəhətdən çox yüksəkdə dayanan adamdır. Xalqımızın düşdüyü vəziyyət onu aktiv siyasətə qoşulmağa vadar edib.
Eldar Namazova gəldikdə deməliyəm ki, Eldar bəy son illərin siyasi və mənəvi proseslərində fəal iştirak edən bir dostumuzdur. Son vaxtlar hakimiyyət orqanları tərəfindən ona və “EL” hərəkatının rəhbərliyində təmsil olunan şəxslərə qarşı apardığı böhtan və təqib kampaniyasının heç bir mənəvi və siyasi əsası yoxdur. Hakimiyyətin hücumlarına qarşı biz Eldar bəyi və “El” hərəkatının rəhbərliyini müdafiə edirik. Əgər Milli Şura Eldar bəyin namizədliyini müzakirəyə gətirsəydi, mən böyük məmuniyyətlə ona səs verərdim.

21:43
Sual [Asim Məmmədov]: Salam, Cəmil müəllim. Məlum olduğu kimi sizin siyasi baxışlarınız müəyyən qədər anti-Rusiya və anti-İran yönümlüdür. Belə olan halda, prezident seçiləcəyiniz təqdirdə bu iki ölkə ilə münasibətlərimiz pozula bilərmi? Rusiya və İrana qarşı müvafiq olaraq Dərbənt və Cənubi Azərbaycana görə ərazi iddiaları sürmək fikriniz varmı?

21:51
Cavab: Biz ərazisi işğal olunmuş bir ölkəyik. 20 ildən çoxdur ki, Azərbaycanın əraziləri işğal altındadır. Ona görə də qonşu dövlətlərə qarşı ərazi iddiaların irəli sürməsi fikrindən uzaq olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiyada iki milyon azərbaycanlı yaşayır. Bunlar qonşu ölkədə iş, çörək və dolanışıq əldə edirlər. Qonşularla və bütövlükdə xarici dövlətlərlə münasibətləri inkişaf müstəvisinə aparan yola üstünlük vermək lazımdır. Azərbaycanın ərazisi və sərhədləri ATƏT prinsipləri, BMT-nin sənədləri ilə təsbit olunub. Bunu qoruyub saxlamaq lazımdır. Azərbaycanın pozulmuş ərazi bütövlüyünü bərpa etməyə üstünlük vermək lazımdır. Nəinki, qonşu dövlətlərlə münaqişəli vəziyyət yaratmağa. Post-sovet məkanında müasir sərhədlər SSRİ dağılandan sonra Ermənistan istisna olmaqla bütün digər dövlətlər tərəfindən tanınıb. Sovet dövründə bu respublikalar mövcud olduqları ərazilərlə ATƏT-ə və BMT-yə daxil olublar. Buna hörmətlə yanaşmaq lazımdır.
İranla sərhədlərimiz 1921-ci il Sovet Rusiyası ilə İran arasında imzalanmış müqavilə ilə tənzimlənir və bu sərhədlər bu gün də qüvvədədir. Hesab edirəm ki, buna da hörmətlə yanaşmaq lazımdır.

21:52
Emil Quliyev [moderator]: Emin Nuraddinov Facebook istifadəçisi soruşur ki, İlqar Məmmədova münasibətiniz necədir?

21:57
Cəmil Həsənli: Çox yaxşıdır. İlqar bəy son illərdə Azərbaycan cəmiyyətinin yetirdiyi çox istedadlı adamlarından biridir. Onun həbsi qanunsuz xarakter daşıyır və biz dəfələrlə İlqar bəyin qanunsuz həbsinə qarşı öz münasibətimizi bildirimişik. Mənə belə gəlir ki, İlqarın həbsi yalnız İsmayıllıya gedib hadisə yerinə baxmasıyla bağlı deyildir. Bu daha çox onun Azərbaycan siyasi mühitində iradə nümayiş etdirməsiylə bağlıdır. İlqar bəyin fəaliyyətini yüksək qiymətləndirirəm, ona və ReAL Vətəndaş Hərəkatında təmsil olunan dostlarımıza uğurlar arzulayıram.

21:58
Sual [Ramin]: Salam Cemil bey,
Sizin prezidentliye namized olmaginiza cox sevindim,Inwallah qalib gelib Azerbaycanin layiqli prezidenti olarsiz.
Sizden 1 xaiwim var Siz Lenkerana gelin secicilerle goruwun.Insanlarin inamini yalniz canli unsiyyetle qazanmag mumkundur. mende elimden gelni edirem sizin tebligatinizi apariram, Size Ugurlar.

22:02
Cavab: Ramin bəy çox sağ olun. Sizin ümidlərinizi doğrultmağa çalışacağam. Seçkilərdə təbliğat kampaniyası başladıqdan sonra Lənkərana gəlməyi də planlaşdırırıq. Təbliğat üçün vaxt cəmisi 21 gün olsa da, düşünürəm ki, Lənkəran regional mərkəz olaraq bu 21 günün içərisinə sığaşacaq.

22:03
Sual [Leman]: Salam Cemil müellim. Men de BDU tarix mezunuyam ve sizin kimi ziyalımızın prezidentliye namized olması meni hedsiz derecede sevince qerq edir. Ancaq bu xalq seçkiye inanmır ve hakimiyyete narazılıqlarını seçkiye getmemekle ifade edirler.Dolayısıyla bu yolla hakimiyyetin deyırmanına su tökdüklerinden xeberleri bele yoxdu. Bu veziyyetde qısa müddet erzinde xalq nece maariflenecek ki, seçkide iştirak etsin? Bu sahede sistematik plan varmı? Bir balaca haşiye çıxmaq isteyirem tarixi müqaise ederek. İnönü zamanında CHP indiki bizim iqtidar kimi repressiya keçirirdi, tek parti dönemi idi. Ancaq 50.illerde Demokrat Partinin CHP-ye qalib gelmesi sırf her bir regionada teşkilatlanması ve xalqın her birine qapı açaraq onların yanında yer alması idi. Baxmayaraq ki CHP hakimiyyeti yeni yaranmış seriştesiz partiyanın siyasi manevrlerini daha da mehdudlaşdırmaq üçün seçkilerin gününü ireli çekmişdi.. Nece ki indi hakimiyyet etdi. Tarixden bu hadiseni yada salmaqda meqsedim budur ki 21 günlük tebliğat ve teşviqat dönemini çox semerili keçirilsin ve imkansız kimi görünsede her bir regionda yüksek seviyyede teşkilatlanma aparılsın.

22:15
Cavab: Ləman xanım təkliflərinizə görə təşəkkür edirəm. Lakin inanın Türkiyədə hətta tək partiyalı dönəmdə bu gün Azərbaycandan müşahidə edilən biabırçılıqlar olmayıb. Türkiyə 1946-cı ildə çox partiyalı sistemə keçdi və 1950-ci il seçkilərində müxalifət qələbə çaldı. Bu Türkiyənin böyük tarixi nailiyyəti idi. Prezident İnönü çoxpartiyalı sistemə keçəndə CHP-nin qarşıdakı seçkilərdə iqtidardan gedəcəyini açıq şəkildə demişdi. Və əlavə etmişdi ki, vətənimizin taleyi bizi demokratik seçimlərə keçməyə vadar edir. Onlar öz məğlubiyyətini bilə-bilə bu seçimlərə getdilər. Azərbaycanda isə ayrı bir şəraitdir. Faktiki olaraq bu gün Azərbaycan təkpartiyalı sistemlə idarə olunur. Hesab edirəm ki, on il yəni, iki dönəm prezident olmaq millətə xidmət etmək üçün böyük imkanlar verir. Eyni şəxsin üçüncü dəfə seçkiyə qatılması geriyə doğru bir addımdır. Sadəcə olaraq Azərbaycanda xalqın hakimiyyəti formalaşdırmaq haqqı əlindən alınıb. Biz millətimizin seçim haqqını özünə qaytarmasına xalqın öz gücünə inam hissini bərpa olunmasına çalışacağıq. Daimi xalq siyasi proseslərdən uzaqlaşdırıla bilməz. Hakimiyyət qarşısında güc görməlidir. Xalqın haqqına sayğı ilə yanaşmalıdır. Ölkəmizdə seçki yolu ilə hakimiyyətdən getmək ənənəsi formalaşmalıdır.

22:15
Sual [Turkan]: Salam Cemil Bey Ugurlar size. Sizin planinzda Azerbaycanin vahid gomruk ittifaqina daxil olmaq meselesi varmi? Men istemerem ki, olkem musteqilliyni itirsin ve kecmiw zulumkar ssri berpa olunsun.

22:21
Cavab: Bilirsiniz, mən Milli Şura tərəfindən prezidentliyə namizəd göstərilmişəm və Azərbaycanın xarici siyasət strategiyası ilə bağlı Milli Şuranın həm Memorandumunda, həm də Bəyannaməsində mühüm müddəalar vardır. Bunlara əməl edilməsi vacibdir. SSRİ keçmişin hadisəsidir, onun bərpa olunmaq təhlükəsi yoxdur, Azərbaycanın müstəqilliyi ümumdünya prosesidir və çalışmalıyıq ki, vətəndaşlarımız müstəqilliyin bəhrələrini öz həyatlarında hiss etsinlər.

22:22
Emil Quliyev [moderator]: Natiq Adilov Facebook vasitəsilə yazır:
– Cemil bey, sıZi salamlayıram. Sualım: xezerin neftin demirem, prezident olsaz denizin kenarina cekilen o hasarlari ne edeceksiz?

22:29
Cəmil Həsənli: Məqsədimiz ədalətli bir cəmiyyətin bərqərar edilməsidir. Azərbaycan xalqının pozulmuş hüquqları, normal həyat haqqı bərpa edilməlidir, nəinki Xəzərin sahillərindən Azərbaycan neftindən də xalq pay almaq haqqını təsbit etməlidir. Azərbaycan xalqından başqa ölkənin neftindən bütün işbazlar faydalanır. Təəssüf ki, neft gəlirləri artdıqca əhalimiz daha da yoxsullaşır. Bunun sirri açılmalıdır. Bu gün Xəzərin sahəlləri ayrı-ayrı işbazlar tərəfindən Çin səddi kimi bir hasarlarla əhatə edilib. Hələ Milli Məclisdə Xəzərin sahiliylə bağlı məsələlər müzakirə ediləndə mən dedim ki, dənizdən 20 metr məsafədə olan sahilin ayrı-ayrı adamlara verilməsi Azərbaycan xalqını dənizin üzünə həsrət qoyacaq. Sosial cəhətdən müdafiə olunmayan, çörək pulu tapmayan adamların dənizdən ödənişli formada istifadə etməsini heç nə ilə izah etmək olmaz.

22:29
Sual [Aliaga]: Salam Cəmil bəy. Seçkinin nəticəsində qalib gəlsəniz, aparacağınız aqrar islahatlar nədən ibarət olacaq?

22: 39
Cavab: Aqrar məsələ ciddi bir məsələ kimi Azərbaycan cəmiyyətinin qarşısında dayanır. Təəssüf ki, barlı-bərəkətli Azərbaycan rayonlarının böyük əksəriyyəti son illərdə mərkəzdən verilən dotasiyalar hesabına yaşayır. Ölkəmizdə büdcə daxil olmalarının 92 faizi Bakının, qalan 8 faizi bütün Azərbyacanın payına düşür. Bu o deməkdir ki, Bakıdan kənar həyat yoxdur. Qanunsuz və nəzarətsiz idxal kənd təssərrüfatının belini qırdı. 25-30 faizlik kreditlərlə kənd təsərrüfatını qaldırmaq mümkün deyil. Bu gün kənd yerlərində demək olar ki, bütün əhali bankların əsarətinə düşüb. Bu sadəcə olaraq soyğunçuluqdur. Dövlətin maliyyə resursları ilə bankları ələ keçirmiş ayrı-ayrı hakim elita üzvləri bir qayda olaraq belə yüksək kredit faizləri ilə əhalini diz çökdürüb. Buna son qoymaq lazımdır. Azərbaycanın taleyi Kənd Təsərrüfatının dirçəldilməsindən keçir. Əhalimiz zəhmətkeşdir. Zəhmətinin bəhrəsini görməyə ona əlverişli şərait yaratmaq torpaqdan səmərəli istifadə haqqı verilməlidir. Bu hakimiyyətin təəssüf ki, Kənd Təssərrüfatının inkişafında heç bir marağı yoxdur.

22:40
Sual [Bəyim Həsənli]: Axşamınız xeyir, Cəmil bəy! Sualım gənclərlə bağlıdır. Prezident seçildikdən sonra gənclərin xaricdə təhsilini necə dəstəkləyəcəksiniz? Bu əsasda xüsusi işlər görüləcəkmi və planlarınız varmı?

22:49
Cavab: Xaricdə təhsil Azərbaycanın dünyaya inteqrasiya olmasının əsas vasitələrindən biridir. Lakin bu ölkə içində təhsilin unudulması hesabına olmamalıdır. Təxminən ay yarım öncə rəsmən elan olundu ki, ölkəmizin 18 rayon və şəhərlərinin bütün məktəblərində 9-cu sinif şagirdlərinin 46,6 faizi ana dili üzrə buraxılış imtahanlarından qeyri-kafi qiymət alıb. Bu böyük fəlakətdir. Bu yalnız təhsil məsələsi deyil. Ölkədə savadsızlığı stimullaşdırma siyasətinin məntiqi nəticəsidir. Bu cəmiyyətin sabahının hansı səviyyədə olmasının göstəricisidir. Xaricdə təhsilin daha effektli formalarından istifadə edilməlidir. Əhalinin sosial cəhətdən az təminatlı ailələrinin istedadlı uşaqlarının da bundan faydalanmaq imkanı olmalıdır. 2008-2015-ci illəri əhatə edən 5 min gəncin xaricdə təhsil alması barədə dövlət proqramı olsa da, lakin çox az gənc bu proqramdan faydalana bilib. Bir qayda olaraq müxtəlif yoxlamalar adı altında sosial cəhətdən aktiv olan gənclərin valideynləri müxalifət düşərgəsində təmsil olunan istedadlı gənclərin bu proqramlardan istifadə imkanları minimuma endirilib. Təhsildə ayrı seçkiliyi özündə ehtiva edən bu eybəcər yanaşmanı aradan qaldırmaq lazımdır.

22:50
Sual: [Nurane Suleymanova]: Salam Cemil muellim.
Sualim choxdur amma esas olanlari sorushacam sizden. Siz Hakimiyyete gelseniz yashlilarin teqaüdü, 1-ci, 2-ci ve 3-cü qrup elillerin teqaüdünde artim gozlenilir? Ipoteka ile ev almağin shertleri agir oldugu üçün çox müraciet edilmir amma halbu ki, en asan bu olmalidir. Ipoteka shertlerinde deyishiklik gozlenilir? Aydindir ki, Azerbaycanda agir xesteliklere göre müalice almaq hem chox pul teleb edir hemde ki, bir chox imkanlar yoxdur. Hekimlerimizin savadi da buna imkan vermir. Camaat Irana, Rasiyaya, qardash ökle olan Türkiyeye üz tutur. Tv kanallarinda verlishler hazirlanir ki, imkansiz ailelerin xeste ushaqlarina maddi destek verilmesi uchun. Halbu ki, bu desteyi xalq yox dovlet vermelidir. O, imkansiz ailelere, ushaqlara dovlet sahib chixmalidir. Buna imkan oldugu halda sahib chixilmir. Tv kanallara muraciet edirler ve en acinacaqlisi ise budur ki, tv kanallar da bundan oz shexsi xeyirlerini gudurler. Bu sadaladiğim her bir problem hell olunacaqmi?

22:57
Cavab: Azərbaycan xalqı layiqli və ləyəqtli həyat haqqına malikdir. Millətin haqqı ona sədəqə kimi verilməməlidir. Yalnız qeyd etdiyiniz əlil qrupları deyil, bütövlükdə əmək haqları və təqaüdlər ölkəmizin imkanlarından çox aşağı səviyyədədir. Ötən günlərdə hökumətin müşavirəsində orta təqaüd həddinin 200 dollar olması ilə fəxr etdiklərinin bildirdilər. Lakin rəqəmi yüksək göstərmək üçün bunu ABŞ-ın pul vahidi olan dollarla elan etdilər. Halbuki orta təqaüd həddi 120-130 manat həcmindədir. Bir milyon 250 min təqaüdçünün təxminən bir milyonu bu həddə təqaüd alır. Analoqsuz inkişaf edən ölkə üçün bu elə də yaxşı göstərici deyil. İnsanlar 30 il, 40 il öz əməyini, sağlamlığını, intellektini ona görə cəmiyyətə verməyib ki, ahıl yaşında 130 manat təqaüd alsın. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin dövlət müəssisələrində çalışan çox saylı məmur ordusunun əmək haqqı onların yaşayış xərclərinə uyğun deyildir. Müəllim normal əmək haqqı almasa ən yaxşı qanunla belə təhsili inkişaf etdirmək mükün deyildir . Azərbaycanda böyük tibb potensialı olduğu halda gözümüzün qarşısında ölkəmizin səhiyyə sistemi etimadsız bir vəziyyətə düşdü. Bir anlığa düşünün: Hansı vəzifəli şəxs öz ölkəsində müayinə olunur, tibbi yardım alır? Hansı vəzifəli şəxsin ailəsində uşaqlar məhz öz ölkəsində dünyaya gəlir. Ölkə səhiyyəsinə etimadsız münasibət ilk növbədə ölkəni idarə edənlərdən gəlir. Azərbaycanda bir çox səhiyyə müəssisələri artıq tibb müəssisəsi kimi deyil, biznes müəssisəsi kimi fəaliyyət göstərir. Bu dəhşətli mənzərədir. Yoxsul təbəqənin kütləvi şəkildə İranın sərhədyanı şəhərlərinə üz tutması ölkəmizin səhiyyə müəssisələrinin biznes obyektinə çevrilməsi ilə bağlıdır. Ölkə səhiyyəsinə etimadın bərpa olunması uzun və ağrılı bir proses olacaq. Tibbi sığorta sistemi işləmir, əhali tibb müəssisələrində tətbiq edilən qiymətlərə heyrət edirlər. Qonşu ölkələrə axın bilavasitə bununla bağlıdır. Mən özəl tibb müəssisələrinin əleyhinə deyiləm, lakin cərahiyyə əməliyyatına ehtiyacı olmayan adamların biznes maraqlarına görə əməliyyat olunduğunu eşitdikdə dəhşətə gəlirəm. Bunun bir çarəsi olmalıdır. Müayinə zamanı Azərbaycanda əməliyyat olunmağı tövsiyyə olunmuş xəstələrin böyük bir hissəsi qonşu ölkələrdə buna ehtiyac olunmadığını eşitdikdə onun bizim səhiyyəyə münasibəti şübhəsiz ki dəyişəcək,etimadı itəcək.

22:58
Emil Quliyev [moderator]: Cəmil bəy, 2 saatınızı ayırıb, oxucularımız və eləcə də sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırdığınız üçün sizə minnətdarlığımi bildirirəm. Çox sağ olun!

22:59
Cəmil Həsənli: Çox sağ olun, təşəkkür edirəm!!!

23:00
Emil Quliyev: Təəssüf ki, 2 saatlıq vaxt məhdudiyyəti çoxsaylı sualın cavabsız qalmasına səbəb oldu. Buna baxmayaraq mən oxucularımıza göstərdikləri yüksək marağa görə minnətdarlığımı bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

Mahmudəli Çöhrəqanlı: “Azərbaycan övladı olmağımla qürar duyuram”

Posted August 20th, 2013 at 3:39 pm (UTC-4)
9 comments

Avqustun 15-i Bakıya getməyə çalışsa da, Bakı Hava Limanından deportasiya edilən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı artıq Vaşinqtondadır. Hava limanında olarkən rəsmilər ona İranla əldə olunmuş təhlükəsizlik razılaşmasına əsasən ölkəyə buraxmadıqlarını bildirib. Daha sonra isə İranın yarı-rəsmi Fars xəbər agentliyi Azərbaycanın Çöhrəqanlını deportasiya etməsini alqışlayan məqalə ilə çıxış etmişdi.

Məsələlərə aydınlıq gətirmək üçün bu həftə Sərbəst Kürsüyə GAMOH lideri Mahmudəli Çöhrəqanlını dəvət etmişik. Avqustun 21-i cənab Çöhrəqanlı sizin suallarını cavablandırıb.
——————————————————————————————————————–
21:00 / 21 avqust 2013

Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun moderatoru Emil Quliyevdir. Qonağımız isə GAMOH lideri Mahmudəli Çöhrəqanlıdır.

21:02
Emil Quliyev [moderator]: Mahmudəli bəy, Sərbəst Kürsüdə sizi salamlayırıq. Dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq.

21:04
Mahmudəli Çöhrəqanlı: Mən də sizdən və bütün Voice of America Azərbaycan bölümündə çalışanlardan bu proqramı təşkil ettiyiniz üçün təşəkkür edirəm, sizə və bütün proqramda iştirak edənlərin hamısına ən səmimi salamlarımı təqdim edirəm. Umuram ki bu proqram vətən və millətimizə xeyirli və uğurlu olsun.

