Moskvada keçirilən Çaykovski adına 16-cı Beynəlxalq Musiqi Müsabiqəsində Paris konservatoriyasının professoru Rəna Mustafabəyli Şereşevskayanın tələbəsi Aleksandr Kantorov birinci mükafata layiq görülüb. İkinci mükafat rusiyalı pianoçu Dmitri Şişkin və yaponiyalı pianoçu Mao Fudzitaya verilib. Amerikalı Kennet Broberq və Rusiyadan iki pianoçu-Konstantin Yemelyanov və Aleksey Melnikov müsabiqədə üçüncü, çinli pianoçu An Tyansu isə dördüncü mükafata layiq görülüblər.
22 yaşlı Aleksandr Kantorov Parisin tanınmış Ecole Normale de musque de Paris konservatoriyasında professor Mustafabəyli Şereşevskayanın sinfində musiqi təhsili alır. O, 16 yaşından prestijli musiqi festivallarında çıxış edir.
Azərbaycan mənim hər zaman ürəyimdədir, mən heç vaxt bu ölkəni unutmamışam, mən Azərbaycanı hədsiz dərədə sevirəm.
Bu, ilk dəfə deyil ki, Rəna xanımın yetişdirməsi Çaykovski festivalının qalibi olur. Dörd il bundan əvvəl Çaykovski adına 15-ci Beynəlxalq Musiqi Müsabiqəsində professor Mustafabəyli Şereşevskayanın daha bir tələbəsi, müsabiqənin sensasiyası adlandırılmış Lüka Debarq dördüncü mükafata layiq görülmüşdü.
Rəna Mustafabəyli Şereşevskaya tanınmış musiqi pedaqoqu və konsertmeysterdir. O, Bakıda anadan olub, ilk musiqi təhsilini Bülbül adına musiqi məktəbində alıb, sonradan təhslilini Moskva konservatoriyasında davam etdirib. Rəna Mustafabəyli Şereşevskaya hazırda Paris konservatoriyasında dərs deyir.
2015-ci ildə Amerikanın Səsinə müsahibəsində Rəna xanım Azərbaycanda təhsil aldığı illər, ailəsi və professional musiqiçi kareyasına başlaması haqda danışıb.
Azərbaycan hər zaman ürəyimdədir
“Mən Bakıda anadan olmuşam. Ailəmdə musiqiçi olmayıb. Atam da, anam da geoloq olublar. Atam 13 il Azərbaycanın Geologiya idarəsinin rəisi olub. Onlar musiqini çox seviblər. Anam da hesab edir ki, bütün uşaqlar musiqi təhsili almalıdır. Bizim caz qrupumuz var idi. Mənim böyük qardaşım Əli Mustafabəyli diplomatdır, bütün karyerası diplomatik işdə keçib, indi Moskvada Diplomatik Akademiyada işləyir. O indiyə qədər caz musiqisi ifa edir, mahnı oxuyur. Uşaqlıq illəri kiçik qardaşım saksofonda musiqi ifa edirdi, mən royalın arxasına otururdum, böyük qardaşım da akkordeon çalırdı. Beləcə özümüzün ansamblını yaratmışdıq. Musiqi təhsilinə 5 yaşım olanda Bülbül adına musiqi məktəbində başlamışdım. Mənim müəllimim özümün 40 illik təcrübəsinə əsaslanıb tamamilə məsuliyyətlə deyə bilərəm ki, ən gözəl pedaqoqlardan biri olan Liliya Filatova idi. Həyatımda hər şeyi müəllimim və Bülbül adına məktəb sayəsində əldə etmişəm. Məktəbdə indinin özünə qədər mənim yaxım dostlarım dəsr deyir. Aliyə Əliyeva, Aza Hüseynova ilə indiyə qədər yazışırıq. Bülbül adına məktəbdən sonra Moskva Konservatoriyasında təhsilimi davam etdirdim. Bu, mənim uşaqlıq arzum idi və bunun gerçəkləşməsi də Qara Qarayevin xeyir-duası ilə baş verdi. Konservatoriyanı bitirdikdən sonra aspiranturaya daxil olanda Azərbaycanın da mənə dəstəyi oldu. Bundan sonra pedaqoq kimi fəaliyyətimi davam etdirmişəm. 1994-cü ildən Paris Konservatoriyasından dərs deyirəm. Hazırda Parisdə ilk ali musiqi məktəbinin professoruyam. Məndən çox vaxt soruşurlar ki Bakıya nə üçün tez-tez gəlmirəm. Doğrusunu deyim ki, Parisə yerləşəndən sonra orada yeni həyata uyğunlaşmaq üçün çox səy və vaxt tələb olunurdu. Əsas bununla bağlı olub. Amma Azərbaycan mənim hər zaman ürəyimdədir, mən heç vaxt bu ölkəni unutmamışam, mən Azərbaycanı hədsiz dərədə sevirəm.”