İsmayıllıda və bundan əvvəl Qubada baş verən hadisələr yerli sakinlərlə hökumət orqanları arasındakı yarğandan xəbər verir.  İdarəçilərin sakinlərə cavabdeh olduqları yerlərdə yüzlərlə adam qəfildən ictimai binalara hücum çəkib onları yandırmır.  İnsanlar öz seçdikləri hökumət rəsmilərinə düşmən münasibət bəsləmirlər, bəsləyə bilməzlər. “Xalqdan, xalqın və xalq üçün olan hakimiyyət” ABŞ prezidenti Abraham Linkolna məxsus ifadədir ki, demokratiya haqda söz düşəndə bu sitata tez-tez rast gəlinir.  20-ci əsrdə Amerika demokratiyasını öz ölkələrinə idxal etməyə çalışan bir çox siyasi xadimlər ABŞ federal hökumətinin quruluşuna nümunə kimi baxıblar.  Vaşinqtonda bərqərar olan üç hakimiyyət qanadı – prezident idarəsi, qanunvericilər və ali məhkəmə – bir-birini 200 ildir balanslaşdırmaqla ABŞ konstitutsiyasını dünyanın ən qocaman siyasi sənədinə çeviriblər.  Amma  Amerika siyasi sisteminin demokratikliyini təmin edən təkcə üfüqi hakimiyyət bölgüsü yox, həmçinin şaquli hakimiyyət bölgüsüdür.  Bəs şaquli hakimiyyət bölgüsü nəyə deyilir?

Əvvəlcə ondan başlayaq ki, azərbaycanca çoxlarının işlətdiyi Amerika Birləşmiş Ştatları ifadəsi qüsurlu tərcümədir.  Dövlətin adı “United States of America”-dır – yəni Amerika Birləşmiş Dövlətləri.   Bu, isə o deməkdir ki, ABŞ federal dövlətini təsis edən 50 ştatın hər biri özü-özlüyündə bir dövlətdir.  Bu dövlətlər xarici siyasət yürüdə, öz pul vahidinə, yaxud müstəqil xarici ticarət əlaqələrinə sahib ola bilməz.  Ancaq ABŞ Konstitutsiyasında deyildiyi kimi, federal hökumətə açıq şəkildə həvalə edilməyən bütün başqa səlahiyyətlər ştat hökumətlərinə məxsusdur.  Yəni, hüquqi baxımdan əksər məsələlərdə insanlar yaşadıqları ştata uyğun olaraq mücərrəd Amerika qanunları ilə deyil, Merilend, Virciniya, Nyu York, yaxud Minnesota ştatlarının qanunları ilə idarə olunurlar.  Bu ştatların əhaliləri öz qubernatorlarını, yerli parlamentlərini və başqa ştat idarəçilik orqanlarını seçkili yolla müəyyən edirlər.  Məhkəmədən tutmuş ticarətədək cəmiyyətin  demək olar ki, bütün funksiyalarını da ştat idarəçiləri tənzimləyir, Vaşinqtondakı federal hökumət yox.

Birləşmiş Ştatların qurucu babaları dövləti yaradarkən respublikaçılıq prinsipini rəhbər tutmuşdular.  İdeya əsasən bundan ibarət idi ki, insanları idarə edən şəxs onların arasında olmalı, onlarla birbaşa təmasda olmalıdır.  Unutmaq olmaz ki, Amerika İnqilabına rəvac verən başlıca faktor İngiltərə kralının okeanın o tayından uzaq Amerika koloniyalarını idarə etməsi idi.  Pennsilvaniyada, Virciniyada, Massaçusetsdə yaşayan adamlar Londonda oturmuş müstəbidin fərmanları əsasında idarə olunmaqdan cana doymuşdular.  Elə Amerika inqilabının şüarı olan “No Taxation Without Representation” – “Təmsilçiliksiz Vergiyə Yox!” şüarı bu entimenti əks etdirirdi.  Amerikalılar hesab edirdilər ki, onlara cavabdeh olmayan, onların seçmədikləri bir adamın onları idarə etməyə mənəvi haqqı yoxdur.  Bu səbəbdən Amerika dövləti qurulanda, dövlətin baniləri yerli idarəçiliyiə son dərəcə həssas yanaşırdılar.  Onlar başa düşürdülər ki, gələcək üsyanların qarşısını almaq üçün insanlara öz idarəçiliklərində maksimum səs verilməlidir.

Bu anlamda Amerikada yerli idarəçilik ştat səviyyəsi ilə bitmir, ən aşağı regional-inzibati bölümlərədək şamil olunur.  Ştatlar qraflıqlara, qraflıqlar qəsəbələrə, qəsəbələr isə iri olduqları hallarda yerli bələdiyyələr bölünür ki, bunların hər birində idarəçilik seçkilərlə tənzimlənir.  Sakinlərlə onların idarəçiləri arasında sıx təmaslar mövcuddur.  Məsələn, mənim yaşadığım qəsəbədə təqribən 400 ailə yaşayır və həmin qəsəbənin idarəçiliyi ilə bağlı əksər məsələlərə yerli sakinlərin seçdiklıəri beş nəfərlik şəhər şurası və onların arasında ən çox səs toplayaraq mer olmuş adam baxır.  Qəsəbənin meri bizim evdən bir neçə addım aralıda yaşayır.  İnzibati məsələlərdə problem yarananda dərhal merlə görüşüb müzakirə edirəm. Bir neçə ay bundan öncə bələdiyyə seçkiləri ərəfəsində mer qapı-qapı düşüb yerli sakinlərlə görüşür və onlardan siyasi dəstək istəyirdi.  Yaxından tanıdığım mer bizim evə də gəlmişdi.  Söhbətləşdik, qəsəbənin gündəlik həyatı ilə bağlı bir sıra məsələləri müzakirə etdik.  Məsul rəsmi olaraq seçki ərəfəsində o öz borcunu yerinə yetirdi.  Seçki günü isə vətəndaş olaraq mən.  Məmnunam ki, həmin adam bu gün də qəsəbəmizin meridir.