21:06
EQ: İlk sualı Samir Səfərli adlı Facebook istifadəçisi göndərib. O soruşur:

– Həqiqətənmi İsrail və ya ABŞ-ın adamısınız?

21:13
Cavab: Mən ulu Azərbaycan millətinin bir övladı və oğlu olmaqla qurur duyuram. Bütün ömrümdə millətimdən başqa heç kimsədən əmir almadım. Beləliklə ajan sayıla bilərsəm yalnız  öz millətimin ajanı ola bilərəm. Artırmalıyam ki Türkiyə və Azərbaycanın qapıları bütün Amerika və İsrail ajanlarına açıqdır. Harda görünmüşdür ki bu iki ölkənin qapıları İsrail və Amerika ajanlarına bağlı (qapalı) olsun ki mən ikincisi olum. Nəticə olaraq bu tip qaralamalar gobud töhmətdən başqa bir şey deyildir. Yaşasın Azərbaycan və onun vətən və millətinə sadiq olan övladları.

21:15
Sual [Rufat Ahmedzade]: Sual verirəm ki, cənab Çöhrəqanlı bundan sonra Amerikada Azərbaycandakı avtoritar rejimə qarşı fəaliyyətə keçəcək ? Yoxsa yalnız İran problemi ilə bağlı fəaliyyətlə kifayətlənəcək.

21:22
Cavab: Azərbaycan müstəqil olduğundan indiyə dək heç zaman Azərbaycanın iç işlərinə qarışmadıq. Pratik olaraq hakimiyyət və ya muxalifətin yanında durmadıq. Niyə ki Azərbaycanımızın müstəqil bölgəsində 10 milyona yaxın insan yaşamaqdadır, və orda kimin hakimiyyətdə kimin muxaliftətdə olması o cəmiyətin səsindən və rəyindən asılıdır. Məncə Azərbaycanın içində və xaricində hakimiyyətlə mücadilə olunursa gənə də Azərbaycanımızın müstəqil bölgəsinə mənsub olan insanların tərəfindən olmalıdır.

21:23
Sual [Araz]: Böyük Azərbaycan dedikdə siz nəyi anlayırsınız, mənim üçün böyük Azərbaycan içində Kərkükün də, İrəvanın da, Şirazın da olduğunu, Orta Asiyaya birlesen ,azerbaycandir, mence Azerbaycan diasporalari bunu demeye cesaret etmir,(Yaxsi diaspora numayendelerinde sohbet gedir). Turkiyede bir defe gormusdum, C.Azerbaycan ucun mitinq kecirirler, amma C.A bir hissesi kurdistan, bir hissesi ereb olub.

21:33
Cavab: Böyük kəliməsinin Azərbaycanla bağlı iki anlamı vardır. Bir, millətimizə sayqı və hörmət üçün işlədirik, yəni böyük millət-uca millət. İkincisi, sizin dediyiniz kimi Bütöv Azərbaycanı qəsd etməkdəyik. Bildiyiniz kimi Bütöv Azərbaycan, Azərbaycanımızın müstəqil bölgəsini, Güney Azərbaycanı və başqa parça parça edilmiş bölgələri ehatə etməkdədir, və təəssüflər ki bu proqramda parça parça edilmiş bölgələri izah etməyə zamanımız yetməz. Bu məsələ özü bir geniş konferans mözusu ola bilər. Azərbaycan coğrafyası haradır? Haralara Azərbaycan deyilir? Bu məsələlər geniş mubahisə və müzakirə mövzularıdır, və dediyim kimi bu qısa proqramda bu önəmli məsələlərə yetişmə imkanımız yoxdur.

21:34
Sual [Elnaz Tebrizli]: Güney Azerbaycan Türklerinin geleceği ve İran rejiminin geleceğini nece görürsünüz?

21:44
Cavab: Bəlli olduğu kimi 35 milyon Güney Azərbaycan Türk milləti getdikcə oyanaraq yüksək səviyyədə milli və siyasi şuura sahib olmaqdadır. Təbii olaraq heç bir oyanıq və intibaha sahib bir millət asimilə olaraq yox olmaz. İnanıram ki Güney Azərbaycan Türk milləti qurtuluş mucadiləsinə davam edərək yaxın gələcəkdə işğal edilmiş vətənini azad edərək öz müqəddəratını təyin etmə haqqını qazanacaqdır. Və gənə də ikinci qısa bir müddətdə vətən və millətimizin birləşərək Bütöv Azərbaycanımızı yaradmağa nail olacağıq. Mən bu nailiyəti çox yaxınlarda görürəm. 

Və əmma İran adlanan ölkədə hakim olan şovenist fars molla rejiminin talei, reform və islahatı hər halu-karda rədd etdiyi üçün Qəzzafilər və Bin Əlilərin taleindən başqa bir şey olmayacaqdır. Yəni bu rejim yaxın gələcəkdə İranda yaşayan millətlərin qiyamı sonucu olaraq suqut edəcəkdir.

21:45
Sual [Mehman]: Azerbaycanin geleceyini nece gorursunuz, bu gun kerkuku,qarabagi itirdik, sizce sabax? .Birde size bir sualim var siz iran azerbaycanlisisiz, neye gore iranda turkler farslardan cox olmalarina baxmayaraq Azerbaycandan nifret edirler. fakt faktdir.

21:56
Cavab: Azadlıq, istiqlal, ən zor və çətin əldə edilən, bahalı və böyük nemətlərdirlər. Bunlar yalnız can və qan bahasına əldə olunur. Təəssüflər ki bunları qorumaq və vətən və milləti saxlamaq da qan və can bahasına olur. Yalnız yüksək səviyyədə milli və siyasi şuura malik olan, cəsarətli, və şəxsi mənffətlərini milli mənffətlərinə qurban verəcək millətlər, azadlıq, istiqlal, və topraq bütövlüklərini qoruya bilərlər. Azərbaycan milləti zatən qeyrətli və cəsarətli bir millətdir ama təəssüflər ki intibah və oyanıqlıq açısından çox zəif və gücsüz qalmışdır. Beləliklə, millətimizin Azərbaycanın hankı bölgəsində yaşadığından asılı olmayaraq milli və siyasi şuurunu yüksəltməliyik. Vətənpərvərlik və millətsevərlik ruhunu onda aşılamalıyıq. Yalnız vətənpərvər millətsevər, və bütün şəxsi varlığını milli varlıqlarını qorumaq uğrunda fəda etməyə hazır olan millətlər öz azadlıq, istiqlal, və bütövlüklərini qoruya biləcəklər.

21:58
Sual [Hemit Ulutürk]: Quzey Azərbaycan və Türkiyə nədən bizim hərəkətə dəstək olmurlar? Sizcə mədəni savaşla istəğimizə çatacayıq? Bir də ki kürd məsələsi necə çözüləcək? İşğal etdiyi topraqlarımızı savaşlamı alacayıq? Çox təşəkkürlər sayın D.R çöhrəqanlı..varolun.

22:12
Cavab: Bildiyiniz kimi Türkiyədə hakim olan iqtidarın ideolojisinin təməlində ümmətçilik və Sünni İslamçılıq var. Bu ideolojidə etnikə təvəccüh və önəm verilməməkdədir. Yalnız ideolojik açıdan İslam dünyasının Sünni kəsimini qapsamaqdadır. Və elə buna görədir bu hökümət  Filistin, Misr, Suriyə, və başqa Sünni Ərəblərin haqlarını hər gün mudafiə etməkdədir. Qulağının dibində 35 milyon Şiə Azərbaycan Türk millətinin ən ibtidai insani haqlarından məhrum olmasına baxmayaraq hətta bir dəfə İran rejiminə etiraz etməmişdilər.

Və əmma Azərbaycan hakimiyyətinin Güney Azərbaycan milli hərəkatına dəstək verməməsinin nədəni bu hakimiyyətin milliyətçi, vətənsevər, və tam mustəqil olmamağından asılıdır.

Mədəni savaş bir millətin qurtuluş savaşının fondasyon bölümüdür. Mədəni savaş bir milləti pratik olaraq qurtarmaya bilər, ama teorik olaraq bir millət mədəni mücadilə sonucu yükəsk səviyyələrdə milli və siyasi bilincə sahib olur. Və bu tip millətlərin asimilasyonu və yox edilməsi imkansız olar. Tam özgürlük və bağımsızlıq üçün təbiki mədəni mücadilə kifayət etməz, və təəssüflər ki fiziki muharibələr, can və qan ittihafları gərəkməkdədir.

Sualınızın son bölümü təəssüflər ki bizim istəyimizin və hədəfimizin tam ziddinə olaraq savaş və muharibə meydanında bəlli olacaqdır.

22:13
Sual [Mahmut Zengin]:
Türkiyeye nezaman geleceksiniz özellikle izmire?

22:15
Cavab: Türkiyəyə gəlmək üçün çox tələsməkdəyəm ama təəssüflər ki hələlik qardaş qapıları üzümüzə qapalıdır. O qapıları açmağa çalışırıq. Nə zaman açılırsa yaz-yay-qış demədən gələcəyəm. Bütün Türkiyəyə, özəlliklə gözəl İzmirimizə səlam olsun.

22:16
Sual [Beyrek]: Salam Mahmudəli bəy, bir neçə il əvvəl Bursada türk toplantısına gəlmək istəyəndə də sizi Türkiyəyə buraxmamışdılar. Mən sizin Bakıya və ya Bursaya buraxılmanıza haqq qazandırmıram. Amma sizin hər dəfə türk zirvə toplantısı, türk qurultayı ərəfəsində Bakıya, Bursaya və s. gəlmək həvəsinə düşməyiniz məni çox maraqlandırır, daha doğrusu, təəccübləndirir. Siz özünüz çox gözəl bilirsiniz ki, bu ərəfədə sizə viza verilməyəcək. Üstəlik əvvəlcədən viza almaq üçün heç bir müraciət etmirsiniz. Məqsədiniz nədir? Türklər haqqında mənfi rəy yaratmaq? Yoxsa başqa bir məsələ var. Əgər siz həqiqətən Cənubi Azərbaycanda milli hərəkata liderlik etmək iddiasıdasınızsa, Şimali Azərbaycan, Türkiyə haqqında mənfi rəy yaratmağa çalışmayın. Zəhmət çəkin ABŞ-da bir xeyirli iş görün.

22:30
Cavab: Bu iddianız doğru deyildir, yalandır, belə bir şey olmamışdır.
Bu ikinci iddianız da doğru deyildir, çünkü mən heç zaman Türk zirvəsi toplantıları olanda Azərbaycan və Türkiyəyə səfər niyətində olmamışam. Dünyanın bildiyi kimi geçən 7 ildə mənim Türkiyə və Azərbaycana iki səfərim olmuşdur, birisi Türkiyəyə MHP-nin dəvətiylə o partiyanın 10-cu qurultayına (4 Novambr, 2012). İkincisi, geçən həftə (Avqust 15, 2013) Azərbaycana. Və yalnız Azərbaycana səfərimiz dediyiniz zirvə ilə təsaduf etmişdir. Diqqətli baxsanız ən azı hər həftə bir önəmli hadisə, görüş, və ya toplantı Ankara və Bakıda olmaqdadır. İndi mənim gəlişimi bu hadisələrin biriylə maraqlandırmaq məntiqi deyildir, çünkü hər həftə səfər etsək bu önəmli hadisə və toplantıların biriylə təsadüf edəcəkdir.
İddia edirsiniz ki viza almaq üçün muraciət etməmişik, bu da yalandır. Çünkü mən Azərbaycana viza almaq üçün Azərbaycanın Vaşinqtondaki səfirliyinə Avqustun 6-sında muraciət etmişəm, bütün istədikləri sənədləri təqdim etmişəm, təəssüflər ki üzdə və zahirdə heç bir mənfi reaksiya almadan ayın 14-ündə vizasız pasaportları təhvil veriblər. Bu 8 gündə mən və oğlum 5 dəfədən çox telefon və huzuri olaraq səfirlik ilə təmasda olmuşuq ama heç bir nəticə ala bilməmişik.
Türk dünyasının gözləri görməkdə, qulaqları duymaqda, və beyinləri araştırmaqdadır. Kimin Fars və rus nökəri olduğu, və kimlərin bu böyük ulusa qulluq etdiyi Türk millətinə və hamıya bəllidir.

22:31
Sual: [İlqar Ahmed]: Iranda niye azeriler farslasir? Hakimiyyetmi onlarin gozune perde salir?Yoxsa kreslo sevdasimi??? Niye azeriler ezilir orda kresloda yuzlerlee azerinin oturdugu haldaaa???

22:40
Cavab: Bildiyiniz kimi 1924-dən bəri (fars pəhləvi rejiminin iş üstünə gəlməsindən bu yana) İranda yaşayan qeyri-fars millətlər, o cümlədən 35 milyon Azərbaycan Türk milləti öncəliklə Pəhləvi rejimləri və 1979-dan bəri İran İslam molla rejiminin hakimiyyəti altında ən ağır və sistematik mənfi asimilasyaya məruz qalmışlardır. Və nəticə olaraq sizin tərəfdə bəzi Azərbaycanlıların ruslaşdığı kimi bizim tərəfdə də bəzi Azərbaycanlılar manqurdlaşaraq farslaşmışlar.
Ama Güney Azərbaycan milli hərəkatının başladığı tarixdən (1995) millətimiz dərin oyanış prosesinə girərək yüksək səviyyədə milli və siyasi şuura sahib olmuşdur. Bu oyanış qurtuluşa qədər və millət ilə vətənin bütövləşməsinə dək davam edəcəkdir.

22:41
Sual [Rauf Binnetov]: SALAM MAHMUDELI BEY VE EMIL BEY XOS GORDUK SIZE HORMET VE EHTIRAMIMI CATDIRMAQ ISTEYIREM COHREQANLI CENABLARINA SUAL BELEDIR IRAN IMPERIYASI DOVLETI BMT SANKSIYALARI BEYNELXALQ TEZYIQ NETICESINDE NUVE PROGRAMIYLA BAGLI MESELEDE SIYASI VE IKTISADI CEHETDEN COKMEKDEDIR 2006 TEBRIZDE 2009 TEHRANDA 2011 ILDE URMIYA GOLUNUN QURUDULMASIYLA BAGLI BAS VEREN ETIRAZLAR BUNA SUBUT EDIR KI EHALININ MOLLA REJIMINE QARSI ARTIBDIR GEOPOLITIK CEHETDEN NECE DUSUNURSUZ ABS KONGRESMENI DANA ROHBAHERIN SENATDA IRANDAKI AZERBAYCANLI VETENDASLARAMIZIN MESELESINI KECEN IL SENATDA QALDIRDI SSRRI DAGILDIQDAN SONRA QUZEY AZERBAYCAN MUSTEQILIYINI ELAN ETDI IRAN DA DAGILIB BIR NECE MERKEZE DAGILACAQ GUNEY AZERBAYCANIN MUSTEQIL OLSA EGER BU REGIONUMUZDA QUZEY AZERBAYCAN -Ermenistan DAGLIQ QARABAG MUNAQISESINE NECE TESIR EDECEK QUZEY AZERBAYCAN -GUNEY AZERBAYCAN SERHEDINI BERLIN DIVARLARIYLA FERQ EDIB MUQAYISE ETMEK OLARMI?

22:50
Cavab: İranda hakim olan fars molla rejimi də bütün sömürgəçi, diktator, və totaliter rejimlər kimi yıxılmağa və dağılmağa məhkumdur. Və məncə bu hadisə yaxın gələcəkdə baş verəcəkdir, və dediyiniz kimi İran, geçmiş SSRİ və yuqoslavya kimi dağılaraq neçə yerə bölünəcəkdir, və bunların ən böyüyü muvəqqət Güney Azərbaycan Türk Cumhuriyyəti olacaqdır. Güney Azərbaycanın yaranması Qarabağın azadlğına böyük müsbət təsir buraxacaqdır.
Təbiki, Güney və Quzey Azərbaycan sərhədlərini Berlin duvarıyla muqayisə etmək mümkündür. Hər zaman Almanya millətində olan milli və siyasi şuur bizdə olursa Azərbaycan milləti sərhədləri qaldıraraq Almanların Almanyanı bütövləştirdikləri kimi millət və vətəni bütövləşdirəcəkdir.

22:51
Sual [Araz Smalvilli – Twitter]: Siz Azerbaycan diasporaolarinin birliyine inanirsiz, Mahmudeli bey.?

22:53
Cavab: Azərbaycan diasporası yəhudi və erməni diasporalarıyla muqayisədə çox zəif durumdadır. Çünkü yəhudi və erməni, millət, vətən, və milli mənfəətlərini, və təəssüflər ki hələlik Azərbaycanlı isə şəxsi mənfəətlərini düşünməkdədir. Azərbaycan diasporası vətən və millətindən çox bəlli şəxs və quruplara xidmət etməkdədir.

22:54
Sual [Orxan Ulfanov]: Düşünürem ki Elçibeyin 1992 ci ilde Güney Azerbaycanla serhedleri götürmekle ve böyük destek vermekle Güney Azerbaycandakı Türklük ruhuna su verib. Seyh Mehemmed Pişeverinin de böyük giyamla susturulmuş azadlıq herekatını yeniden canlandırdı. Amma Kuzey Azerbaycandaki hökümetin Güney Azerbaycandaki 35 miliyonluk Türkü görmemesi ne geder mentiglidi? Göresen Elçibey sevh eledi yoxsa bu hökümet sevh eliyir?

22:56
Cavab: Rəhmətlik Elçibəy bütün həyatını Azərbaycan və onun qurtuluşu, bütövləşməsi uğrunda sərf etmişdir. O bir böyük ideoloq olaraq düz və doğru düşünmüşdür. Bəli problemlərin səbəbini Azərbaycanı idarə eliyənlərin ideoloji və düşüncəsində axtarmalıyıq. Beləliklə fürsətdən istifadə edərək yol bəyimiz Elçibəyin Tanrıya qovuşmasının 13-cü il dönümünü ulu Azərbaycan millətinə təsliyət deyirik, və yol bəyimizə söz verərək deyirik: “ulu insan rahat yat, yüz minlər əskərin, əmanət etdiyin Bütöv Azərbaycan yolunda Azərbaycanın toprağını və millətini bütövləşdirmək üçün hədəfə sarı irəliləməkdədirlər.”

22:57
Emil Quliyev [moderator]: Mahmudəli bəy, vaxtınızı ayırıb oxucularımızın suallarını cavablandırdığınız üçün təşəkkürümü bildirirəm. Çox sağ olun!

22:59
Mahmudəli Çöhrəqanlı: Dəyərli və hörmətli Emil bəy, sizdən və bütün əməkdaşlarınızdan və proqrama iştirak edən soydaşlarımızdan təşəkkür edirik.

23:00
Emil Quliyev: Çox sağ olun, Mahmudəli bəy. Mən də oxucularımıza göstərdikləri diqqətə görə minnətdaram. Sərbəst Kürsünün növbəti sayında görüşənək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

 

Xədicə İsmayıl: “Xəbər çatdırılıb ki, mənimlə bağlı daha ciddi planları var”

Posted August 6th, 2013 at 11:53 am (UTC-4)
3 comments

Azad Avropa/AzadlıqRadiosu iyulun 26-da internetdə Xədicə İsmayılovanın qeyri-qanuni yolla əldə edilmiş intim videosunun nümayiş etdirilməsindən sonra Azərbaycan hökumətini jurnalistə qarşı şantaj və hədə-qorxu kampaniyası ilə bağlı təhqiqat aparmağa çağırıb. Bəyanatda deyilir ki, Xədicə İsmayılovanın reporatjları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərir.

AzadlıqRadiosunun əməkdaşı ilə bağlı son hadisələri müzakirə etmək üçün Sərbəst Kürsüyə Xədicə İsmayılovanın özünü dəvət etmişik. Avqustun 7-də Xədicə İsmayılova oxucularımızın suallarını cavablandırıb.

—————————————————

21:00 / 07 avqust 2013
Salam əziz Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə araşdırmaçı jurnalist Xədicə İsmayılovadır.

21:02
Emil Quliyev [moderator]: Sərbəst Kürsüyə xoş gəlmisiniz, Xədicə xanım. Sizi öz adımdan və oxucuların adından salamlayıram.

21:03
Xədicə İsmayılova: Dəvət üçün təşəkkür edirəm. Mən də izləyiciləri salamlayıram.

21:05
EQ: İlk sualı Rasim adlı izləyici göndərib. O yazır:

 – Xədicə xanım, salam! Sizin cəsarətiniz qarşısında baş əyirəm! Və işlərinizdə uğurlar arzulayıram. Sualım isə belədir: Gözüqızmış hökumətin edə biləcəyi hansı əməldən çəkinirsiniz? Bir də bunlar nə zaman Azərbaycan tarixindən silinəcək?
21:13
Cavab: Xoş sözlərə görə təşəkkür edirəm. Doğrusu, sizin verdiyiniz sualı hərdən özüm də özümə verirəm. Amma yenə də həmin məqamın reaksiyasını düşünmək çətindir. Elə indiyə qədər olanları da əvvəllər düşünməmiş deyildim. Məndən öncə həmkarlarımın şəxsi həyatına müdaxilə olanda, onlar şantaj obyekti olanda mən özüm eyni situasiyada nə edəcəyimi düşünmüşdüm və cavab tapmamışdım. Bu baş verəndə həmin an qərar verməli oldum.
İkinci suala gəldikdə, onun cavabı yoxdur məndə. Mən ümid edirəm ki, tarixdən heç nə silinməyəcək və nə vaxtsa bu gün yaşananlar repressiya tarixi kimi dərsliklərə düşəcək. Amma olmuş, artıq keçmişə çevrilmiş tarix kimi. Dəyişikliklər gözləntisi çox böyükdür hər halda.

