Rəsmlər cəmiyyətin aynasıdır.  Bu fikri Vaşinqton Milli Qalereyasında “Kloveniersdoelenin İdarəçiləri” eyniadlı iki rəsm əsəri dolğunluqla əks etdirir.  1642 və 1655-ci illərdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər müşavirə otağını göstərir.  Govert Flinckin çəkdiyi birinci rəsmdə müşavirə stolu ətrafında oturmuş nurani baxışlı, nisbətən yaşlı, aristokratik etiketlərdən agah, haradasa qayğılı görünən idarəçilər təsvir olunur.  13 il sonra Bartolomey Van der Helstin əsərində idarəçilər gənc, enerjili, inam dolu gözlərlə əks olunur.  Hər iki rəsmin ümumi cəhəti idarəçilərin üzlərində dərhal sezilə bilən fəxarət hissi ilə səciyyələnir.  Onlar diskussiyalı hökumətin təmsilçiləridir və baxşlarında sivil məsuliyyət, peşəkarlıq, işgüzarlıq hiss olunur.  Bu iki portret, və başqa sənətkarların əsərləri, Respublikaçı Hollandiyanın ruhunu və bu ruhun təkamülünü göstərir.

Amerikalılar tez-tez ölkələrinin tarixdə ilk respublika olması ilə, və ən qocaman konstitutsiyaya sahib olmaları ilə qürrələnirlər.  Amma fakt budur ki, Amerikada monarxiya devrilməzdən az qala iki əsr əvvəl hollandlar, Aşağı Ərazilər (Niederlands) adlanan vilayətlər toplumunda özünü-idarəçiliyə nail olmuşdular.  1568-ci ildə İspaniya kralı II Filipin yüksək vergilərindən, protestanlara qarşı siyasətindən və mərkəzləşdirmə səylərindən cana doymuş hollandlar üsyana qalxdılar.  Oranlı Vilhelmin rəhbərliyi altında başlanan üsyan tarixə 80 illik müharibə kimi düşdü.  Amma hollandlar üçün istiqlaliyyətə qovuşmaq bundan xeyli az vaxt apardı.  1588-ci İspaniya müstəbidinə qarşı birləşmiş şəkildə mübarizə aparan yeddi vilayət zəfər çalaraq Respublika yaratdıqlarnı elan etdilər.  Qədim yunan və romalılardan bəri tarixdə ilk dəfə idi, toplum özünü-idarəetmə hüququ əldə etmişdi.  Monarxiyalar okeanında adaya çevrilən hollandlara demokratiya sülh bəxş edə bilməzdi.  Amma yeni siyasi quruluş Hollandiyanın həm siyasi, hə iqtisadi və həm də mədəniyyət sahəsində qızıl dövrünün əsasını qoydu.

Təsadüfi deyil, Milli Qalereyada 17-ci əsr Hollandiya rəssamlarının əl işləri üçün iri bir sərgi ayrılıb.  Burada  Rembrandtın rəsmləri ilə yanaşı nisbətən az tanınmış Frans Hals, Jan van Goyen, İsak Van Ostade, Piter de Hooch və Bartolomey Van der Helstin rəsmlərinə baxmaq olar.  Rəssamlar kimi, onların canlandırdıqları obrazlar da qeyri-adi dövranda yaşadıqlarından agah görünürlər.  Haarlem mülki qvardiyasının üzvünün narıncı qurşağı onun Hollandiyanın üç qvardiyasından birində mühüm rütbəyə sahib olduğunu  göstərir.  Albert Kuypun Dordrext limanını təsviri üçrəngli Hollandiya bayraqları ilə bəzənmiş saysız -hesabsız gəmiləri nümayiş etdirir.  Liman qaynayır.  Bu gəmilərin bəziləri hərbi, bəzilə isə ticari məqsəd daşıyır.  Tamaşaçıya verilən mesaj aydındır: Kiçik Hollandiya nəhəng dəniz qüdrətidir!  Çox keçməyəcək, britaniyalılar bu xırda milləti özlərinə örnək götürərək dünyanı fəth edəcəklər.

Sərginin heç də bütün eksponatları dövrün siyasi və dini reallıqlarını açıq göstərmir.  Natürmordlar, portretlər, təbiət, dəniz və janr səhnələrinin çoxunda zəmanənin mühüm olaylarından əlamət yoxdur.  Amma rəssamların əsaslandığı fəlsəfi baza həyatın siyasi, dini və iqtisadi sferalarına rəhbərlik edən adamların ideologiyaları ilə eynidir.  Bu ideologiya isə üç hissəyə bölünür: Pərvərdigarın əməli dünya boyu özünü büruzə verir; hərçənd ki, dünya fanidir, Allahın yaratdıqlarının heç biri o dərəcədə lüzumsuz deyil ki, onu canlandırmağa ehtiyac olmasın; və nəhayət – hollandlar qədim israillilər kimi seçilmiş millətdir və onların üzərində Allahın nəzəri var.  Etiqadca kalvinist olaraq hollandlar dərin mənəvi dəyərlərə sahib idilər.  Onlar həyatdan həzz almağı bacarsalar da nəfisə boyun əyməyin fəsadlarından agah idilər.  Bu əsərlərdə həyatın keçərliliyi vurğulanır amma eyni zamanda mötədilliyə, qızıl ortaya bir çağırış sezilir.  Belə görünür ki, holland rəssamlar artıq o vaxt 400 il sonra onların əl işlərinin insanlarda bu qədər maraq oyadacağının, onları düşündürəcəyinin fərqində idilər.