Cəmiyyətlər korrupsiyaya necə uğrayır? Bu suala cavab tapmaq üçün yüzlərlə kitab, pamflet, hesabatlar dərc olunub. İri nəzəriyyələr irəli sürülüb. İngilis mütəfəkkir Teodor Darlimplin Zimbabvedən paylaşdığı təəssüratlar isə bəlkə də korrupsiyanın mənbəyi haqda indiyədək oxuduğum ən orijinal müşahidədir.
Əvvəla, Darlimpli bir çox başqa mütəffəkkirlərdən fərqləndirən cəhət onun konkret (və faydalı) peşəyə sahib olmasıdır. Bir həkim olaraq dünyanı dolaşmış Darlimplin haqqında ciddi, maraq doğuracaq fikir səsləndirmədiyi mövzu az qala yoxdur. Konkret korrupsiyaya gəldikdə, İngiltərə vətəndaşı olaraq həkim kimi kolonial Zimbabvedə işləmiş Darlimpl Afrika cəmiyyətlərini bürüyən bəlanı ifrat sosial borc hissi ilə izah edir.
“Qonşuluqdakı Cənubi Afrikadan fərqli olaraq Rodeziyada (Zimbabvenin köhnə adı red.) eyni işi görən qaradərililərə və ağlara, irqi ierarxiya əsasında yox, bərabər miqdarda maaş verilirdi. Ona görə də qaradərili həkim elə mənim qədər maaş alırdı. Amma bizim həyat standartlarımız arasında daim bir uçurum var idi ki, mən bunu ilk əvvəl anlaya bilmirdim… Sonradan başa düşdüm ki, ağlar qədər maaş alan qaradərili həkimlər eyni güzəranı yaşaya bilmirdilər, çünki onlar bütöv bir nəslin maliyyə yükünü öz çiyinlərində daşımağa borclu idilər. Bu sosial borclar ən yaxın ailə üzvlərindən tutmuş, qohumlara, həmkəndlilərə, qəbiləyə üzvlərinə və bəzi hallarda bütöv bir vilayətə şamil olunurdu.”
Zimbabvedəki günlərini həyatının ən xoşbəxt anları adlandıran Dr. Darlimpl özünün aldğı biradamlıq maaşa kef çəkdiyi bir mühitdə afrikalı həkimlərin özlərini güclə dolandırmasını xatırlayır. “Onlar bizdən min dəfə çox maaş alsaydılar da bu həyat standartlarına çatmaq onlar üçün qeyri-mümkün olacaqdı; belə ki, onların sosial borcları imkanlarını xeyli üstələyirdi.”
Gün keçdi, il dolandı, zimbabvelilər Ian Smithin rəhbərliyi altında ağların irqçi diktaturasını devirdilər. Rodeziya əhalinin cüzi azlığını təşkil edən azlığın əsarətindən qurtuldu. Amma mövcud mədəniyyətin, klançılığın miras qoyduğu buxovlar gələcəyə olan ümidləri çilik-çilik elədi. Vaxtikən ağların sahib olduğu villalara köçən zimbabveliləri onların qohum-əqrəbaları müşayiət edirdi. Nəticə bundan ibarət idi ki, qısa bir müddətdə gözəgəlimli imarətlər çox sayda adamın cəmləşdiyi səfalət yuvalarına çevrildi. “Onlar hətta keçilərini də özləri ilə gətirirdilər və sizi inandırım, bir keçi bir günorta ərzində on illər boyu qurub yaradılan şeyi məhv edə bilər,” deyə Darlimpl tragi-komik vəziyyəti təsvir edir.
Darlimplin fikrincə eyni məntiqi mülki xidmətə, dövlət idarəçiliyinə şamil edəndə Zimbabvenin sonradan bərbad günə qalmasının trayektoriyası aydın olmağa başlayır. “Sosial borcların sıxlığı hakimiyyət rıçaqlarına yiyələnmiş zimbaveliləri əslində rüşvət almağa vadar edirdi. Bunu etməyənlər qohum-əqrəba qarşısında qınaq və tənqid mənbəyinə çevrilirdilər. Eyni vəzifəni icra edən başqa mədəni və sosial qurumun üzvləri üçün isə belə bir problem yox idi.” Əlbəttə, Darlimpl Zimbabvedə mövcud olmuş irqçi rejimə heç cür haqq qazandırmır. Onu qayğılandıran Zimbabvenin irqçi keçmişi deyil, vaxtikən Afrikanın çörək səbəti kimi tanınan bir məmləkəti məşəqqət girdabına çevirən sosial-mədəni amillərdir.