21:15
Sual [Günel Qarayeva]: Özünüz bu qədər şantajla üzləşirsiniz. Ailə üzvləriniz vəsitəsilə sizə təhdidlər olub? Ən azından bu barədə mətbuatda danışmamısınız. Danışılmasını istəmirsiniz, yoxsa olmayıb?

21:18
Cavab: Müəyyən problemlər yaşandı, amma ailə üzvlərimin əksəriyyəti tam dəstək göstərdi. Problemlər barədə mətbuata danışmaq istəməmişəm. İndi də istəmirəm. Ailə məsələlərini müzakirəyə çıxarmağın tərəfdarı deyiləm.

21:20
Sual [Elşən Hətəmov]: Sizin haqqınızda yeni qara kampaniyanın başlaması Xədicə İsmayılovanın yeni araşdırmanı açıqlamaq üzrə olmasına işarədirmi? Belə bir şey varsa, nə barədədir?

21:31
Cavab: Elşən bəy, bir neçə layihə üzərində işləyirəm. Hələ tamamlamaq üzrə deyiləm. Amma elə son günlərdə həmkarım Vüsalə Əlibəylinin İçərişəhərdə tarixi binaları, qala divarını və qədim tuneli məhv edib yerinə hotel tikdiyi barədə araşdırma filmində Paşa holdinqin hakim ailəyə məxsusluğunu sübut edən sənədləri mən ortaya çıxarmışdım.
Bu günlərdə daha bir müsahibədə birinci ledinin Panama şirkətlərindən danışmışdım. Mənə çatdırılan xəbərdarlıqlar da təhlükənin məhz birinci ledinin ətrafından gəldiyinə dəlalət edirdi. Odur ki, son olayların qaynağının o tərəfdə olduğunu ehtimal edirəm. Hər halda son bir il ərzində Yeni Azərbaycan Partiyasının qəzetlərində mənə qarşı kampaniya səngiməyib. Təhqir, böhtan dolu məqalələr çap ediblər. Yaxşı olan budur ki, o qəzetləri oxuyan yoxdur. Mən bir neçə dəfə məhkəməyə müraciət etdim və Azərbaycan məhkəmələri bu qəzetlərin mənə qarşı təhqirlərini haqlı saydı. Təsəvvür edin, kimsə həmin hökmləri çıxaran hakimlər, yaxud qəzetlər haqda eyni ifadələri işlətsin. Onda reaksiya necə olardı?

21:33
Sual [Samira S]: Ölkədə jurnalist çoxdu ama araşdırmaçı jurnalist demək olar ki, yoxdu. Buna səbəb nədi? Siz nə edirsiniz bu istiqamətdə?

21:41
Cavab: Araşdırma üç şey tələb edir: Maraq, bacarıq və cəsarət. İstedadın məsələyə dəxli yoxdur. Şəxsən özümü istedadlı adam hesab eləmirəm. Bu üç keyfiyyəti birləşdirən adam çox deyil. Təəssüf ki, jurnalistlər arasında da çox deyil. Ustad jurnalist Şahvələd Çobanoğlu bir nümunədir hamıya. Amma gənclər də var. Son bir neçə ildə mən onlarla jurnalistə araşdırma jurnalistikasından təlim keçmişəm. Öz müəllimlərimin də dəvət olunması üçün beynəlxalq təşkilatlara təkliflər vermişəm və onlar da gəlib təlimlər keçiblər. Arasında tutanı da var, tutmayanı da. Məsələn, Nüşabə Fətullayeva kimi gözəl jurnalist yetişib bu təlimlərdə. Maraqlıdır ki, gənc nəsil jurnalistlər arasında ən uğurlu nümunələr məhz qadınlardır. Azadlıq radiosunda Nüşabə, Vüsalə Əlibəyli, Durna Səfərli gözəl araaşdırmalar ortaya qoyublar. Bizim yol qəzetindən Vüsalə Rüstəmova. Azadlıq Radiosunun stajlı jurnalistlərindən Şahnaz Bəylərqızı, Arifə Kazımova, Səadət Akifqızı. Göründüyü qədər az deyillər. Amma təəssüf ki, keyfiyyətli araşdırmanı almaq istəyən və buna pulu çatan redaksiyalar çox azdır.

21:43
Emil Quliyev [moderator]: Xədicə xanım, növbəti sual Twitter vasitəsilə daxil olub. “arasaliyev” adlı istifadəçi yazır:
Çox təəssüf ki, Xədicə xanımın internetdə intim xarakterli videosu yayılıb. Bes bu videonu yığışdırmaq mümkün deyilmi?

21:50
Xədicə İsmayılova: İlk dəfə bu video yayılanda həmin saytın hostinq şirkətini məhkəmə yolu ilə saytı bağlamağa vadar edə bildik. Həmin hostinq şirkəti ABŞ-da idi. Amma sonra eyni adlı saytı Panamada yaratdılar. Həmin o Panamada ki, prezidentin qızlarının orada şirkətlərini tapmışdım. Əslində bu bir təsadüf deyil. Evimdə kamera da məhz Panama şirkətləri ilə bağlı araşdırmadan dərhal sonra quraşdırılmışdı. Azərbaycan hökuməti həmin saytlara girişin məhdudlaşdırılması üçün qanunla üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir. Təəssüf ki, mənim Azərbaycan hökumətinə bu işi gördürmək üçün gücüm yetərincə deyil.

21:52
Sual [Sabir]: Xədicə xanım, siz olmasaydınız bu hökumətin əməllərindən bu xalqın, dünyanın xəbəri olmayacaqdı. Çox sağ olun buna görə. Rafiq Tağının dünən doğum günü idi. Allah ona da, Elmara rəhmət eləsin! Bu ölüm hallarının araşdırılmasını özünə borc bilmirsinizmi? Nə zamansa belə bir araşdırmaya başlamaq planınız var?

21:57
Cavab: Sabir bəy, təşəkkür edirəm sual üçün. Həmkarlarımızı itirmək çox ağırdır. Xüsusilə də onların ölümünə görə özümüzün də məsuliyyət daşıdığımızı anlayan adama. Elmar Hüseynov korrupsiya barədə tək yazırdı, ona görə hədəf oldu. Rafiq Tağının yazdıqlarını, dediklərini deməyə hər adam cəsarət eləmirdi. Ona görə hədəf oldu. Onların ölümünün istintaqını dalana dirəyən hökumətin marağı göz qabağındadır. Bu da bir cavabdır yəqin ki, Elmar Hüseynovu kim öldürdü sualına. Amma əlbəttə ki, istintaq aparmaq lazımdır. Mən də müəyyən cəhdlər elədim. Amma təəssüf ki, kifayət qədər cəhd göstərmədik. Bu, qarşımızda duran bir vəzifədir.

22:00
Sual [Nailə]: Ən sevdiyiniz peşə hansıdır?

22:05
Cavab: Jurnalistika. Mən türkoloq olmalıydım. Şərqşünaslıq fakültəsinin türk filologiyası bölümünü bitirmişəm. Elə qəzetdə də türk, rus, ingilis dillərindən tərcümələrlə başladım işə. Məni jurnalistikaya gətirən təsadüfü ömrümün ən xoşbəxt təsadüfü hesab edirəm. Bu peşədə hər gün qalibsiniz – çətin müsahibə, uğurlu sual, kiminsə probleminin həllinə kömək, bilinməzlərə işıq salmaq… Sizə hər gün qalibiyyət duyğusu verən ikinci belə peşə yoxdur. Sevirəm peşəmi və əlim qələm tutduğu müddətcə peşəmi dəyişmək barədə düşünmürəm.

22:06
Sual [Famil Məmmədov]: Siz Azərbaycan mentalitetini nəzərə almayan insansınız. Prezidentimizin gördüyü işləri dünyaya tərsinə çatdırırsınız. Nə zaman düzgün işlə məşğul olmağa başlayacaqsınız?

22: 11
Cavab: Famil bəy, Azərbaycan mentaliteti adlandırdığınız, amma əslində nə coğrafi, nə milli kimliyə aidiyyatı olmayan komplekslər toplusu bir neçə il bundan əvvəl qadının sükan arxasında oturmasını həzm edə bilmirdi. Mən Azərbaycan prezidentinin ofşor biznesləri barədə sənədləri ortaya qoyuram. Bunun nə düzü, nə tərsi yoxdur. Sənəddir. Araşdırmalarımda heç bir fikir söyləmirəm. Sadəcə faktları təqdim edirəm. Məndən fikrimi soruşanda, fikrimi də deyirəm. Subyektiv fikrimi. Mənə görə düzdür. Sizin olduğunuz yerdən tərs görünə bilər. Mən düzgün işlə məşğul olduğumu düşünürəm. Sizin icazənizlə, yaxud onsuz, davam edəcəyəm. Mən düzgün işlə məşğul olduğumu düşünürəm. Sizin icazənizlə, yaxud onsuz, davam edəcəyəm.

22:13
Sual [Şakir]: Xədicə xanım, öz siyasi hərəkatınızı yaratmaq və ya hansısa hərəkata qoşulmaq prespektiviniz varmı? Bu gün arenada olan hansı siyasi hərəkata daha çox rəğbətiniz var?

22:17
Cavab: Siyasətlə məşğul olmaq niyyətim yoxdur. Peşəmi sevirəm və məhz jurnalistika ilə məşğul olmaq niyyətindəyəm. Siyasi tərcihlərim barədə danışmaq istəmirəm. Siyasi iddia ortaya qoyan dostlarıma belə dəstək göstərməməyə çalışıram.

22:19
Sual: Müsahibə aparanda niyə qoymursuz adam sözünü axıracan deyib qutarsın?

22:22
Cavab: 🙂 Çalışıram azı 2 dəqiqə gözləyim. Fikrini iki dəqiqə içində ifadə edə bilməyən adamların sözünü kəsmək savabdır. 🙂

22:23
Sual [Jurnalist]: Başqa ölkədən siyasi sığınacaq almaq üçün bu qədər canfəşanlıq etməyə dəyərdi?

22:29
Cavab: Mənim sığınacaq almağa ehtiyacım yoxdur. Hər zaman iş təklifi alıram. Şantajdan əvvəl də almışam, indi də alıram. Sadəcə birinə razılıq verib, köçüb gedə bilərəm. Amma bunu etmirəm. Çünki öz ölkənin xoşbəxt yaşamadığı halda başqa ölkədə xoşbəxt yaşamağın mümkünlüyünə inanmıram.

22:31
Sual [Ələkbər Rəşidli]: AzadlıqRadiosunda müdirlikdən çıxanda da, təhdidlə üzləşmişdiniz? Ona görə çıxdız?

22:38
Cavab: Əsla! Təhdidlər qarşısında çəkilmək mənim üslubum deyil. Amma siz büro rəhbərliyinin necə işgəncə olduğunu bilsəniz, məni anlayarsınız. Hər gün sırf menecment işləri ilə məşğul olursan. Sənədlər tərtib etmək, cədvəllər yazmaq və s. Jurnalistikanın özünə çox az vaxt qalır. Rəhbər vəzifə uğur göstəricisi deyil. Məncə ən yaxşı işlərimi sadə jurnalist olaraq görmüşəm.

22:39
Sual [Təhminə]: Nə zamansa heykəlinizin qoyulmasına razı olarsınız?

22:43
Cavab: ))) Yox əlbəttə ki. Heykəllərin əleyhinəyəm. Xatirənin əbədiləşdirilməsinə də inanmıram. Amma bəlkə də korrupsiyanı ifşa edən qələmə heykəl qoymaq lazımdır. Mənimlə bağlılığı yoxdur. Bu işi görən bütün cəsur jurnalistlərin əməyinə sayğı göstərmək və nümunəsini çatdırmaq üçün.

22:44
Sual [Rəşad]: Elə indicə sizin haqqınızda Vaşinqton Postdə məqalə oxudum. Bu hökumət niyə belə əməllər edərək özünü biabır edir? Onsuzda görürlər ki, siz öldürülsəniz də, geri çəkilən deyilsiniz. Eyni əməli ikinci dəfə eləmək nə demək idi?

22:47
Cavab: O demək idi ki, “səninlə işimiz bitməyib”. Bu dəfəki xəbərdarlıqdır. Zatən xəbər çatdırılıb ki, mənimlə bağlı daha ciddi planları var. Amma geri getmək yoxdur. Qorxu içində yaşamağın nə anlamı var ki. Mən bu təhdidləri başqa cür qəbul edirəm. Hər dəfə ya istidən, ya yorğunluqdan əlim işdən soyuyanda onlar necə iyrənc olduqlarını yadıma salırlar, mən də işimi davam etdirməyin necə vacib olduğunu anlayıram. Yeni enerji ilə davam edirəm.

22:48
Sual [Rəsul Əliyev]: Azərbaycanda medianın durumunu yaxşılaşdırmağın yollarını necə görürsünüz? Həm maddi, həm də keyfiyyət.

22:51
Cavab: Iqtisadiyyat azad olmadan media azad ola bilməz. Amma Azərbaycana yayım edən bir peyk kanalı çox şeyi dəyişə bilər. Onda hökumət anlayar ki, ölkədə jurnalistləri, telekanalları sıxma-boğmaya salmağın xeyri yoxdur, informasiya onsuz da gəlir. Bu baxımdan Azərbaycan saatı layihəsinin olduqca önəmli olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə yayımını bərpa edəcək. Meydan TV də o cümlədən.

22:53
Sual [Adsız]: Mehman Əliyevə rəğbətiniz haradan qaynaqlanır?

22:56
Cavab: Mehman Əliyev Azərbaycan jurnalistikasında ən önəmli fiqurdur. Turan agentliyi yeganə müstəqil yerli media qurumudur. Mehman Əliyev savadlı və maraqlı adamdır, dürüst adamdır. Siyasətçi olsa, ona rəğbətimi ifadə etməyəcəm. Hələ ki, fürsət var, bunu edim. 🙂

22:58
Emil Quliyev [moderator]: Xədicə xanım, iki saatınızı ayırıb Sərbəst Kürsüdə izləyicilərimizin suallarını cavablandırdığınız üçün təşəkkürümü bildirirəm.

22:59
Xədicə İsmayılova: Ümid edirəm, izləyicilərinizə də maraqlı oldu. Təşəkkür edirəm diqqətinizə görə.

23:00
Emil Quliyev: Çox sağ olun! Sərbəst Kürsünün növbəti sayında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!!!

Şahvələd Çobanoğlu: Qəzet köşklərini bağlayır, jurnalistlərə ev verirlər

Posted July 23rd, 2013 at 3:44 pm (UTC-4)
2 comments

İyul ayının 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Elə həmin gün 155 jurnalistə evə verilib. Bununla yanaşı Milli Mətbuat Günü bir neçə jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilən jurnalistlərin məzarını ziyarət edib.

Azərbaycanda mətbuatın durumunu müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış jurnalist Şahvələd Çobanoğlunu dəvət etmişik. İyulun 24-ü Şahvələd Çobanoğlu oxucularımızın suallarını canlı olaraq cavablandırıb.

——————————————————————————————————————————————

21:00 / 24 iyul 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə tanınmış jurnalist Şahvələd Çobanoğludur.

21:02
Emil Quliyev [moderator]: Şahvələd bəy, mən Sizi və oxucularımızı Sərbəst Kürsüdə salamlayıram. Milli Mətbuat Gününüzü təbrik edirəm.

21:04
Şahvələd Çobanoğlu: Təşəkkür edirəm, sizə də, dinləyicilərinizə də uğurlar diləyirəm. Xoş gördük!

21:06
Emil Quliyev: Təşəkkür edirəm Şahvələd bəy. Sərbəst Kürsüyə ilk sual email vasitəsilə daxil olub. Salman Səxavət adlı oxucu yazır:
– Şahvələd bəy və Emil bəy hər ikinizi və Azərbaycanın bütün əsl jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Sualım əslində hər ikinizədir: Bu gün Azərbaycan media aləmində cəsarət çatışmazlığı nə ilə bağlıdır? İnsanlar nə üçün peşə faəliyyətlərinin tələb etdiyi kriteriyaları nələrəsə qurban verirlər?

21:13
Şahvələd Çobanoğlu: Təbrikə görə sağ olun!
Əslində normal ölkədə jurnalistlər cəsarət çatışmazlığı ilə sınağa çəkilməli deyillər, amma o da həqiqətdir ki, bizim peşənin vacib bir tələbi də cəsarətdir. Ölkəmizdə azad mətbuata qarşı illərdir basqılar davam edir, həm də bunun arxasında hakimiyyət dayanır. Bu hakimiyyətin bayramlarda azad mətbuat üçün ürəyi yandığını deməsinə baxmayın, azad mətbuata ən böyük təhlükə özləridir. Jurnalistlər daim təhlükə altında çalışırlar və kimlərsə buna tab gətirmir. Bundan əlavə neft pulları ilə jurnalistləri və KİV-ləri ələ alırlar. Durum heç də asan deyil.

21:14
Sual [Rasim]: Şahvələd bəy, Eynulla Fətullayevin hazırki fəaliyyəti Azərbaycan mediasının inkişafına kömək edirmi?

21:20
Cavab: Bu suala mən əvvəllər də aydın və əhatəli cavab vermişəm. Bir halda yenidən sual varsa, indi də cavab verə bilərəm.  Həbsdən çıxandan sonra Eynulla Fətullayev onu həbsə atan İlham Əliyevin alovlu tərifi ilə məşğul olmağa başladı. Eyni zamanda hakimiyyəti tənqid edən və müxalif mövqedə olan insanlara, onu müdafiə edən qurum və şəxslərə qarşı təbliğat aparmaqda davam edir. Bunları nəinki ziyanlı, həm də çox çirkli işlər sayıram…

21:21
Sual [Gulu]: Ev alan jurnalistləri pisləmək istəmirəm. Yəqin ki ehtiyacları var idi ki, bu işdə adları keçib. Amma ümumilikdə hökumətin, xüsusilə də prezidenti jurnalistə ev verməsi nə dərəcədə düzgün qərardır?

21:32
Cavab: İlham Əliyev icra hakimiyyətinin başçısıdır və həm də hakim siyasi partiyanın rəhbəridir. Onun jurnalistlərə ev verməsi mətbuatın müstəqilliyinə müdaxilədir. Prezidentin mətbuat işçilərinə ev paylaması siyasi rüşvət və siyasi hiylədir. Arxasında ölkədəki real vəziyyəti gizlətmək, mətbuata basqıları pərdələmək durur. Yoxsa niyə müəllimlərə, həkimlərə, mühəndislərə, fəhlələrə deyil, jurnalistlərə ev verilir? Ölkə Konstitusiyasına görə hamının hüquqları eynidir. Bu ayrı-seçkilik müstəqil mətbuatı boğmaq siyasətini gizlətmək üçündür.

Mətbuata basqılar var ki, orada çalışanlar özlərinə ev ala bilmir və ya kirayə haqqı ödəyə bilmirlər. Reklam qadağaları və yayım sektorunun məhv edilməsi hesabına, müstəqil mətbuata hər cür basqılara görə KİV-lər gəlirlərdən məhrum edilib.

Mən deyirəm ki, köşklər mətbuatın evidir, niyə onları bağlayır, jurnalistlərə ev verirlər? Axı köşklər vasitəsi ilə redaksiyalar gəlir götürməli, həmin jurnalistlərə yaxşı maaş verməlidirlər.  Ölkənin 4000-dən çox kəndi var, heç birində qəzet köşkü yoxdur. Rayon mərkəzlərində çox az sayda qalıb, Bakıda da son illərdə onların sayı dəfələrlə azalıb. Bu problemləri, bu boyda əngəlləri həll etmək əvəzinə ev şousu düzəltmək məqsədlidir.
Bu həm də qanunları pozmaq və mətbuatın müstəqilliyinə müdaxilədir.

Bu addım ölkə Konstitusiyasına, həmçinin mətbuat azadlığı prinsiplərinə ziddir.

21:34
Sual [Rauf Binnetov]: Salam Şahvələd bəy və Emil bəy. Öncəliklə sizi 22 iyul Mətbuat Günü münasibətilə təbrik edirəm. Şahvələd bəy, sizcə Elmar Hüseynovun ailəsinə ev verilməliydi?

21:40
Cavab: Heç bir jurnalist prezidentdən ev almalı deyil. Ev əgər sosial təminat proqramı üzrə verilirsə, bu da qanunlara əsasən olmalı və təkcə jurnalistlərə şamil edilməli deyil. Bundan əvvəlki suala cavabda da yazdım ki, ev paylanması siyasi hiylədir.

