Psixoloq David McRaney son kitabında insanlar arasında geniş yayılmış amma qüsurlu düşüncələri təhlil edir. İnsan sosial varlıq olaraq daim kütlə psixologiyasına, həmyaşıd təzyiqlərinə boyun əyir. Amma əgər McRaney-nin dedikləri doğrudursa, onda aydın olur ki, insanın yaddaş dediyi şey əsasən uydurmalar toplumu, arqumentə verilən dəyər isə əslində onun müəllifinə verilən dəyərdən başqa bir şey deyil. Bir məclisdə düşünürsən ki, hamı sənin davranışını müşahidə edir? Yanlışdır. Əgər qeyri-adi bir hərəkət etməsən, sənin haqqında özündən başqa heç kim fikirləşmir.
Çoxlarına elə gəlir ki, yeni nəsə öyrənəndə, onlar yanlış olduqlarını anlayıb xətaya yol verdiklərini etiraf edirlər. Həqiqət isə budur ki, insanlar yenicə öyrəndikləri məlumat üzə çıxanda həmişə bunu bildiklərini yaxud buna inanmış olduqlarını güman edirlər. “Bilirdim ki, onlar uduzacaq.” “Elə ürəyimə dammışdı ki, belə olacaq.” “Mən bunu qabaqcadan görürdüm.” Bu ifadələri tez-tez eşidirik. Psixoloq McRaney hesab edir ki, insanlar öz yaddaşlarını redaktə edirlər ki, hadisə baş verəndə ozlərini kütbeyin hiss etməsinlər. “Siz yeni öyrəndiyinizi bilmək istədiyiniz kimi arzu edəndə, qısa zaman kəsiyində güman etməyə başlayırsınız ki, siz elə həmişə bunu bilirdiniz,” deyə müəllif bildirir. Burada qeyri-normal heç nə yoxdur. İnsanların 99 faizi bunu edir. Siz həmin çoxluqdan fərqli deyilsiz.
Əgər bilsəydiniz ki, sizə tərəf nəhəng qasırğa gəlir, nə edərdiniz? Əzizlərinizə zəng edərdinizmi? Dışarı çıxıb tufanın haradan gəldiyini müəyyən etməyə cəhd edərdinizmi? Təbii gələn cavab budur: “Əlbəttə, dərhal təhlükəsizlik tədbirləri görərdim.” Amma təəccüblüdür ki, insanların böyük əksəriyyəti həyati təhlükə ilə üzləşəndə olduqca sakit reaksiya verirlər. Psixoloqlar buna “neqativ panika” deyirlər. Fəlakətlər haqda çəkilən kinolar reallğı düzgün əks etdirmir. Fəlakətlə üzləşən adamlar əlləri göydə qışqıra-qışqıra qaçmırlar. 1977-ci ildə iki iri Boeing 747 markalı təyyarə toqquşdu. Təyyarələrdən birinin tavanı uşçmuşdu, və alov hələ bütün təyyarəni bürüməmişdi. Qaçmaq üçün kifayət qədər vaxt var idi. Amma çoxları donmuş halda təyyarə kabinəsində oturub nə baş verəcəyini gözləyirdilər. Paul Flek cəld tərpənərək oxşar şəkildə donmuş həyat yoldaşının əlindən tutub onu təyyarədən çıxardı. Yerdə qalanların çoxu isə həlak oldu. Psixoloqlar hesab edir ki, insan hərəkətə keçməzdən öncə beş əlavə mərhələni yaşamalıdır: təhlükəni tanımaq, qavrayış, anlamaq, qərar, və icra. İnsanların çoxu bu mərəhələri qısa vaxt kəsiyində adlaya bilmir. Özlərini çarəsiz hiss edən adamlar normal həyat qırıntılarından yapışmağa cəhd edirlər, özlərinə hər şeyin qaydasında olduğunu təlqin etməyə çalışırlar. Bu üzdən də həqiqi panika içərisində olan adamlara çox vaxt “sakit olun” deməyə ehtiyac qalmır. Onlar sakit qalırlar. Ölümcül təhlükə qarşısında.
Heç fikirləşmisiz ki, niyə görə iqlim yaxud biologiya üzrə elmi dərəcələri olan adamlar internetə çıxıb qlobal istiləşmə yaxud təkamül haqda debata girmirlər? Məsələ bundadır ki, insanlar bir mövzu haqda nə qədər az bilirlərsə, bir o qədər də həmin mövzu barədə bilməli çox şeyin olmadığına inanırlar. Bir sözlə, tam əminliklə ucadan mürəkkəb məsələ üzərində qəti mövqe sərgiləyən, israr edən adamlar adətən yanılmış olurlar. Mövzunun dərinliyinə və həqqi miqyasına bələd olan adamlar o üzdən bu növ höcətlərdən yayınmağa çalışırlar. 1999-cu ildə Justin Kruger və Devid Dunning Kornell Universitetində apardıqları psixoloji təcrübədə müəyyən etmişdilər ki, insanların böyük əksəriyyəti öz qabiliyyətlərini şişirtməyə meylli olur. İnsan biliyi nə qədər səthi olursa bir o qədər özünəarxayınlıq güclü olur və həmin adamlar əlavə bilik toplamağa, məşq etməyə ehtiyac duymurlar. O biri tərəfdən öz biliyinə qabiliyyətinə əmin olmayan adamlar bunlara yiyələnmək üçün daha çox səy göstərir və əslində gözləntilərdən xeyli yüksəkdə qərar tutmağa nail olurlar. Çarlz Darvinin təbirincə desək, “Özünəarxayınlığı çox zaman bilik yox, məlumatsızlıq doğurur.”