Elmar Hüseynova gəldikdə, o bizim mətbuatın azadlıq simvoludur. Bütün dünyada qəhrəman sayılır. Elmarın adı ev məsələsinə sığışdırılacaq bir ad deyil. Onsuz da onun ailəsi ölkədən gedib, qəriblikdə yaşayır. Öncə onun qatilləri tapılmalıdır. İndiki hakimiyyətin dövründə isə bunu gözləmirik.

21:42
Sual [Rüfət Yolçuyev]: Şahvələd bəy, Azərbaycan jurnalistikasının sizin kimi müəllimlərə ehtiyacı var. Dərs deməyi planlaşdırırsınızmı?

21:53
Cavab: Bu, çox yüksək qiymətdir mənim üçün. Təşəkkür edirəm. Keşkə doğrudan da layiq olaydım buna. Nə vaxtsa gənc jurnalistləri öyrədə biləcəyəmsə, çox şad olaram. Hərdən qısa təlimlərdə iştirak edirəm, bildiklərimi öyrətməyə çalışıram. İş vaxtı da əlimdən gələni əsirgəmirəm. Amma mənim üçün ən başlıcası yazmaqdır. Bizim şəhid həmkarımız Elmar Hüseynov qarşısında da əsas borcumuz budur. Oxucumuz qarşısında da. Ölkəmiz qarşısında da. Mənə görə biz həqiqətə ölkənin çörəyi kimi baxmalıyıq və bunun üçün çalışmalıyıq. Yorulmadan.

21:54
Sual: [Gunel Ahmadova]: Ev alan jurnalistlere munasibetiniz necedir?

22:10
Cavab: Bizim cəmiyyətdə belə bir fikir var ki, kiminsə qazanmasına, mülk sahibi olmasına qarşı fikir söyləməyə pis baxırlar. Amma bu, tamam fərqli məsələdir. Yuxarıdakı suallara cavablarda yazdım, ev paylamaq hakimiyyətin siyasi layihəsi idi. Heç bir jurnalist buna getməli deyildi. Mən heç kimin ev sahibi olmasına qarşı deyiləm. Əksinə, onun uğrunda çalışıram ki, elə bir Azərbaycan quraq, orada hamı ev ala bilsin. Azərbaycan müstəqil olanda da hamı bu arzu ilə yaşayırdı. Amma bu arzumuza əngəl olan bir hakimiyyətin planına uymaq qınanılmalıdır. Hətta hakimiyyətə xoş münasibəti olanlar üçün də bu, peşə prinsiplərini satmaqdır.

22:12
Emil Guliyev [Moderator]: Növbəti sual Twitter vasitəsilə daxil olub. Ceka A-ova adlı istifadəçi yazır:

– Əvvəllər Eynullanı tanımamışdız?

22:22
Şahvələd Çobanoğlu: Mən o cür günahsız məhbəs illərindən sonra bur cür olacağını gözləmirdim, sadəcə.

22:23
Sual [Sabir]: Şahvələd bəy, bayramınız mübarək. Seçkilər öncəsi Azərbaycanda vəzəiyyəti necə qiymətləndirirsiniz? Əvvəlki seçkilərlə müqayisədə bir fərq, bir yenilik var? Yoxsa yenə eyni atmosferdir?

22:33
Cavab: Təbrikə görə təşəkkür edirəm. Hakimiyyətin davranışlarına görə, siyasi imkanlara və azadlıqlara görə fərq yoxdur, hələ pisləşmə gedib. Amma başqa amillər görə vəziyyət xeyli dəyişib. Cəmiyyət həminki deyil, narazılıq çoxalıb və daha açıq ifadə edilir. İnsanlarda dəyişiklik istəyi çox artıb və buna inam da yüksəlib. Ortada çox fəal gənclik, yeni təcrübələr var. Müxalifət birləşib və seçkiyə vahid namizədlə gedir. Mən cəmiyyətdə bunun yüksək ovqat yaratdığını hiss edirəm. Üstəlik, hakimiyyət dayaqlarını itirib və çox nüfuzdan düşüb.

22:34
Sual: Salam. Mənə bu ev alanlar arasında redaktorların ev alması qəribə gəldi. Yəqin ki, hərəsinin bir neçə dənə evi var. Qoyardılar bizim kimi evsizlərə düşsün də. Hörmətlə, jurnalist

22:50
Cavab: Mən prinsip olaraq prezidentin jurnalistlərə ev verməsini və jurnalistlərin də bunu almasını qəbul etmirəm. Bu barədə yuxarıdakı cavablarda yazdım. Amma bəlli oldu ki, hakimiyyətin siyasi divident götürmək istədiyi bu layihədə də ədalət gözlənilməyib – özlərinin elan etdiyi kriteriyaya əməl olunmayıb. Elan etmişdilər ki, evsiz jurnalistlərə veriləcək mənzillər. Lakin bəlli oldu ki, evi olanlar da ev alıb, jurnalist olmayanlar da. Hərə öz qabağına çəkib, bəzən də yaxınlarına veriblər. Bir çox redaktorların etdiyi də bu qəbildəndir. Siz də bilirsiniz ki, onlar həmişə belə edirlər.

22:52
Emil Quliyev [Moderator]: Şahvələd bəy, iki saata yaxın vaxtınızı ayırıb, Sərbəst Kürsüdə oxucularımızın suallarını cavablandırdığınız üçün sizə minnətdarlığımızı bildiririk!
22:57
Şahvələd Çobanoğlu: Dəvət üçün çox sağ olun. Son da onu da deyim ki, mən Azərbaycanın azad və demokratik ölkə olacağına çox inanıram. Tezliklə buna nail olacağıq. Amma gərək çox çalışaq. Həm də çox adam çalışmalıdır. Gözəl bir ölkə qurmaq çox zəhmət tələb edir. Bayram ərəfəsində onu da xatırladım ki, gözəl ölkənin ən vacib cəhəti odur ki, onun hər yeri Sərbəst Kürsüdür və bu sərbəstlik toxunulmazdır. Söz azadlığı jurnalistlər üçün deyil, bütün cəmiyyət üçündür. Bütün uğurların səbəbidir. Söz azadlığı olmayanda xalq neft pullarına baxa-baxa qalır. Evə və hər cür şeyə möhtac qalır.
23:00
Emil Quliyev: Mən oxuculara da təşəkkürümü bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…
SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

Bəxtiyar Hacıyev: Elə təəssürat var ki, artıq hamı dostlarımızın həbsi ilə barışıb

Posted June 25th, 2013 at 10:57 am (UTC-4)
13 comments

Bu gün gənc fəal Bəxtiyar Hacıyev Facebook statusu vasitəsilə prezident İlham Əliyevin Brüsseldə səsləndirdiyi sözlərə ironik şəkildə haqq qazandıraraq Azərbaycanda siyasi məhbus olmadığını deyib. “Olsaydı, indiyə qədər onların azad olunması tələbi ilə heç olmasa, 20-ci sahədə icazəli aksiya keçirilərdi” – deyə keçmiş vicdan məhbusu bildirib. Bəxtiyar Hacıyev 7 üzvü həbs olunmuş NİDA VH-nin icazəli aksiyaya çıxmağa 500 tərəfdaşı, prezidentliyə namizəd irəli sürən REAL-ın öz sədrinin azadlığını tələb edəcək 1000 tərəfdaşı və başqan müavininin azadlığını istəyəcək 1000 Müsavat üzvünün olub-olmamasını sual edib: “Varsa, niyə təşkil olunmur bir icazəli aksiya? Yoxdursa, sözüm də yoxdur”.

Bu fikirlər ictimai və siyasi fəallar tərəfindən birmənalı qarşılanmayıb. Gənc fəalın fikir ayrılıqlarına yol açan Facebook statusu və eləcə də prezident seçkiləri öncəsi ölkədəki ictimai-siyasi durumu müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə gənc fəal Bəxtiyar Hacıyevi dəvət etmişik. İyunun 27-si Bəxtiyar Hacıyev sizin suallara canlı olaraq cavab verib.

——————————————————————————————————————————————————————-

21:00 / 26 iyun 2013

Salam əziz Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə gənc fəal Bəxtiyar Hacıyevdir.

21:03

Emil Quliyev [moderator]: Salam Bəxtiyar bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz

21: 06

Bəxtiyar Hacıyev: Salam Emil bəy,

Dəvətinizə görə təşəkkür edirəm və bütün Amerikanın Səsi dinləyicilərini, saytınızın ziyarətçilərini salamlayıram.

21:08
Emil Quliyev: Bəxtiyar bəy, gecikmədən suallara keçmək istəyirəm. İlk sualı İkram Jalil adlı oxucumuz göndərib. O yazır:
– Salam Bextiyar bey, necesiniz ? ilk sualim beledir: Sizce prezident seckilerinde muxalifetin vahid namized ideyasi real olaraq iqtidar ucun tehluke yarada bilecekmi? 2. Sizce , bu gun butun muxalifeti etrafinda toplaya bilecek potensiyala malik konkret namized varmi ?

21:20
Cavab: Salam İkram bəy, təşəkkürlər, siz necəsiniz?

1) Hər zaman müdafiə etdiyim bir fikir var və o fikri təkrarlamaq istəyirəm: Müxalifət seçkilərə çox namizədlə getsə, qələbə şansını dəfələrlə azaldacaq. Əksinə, vahid namizədlə getdiyi seçkidə qələbə şansını da artıracaq. Seçiciyə sadə seçim təqdim etmək lazımdır: iqtidardan narazıların namizədi iqtidardan razıların namizədinə qarşı.

2) Bütün müxalifəti ətrafında toplaya bilməsə də, digər müxalif namizədlərdən fərqlənəcək və qələbə qazanmaq potensialı olan namizəd var. Sadəcə olaraq, Milli Şura və iki illik keçid hökümətinin qurulması ideyasına görə, çox güman ki, həmin şəxs namizəd olmayacaq.

21:22
Sual [Rüfət Həsənov]: Salam Bəxtiyar bəy! Sizin fəaliyyətinizi davamlı izləyirəm və çox bəyənirəm. Özüm, dostlarım və ailəm adından deyimki, hər zaman sizə dəstək verməyə hazırıq. Sizə bir neçə sualım var

Milli Şura yarananda hamı istəyirdi ki, siz və REAL da orada olasınız. Bildiyimə görə Milli Şura rəhbərliyi də sizin orada olmağınızı istəyirdi. Siz isə müsahibənizdə dediniz ki, Milli Şuraya qərbdən dəstək yoxdur. Siz dəyişiklikləri qərbdən gözləyirsiniz ki?

Bir də Müsavat Gənclər Təşkilatının sizə qarşı iddialarını izlədim. Onları nə narahat etmişdi? Niyə özünüzü onlara cavab verməyə məcbur hiss edirdiniz, bəlkə heç cavab verməyəydiniz?

21:32
Cavab: Salam Rüfət bəy,

Dəstəyinizə və xoş sözlərə görə təşəkkürlər.

1) Müsahibələrimdə “Milli Şuraya Qərbdən dəstək yoxdur” deməmişəm. Bildirmişəm ki, Milli Şuraya dəvət mənə ABŞ səfərimdən  əvvəl gəlib və ABŞ-da olduğum müddətdə bu təşəbbüsə xüsusi maraq hiss etməmişəm. Mən Azərbaycanda demokratik dəyişikliyin Azərbaycan xalqının iradəsi ilə baş verəcəyinə inanıram. Lakin istər xalqın iradəsi ilə, istərsə də digər hallarda hakimiyyət dəyişikliyi böyük dövlətlərin də maraqlarına təsir etdiyinə görə, onların da bu dəyişiklikdə kritik əhəmiyyəti var. Seçkilərə çox az vaxt qalıb və seçki ilində həm beynəlxalq güclərin, həm də əhalinin əhəmiyyətli bir hissəsinin narazılığına baxmayaraq, nə beynəlxalq güclər, nə də əhali hakimiyyət dəyişikliyi tələbini ortaya qoymayıb. Keçirdiyim görüşlərdə, müşahidələrimdə mən belə bir tələbi, təcili hakimiyyət dəyişikliyi istəyini hiss etməmişəm.

2) Müxalifət liderlərindən ətraflarındakı gənclərin təhsilinə əhəmiyyət verməyi gözlədiyimi bildirmişdim.  Bildirmişdim ki, gənclər nə qədər təhsilli olsalar, nə qədər əsaslı tənqidlər etsələr, sabah kölgə kabineti siyahıları çıxanda, xalq indiki hakim komandanın kadrları ilə müqayisə edəndə, onlara ağız büzməz. Bu fikirlər bəzi dostlarımızın xətrinə dəymişdi və onlar elə hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi ucuz metodlarla, fotomontajlarla bir qara-PR kampaniyasına başladılar. Mənim cavabım və narahatçılığım isə onların bu addımı yox, bu addımları sakitliklə müşahidə edən Müsavat başqanına idi. Müsavat başqanı öz çevrəsindəki gənclərə izah etməli idi ki, bizim dost və resurs qazanmaq vaxtımızdır, dost, insan itirən vaxtımız deyil. Amma o, bunu etmədi. Ona görə də, mən Müsavat Gənclər Təşkilatına və onların bu qara kampaniyasını səssiz izləyən İsa bəyə cavab verdim.

21:34
Sual [Samirə Rəhimova]: İlqar Məmmədovun prezidentlliyə namizədliyini necə qiymətləndirirsiniz? Müxalifətin yeni siması kimi ona səs verərdinizmi?

21: 42
Cavab: Salam Samirə xanım,

Düşünürəm ki, İlqar Məmmədov namizəd kimi azadlıqda olsaydı, bu il keçiriləcək seçkilərə yeni nəfəs gətirə bilərdi. Hazırda onun həbsdə olması, seçki kampaniyasında onun aktiv iştirak edə bilməməsi ciddi problemdir. Bütün problemlərə baxmayaraq, onun sədri olduğu REAL hərəkatı İlqar Məmmədovun seçki qərargahını yaradıb. Zaman-zaman mən də o qərargahın üzvləri ilə görüşür və onlara seçki texnologiyaları və s. baxımından kömək etməyə çalışıram.

İlqar Məmmədova tezliklə azadlıq arzu edirəm və “Allah qapısını açsın” deyirəm.
21:43
Sual [Togrul Suleymanov]: Salam.Menim Bextiyar Beye 2 sualim olacaq:
1)siz inanirsiniz ki,yaxin gelecekde Azerbaycanda demokratiya olacaq ve korrupsiya yoxa cixacaq?
2)neden siz hebsden cixandan sonra cemiyyetden arali dushmusunuz?ola bilermi ki,tezyiqler var ve ya uzerinize nese ayri bir ohdelik goturmusunuz?P.S.
men ne muxalifet ne de iqtidar partiyalarin uzvu deyilem.sadece demokratiya isteyen genc sahibkaram.
21:48
Cavab: Salam Toğrul bəy, 1) Müşahidə edirsinizsə, dünyanın bir çox ölkələrində, o cümlədən uzun illər avtoritar üsullarla idarə edilən dövlətlərində demokratik dəyişikliklər baş verir. Bu dalğa dünyanın bir bölgəsindən digərinə, bir dövlətindən digərinə yayılır. Azərbaycanda da bu proseslər baş verəcək. Əminəm ki, Azərbaycanda da azad, demokratik, şəffaf, ədalətli bir cəmiyyət qurulacaq. Sadəcə, çox istərdim ki, bu keçid sürətli, ağrısız və itkisiz olsun. 2) Sizə elə görünə bilər ki, cəmiyyətdən aralı düşmüşəm. Bir çox insan yalnız öz çevrəsinə baxır və düşünür ki, cəmiyyət elə onun çevrəsindən ibarətdir. Bir çox siyasi partiyalar, gənclər təşkilatları da bu tələyə düşürlər. Səhər öz dostları ilə görüşürlər, günorta onlarla yemək yeyirlər, axşam çay vəya pivə içirlər və elə düşünürlər ki, bütün cəmiyyət onların düşündüklərini düşünür. Mən isə, çalışıram ki, bacardığım qədər fərqli çevrələrlə ünsiyyət qurum. Siyasi baxımdan aktiv olmayan çevrələri də dinləyim, müəyyən proseslərə cəlb edim. Çünki, ictimai rəy baxımından da, ciddi demokratik dəyişikliklər baxımından da o çevrələrin müstəsna rolu var. Məhz buna görə sizə elə görünə bilər ki, mən cəmiyyətdən aralı düşmüşəm.

21:49

Sual [İlkin]:Salam, Bəxtiyar.

Milli Şura nə etməlidi ki, Bəxtiyar ona üzv olsun?
Təşəkkür edirəm.

21:52
Cavab: Salam İlkin bəy,

Milli Şura mənim bu şuraya üzv olmağım üçün xüsusi heç nə etməməlidir. Orada dəyər verdiyim, məni bu quruma dəvət edən və bu gün də hörmət etdiyim, xoş ünsiyyətdə olduğumuz insanlar var.

Düşünürəm ki, Milli Şura qələbə qazanacaqsa, mənsiz də qələbə qazanacaq. Bu qələbədə hərhansı bir əhəmiyyətli töhfəm ola bilərsə, zamanı gələndə mən də Milli Şuraya qoşula vəya dəstək verə bilərəm. Hazırda orada olmağımın ciddi bir dəyişikliyə səbəb olacağına, xüsusi bir töhfə verəcəyinə inanmıram.

21:54
Sual [Rafo]: Ey hörmətli müəllim bir bizi başa sal görək sən niyə Emin Millilik edib lazımsız suallarla camaatın sadə həyatına mane olursan? Başıvı aşağı sal o birilər necə sən də elə qrantıvı al da, arada bir də şəkildən çəkdir özünü reklam elə. Bir taylarına bax da, hamısı ildə neçə on minlərlə qrantdan alıb kef çəkirlər. Bir sənsən, bir də o Emin Milli düşmüsüz ortalığa qoymursuz camaat pulu qazansın. Bəsdirin də

21:58
Cavab: Hörmətli Rafo bəy,

Əgər “lazımsız suallarla” ifadəsi ilə dünən icazəli aksiyalarla bağlı soruşduğum sualları nəzərdə tutursunuzsa, məncə, bu dəqiqə ən lazımlı suallar onlardır. Özüm siyasi baxışlarıma görə həbsdə olmuşam və çox yaxşı bilirəm ki, həbsdə olan şəxs kənardakılardan mənəvi dəstək, onların azadlığa buraxılması üçün kampaniyalar, aksiyalar keçirməklərini gözləyir. Bu mənəvi dəstəyə ehtiyac daha çox yay aylarında, həbsdə olmağın ən darıxdırıcı, sıxıcı vaxtlarında yaranır.

Həbsdə olan dostlarımız öz fəaliyyətləri ilə cəmiyyətdə ictimai-siyasi aktivliyi xeyli artırmışdılar və məhz ona görə də şərlənərək həbs edildilər. Bəs nə oldu? Biz niyə sakitləşdik? Niyə dostlarımızın çiyin-çiyinə mübarizə apardıqları şəxslər bir dəfə icazəli aksiya təşkil etmirlər? Axı doğrudan da biz bütün siyasi məhbusların tərəfdarlarını toplasaq, bir neçə min nəfərin iştirak edəcəyi bir icazəli aksiya keçirə bilərik. Düşünürəm ki, bu aksiyalar onları azadlığa çıxarmasa da, həbsdə onlara çox böyük mənəvi dəstək olar. Hakimiyyətə də ciddi mesaj olar. İndiki halda isə elə təəssürat var ki, artıq hamı dostlarımızın həbsi ilə barışıb.

22:00
Sual [Rauf Binnetov]: Salam Bextiyar ve Emil bey oncelikle sizi 26 iyun Azerbaycan sillahli quvvelerinin yaranmasi munasibetile tebrik edirem bayraminz mubarek menim adim Raufdu turkiyenin qars seherinde qafqaz dovlet universitetinin palitalogiya fakultesinin 2 kurs telebesiyem Amerikanin nufuzlu harvard universitetinde magistratura tehsili almis biri olaraq xaricde oxuyan genclerin Azerbaycanin ictimai heyatindaki rolunu nece qiymatlendirirsiniz sizce onlar olkenin ictimai heyatinda aktiv rol oynayirlarmi?

22:02
Emil Quliyev [moderator]: Təşəkkür edirəm Rauf  bəy, mən də sizi və eləcə də digər oxucularımızı Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

22:06
Bəxtiyar Hacıyev: Salam Rauf bəy,

Mən də sizi təbrik edirəm.

Hazırda məndə olan məlumata görə, Azərbaycandan kənarda dövlət, mübadilə proqramları vasitəsi ilə və öz hesabına təhsil alan on minlərlə gənc var. Getdiyim hər ölkədə, şəhərdə bu tələbələrlə görüşməyə, onların fikirlərini dinləməyə çalışıram. Bu tələbələrin arasında Azərbaycanın maraqlarını xaricdə qorumaqla yanaşı, Azərbaycanın gündəmini yaxından izləyən, Azərbaycanın ictimai həyatında aktiv rol oynayan şəxslər də var.  Düşünürəm ki, Azərbaycanda müsbət dəyişiklik edəcək yeni bir nəsil yetişir.

Lakin, ümumi sayla müqayisə etdikdə, görünən odur ki, çox az tələbə bu fəallığı nümayiş etdirir. Xaricdə təhsil alan tələbələrimizin həm xaricdə Azərbaycan dövlətinin maraqlarını qorumaqları üçün, həm də daxildə Azərbaycan xalqının maraqlarını qorumaqları üçün daha da fəallaşması vacibdir. Burada gənclər təşkilatlarının, fəal gənclərin də üzərinə böyük məsuliyyət düşür.

22:08
Sual [Nail Mustafazade]: Salam Bextiyar bey. Öncelikle deyimki sizin fealiyyetiniz daim izleyirem ve çox beyenirem. Azerbaycan siyasi arenasında desteklediyim tek şexs sizsiniz. Size bir neçe sualım var.

1. Niye müxalifet partiyaları ve teşkilatları kifayet qeder sosial aktivlik göstere bilmirler? Teşkilatçılıq ziefdir yoxsa sosial baza yoxdur.
2. Milli Şuraya Qerbden desteyin olmaması onların Rusiya yönümlü olmasına işaredir?
3. Çağ öğretimin bu yaxınlarda SOCAR’la geniş emekdaşlıq sazişi imzalaması sizce Qafqaz Universitetinin ve diger Çağ qurumlarının fealiyyetinde müsbet yoxsa menfi deyişiklik yaradacaq? En esası bu halın Qafqaz Universitetinin Türkiye ile elaqelerini ve Qerbe meylli olmasını zeifletmek tehlükesi varmı?

Önceden teşekkürler.

22:24
Cavab: Salam Nail bəy,

Təşəkkürlər dəstəyə və xoş sözlərə görə.

1) Zənnimcə, sosial bazanın genişlənməsi üçün də təşkilatçılıq lazımdır. Hakimiyyət tərəfindən qoyulan məhdudiyyətləri də aşmağın alternativ yolları var. Məsələn, ilin əvvəlində icazəsiz aksiyalarda iştiraka görə böyük cərimələr tətbiq olundu ki, bu insanları aksiyalara getməkdən çəkindirsin. Bir qrup gənc isə buna cavab olaraq “5 qəpik” kampaniyası başlatdı, hansı ki, bu kampaniya 12 yanvar aksiyasından xəbəri olmayan insanlara da aksiyanın mesajını riski daha az, kreativ yollarla çatdırdı. Sosial bazanın genişlənməsi üçün daha kreativ yollar axtarılmalı və bu yolları tətbiq etməyə açıq olmaq lazımdır.

2) Qərb Azərbaycan hakimiyyətindən müəyyən qədər narazı olsa da, onu dəyişdirəcək qədər ciddi narazılığı yoxdur. Çünki, Azərbaycan hakimiyyəti Qərbin enerji və təhlükəsizlik məsələlərində maraqlarını təmin edir. Hakimiyyəti əvəz etməyə iddialı bütün qüvvələr anlamalıdırlar ki, onlar o bütün suallara o qədər açıq cavablar qoymalıdırlar ki, Qərb onun enerji və təhlükəsizlik məsələlərində maraqlarını dəqiq təmin edən hakimiyyətin dəyişməsində və enerji, təhlükəsizlik, həm də demokratiya məsələlərində maraqlarını təmin edəcək bir komanda ilə əvəz etməsinə razı olsun. Əks halda, heç kim indiki müəyyənliyi, gələcək qeyri-müəyyənliyə dəyişməkdə maraqlı olmayacaq.

3) Çağ Öyrətim şirkəti Azərbaycanın inkişafına müstəsna töhfə vermiş bir şirkətdir. Azərbaycanın ən ağır günlərində ən ucqar kəndlərdən seçib təhsil verdiyi insanlar bu gün dünyanın ən nüfuzlu ali məktəblərində elmi fəaliyyətlə, beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qorumaqla, dövlət və özəl qurumlarda ən fəal şəxslər kimi Azərbaycana xidmət etməklə məşğuldurlar. Bu şirkətin Dövlət Neft Şirkəti ilə imzaladığı saziş barədə xüsusi bir şey deyə bilməyəcəm. Sadəcə, ümid edirəm ki, bu əməkdaşlıq Çağ Öyrətimin Azərbaycana xidmət imkanlarını daha da genişləndirəcək.

22:25
Sual [Nergiz]: Salam Bextiyar Haciyev size sualim: sizce ru$veti inki$af etdiren biz ozumuz deyilikmi?

22:37
Cavab: Salam Nərgiz xanım,

Heç kim istəməz ki, rüşvət alsın və ya versin. Rüşvət alınırsa və ya verilirsə, deməli sistemdə və sistemin idarə edilməsində problem var. Məsələn, bu gün 4 il bakalavr pilləsində, 2 il magistraturada təhsil almış, hərhansı bir rayondan gəlmiş gənc kadr dövlət qulluğunda 200-300 AZN maaş alırsa, ondan arayış alacaq vətəndaş isə lazımsız bürokratik əngəllərə görə günlərini itirəcəksə, vətəndaş gənc məmura dövlət rüsumunu nəğd ödəyirsə, vaxtını itirmək istəmirsə və gənc məmurun ailəsini saxlaması üçün əlavə gəlirə ehtiyacı varsa, biz bu şəxsləri qınamalıyıq, yoxsa sistemi?

Düşünürəm ki, korrupsiya ilə mübarizə aparılması üçün siyasi iradə olsa, sistemə çox asan texniki müdaxilələr etməklə çox ciddi nəticələr əldə etmək olar. Bu sahədə ən yaxşı nümunələrdən biri Ronald MacLeanın Boliviyada, La Pazda korrupsiya ilə apardığı mübarizə ola bilər. MacLeanın sistemə müdaxilə yolu ilə korrupsiya ilə effektiv mübarizəsi barədə ətraflı burada oxuya bilərsiniz: http://www.case.hks.harvard.edu/casetitle.asp?caseNo=1523.0

22:38
Sual [Hidayət Heydərov]: Salam Bəxtiyar bəy. Ümid edirəm əhvalınız yaxşıdır.

Belə bir sual vermək istəyərdim ki, xaricdə təhsil alan tələbə olaraq oxuduğum və sizində çox dəstəklədiyiniz universitetin(söhbət European University`den gedir) dövlət tərəfindən təqaüd verilməməsi qalsın kənara, heç diplomunun da təhsil nazirliyi tərəfindən təsdiqlənmədiyini bilirsinizmi? Bilirsinizsə niyə tələbələri orda oxumağa çağırırsınız? Diplomun təsdiqlənməməsinin Azərbaycana qayıtdıqdan sonra mənfi təsirləri hansı sahələrdə və necə ola bilər?

2ci sual olaraq da təhsil sahəsində qeyri-formal layihələr fikirləşirsinizmi heç?

22:45
Cavab:
Salam Hidayət bəy,

1) Hazırda növbəti ildən etibarən Avropa Universitetinə də dövlət təqaüdünün verilməsi ilə bağlı danışıqlar gedir. Bizim bu universitetlə əməkdaşlığımız var və bir neçə tələbəmiz bu universitetin müxtəlif ölkələrdəki kampüslərində təhsil alırlar. Ümumiyyətlə, diplomların tanınması, tələb olunması dövrünün arxada qaldığını düşünürəm. İndiki dövrdə bilik və bacarıqları olan şəxslərin aldıqları dərəcələr dövlət tərəfindən tanınsa da, tanınmasa da, özəl sektor onu işə qəbul edir. Avropa Universiteti isə daha çox biznes idarəçiliyi sahəsində təhsil verdiyinə görə, orada təhsil alan gənclərin diplom tanınması problemi olacağını düşünmürəm.

2) İkinci sualınızla bağlı hələ ki, bir layihəmiz yoxdur.

22:46
Sual [Gunay]: Salam Bextiyar bey
Azerbaycan xalqi tarix boyu basqa dovletlerin esaretinde yasayib
Xususi ile de Sovet dovru kole psixologiyasini daha da derinine inkisaf etdirib
Sizce bu xalq cagdas milletler sirasina qosula bilecekmi ne vaxtsa
Chunki esrler kecib deyisen bir sey yoxdu
Bir de sovetden mysteqillik almagimizi misal olaraq getirmeyin lutfen zaten Sovetin dagilmasi VE Azerbaycanin musteqil olmasi tebii olan bir prosess idi
Bu xalq shah seven xalqdir VE hec zaman deyiseceyine inanmiram.

22:48
Cavab: Salam Günay xanım,

Sizi pozitiv olmaya, xalqımıza inanmağa çağırıram. Özünə inanmayan şəxs vəya xalq, heç nəyi dəyişdirə bilməz. Sizə Henry Fordun bir sitatını xatırlatmaq istəyirəm: “Bacaracağınızı düşünsəniz də, bacarmayacağınızı düşünsəniz də, haqlı çıxacaqsınız”. Yəni, insan, xalq, bacaracağını düşünsə, bacaracaq. Düşünsə ki, bacarmayacaq, o zaman doğrudan da bacarmayacaq.

22:49
Sual [Ruslan]: Bextiyar bey, sizce narazi olan gencler ucun etika qaydalari tedbiq olunmalidirmi populyar gencler terefinden?Yani cox hallar olur ki,narazi olan gencler etikadan kenar ozlerini aparirlar ve bununlada genclerin bir chox qismini ozlerinden uzaqlashdirirlar.

22:52
Cavab: Salam Ruslan bəy,

Çox haqlı məqama toxunursunuz. Məncə, Azərbaycanda müsbət dəyişiklik istəyən şəxslər bütün şəxsi keyfiyyətləri ilə cəmiyyətə nümunə olmalıdırlar. Təhsilləri, davranışları, dünya görüşləri, zarafatları, qısacası, həyatları ilə nümunə olmağı bacarmalıdırlar.

22:53
Sual [Nergiz]: Salam Bəxtiyar bəy.Müşahidələrimə görə bizim xalqda Azərbaycan dilində psixologiyada terminin qarşılığının nə olduğunu bilmədiyim “learned helplessness” olduğunu düşünürəm. Yəni insanların qarşısını ala bilmədiyi hadisələr, onlara yaşadılan həyat standartları nəticəsində öyrənilmiş çarəsizlik hissi, aşağı səviyyədə motivasiya deməkdir. İnsanlara hər baxımdan psixolojik olaraq çox ciddi təsirlər edilərək, subliminal mesajlarla və sair yollarla çökdürüldüyünü görürəm. Bütün bunlardan ali təhsilli, yüksək intellekt səviyyəli olmaqla qorunmaq mümkün deyil. Bunu hiss etdirmədən edirlər. Nəysə… Sizin də iştirak etdiyiniz bir çox savadlı gənclərimizin təşkil və iştirak etdiyi (siyasi,iqtisadi və s)seminarlar və sairlərdən xəbərimiz var. Sizcə bunlarla paralel insanların psixolojik olaraq komplekslərdən qurtulması, dövlətin hər yolnan əzdiyi dağılmış insanlara xüsusən gənclərə bunlarla baş etmək, yüksək motivasıya üçün psixolojik seminarlar təşkil edilməsi faydalı olmazmı? P.S. xaricdə yaşasam da çox maraqlanıram hər gün nə qədər gəncin intihar xəbərini oxuyuram bölgələrdən və Bakıdan yaş aralığı da çox dəhsətdi (14-25). Bunların səbəbi çoxdu ən başda imkansızlıq, çarəsizlik, əzilmişlikdi.

22:56
Cavab: Salam Nərgiz xanım,

Çox vacib və ciddi bir məsələyə toxunmusunuz. Təəssüf ki, hakimiyyətdə bir çoxları insanları idarə edə bilmək üçün onların yalnız təhsil səviyyəsini aşağı saxlamaqla kifayətlənmir, həm də onların özlərinə inamını azaldır, onları çarəsiz hiss etməyə məcbur edir. Bu, isə sırf dövlətimizin gələcəyi baxımından ciddi təhlükədir. Qaldırdığınız problem üzərində bir çox mütəxəssisin uzun müddət tədqiqat aparması lazımdır. Məhz bu sual və buna bənzər məsələləri araşdırmaq üçün Azərbaycanda müstəqil bir beyin mərkəzi qurulmalı, ora sizin kimi gənc mütəxəssislər dəvət edilməli, cəmiyyətdəki problemlərin kökü araşdırılmalı və həll yolları təklif edilməlidir. Qaldırdığınız bu sual məni Azərbaycanda belə bir beyin mərkəzinin qurulmasının vacibliyini xatırlatdı. Ümid edirəm ki, tezliklə belə bir mərkəz fəaliyyətə başlayar və sualınızın cavabını birlikdə taparıq.

22:58
Emil Quliyev [moderator]: Bəxtiyar bəy, Sərbəst Kürsüdə iştirak üçün sizə təşəkkürümü bildirirəm. Oxucularımıza da forumda iştirak görə minnətdaram.

22:59
B’xtiyar Hacıyev: Emil bəy, mən də sizə, Amerikanın Səsi radiosunun kollektivinə, dinləyicilərinə və oxuyucularına təşəkkür edirəm.

23:00
Emil Quliyev: Çox sağ olun! Sərbəst kürsünün növbəti sayında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!!!

Eldar Namazov: Hamını bir araya gətirə biləcək şəxs Rüstəm İbrahimbəyovdur!

Posted June 11th, 2013 at 1:28 pm (UTC-4)
8 comments

Azərbaycanda prezident seçkilərinə 4 ay qalmış, ölkənin gündəmində olan əsas məsələ Milli Şuradır. Artıq qurumda ilk təyinatda baş tutub. Belə ki, sədri Rüstəm İbrahimbəyov rəhbər seçildikdən sonra sərəncam imzalayaraq “EL” hərəkatının sədri Eldar Namazovu Milli Şuranın İcra Aparatının rəhbəri təyin edib.

Milli Şuranın bundan sonrakı fəaliyyətinin necə olacağına aydınlıq gətirmək və Milli Şura  barədə suallara cavab tapmaq üçün bu həftə Sərbəst Kürsüyə Eldar Namazovu dəvət etmişik. İyunun 12-si Bakı vaxtı ilə axşam saat 9:30-dan 11:00-dək  “El” hərəkatının sədri Eldar Namazov oxucularımızın suallarını cavablandırıb.

————————————————————————————————————————————————-

21:30/12 iyun 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsüdə sizin suallarınızı isə El Hərəkatının lideri Eldar Namazov cavablandırır.

21:31
Emil Quliyev [moderator]: Eldar bəy, sizi öz adımdan və oxucularımız adından Sərbəst Kürsüdə salamlayıram.

21:32
Eldar Namazov: Minnətdaram!

21:32
Emil Quliyev: Biz də sizə dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq! Vaxtı uzatmadan oxucularımızdan daxil olan ilk suala keçmək istəyirəm. İlkin adlı oxucu  yazır:
– Xahiş edirəm, çalışın əziyyət çəkin, vuruşun amma REAL-ı, AMİP-i və Bəxtiyar Hacıyevi Milli Şuraya üzv edin. Qüruru bir tərəfə buraxmağın vaxtıdır.

21:40
Eldar Namazov: Onların hamısı ilə bizim çox ciddi müzakirələrimiz olub və MŞ-da onları görmək istərdik. Ancaq bu gün onlar müəyyən gözləmə mövqeyindədirlər. Biz MŞ-nın qapılarını açıq saxlayırıq və gələcəkdə onların qərarları qətiləşsə məmuniyyətlə bir yerdə olacağıq.

21:41
Sual [Vafiq]: MŞ Aparatında bütün partiyalar (yeni MŞ da olanlar) temsil olunacaqmı?

21:50
Cavab: Milli Şuranın İcra Aparatı, komissiyaları, komitələri və Məşvərət Məclisi yaradılacaq. Onların hamısında MŞ-ya daxil olan siyasi partiyaların, ziyalıların, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunacaqlar.

21:51
Sual [Süleyman Sultanlı]: Eldar müəllim, sizin İcra Aparatının rəhbəri seçməyinizin səbəbi nə idi. Yəni konkret hansı işlər sizin üzərinizə düşür bu prosesdə?

22:11
Cavab: Milli Şuranın təsis edilməsi ilə bağlı bir neçə ay çox gərgin proses gedirdi. İctimai Palataya, Məşvərət Məclisinə daxil olan siyasi partiyalarla, ziyalılarla, ictimai qurumlarla, gənclər təşkilatları ilə çoxsaylı məsələləri razılaşdırmaq lazım idi. Eyni zamanda, ideya müəllifi Rüstəm İbrahimbəyovla bu məsələləri müzakirə etmək vacib idi. Bu danışıqların xeyli hissəsini mən aparırdım və bir neçə dəfə xaricə səfər edib Rüstəm bəylə də müzakirələr aparırdım. Bu heç kəsə sir deyil və mətbuatda kifayət qədər işıqlandırılmışdır. İcra Aparatının sədri funksiyası da təqribən eynidir və proses başa çatanda, təsis konfransına hazırlaşanda artıq bir sıra partiya sədrləri də mənə bu işi gələcəkdə də həvalə olunması ilə bağlı təkliflər səsləndirdilər. Ona görə də MŞ-nın sədrinin qərarı onlar üçün gözlənilməz olmadı.

22:12
Emil Quliyev: “Sabina KasimovaTwitter istifadəçisi soruşur:

– Eldar bəy, Rüstəb İbrahimbəyovun hazırda məcburi mühacirətdə olduğunu söyləmək mümkündürmü?

22:18
Cavab: Xeyr, Rüstəm bəy hal-hazırda könüllü olaraq ABŞ-a, sonra Avropaya səfərlər edir, Milli Şuranın məqsədləri və planları haqqında çox mühüm və vacib danışıqlar aparır. İnşallah, iyun ayının təqribən 25-də Bakıya qayıdacağı gözlənilir.

22:19
Sual [Rasim]: Rüstəm bəyin vahid namizəd olması qarşısında başlıca problem nədən ibarətdir?

22:26
Cavab: Mən böyük və ciddi problem görmürəm. Sadəcə olaraq bir sıra vacib məsələləri (xüsusən keçid dövrünə aid olan məsələləri) bəzi partiya liderləri ilə üz-üzə oturub, müzakirə edib razılığa gəlmək lazımdır. Rüstəm bəyin Bakıya qayıdandan sonra, bu məsələlər öz həllini tapacaq.

22:27
Emil Quliyev:  Akşin Elli-Milli Facebook vasitəsilə yazır:

 – Rüstəm bəyin Amerikada olduğunu dediniz. Burada kimlərlə görüşür. ABŞ dövlət rəsmiləri onu qəbul edəcəkmi?

22:32
Eldar Namazov: Rüstəm bəylə hər gün əlaqə saxlayırıq. ABŞ-da görüşlərlə bağlı səfər başa çatandan sonra özü geniş açıqlama KİV-lərə verəcək. Yalnız onu deyə bilərəm ki, səfər çox uğurludur və MŞ-ya maraq çox böyükdür.

22:36
Sual [Rasim]: Mətbuatda gedən məlumata görə, Rüstəm bəy namizəd ola bilməz, çünki o, son 10 ili Azərbaycanda yaşamalıdır. Belə bir şey var? Əgər varsa, digər vahid namizəd kim ola bilər?

22:44
Cavab: Belə bir problem yoxdur. Rüstəm bəy daimi Bakıda yaşayır. Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədridir. Bakıda fəaliyyət göstərən İBRUS teatrının rəhbəridir. Sadəcə olaraq, onun dünyada çox tanınmış sənətkar olduğundan tez-tez xaricə səfərlər edir, müxtəlif ölkələrdə kino və teatr layihələrinə rəhbərlik edir, həyata keçirir. Dünya şöhrətli, karifey sayılan insanlar üçün bu tez-tez rast gələn adi haldır.

22:45
Sual [Rauf Ağayev]: Hormetli Eldar muellim! Milli Shurada aparici insanlardan biri olaraq sizden bir sual sorushmaq isterdim. Aslan Ismayilovun Milli Shurada olmamasini nece qiymetlendirirsiz?

22:53
Cavab: Onun mətbuata açıqlamasından bəlli oldu ki, o MŞ-nı dəstəkləyir, ancaq heç bir qurumda təmsil olunmaq fikrində deyil. Mən Azərbaycanda bir-sıra məşhur adamları tanıyıram ki, onlar da bu mövqedən çıxış edirlər. Onların arasında tanınmış yazıçılar, şairlər, elm və mədəniyyət xadimləri var. Hesab edirəm ki, MŞ-da təmsil olunmayan məşhur adamların da MŞ-ya açıq dəstəyi böyük əhəmiyyət kəsb edir.

22:54
Sual [Nərmin]: Rüstəm İbrahimbəyovun namizədliyinidə problem görmədiyinizi qeyd etmisiniz. Bəs ikili vətəndaşlıq və konstitusiya? Əgər hökümət bunu irəli sürüb namizədliyi qeydə almaqdan imtina etsə, bu ehtimalda namizəd kimi İcra Aparatının rəhbəri əvəzləyəcək, ya necə?

22:57
Cavab: Rüstəm bəy ikili vətəndaşlıq ilə bağlı uydurmaları təkzib edir. Güman etmirəm ki, MŞ hansısa başqa namizəd axtarışına başlasın. Mən Rüstəm bəydən başqa MŞ-nin vahid namizədi ola biləcək şəxsi görmürəm. MŞ-da layiqli adamlar çoxdur, ancaq hamını bir araya gətirə biləcək şəxs Rüstəm İbrahimbəyovdur.

22:58
Emil Quliyev [moderator]: Eldar bəy, vaxtınızı ayırıb sualları cavablandırdığınız üçün sizə dərin minnətdarlığımızı bildiririk!

22:59
Eldar Namazov: Suallarınıza görə təşəkkür edirəm! Hamınıza uğurlar diləyirəm!

23:00
Emil Quliyev: Mən oxuculara da təşəkkür edirəm. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR Sərbəst Kürsünün növbəti sayında görüşənədək…

Əli Kərimli: Rüstəm bəyin Rusiya ilə yanaşı Fransa və ABŞ-da da evi var!

Posted May 27th, 2013 at 1:58 pm (UTC-4)
29 comments

Uzun danışıqlardan sonra mayın 28-i axşam saatlarında Milli Şura elan olunub. Milli Şuraya “El” Hərəkatı, Müsavat Partiyası və başqa partiyalar, eləcə də bəzi fərdi şəxslər dəstək bildirib. Milli Şuranı dəstəklədiyini elan edən partiyalardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.

Qarşıdan gələn prezident seçkilərində AXCP-nin planları, partiyanın Milli Şurada gələcək fəaliyyəti və Milli Şuranı dəstəklənməsinin səbəblərinə aydınlıq gətirmək üçün bu həftə Sərbəst Kürsüyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini dəvət etmişik. Əli Kərimli mayın 29-u oxucularımızın suallarını canlı olaraq cavablandırıb.

———————————————————————————————————————————-

21:00 / 29 may 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə AXCP sədri Əli Kərimlidir.

21:02
Emil Quliyev [moderator]: Əli bəy, axşamınız xeyir. Sizi Amerikanın Səsində yenidən salamlayırıq.

21:04
Əli Kərimli: Salam Emil bəy. Oxucuları da salamlayıram.

21:06
Emil Quliyev: Çox sağ olun, Əli bəy. Mən də oxucularımızı salamlayıb, onlardan daxil olan ilk sualı sizə ünvanlamaq istəyirəm. Sərdar Əsədov adlı oxucumuz Facebook vasitəsilə sizə belə bir sual verib:
– Bir sualım var. İsa Qəmbər Müsavat partiyasının başqanı deyil. 3-cü dəfə seçilməyəcəyini də AzadlıqRadiosunun efirindən bəyan edib.
Nəyə görə İsa bəy Milli Şurada Müsavatı təmsil edir.
Milli Şurada nəyə görə Müsavatın indiki başqanı təmsil olunmur. Nə qədər şəffaf birlikdir?!

21:15
Əli Kərimli: Sualdan çox təəccübləndim. Yəni oxucumuz həqiqətənmi İsa bəyin Musavat partiyasının başqanı olduğunu bilmir? Musavat partiyasının öz sədrini nə zaman və hansı posedurlarla dəyişməsi həmin partiyanın daxili işidir. Hazırda İsa bəy həm İctimai Palatada, həm Milli Şurada, həm də bütövlükdə ölkənin siyasi həyatında Musavat partiyasını sədr kimi təmsil edir.

21:17
Sual [İlkin]: Salamlayıram Əli bəyi. Vahid namizəd kim olacaq, bununla bağlı razılığa gəlinibmi?

21:22
Cavab: Milli Şura hələ formalaşma mərhələsindədir. Hələlik vahid namizədlə bağlı hər hansı razılaşmamız yoxdur.Amma, şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak edək.

21:23
Sual [Fariz Alekberov]: Əli bəy, salam. Sizi Milli Şuranın yaranması münasibətilə təbrik edirəm! Bilmək istərdim ki, Milli Şuranın İctimai Palatadan fərqi nə olacaq? Yenə İctimai Palata kimi 2-3 aydan bir aksiya keçiriləcək?

21:31
Cavab: Salam Fariz bəy. Milli Şuranın əsas hədəfi qarşıdan gələn prezident seçkilərinin daha demokratik şəraitdə keçirilməsinə nail olmaqdır. Bu işlə artıq yalnız İctimai Palata deyil, ölkənin bütün demokratik qüvvələri birlikdə məşğul olacaq. Fəaliyyətimiz rəngarəng olacaq. Həm xalqı mübarizəyə səfərbər etmək, bu məqsədlə müxtəlif görüşlərin, mitinq və yürüşlərin keçirilməsini planlaşdırırıq. Həm də Milli Şuranın vahid seçki platformasını, müxtəlif məsələlər üzrə proqramlarını və mövqe sənədlərini hazırlamağı düşünürük.

21:32
Sual [Suleyman Sultanlı]: Bəziləri deyir ki, Rüstəm İbrahimbəyov və El hərəkatı, o cümlədən onların təşəbbüskarı olduğu Milli Şura Rusiyaya bağldır. Bu söz-söhbətlərə son qoymaq üçün hansı real faktları ortaya qoya bilərsiniz?

21:56
Cavab: Milli Şuranın yaranmasından hökumət çox narahatdır. İndiyə qədər müxalifətə qarşı təbliğat aparırdılar ki, birləşə bilmirlər. İndi də deyirlər ki, niyə görə bu qədər müxtəlif qüvvələr birləşirlər? Yəni hökumət və onun təbliğatını aparanlar həmişə bir ittiham tapacaqlar müxalifətə qarşı. Hazırda hökumət ideoloqları belə qərara gəliblər ki, ölkənin milli-demokratik düşərgəsinin də tam olaraq təmsil olunduğu Milli Şuraya məhz “Rusiya ilə əlaqə” ittihamını irəli sürsünlər. Formal əsas Milli Şura təşəbbüsü ilə çıxış etmiş Rüstəm İbrahimbəyovun özünün hazırda Moskvada yaşaması və Azərbaycan mətbuatında daha çox “milyarderlər ittifaqı” kimi tanınan diaspora təşkilatı ilə əlaqələrindən istifadə olunur. İttihamlar tam əsassızdır.
1. Ölkədə müstəqilliyimizin əldə olunmasında və qorunmasında müstəsna rolu olmuş, Azərbaycanın avroatlantik məkana inteqrasiyasını hər zaman dəstəkləmiş,M. Ə. Rəsulzadə və Ə.Elçibəyi özünə lider bilən AXCP və Musavat Milli Şuranın formalaşmasında və əminəm ki, idarə olunmasında da mühüm rola malikdir.
2. Rüstəm bəy əslində dünya vətəndaşıdır. Rusiyada olduğu kimi ABŞ və Fransada da evi və işləri var. Bu miqyaslı şəxsiyyətin kiminsə adamı olmasını necə təsəvvür etmək olar? Eldar bəy neçə ildir ki, fəaliyyət göstərən avrointeqrasiya mərkəzinin rəhbərlərindən biridir.
3. Milli Şura olduqca kollegial və şəffaf fəaliyyət göstərəcək. Hətta nəzəri cəhətdən təsəvvür etsək ki, onun hansısa üzvü və ya üzvləri Azərbaycanın deyil, başqa bir ölkənin maraqlarından çıxış edəcək, o halda da həmin şəxs və ya şəxslər özlərini ifşa etməkdən başqa heç nəyə nail ola bilməzlər.
4. Milli Şuranın siyasi bəyannaməsində Azərbaycanın Avropa ailəsinə qoşulmaq arzusu aydın şəkildə öz əksini tapacaq.

21:57
Sual [Elchin]: Əli Kərimlini salamlayıram. Bu gün o, prezidentliyə ən şanslı namizəddir, bütün parametrlərə görə bu belədir. Amma mən hiss edirem ki, Əli bəy güzəştə meyillidir. Sualım da bundan irəli gəlir. Əli bəy Rüstəm İbrahimbəyovu keçid dövrünün prezidentliyə namizədi kimi qəbul edə bilərmi? AXCP belə qərar qəbul edib ki, Milli Şuranın başqa namizədini də dəstəkləyə bilər. Bu namizəd Rüstəm müəllimdirmi?

22:09
Cavab: Elçin bəy, dəstək üçün təşəkkür edirəm. Mənim də, partiyamızın da prezident seçkiləri ilə bağlı mövqeyi aydın və birmənalıdır. Çalışmaq lazımdır ki, bu seçkilərdə ölkədə hakimiyyəti demokratik yolla dəyişmək imkanı yaransın. Hamı birləşib seçkilərə vahid namizədlə getsin. Bu isə o zaman ola bilər ki, prezidentliyə əsas namizədlər ən azı nəzəri də olsa başqasının da vahid namizəd olmasını mümkün saysınlar. Mən də bəyan etmişəm ki, Milli Şura AXCP sədrinin namizədliyini məqbul bilsə, bu məsuliyyəti üzərimizə götürəcəyik. Başqa bir şəxsin namizədliyi üzərində hamılıqla dayanılsa, həmin şəxsi də müdafiə edərik. Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb.

22:10
Sual [İlahə]: Salam, Əli Bəy. Bilmək isdərdim Milli Şuranın tərkib hissəsi nə zaman açıqlanacaq?

22:11
Cavab:
Salam İlahə xanım, yaxın günlərdə həm Milli Şuranın tərkibi elan olunacaq, həm də bəyannaməsi.

22:12
Sual [Vüqar Qurdqanlı]: Əli bəyi salamlayıram və Milli Şuranın elan olunması ilə bağlı təbrik edirəm. Sualım: İsa Qəmbər verdiyi açıqlamada Avropaya inteqrasiya məsələsinin İbrahimbəyov və Eldar Namazov tərəfindən qəbul edilmədiyini, Milli Şuranın da məhz bu səbəbdən bir qədər gec elan olunduğunu bildirib. Eldar Namazov bu məsələni təkzib edir. Siz nə baş verdiyini açıqlaya bilərsinizmi?

22:18
Cavab: Salam Vüqar bəy.  Məncə Milli Şura yaranan kimi intriqalara başlamalı deyil. Əsas odur ki, artıq bütün fikir ayrılıqları arxada qalıb. Hamını qane edən kompromis əldə olunub. Keçmişi təftiş etmək yox, gələcəyə baxmaq lazımdır. Bizi ayıran məqamları deyil, birləşdirən məqamları tapmaq lazımdır.

22:19
Sual [Soltanoff]: Salam Əli bəy, mənim ilk sualım ondan ibarətdiki bu il vahid namizəd olacaq? İkinci sualım isə kütləvi aksiyalar gözlənilir?

22:26
Cavab: Salam, Milli Şuranın adından mən vahid namizədlə bağlı bəyanat verə bilmərəm. Ümid edirəm ki, biz tezliklə bu məsələni də müzakirə edəcəyik. Özüm şəxsən Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakına tərəfdaram. Kütləvi aksiyaları da birlikdə müzakirə etməliyik. Kütləvi aksiyalarsız seçki olmaz ki. Amma nə zaman? Harada? Hansı tələblərlə? suallarını birlikdə cavablandırmalıyıq.

22:27
Emil Quliyev [moderator]: Növbəti sualı Nicat adlı oxucu göndərib. O, AXCP-nin Müsavat Partiyası ilə əlaqəsinə toxunur:
– Salam Əli bəy, bəzən siravi üzvləriniz, bəzən də rəhbərlikdə təmsil olunan üzvləriniz müttəfiqiniz olan Müsavat partiyasını və partiya başqanı İsa Qəmbəri pozuculuqda, dağıdıcılıqda ittiham edirlər. Dünən Milli Şuranın elan olunmasının gecikməsini də İsa Qəmbərə bağlayıb bir çox üzvlərini İsa Qəmbərə bu yöndə ittihamlar etdilər. Üzvlərinizin bu ittihamlarından belə çıxır ki, İsa Qəmbər pozucudur, Əli Kərimlinin bundan xəbəri yoxdur. Bu haqda nə deyə bilərsiniz?

22:36
Əli Kərimli: Salam Nicat bəy. İsa bəylə və digər liderlərlə konstruktiv şəkildə, birlikdə işlədik ki, Milli Şuranın yaradılmasına nail ola bildik. Bəzən partiya üzvləri də, müstəqil vətəndaşlar da siyasətçilərə sərt yanaşırlar, liderləri əsassız da ittiham edirlər. Bizim bütün çalışmalarımıza baxmayaraq, təəssüf ki, bəzi cəbhəçilərin İsa bəyi, bəzi musavatçı dostların da məni əsassız ittiham etdiyi hallar olur. Mən belə hallara səbrlə yanışıram. İsa bəyin də belə yanaşdığını bilirəm. Əminəm ki, AXCP və Musavatı bir-birinə bağlayan tellər çox güclüdür.

22:37
Sual [Beyim]: Axşamınız xeyir olsun, Əli bəy. Əvvəlcə sizi birlik cəhdlərinizin uğurla başa çatması səbəbilə təbrik edirəm və sizə təşəkkür edirəm. Sualm isə belədir. Vahid namizədlə bağlı açıqlamalarınızdan belə görünür ki, vahid namizəd olmaması ehtimalı da var. Bu həqiqətən belədirmi?

22:46
Cavab: Salam Beyim xanım. Təbrik və dəstək üçün təşəkkür edirəm. Məntiqlə seçkilərə 4 ay yarım qalmış birləşiriksə, seçkilərə də vahid namizədlə getməliyik. Amma bu da faktdır ki, Milli Şurada vahid namizədlə bağlı hələlik müzakirələr aparılmayıb və təbii ki, müvafiq qərar da yoxdur. Milli Şuranın yaranması işlərin bitməsi yox, daha ciddi fəaliyyətin hələ başlanması anlamına gəlir. Cəmiyyət də, ictimai rəy də nəinki arxayınlaşmamalı, əksinə siyasi proseslərin daha ciddi monitorinqini aparmalıdır.

22:46
Sual [Qorxmaz]: Salam Əli bəy.Əgər seçkilərə kimi seçki mühiti dəyişməsə, Milli Şura seçkilərə gedəcəkmi?

22:49
Cavab: Salam Qorxmaz bəy, hələ bu məsələlər müzakirə olunmur. Əvvəlcə seçkilərə vahid namizədlə gedib, seçki mühitini dəyişməyə çalışmaq lazımdır.

22:50
Emil Quliyev [moderator]:Gunaydın” adlı oxucu yazır:
– Milli şura olmadıqda, məgər müxalifət ayrı ayrılıqda öz güclərinə inanmırdılarmı? Bu müxalifət birliyinin nə xeyri olacaq Xalqımıza?

22:55
Cavab: Müxalifət ötən illərdə çox fədakarlıqlara imza atıb. Amma imkanlar qeyri-bərabər, rejim çox qəddar olduğundan, bir çox daxili və xarici faktorlar səbəbindən partiyaların və blokların indiyə qədər apardığı mübarizə arzu olunan nəticəni verməyib. Məntiq bizə deyir ki, problemi həll etməyə ayrı-ayrılıqda imkanımız çatmayıbsa, birlikdə həll etməyə çalışmalıyıq.

22:55
Sual [Nərmin]: Əli bəy, yuxarıda suallardan birinə cavabınızda qeyd etmisiniz ki, “Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb” – Sizcə, artıq vaxt deyilmi, daha doğrusu gecikmirmi? Avqustun 17-nə iki aydan bir qədər çox vaxt qalıb. MSK artıq bu gün seçicilərin sayını, qadın-kişi və gənc seqmentini faizlərlə elan edib. Seçicilərin 27.5 %-i gənclərdir. İndi artıq vahid namizədin kimliyi hazır olub, müxtəlif seçici hədəf qruplarına hansı mesajlarla müraciət edəcəyi müzakirə edilməli idi. Vahid namizəd siz olacağınız təqdirdə müxtəlif hədəf qruplarına mesajları necə çeşidləməyi düşünürsünüz, hansı vasitələrlə çatmağı fikirləşirsiniz?

22:59
Cavab: Nərmin xanım, haqlısınız. Yaxşı olardı ki, indiyə qədər vahid namizədi müəyyən etmiş olardıq. Şəxsən mən təqribən 1 il bundan qabaqdan müxalifətin böyük birliyinin formalaşmasını, birləşmiş müxalifətin isə seçkilərə vahid namizədlə getməsini təbliğ edirəm. Bir müddət ideyanın təbliğinə və əsaslandırmasına getdi. 2 aydan artıqdır ki, Milli Şuranın yaranmasını müzakirə edirik. Kaş ki, razılığı tez əldə edəydik…
Bizim partiyamızda xeyli müddətdir ki, platforma komissiyası işləyir. Müxtəlif seçici hədəf qruplarına məsajlarımız hazırlanır. Bəzi mesajları mən artıq facebook səhifəm vasitəsilə paylaşmışam da. Mən namizəd olacağım təqdirdə bu mesajları çatdırmaq üçün bütün ımkanımız çatan vasitələrdən istifadə olunacaq. Düşünürəm ki, ənənəvi təbliğat və informasiya vasitələri ilə yanaşı bu seçkilərdə internetin, o cümlədən sosial şəbəkələrin vacib rolu olacaq. Bundan əlavə könüllülərimiz hazırdırlar ki, bütün ailələrin qapılarını döyüb, hamı ilə şəxsən danışsınlar, mesajlarımızı onlar üçün məqbul formada şəxsən çatdırsınlar.

22:59
Emil Quliyev [moderator]: Əli bəy, suallar həddən artıq çox olsa da, təəssüf ki, Sərbəst Kürsüyə ayrılmış iki saat başa çatır. Bu vaxt ərzində mümkün qədər çox suala cavab verdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk.

23:00
Əli Kərimli: Sizə də, oxuculara da təşəkkür edirəm.

23:00
Emil Quliyev: Mən də həmçinin oxucularımıza foruma göstərdikləri yüksək marağa və eləcə də suallara və  şərhlərə görə minnətdarlığımı bildirirəm. SƏRBƏST KÜRSÜ SİZİN BLOGUNUZDUR. Növbəti forumunda görüşənədək…

Aslan İsmayılov: Siyasətə meylim yoxdur

Posted May 14th, 2013 at 3:22 pm (UTC-4)
9 comments

Azərbaycan Vəkillər Kollegiyası mayın 8-də vəkil Aslan İsmayılovun vəkillik fəaliyyətinin dərhal dayandırılması və vəkillikdən xaric edilməsi üçün  məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Kollegiya həmçinin İsmayılovun “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə qərar verib.

Qərarı müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış vəkil Aslan İsmayılovu dəvət etmişik. Mayın 15-i Aslan İsmayılov sizin suallarınızı cavablandırıb.

—————————————————————————————————————————————————-

21:00 / 15 may 2013

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Sərbəst Kürsüdə qonağımız isə vəkillik fəaliyyətinin dayandırılması haqda Vəkillər Kollegiyasında qərar çıxarılan tanınmış vəkil Aslan İsmayılovdur.

21:02
Emil Quliyev [moderator]: Aslan müəllim, axşamınız xeyir olsun. Sərbəst Kürsüyə xoş gəlmisiniz.

21:03
Aslan ismayılov: Xoş gününüz olsun.

21:06
Emil Quliyev: Çox sağ olun.
Birbaşa ilk suala keçmək istəyirəm. Sualı daimi izləyicimiz Fariz Ələkbərov göndərib. O yazır:

– Salam Aslan müəllim.
Məhkəmə nə zaman qərar çıxaracaq? Niyə şikayət etmək istəmirsiniz qərardan?

21:10
Cavab: Bu günə qədər Rəyasət heyətinin qərarını almamışam. Aldıqdan sonra müraciət edəcəm. Onların isə müraciət edib etməməsini bilmirəm.

21:11
Sual [Umud]: Bəy 90 ların əvvəli Heydər Əliyevə ağsaqqal demək,2003-cü ildə İlham Əliyevin yanında dayanmaq sonrada rejimin əleyhinə danışmağınız nə qədər səmimidir ?!

21:22
Cavab: Umud bəy, 1993-cü ildə Heydər Əliyevi müdafiə edəndə onu şəxs kimi yox, Rəhim Qazıyev, Surət Hüseynov və digərlərinin köməkliyi ilə rus ordusunun növbəti dəfə Azərbaycana girməsinin qarşısını ala biləcək ölkə başçısı kimi müdafiə etmişəm. Bu gün o durum təkrarlansa yenə eyni addımı ataram. 2003-cü ildə İlham Əliyevin yanında dayanmamışam. Ancaq o seçildikdən sonra EXO qəzetində “İnqilab – niyə də yuxarıdan başlamasın” adlı yazı ilə çıxış etmişəm. Bu gün də o yazı ilə tanış olsaz məqsədimin İlham Əliyevi müdafiə etmək yox, Azərbaycanda islahatlar yolu ilə dəyişikliyə nail olmaq istəyi olduğunu görərsiniz. Məni heç vaxt hakimiyyətdə fərdlər maraqlandırmayıb və fərdlərin də Azərbaycana xoşbəxtlik gətirəcəyinə inanmıram. Bu gün də Azərbaycanda köklü dəyişikliklərin inqilab yolu yox, islahat yolu ilə olmasını arzulayıram. XX əsrin əvvəllərində məşhur Rusiya reformatoru Stolıpinin bolşeviklərə xitabən dediyini bu gün üçün təkrarlasaq “Kimlərəsə böyük təlatümlər lazımdır, mənə isə böyük Azərbaycan”. Məni qeyri-səmimilikdə ittiham edən oxucudan xahiş edərəm ki, facebook səhifəmdə olan, bu günə saxlanılan arxivimdəki videomateriallara baxsınlar.

21:23
Sual [Rıza Talebi]: Bakıda yaşıyan Güneyli Qaçqınlar Haqqında Huquqsal İşləmlərin Başlanmasına Necə Baxırsınız, Onların Haqqlarını Kim Savunacaqdır? Siz Belə Bir işlər Meyliniz Var Mı? Dəstək Verə Bilərmisiniz?

21:25
Cavab: Əgər söhbət İran Azərbaycanından Bakıya gəlmiş qardaş-bacılarımızdan gedirsə bu günə qədər mənə müraciət edən olmayıb. Əgər müraciət edən olarsa kömək etməyə çalışaram. Sadəcə bu sahədə heç bir təcrübəm yoxdur.

21:26
Sual [Fatima Qasimova]: Bu qərardan sonra prezidentliyə namizədliyinizi vermək haqda heç düşünmüsünüzmü?

21:32
Cavab: Bu günə qədər heç bir siyasi partiyada təmsil olunmamışam. Siyasətə meylim yoxdur. Bu günki mənim mövqeyim vaxtilə rəhmətlik jurnalist Elmar Hüseynovla birgə razılaşdırılmışdır. Hər ikimizin arzumuz heç vaxt hakimiyyətə iddialı olmayan şəxslərdən ibarət qrup şəklində cəmiyyətdə baş verən nöqsanları tənqid etmək və imkan çərçivəsində cəmiyyətin inkişafına kömək edəcək fikirləri yaymaq olmuşdur. Artıq bir dəfə 1999-cu ildə tam eyni ssenari ilə məni vəkillikdən xaric etmişdilər. O vaxt da çoxları mənim siyasətə qoşulacağımı təxmin edirdilər. Bir daha qeyd edirəm 1989-cu ildən bu günə arxivi araşdıranlar mənim mövqeyimdə heç bir dəyişikliyin baş vermədiyini görərlər. Bu sahədə mənimlə həmfikir olacaq istənilən şəxslə əməkdaşlıq etməyə hazıram.

21:33
Sual [Togrul]: 1.Men sizin semimiliyinize inanmaq isteyirem.
Niye siz Butun bu Olanlari dunya seviyyesine qaldirmirsiniz?Axi Azerbaycan cox pis veziyyetdedir?Rushvetxorluq bash alib gedir.hec bir idarede rushvetsiz adi bir ishi gormek olmur.Meselen adi arayisha 2 manat alirlar.bu ishlerin axiri hara gedir?
2.Gomruk:danishmaq bele mumkun deyil orada bash verenler haqqinda.dehshetdii.
rusumdan bashqa malin oz qiymeti qeder rusum alirlar.

21:40
Cavab: 1996-cı ildən 2010-cu ilədək daim insan haqları, rüşvətxorluq və korrupsiya ilə bağlı çoxsaylı ölkələrdə müxtxəlif konfranslarda, tədbrilərdə iştirak etmişəm və daim Azərbaycanda olan insan haqlarının pozulmasından, rüşvətxorluq və korrupsiyanın tüğyan etməsindən danışmışam. 1999-cu ilin mart ayında ABŞ-da olarkən konqresdə, senatda, Ag evdə, dövlət departamentində, Korneqi fondunda, Demokratiya institutunda, Kolumbiya, Fordom, Pitsburq Universitetlərindəki çıxışlarımda, Azadlıq radiosunun Vaşinqton ofisində 2 saatlıq birbaşa yayım zamanı mətbuat konfransında məhz yuxarıdakı halları konkret faktlarla, adlarla vurğulamışam. Mart ayının 10-u Bakıya qayıtmışam 18-i isə Vəkillər Kollegiyasından xaric edilmişəm. Azərbaycandakı problem tək arayış verənlər və gömrükdə deyil. Bu problem bütövlükdə idarəetmə sistemindədi. İdarəetmə sistemi isə məhz korrupsiyaya arxalanır.Azərbaycanda elə mühit yaradılıb ki, istənilən şəxsi istənilən sahədə qanunu pozmağa yaxud qanunu pozanlardan asılı vəziyyətdə olmağa məcburdur. Ona görə bütövlükdə idarəetmə sistemi dəyişməlidir. Və bütün bu neqativlərin aradan götürülməsini 30 illik hüquqşünas təcrübəmə arxalanaraq ancaq və ancaq bütün sahələrdə keçiriləcək demokratik seçkilərdə görürəm.

21:41
Emil Quliyev [moderator]: Fuad Həsənov email vasitəsilə belə bir sual göndərib:

 – Vəkillik Kollegiyasında çıxarılan qərardan sonra siz yəqin ki vəkillik fəaliyyəti ilə məşğul ola bilməyəcəksiniz.
Bəs nə işlə məşğul olacaqsınız?
21:44
Aslan İsmayılov: Bəli, yeni müqavilələr bağlaya bilmərəm. Artıq bağlanmış müqavilələr üzrə işimi davam etdirəcəm. 1999-cu ildən sonra olduğu kimi qanunvericilikdə nəzərdə tutulan nümayəndəlik institutundan istifadə edərək mülki işlər üzrə vətəndaşların hüquqlarını qorumaqla məşğul olacam.
21:45
Sual [Agahuseyn]: Salam.
Rəhim Qazıyevin sizi debata çağırmasına münasibətiniz və belə bir debata hazırsınızmı? Təşəkkür
21:46
Cavab: Bu cür faydasız işlərə vaxtımı itirməyəcəm.
21:47
Sual [Rufet]: Size qarsi bu addimin konkret sebebi varmi? yoxsa umumi son zamanlar sert tenqidlerinizle baglidir?
21:51
Cavab: Konkret bir səbəb yoxdur. Dəqiq olanı odur ki, bütün baş verənlər mənim ictimai fəaliyyətimlə, yəni, gördüyüm korrupsiya faktlarını konkret adlar çəkməklə ictimaiyyətə çatdırmağımdır. Təxmin etdiyim odur ki, icraatımda olan bir neçə qanunsuz olaraq sahibkarların əmlaklarının əllərindən alınmasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını dəfələrlə çəkməyim səbr kasasını daşdırıb. Bu gün gördüyüm odur ki, zorla insnaların əmlaklarını əlindən alanlar bu addımı bütün ictimaiyyətin gğzü qarşısında atmaqdan çəkinmirlər ancaq adlarını hallandıranları çarmıxa çəkməyə hazırdırlar.
21:52
Sual [Azer]: Salam. Siz bu il keçirilecek prezident seçkilerinde heç bir saxtakarlığa yol verilmeyeceyine inanırsınızmı?
21:53
Cavab: Xeyr
21:54
Sual [Samire]: Bu il kecirilecek seckilerle bagli daha bir sual: bu il hakimiyyet deyisikliyinin bas vereceyine inanirsinizmi?
21:55
Cavab: İnanmaq istəyirəm.
21:59
Emil Quliyev [moderator]: Fatima Qasımova daha bir sual göndərib:
 – Aslam müəllim, fikirləriniz üçün çox sağ olun, amma demədiniz ki, lazım olsa namizədliyinizi irəli sürərsiniz ya yox. Bir də Ziyalılar Forumuna münasibətiniz necədir? Niyə orada təmsil olunmursunuz?
22:03
Aslan İsmayılov: Bir daha təkrar edirəm, siyasətlə məşğul olmaq fikrim yoxdur. Ziyalılar Forumunun ilk günündən iştirakçısı olmuşam. Baxışlarımızda fikir ayrılığı olduğuna görə az müddət sonra oradan ayrılmışam və işlərində uğurlar arzulamışam.
22:04
Sual [Asim]: Salam Aslan muellim!
Sizce size olan tezyiqlerin arxasinda hansi konkret bir shexs dayanib?
22:06
Cavab: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu proseslərə rəhbərlik etməsinə şübhəm yoxdur.
22:07
Sual [Kamil]: 2005-ci ildə olduğu kimi yenidən vəkillik fəaliyyətinizi bərpa edə bilərlərmi?
22:10
Cavab:
Əlbəttə. Birinci, sifariş verənlər VK-ya gğstəriş verib qərarlarını dəyişdirə bilərlər. İkinci, onların tezliklə məhkəməyə müraciət etməsini təmin edib, məhkəmənin işinə müdaxilə etməzlər.
22: 11
Sual: [Fariz Alekberov]: Bəs siz bu il prezident seçkilərində kimi dəstəkləyəcəksiniz?
22:12
Cavab: Bu günə dəstəkləyəcəyim namizəd yoxdur.
22: 13
Sual [Günel Kərimli]: N!DAçı gənclərin həbsinə münasibətinizi öyrənmək istəyərdim. (Sual email vasitəsilə daxil olub)
22:20
Cavab: N!DAçı gənclərdən Zaur Qurbanlını şəxsən müdafiə edirəm. Onun haqqında nəinki həbsinə cinayət işi qaldırılmasına belə heç bir əsas yoxdur. Baş verənlər isə sadəcə aktiv gəncləri siyasi fəaliyyyətlərindən çəkindirmək məqsədi güdür. Bü günki hakimiyyət bütün gənclərdən pavlik morozovlar-irəliçilər düzəltmək istəyir. Haqqını tələb edən, rüşvətsiz, korrupsiyasız, azad vətəndaş cəmiyyətində yaşamaq istəyən bütün gənclər bu günki hakimiyyət üçün həqiqətən təhlükədir. Bu proseslərdə yeganə təsəlli verən odur ki, Zaur, Rəşad, Rəşadət və digər gənclərin tutduqları yoldan dönmək fikirləri yoxdur, onlara qarşı olan təqiblərdən qorxmurlar və mübarizələrində israrlıdırlar.
22:21
Emil Quliyev [moderator]: Fikrət Nəsibli sizin fəaliyyətinizə yüksək dəyər verdiyini yazır:
– Aslan muellim Allahdan arzu edirem sizi bizlere cox gormesin.Men ve ailem yaxinlarim cemiyyetde geden butun aktual problemlere sizin bele yaxindan canla basla movqeyinizi,insanlarin huquqlarinin gobud sekilde pozulmasina munasibetinizi komeyinize alqislayiriq.Size qarsi olan haqsizliqlari lenetleyirik
22:26
Cavab: Teşekkür edirəm və bir daha dediyim bir fikri təkrarlayıram: atdığım bütün addımları birinci növbədə özüm, ailəm və doğmalarım üçün atıram. Çünki bizim Azərbaycandan harasa getmək fikrimiz yoxdur. Baş verən qanunsuzluqlar isə hər birimizin qapımızı istənilən vaxt döyə bilər. Ona görə hesab edirəm ki, doqquz milyonluq hər bir azərbaycanlı ancaq özünə qarşı olan haqsızlıqla bağlı deyil, istənilən qanunsuzluğa qarşı mənim göstərdiyim təpkini göstərməlidir. Bu halda biz hər birimizin hüququmuzu qorumuş olarıq. Bu gün Azərbaycanda olan ən böyük çatışmamazlığı insanların özlərinə yox, hamının haqqını qoruyacaq hansısa ağ atlı oğlana güvənməsidir. Qətiyyətlə deyirəm: ağ atlı oğlanı gözləməyin, o, heç vaxt gəlməyəcək.
22:26
Sual [Etibar Süleymanov]: Salam Aslan muellim!!! sizin prezidentliye namizetliyinizi vermek fikriniz varmi???? mene ele gelirki siz namizet olsaniz sizi etrafinizda saglam guveler toplasar!!!!! siz insanlari inandra bilersiniz ki olkeye yenilik lazimdi!!!!
22:28
Cavab:
Hər birinizə təşəkkür edirəm, ancaq bu suala artıq bir neçə dəfə cavab vermişəm.
22:30
Sual [Rafiq Hetemov]: Rustem İbrahimbeyovun prezidentliye namizəd olması iddiasına munasibetiniz necedir? O namized olsa, onu destekleyersinizmi?
22:32
Cavab: Onun namizəd olacağına inanmıram. Hesab edirəm ki, biz xalq olaraq gələcəyimizi gənclərdə görməliyik. Rüstəm İbrahimbəyov isə artıq keçmişdir.
22:33
Sual [Rəfiqə Salmanova]: O gün AZTV-də sizin haqqınızda reportaj verdilər. Baxmısınız? Sizə qarşı bu qədər aqressiya nədən irəli gəlir?
22:45
Cavab:
1999-cu il vəkillikdən xaric edildikdən sonra o dövr qüvvədə olan qanunvericiliyə əsasən lisenziya ilə müdafiəni həyata keçirirdim. Az sonra hakimiyyət nümayəndələri Nazirlər Kabinetinin qərarı ilə ümumilikdə lisenziya qaydalarını ləğv etdilər və mən cinayət işlərinə çıxmaqdan məhrum oldum. Bundan sonra etibarnamə əsasında mülki işlər üzrə məhkəmələrdə nümayəndə kimi çıxış etməyə başladım. Mənim yeganə gəlir mənbəyimin hüquqi biliyimin olduğunu bilən hakimiyyət nümayəndələri Aztv-nin baş xəbərlərində mənim əleyhimə 5 dəqiqəlik veriliş hazırladılar. Bu verilişdə vətəndaşları mənə müraciət etməməyə, kiv-lərə isə mənim adımın qarşısında vəkil sözünü yazmamağa çağırdılar. Əks halda deyilənlərə əməl etməyənləri məhkəmə ilə hədələdilər. Məqsəd məni çörəklə sınağa çəkmək idi. Şükür Allaha insanlar mənə müraciət etdi və mən nümayəndəlik etməklə ailəmə çörək pulu qazandım. Bu yaxınlard belə bir verilişin olub-olmamasından isə xəbərsizəm.
22:47
Sual [Kanan]: Ziyalılar Forumu ilə baxışlarınızda fikir ayrılığı olduğuna görə oradan ayrıldığınızı söylədiniz. Hansı fikir ayrılıqları var idi?
22:55
Cavab: İlk günlərdən Ziyalılar Forumunun üzvləri dəfələrlə siyasətlə məşğul olmayacaqlarını bəyan etsələr də az sonra Eldar Namazov və digərlərinin sirf siyasətlə məşğul olduqlarını gördüm, bu barədə bir neçə dəfə fikrimi bildirdim, dəstək görmədiyimdən sadəcə ayrılmağı üstün tutdum. Sonrakı hadisələr, ZF-nin bəzi üzvlərinin EL hərəkatına transferi mənim düz olduğumu göstərdi.
22:57
Emil Quliyev [moderator]: Aslan müəllim, vaxtınızı ayırıb iki saat ərzində oxucularımızın çox saylı suallarına cavab verdiyiniz üçün oxucularımız və Amerikanın Səsi adından sizə təşəkkürümü bildirirəm.
22:58
Aslan İsmayılov: Təşəkkür edirəm.
23:00
Emil Quliyev: Bununla da canlı forum başa çatır. Oxucularımıza da göstərdikləri marağa görə minnətdarlığımızı bildiririk. Sərbəst Kürsünün növbəti sayında görüşənədək. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

Aygün Pəncəliyeva: Adnan və Eminin həbsindən sonra bütün qorxularımı atmışdım

Posted April 30th, 2013 at 4:23 pm (UTC-4)
4 comments

7 üzvü həbsdə olan N!DA Vətəndaş Hərəkatının fəaliyyətində son zamanlar  ləngimə hiss edilməkdədir. Martın 7-də N!Da-nın fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu, martın 14-də Rəşad Həsənov həbs edilib. Martın 30-da “Nida”çı Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də isə Zaur Qurbanlı barəsində həbs qəti imlan tədbiri seçilib. N!DA fəallarının hamısı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi (Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham olunur.

N!DA-nın fəaliyyətinə son həbslərin təsirinin olub-olmamasını öyrənmək üçün bu dəfə Sərbəst Kürsüyə N!DA İdarə Heyətinin üzvü Aygün Pəncəliyevanı dəvər etmişik. O, həm də Azərbaycanda məhdud sayda qadın fəallardandır. Mayın 1-i xanım Pəncəliyeva oxucularımızın suallarını cavablandırıb.

————————————————————————————————————————————————–

22:00 / 1 may 2013
Salam hörmətli Sərbəst Kürsü oxucuları! Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Sərbəst Kürsüdə qonağımız isə Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Aygün Pəncəliyevadır.

22:02
Emil Quliyev [moderator]: Axşamınız xeyir, Aygün xanım. Sərbəst Kürsüyə xoş gəlmisiniz!

22:03
Aygün Pəncəliyeva: Xoş gördük.

22:04
EQ:  Çox sağ olun! İlk sualı Süleyman Sultanlı adlı Sərbəst Kürsü izləyicisi göndərib. O soruşur:
– Həbsdə olan uşaqlardan ən son nə xəbər var? Onlarla görüşmüsünüzmü?

22:15
Cavab: Uşaqlar hal-hazırda Kürdəxanıda müvəqqəti istintaq təcridxanasındadırlar. Orada isə onlarla ancaq vəkilləri və yaxın qohumları (əsasən valideynləri) görüşə bilir. Hələlik 3 üzvümüzün  valideynləri onlarla görüşə bilib. Digərləri ilə də görüş üçün lazımi prosedurlar həyata keçirilir.Vəkillər vasitəsilə dostlarımızdan tez-tez xəbər tuta bilirik. Dostlarımızın vəziyyəti yaxşıdır. Onlara vaxtaşırı kitab, yemək, qəzet aparılır. Ən son dünən aprelin 30-u Zaur Qurbanlının istintaq müddətinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı məhkəməsi oldu və təbii ki, vəsatət təmin olunmadı. Mayın 3-də isə saat 14:30-da Bakı Apellyasiya Məhkəməsində  Rəşad Həsənovun ev dustaqlığının təmin olunmamasına görə verilən şikayətlə bağlı məhkəməsi olacaq.

22:17
Sual [Ayan A-ova – Twitter]: Həbs olunmaqdan qorxmursuz?

22:27
Cavab: Ayan xanım, mart ayının 7-si Nida üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu həbs olunanda məndə narahatlıq qarışıq qorxu hissi yaranmışdı.Çünki indiyə qədər mənim yaxın əhatəmdən heç kimi şərləyərək həbs etməmişdilər. Ancaq bu bir neçə gün davam etdi.  İndi qorxu hissi heç yadıma da düşmür. Çünki həbsləri bizim üçün adiləşdirdilər. İndi dostlarla öz aramızda zarafatlaşırıq da bu barədə :) Bu həbslər bizi qorxutmaq əvəzinə daha möhkəm etdi. İndiyə qədər bu ilki qədər bərkə -boşa düşməmişdik.

22:28
Sual [Fariz Alekberov]: Aygün xanım, siz bu cəsarəti nədən alırsınız? Nə üçün sizin kimi xanımlardan çox deyil?

22:33
Cavab: Fariz bəy, mən də həmişə belə cəsarətli olmamışam əslində.Adnan Hacızadə və Emin Millinin həbsindən sonra bütün qorxularımı atmışdım mən də. Həm də bu, cəsarətdən daha çox vicdanının səsinə qulaq asmaqdır məncə. Əminəm ki,vicdanının səsinə qulaq asanlar çoxdur, xanımlı, bəyli.

22:34
Sual [Soltanoff]: Salam Aygün xanım, mən N!DA nın üzvü deyiləm ama aksiyalarda iştirak edirəm, inşallah gələcəkdə aksiyalar gözlənilir?

22:41
Cavab: Xoş gördük. Fərq etməz, Nida üzvüsünüz, ya deyilsiniz, əsas odur etirazınızı bu və ya başqa şəkildə bildirirsiniz. Təbii ki,aksiyalar da bizim fəaliyyətimizin bir tərəfidir. Hal-hazırda bu barədə qərarımız olmasa da yaxın gələcəkdə bu, mümkündür.

22:42
Emil Quliyev [moderator]: Mirqafar Səlimov Facebook vasitəsilə soruşur:
– Niyə Aksiya keçirmirsiniz. Qorxursuz?

22:52
Aygün Pəncəliyeva: Xoş gördük, Mirqafar bəy.Hal-hazırda heç bir aksiya keçirməməyimiz bundan sonra da keçirməyəcəyimiz anlamına gəlmir təbii ki. Hər şeyi atıb bir kənara çəkilmək, işlərimizi yarımçıq buraxmaq bizim qorxduğumuzun  göstəricisi ola bilərdi, ancaq təbii ki, belə bir şey yoxdur.

22:53
Sual [Poncik]: Salam Aygün xanım,deyirlər ki hansısa N!DAnı Kürdəxanı təcridxanasından köçürdüblər. Bu nə dərəcədə düzgündür?

22:57
Cavab: Hər vaxtınız xeyir, Poncin. Təbii ki, bu məlumat həqiqətə uyğun deyil. Biz Kürdəxanıdakı üzvlərimzizin özləri ilə dolayısı yolla əlaqə saxlaya bilirik. Vəkillər tez-tez onlarla görüşürlər (təxminən həftədə 1 dəfə) və dostlarımızın vəziyyətindən xəbərdar oluruq.Belə bir şey olarsa ilk məlumat alanlar biz olacağıq. Hələ ki, belə bir məlumat yoxdur.

22:58
Emil Quliyev [moderator]:  Sərbəst Kürsüdə iştiraka görə sizə minnətdarlığımızı bildiririk Aygün xanım.

22:59
Aygün Pəncəliyeva: Çox sağolun. Mən də sizə təşəkkür edirəm. Suallara görə də bütün oxuculara təşəkkürümü bildirirəm.

23:00
Emil Quliyev: Bununla da canlı forum başa çatır. Sərbəst Kürsünün növbəti sayında görüşənədək. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

Mahmudəli Çöhrəqanlı: “Demokratikləşməyən hakimləri tarixin zibil qabı gözləməkdədir”

Posted April 16th, 2013 at 7:51 pm (UTC-4)
10 comments

Son günlər İranla Azərbaycan arasında münasibətlərdə bəzi gərginliklər yaşanmaqdadır. İranın Azərbaycana notasının oxşar addımla qarşılanması və İran rəsmisinin Azərbaycan Respublikasının İrana birləşdirilməsi iddiaları iki qonşu ölkə arasında son illər yaşanmayan gərginliyə səbəb olub. Bu, İranda yaşayan çoxmilyonlu azərbaycanlı üçün nə deməkdir? Son illər İranda yaşayan azərbaycanlıların fəallaşması İran-Azərbaycan əlaqələrinə təsir edirmi?

Bu və İran Azərbaycanı ilə bağlı digər məsələlərlə bağlı suallarınıza cavab tapmaq üçün Sərbəst Kürsüyə Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlını dəvət etmişik. Aprelin 17-də Mahmudəli Çöhrənqanlı sizin suallarınızı canlı olaraq cavablandırıb.
————————————————————————————————————————-

21:00 / 17 aprel 2013

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Sərbəst Kürsüdə qonağımız isə Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlıdır.

21:02
Emil Quliyev [moderator]: Salam Mahmudəli bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz. Sizi oxucularımızın adından salamlayıram.

21:04
Mahmudəli Çöhrəqanlı: Salamlar. Sizinlə və çox dəyərli soydaşlarımızla birlikdə olmaqdan mutluyam əziz Emil bəy.

21:06
EQ: İlk sual Facebook vasitəsilə daxil olub. FeridLion Azerturk adlı Facebook istifadəçisi soruşur:

– Liderimiz vətənə – Bakıya təxmini nə zaman gəlir?

21:14
Cavab: Təxminən 2 ay sonra, 6-cı ayın (iyun ayının – red.) ikinci yarısı. Gəlişimizin vaxtı dəqiq olaraq bəlli olduğunda böyük və uca millətimizin xəbəri olması üçün media təriqiylə açıqlanacaqdır. Müxtəlif yollarla girişimizdə problem yaranmasın deyə Azərbaycan məsulları ilə irtibat qurmağa çalışırıq. Bu movzu ilə ilgili əldə olunan xəbərlər media təriqiylə maraqlı əzizlərin diqqətinə sunulacaqdır.
Bildiyiniz kimi bölgəmizin bu tarixi və həssas mərhələsində ki hər yüz ildən bir belə bir vəziətin yaranmasına şərait yaranır bizim rejiyonda olmaqlığımız çox vacib və zəruri görünməkdədir. Bildiyiniz kimi Farslar, Ərəblər və Kürdlər tam ittihad və birgəliklə əməl edirlər. Darmadağınlıq və bölük bölük olmaq təəssüflər ki yalnız Azərbaycan Türklərinin içində görünməkdədir. Bu xoşa gəlməz və acı verici durum davam edirsə cubranı mümkün olmayan çox ağır milli xəsarətlərə məruz qalacağıq. Yəni millətimizə və vətənimizə cubranı olmayan zərbələr və xəsarətlər dəyəcəkdir. Mən çalışıram ki bölgədə olmaqla Türkiyə və Azərbaycanla irtibatımızı sıxlaşdıraq, daha da gənişləndirək və birlik və birgəlik yaratmaqla bu zərbə və xəsarətlərin qarşısını alaq.

21:21
Sual [Elçin Səmədov]: Salam bəy, Azərbaycanda olan demokratikləşmə uğrunda hərəkatı dəstəkləyirsinizmi? Onu bilirik ki, bacardığınız qədər Azərbaycanın daxili işlərinə qarışmırsız, bu da başa düşüləndi. Ancaq şəhid analarının meydanda sürütlənməsi üzərinə su vurulmasına səssiz qalmağınız məncə çox pis bir mövqedir. Onu da düşünməlisiniz ki, ölkədə sabah burada demokratik dəyişikliklər olacaq ancaq siz dəstək verməmənizlə səssiz qalmağınızla yaddaşlarda qalacaqsınız.

21:30
Cavab: Birləşmiş Millətlərin Təşkilatının insan haqlarıyla ilgili bəyannamələri və İnsan Haqları Konvansiyonuna əsasən demokrasi və insan haqları ilə bağlı məsələlər beynəlmiləl məsələlərdir. Yəni heç ölkənin iç məsələsi sayılmamaqdadır. Buna baxmayaraq ki biz 20 ildir Azərbaycan Respublikasının iç məsələlərinə, yəni iqtidar və muxalifət ixtilaf və toqquşmalarına, doğru olaraq qatılmamaqdayıq, amma hər zaman çəşitli yollarla demokrasi və insan haqları uğrunda çalışan şəxs və təşkilatların yanlarında olduğumuzu və onları dəstəklədiyimizi açıqlamışıq və hər zaman demokrasi qaydalarını və insan haqlarını ayaqlayan və əzən şəxs, təşkilat, və qudrətləri qınamışıq və qınayırıq. Son söz bu ki, diktatorların otoritəsi zamanı sona ərmişdir; özlərini muasirləşdirməyən və demokratikləştirməyən hakimləri tarixin zibil qabı bəkləməməkdədir.

21:31
Emil Quliyev [moderator]: Almas H. Yenisey adlı Facebook istifadəçisi sizə sevgilərini bildirir və Azərbaycana girişinizə qadağa qoyanları qınadığını deyir.

21:34
Mahmudəli Çöhrəqanlı: Əziz Almas Yenisey soydaşımızdan təşəkkür edirəm. Ümüd edirəm ki çox yaxın gələcəkdə Azərbaycan dövləti bölgəmizin çox həssas və kritik şəraitini nəzərə alaraq mənim girişimə qoyduğu qadağanı qaldıracaqdır və mənə əziz Bakımızda ulu millətimiz ilə qucaqlaşmaya və görüşməyə imkan yaradacaqdır.

21:35
Sual [Bəşir]: Mahmudəli bəy, Cənubi Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədə Şimali Azərbaycanın, hakimiyyətin nə kimi dəstək verməsini istərdiniz?

21:51
Cavab: Dünyanın bugünündə  bölgənin və xüsusən İranın şəraiti elədir ki qonşuluğunda qardaş və ya dost bir ölkə sənə arxa durmayınca və dəstək verməyincə azadlıq hərəkatını başlamaq və yürütmək imkansızdır. Azadlıq hərəkatının mubarizlərinin sərhəddən çıxış və giriş imkanı olmayırsa, bir ayrı tərəfdən də İran rejiminin militarist bir dövlət olduğunu nəzərə alırsaq qurtuluş hərəkatı fədailərinin İran rejimindən bir qısa zamanda ağır zərbə almaları mümkün görünməkdədir. Örnək olaraq bölgəmizdə 4 ölkədə faaliyyətdə olan Kürdləri (Suriya, İraq, İran, və Türkiyə Kürdləri) göstərmək olar. Bunların hayatda qalaraq fəaliyyətlərini davam etmələrinin iki illəti vardır: 1) bir-biriləriylə sıx və davamlı irtibat və ilişkidədirlər. 2) dörd ölkənin sərhədlərindən rahat geçərək birbiryləriylə təmas qurma imkanları vardır. Təəssüflər ki Azərbaycan hakimiyyəti bölgəmizdə gedən bu tarixi, həssas, və kritik vəziyyəti görməyərək 7 il öncə İran rejiminin istəyinə əsasən məni Bakıda tutuqlayaraq deportasiyaya məruz qoydular. Ümüd edirəm ki vətən və millətimizə xatir Azərbaycan iqtidarı ağıla gələ və bu anlamsız yasağı qaldıraraq atdığı çox böyük yanlış addımdan geri çəkilə.

21:53
Sual [Zaur Rzayev]: Cənab Cöhrəqanlı, Şimali Azərbaycan öz müstəqilliyini bir çox çətinliklərlə, qurbanlarla qazana bildi. Bu işdə ona Cənubi Azərbaycanın heç bir köməyi olmadı. Ola da bilməzdi. Cənublu qardaşlarımız bir ölkə olaraq Şimalı özünün hər hansı bir müstəqilliyini əldə etmək üçün istifadə etməməlidi, fikrindəyəm. Məncə bu, bir dövlətlərarasi xətaya gətirib çıxara bilər. Sizcə mən öz fikrimdə düzəmmi? Niyə Cənublu Azərbaycan türkleri milli mənsubiyyətlərini qabartmaq üçün, heç olmasa, ermənilərin əldə etdiyi üstünlükləri bacarmayıb? Şimalda hər kəs bilir ki, İranın hakimiyyəti ayətullahların əlindədi və bunların her ikisinden biri türkdür. Belə olan halda nəticədə İranın türklərin dövləti olması anlaşılmırmı? Bəlkə bu bir dövlət siyasətidir ki, xristianlara hər hansı bir muxtariyyət verilsə də, müsəlmanlara bele şey olmaz, çünki, bu, türklerin farslarla birgə idarə etdiyi dövlətin dağılmasına gətirər. Siz, axırıncı fikrimə də aydınlıq gətirərsizmi?

22:06
Cavab: Vətən və millət insanın milli heysiyyat və namusudur və milli namusun şimal-cənubu olmaz.  Azərbaycanın geçən əsrlə müqasiyədə çoxlu bölgələri işğal altındadır. İşğal altında olan bölgədə azadlıq hərəkatı başlayırsa o biri bölgələrin bütün gücləriylə ona dəstək vermələri lazım və zəruridir və bu yardım şərəf və namus borcudur. Güclü səviyyədə milli və siyasi şüura malik olan bir Azərbaycanlıya Təbriz ilə Bakı, Şuşa ilə Ərdəbil heç bir fərqi olmamalıdır. Qaldı əski Sovetlər Birliyi Respublikalarının qurtuluşu… Buna baxmayaraq ki Azərbaycanlı qiyam edərək azadlıq hərəkatını başladı, ama bu hərəkət yüzlər Şəhid verərək Qanlı Yanvarda basdırıldı. 15 respublikanın istiqlalının əsas nədəni SSR-nin köçməsi və onları öz halına buraxması olmuşdur. Ona görə, qurtuluş hərəkətləri çox qorxunc və təhlikəlidir, və doyunca can və qan verməyincə azadlıq və istiqlal əldə olunmur. Necə ki, babalarımız demişkən: bayrağı bayraq edən üstündəki qandır, topraq uğrunda ölən varsa vətəndir. Ona görə Azərbaycanın hər yerində azadlıq və qurtuluş hərəkatı başlayırsa bütün Azərbaycanlıların yaşadıqları bölgədən asılı olmayaraq əllərindən gələn maddi və mənəvi yardımı etmələri vacib, lazım, və həyat-məmat məsələsidir.

22:07
Sual [Elşən]: Cöhrəqanli bəy, bilmək istərdim ki Güney AZERBAYCANIN azadlığını Türkiyə istəyirmi?

22:11
Cavab: Türkiyədən məqsədiniz yüksək səviyyədə milli və siyasi şüura malik olan böyük Türk milləti isə cavab müsbətdir. Amma əgər Türkiyədən məqsədiniz iktitarda olan ümmətçi AKP partiyası isə, onlar İraqın quzeyində Kürd höküməti qurmaqla və böyük Kürdüstan yaratmaqla məşğuldurlar.

22:12
Sual [Araz]: Cənubi Azərbaycan sərhədlərinin dəqiqliyinə inanırsınızmı? Çünki Şah İsmayılın bizə buraxdığı torpaqlar körfəzə qədər uzanır, indiki sərhədlərdə isə bir hissəmiz ərəb yurdu, kürs yurdu, fars yurdu kimi qələmə verilir.

22:18
Cavab: Gücümüz varsa, vətən uğrunda can vəqan verən varsa babalarımızın bizə buraxdıqları əmanəti olduğu kimi əldə edərək qoruyacağıq. Əlbəttə, idealist olmaqla birlikdə realist olmaq lazımdır. Heç zaman tarixi Azərbaycanın sərhədləri körfəz olmamışdır. Xatırlayın rəhmətlik Pişəvərinin 68 il öncə qurduğu hökümətin ikinci altı ayda sərhədləri Təbrizə 200 km qalmış Miyana şəhərinin yanında vaqi olan Qaflan Dağları olmuşdur… və bizcə bu Güney Azərbaycan ərazisinin yarısını düşmənə bağışlamaq anlamındadır. Ona görə nə körfəz, nə də Miyana şəhərinin Qaflan Dağları; çalışmalıyıq gərçəkdən Azərbaycan ərazisi sayılan topraqlarımızın bir qarışını da buraxmayaq.

22:20
Sual [Mevlüd Turan]: Öncəliklə bütün dəyərli soydaşlarımızı salamlayıram. Məni ən çox əndişələndirən Güney Azərbaycanımızın batı hissəsinin kürdləşdirilməsidir, tarixən Azərbaycan torpağı olan Soyuqbulaq (Mahabad) artıq kürdləşdirilib, hədəf Urmu, Xoy, Maku və.s kimi bölgələrimizdir. Kürd separatçıları xəritələrində Güneyimizin batısın sözdə Kürdistan ərazisi kimi göstərirlər və təhlükə bununla bitmir, ayrıca o ərazilərimizdə PJAK terror örgütü fəaliyyət göstərir. Bu yolda hansı addımlar atılmalıdır? Təşəkkür edirəm.

22:29
Cavab: Təbiətin qanunlarına əsasən həyatda qalmaq və hökm sürmək ən üstün zəka və ağıla malik olanlarındır. Bir millətin milli və siyasi şüuru olursa özün və özlüyünü, var və varlığını bilib və tanıyırsa, vətən və milləti milli namus və milli şərəf bilirsə, onun bir qarış belə toprağını işğal etmək mümkün deyildir. Bizim qurtuluşumuz intibah və oyanışdadır. Oyanmalıyıq və millətimizi oyatmalıyıq. Hər an milli və siyasi açıdan bilgilərimizi artırıb və millətimizin də milli-siyasi şüur səviyyəsini yüksəltməliyik... və biz hərəkətçilər geçən 20 ildə Güney Azərbaycanımızda bu addımı layiqincə atmışıq. Bugün millətimiz ayıq və diqqətlidir. Azərbaycanın hər bir bölgəsin nəzarət altına almışdır. İndiyə qədər Soyuq Bulaq kimi təəssüflər ki yüzdə yüz Kürdləşmiş bölgələr olmuşdur, və hətta 1945-ci ildə babamız rəhmətlik Pişəvərinin izni və dəstəyiylə bu şəhər Qazi Məhəmməd liderliyində Kürd cümhuriyyətinin mərkəzi olmuşdur, oranı “Kürdistanın” paytaxtı yapmışlardır.

22:30
Sual [Eldar Hacıyev]: Salam Çöhrəqani bəy, ilk öncə bilmənizi istərdim ki Şimali azərbaycanlılar da Güneyin davasına ortaqdı və dəstəkləyir. Mahmudəli bəy, Piruz Dilənçi ilə əlaqə saxlayırsınızmı? Siz ikiniz də bizim üçün əziz və dəyərli insanlarsınız. Bakıdan Hacıyev Eldar.

22:32
Cavab: Çox sağ olun əziz Eldar bəy , zənnimcə bu əziz insan daha siyasətlə çox məşqul deyildir, ona görə onunla irtibatımız yalnız Bakıda olarkən olmuşdur.

22:33
Sual [Elxan Xanəlizadə]: Salam. Cənab Çöhrəqanlı Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi üçün xalqımızın hazır olması barədə nə düşünür? Arazın quzeyi ilə güneyində uzun illər fərqli imperiyaların təsiri altında yaşayan xalqımız Böyük Azərbaycan dövlətində yaşamağa hazırdırmı?

22:41
Cavab: Yazdığınız doğrudur. Öncələr dediyim kimi, biz rəhmətlik Elçibəyin tezisi əsasında mubarizə aparmaqdayıq. Yəni, Azərbaycanın hər iki hissəsində (quzey/şimal, güney/cənub) öncə azadlıq hərəkatı, sonra millətləşmə, və ən sonunda dövlətləşmə prosesləri başlayaraq sona ərəcəkdir… və ən sonunda iki Azərbaycan dövləti Quzey və Güneydə qurulacaqdır, və bu iki dövlət ən uyğun qısa zamanda müzakirələr sonucu iki hissəni birləşdirərək Bütöv Azərbaycan dövlətini quracaqlar. Bu dövlətin bayrağı da bugün Azərbaycan Respublikasını Birləşmiş Millətlər Təşkilatında təmsil edən Məhəmməd Əmin Rəsulzadə babamızın dalğalandırdığı bayraq olacaqdır. Kültürəl, sosyal, və mənəvi açıdan da hər iki tayda bölünmüş millətimizi birləşdirməyə hazırlaşmaq ən vacib məsələlərdən biridir.

22:42
Sual [Sahand]: Sayın Çöhrəqanlı bəy, sizə Güney Azərbaycan Milli hərəkatının tavurları İrandaki önümüzdə olan prezident seçkiləri ilə bağlı necə olmalıdır?

22:48
Cavab: Bunu nəzərdə alaraq ki Ayətullah Xamneyi, Fars rejiminin başında duraraq və Azərbaycan-Türk millətinin ən vicdansız düşmənlərinin biri olaraq seçkilərə qatılmağı vacib bilir, və hər səsi özlərinə qarşı olan düşmənlərin gözünə ox kimi yorumlayırlar, bu durumda bizə atacağımız ən uyğun addım ap-açıq görünməkdədir, və o da seçkiləri boykot etməklə hətta bir oy və ya səs sandıqlara salmamaqdır.

22:49
Sual: Salam Cənab Çöhrəqanlı. Mənim sualım ondan ibarətdir ki, Cənubi Azərbaycanda millət artıq oyanıb. Hal-hazırda səbirsizliklə İsrail, ya da Amerika İrana hücum etməsini gözləyirik… Sizcə İrana qarşı hücum gerçəkləşəcdi və ya gerçəkləşmədi.
Cənubi Azərbaycanın Müsteqilliyini hansı illərdə görürsünüz.
Sizcə təxmini olaraq Cənubi Azərbaycan nə zaman hansı illər ərzində müstəqilliyini qazanacaq?

22:54
Cavab: İran rejimini yıxacaq olan əsas amillərdən biri İran rejiminin İranda yaşayan millətlər yanında məşruiyətini itirmiş olmasıdır, və bu da gərçəkləşmişdir. Bu gün İran rejimi yalnız və yalnız millətin boğazına dayadığı neyzə (süngü) gücüylə ayaqdadır. Məncə, yaxın gələcəkdə İran adlanan ölkədə böyük bir inqilab və devrim yaranaraq Sovetlər Birliyi kimi dağılacaqdır, və çoxlu millətlər, o cümlədən Azərbaycan Türk milləti öz istiqlaliyyətini əldə edərək dövlətini quracaqdır. Və sonunda da Şimal/Quzeylə birləşərək Bütöv Azərbaycanı yaradacaqlar.

22:55
Sual [Rufat Rustamli – email vasitəsilə ]: Yüz minlərin lideri olmuş sayın Çöhrəqanlı hazırda nə işlə məşğuldur?

22:57
Cavab: Türkiyə və Azərbaycan dövlətləri bu iki qardaş ölkəyə girişimizə qadağa qoymuşlar… Buna baxmayaraq, əlimizdən gəldiyi qədər Güney Azərbaycan Milli Oyanış Hərəkatı GAMOH-un başqanı olaraq azadlıq hərəkatıyla bağlı siyasi fəaliyətlərimizi sürdürməkdəyik.

22:58
Emil Quliyev [moderator]: Mahmudəli bəy, 2 saatınızı ayırıb suallara cavab verdiyiniz üçün sizə oxucularımız və öz adımdan təşəkkürümü bildirirəm.

22:59
Mahmudəli Çöhrəqanlı: Əziz Emil bəy Voice of America adına bu imkanı yaratdığınız üçün sizdən və bu proqramda iştirak edən çox dəyərli soydaşlarımızdan özüm və təşkilatım (GAMOH) adına  səmimi-qəlbdən təqdir və təşəkkür edirik.

23:00
Emil Quliyev: Bununla da canlı forum başa çatır. Oxucularımıza da göstərdikləri marağa görə minnətdarlığımızı bildiririk. Sərbəst Kürsünün növbəti sayında görüşənədək. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

BLOGLAR