Aprelin üçüncü həftəsində Amerikada aparıcı səhm birjası sayılan NASDAQ-in indeksi rekord həddə yüksəldi. ABŞ dolları dünyanın ən güclü valyutası kimi mövqeyini sürətlə bərpa etməkdədir. Ölkədə işsizlik 5.5 faizə düşüb. Obama administrasiyası çox arzulayardı ki, iqtisadiyyatda baş verən irəliləyişlər yalnız prezidentin “uğurlu xarici və daxili siyasəti” ilə izah edilsin. Fakt isə budur ki, ABŞ-ın dirçəlişinin əsasında neft böyük önəm daşıyır. 2008-ci ildən bəri şist yataqlarının istismarına başlanması ilə Amerikada neft hasilatı elə bir səviyyəyə çatıb ki, ekspertlər yaxın zamanlarda Birləşmiş Ştatların OPEC ölkələrinin hasilatını üstələyəcəyini proqnozlaşdırır. Amerikada baş verənlər dünya siyasi düzəni üçün də fundamental dəyişikliklərə işarədir.
“Ötən əsr boyunca xam neft qiymətləri enib-qalxaraq bir çox millətlərin müqəddəratlarını müəyyən edib. Əksər hallarda bu həyat əhəmiyyətli məhsulun dəyişkən qiymətinə səhra ağaları nəzarət ediblər – o hökmdarlar ki, taxtlarının altından neft fontan vurmasaydı, heç bir gücə, nüfuza malik olmazdılar,” New York Times-ın yazarı Clifford Krauss müşahidə edir. “O saat əqrəbi indi neft qiymətlərini barreli 100 dollardan 45 dollara yelləyib və qarşıdan gələn aylarda neftin qiyməti bir qədər də ucuzlaşa bilər. Üzdə elə görünür ki, tarix təkrar olunur. Amma ortada böyük fərq var. Neft dünyasının ətalət mərkəzi Səudiyyə Ərəbistan qumlarından Texasda, Şimali Dakotadakı şist neft mədənlərinə – Kovboyistana köçməkdədir.”
Dönüş nöqtəsinin konkret tarixi də bəllidir. 27 noyabrda dünya neft bazarına nəzarət edən ölkələrin başlıca qurumu sayılan OPEC-in iclası gözlənildiyindən xeyli təlatümlü keçdi. Bütün iqtisadiyyatlarını neftə oturtmuş və neft ixracından gələn hər qəpiyə ehtiyac duyan İran və Venezuela həmkarlarını tarixin sınağından keçmiş üsula əl atmağa səslədilər – Hasilatı azaldın!
Keçmişdə hər dəfə neft ucuzlaşanda kartel hasilatı azaltmaqla təlabatı süni şəkildə artırır və bununla qiymətləri qaldırırdı. İntəhası bu dəfə Səudiyyə Ərəbistanı və körfəz dövlətlərinin reaksiyası başqa cür oldu. Onlar bildirdilər ki, hasilatı azaltmaqla yalnız bazardakı paylarını istədikləri miqdarda neft hasilatını artırmaq iqtidarında olan amerikalı istehsalçılara itirmiş olacaqlar.
Səudiyyəlilər haqlı idilər. Dövran artıq o dövran deyil. Bir vaxtlar qlobal neft qiymətlərini müəyyən edən təşkilatın qarşısında yeni bir qüvvə əmələ gəlib ki, sözün əsl mənasında daşdan neft çıxara bilir.
“Şist yataqları konvensional yataqlardan bir neçə cür fərqlənir. Əvvəla şist yataqları boldur, amma onları qazımaq bahadır, çünki quyular birinci ildən sonra 60-70 faiz tükənir. Bu isə o deməkdir ki, şirkətlər istehsal səviyyəsini saxlamaq üçün qazma işlərini davam etdirməlidirlər,” Krauss izah edir. “Bu, kiçik fərdi hasilatçılar üçün yaxşı olmaya bilər. Amma kollektiv olaraq bu imkan şist neft istehsalçılarına neft bazarındakı eniş-yoxuşlara cəld reaksiya vermək imkanı bəxş edir. ABŞ-da fəaliyyət göstərən neft istehsalçıları Səuddiyə Ərəbistanı yaxud istənilən OPEC ölkəsi kimi bazara uyğun olaraq öz hasilatlarını tənzimləyə bilirlər.”
“Bircə fərq ondadır ki, bizim fəaliyyətimizi azad bazar tənzimləyir,” deyə Amerika Petrol İnstitutunun baş icraçısı Jack Gerard bildirir. “İndi bir-biri ilə rəqabət aparan şirkətlərin başında dayanmış yüzlərlə biznesmen bir ovuc qüdrətli şeyxi əvəzləyəcvək… O texnoloji imkanlar ki, bizdə var, biz bazarı müəyyən edə biləcəyik.” Amerikanın qlobal neft bazarında istehlakçıdan istehsalçıya çevrilməsi həqiqətən xoş xəbərdir. Təkcə maşınlarına ucuz yanacaq dolduran amerikalılar üçün yox, həm də neft pulu hesabına varlanmış avtoritar rejimlərin daxili və xarici qurbanları üçün.
Səudiyyə Ərəbistanı Yəmənlə eyni yarımadada yerləşir. Nefti çıxmaq şərtilə əksər parametrlər üzrə səudiyyəlilər yəmənlilərlə eyni cizgiləri paylaşır. Amma milyardlarla barrel neft ehtiyatları birincini qlobal miqyasda qüdrətli söz sahibi, ikincisini isə çoxlarının xəritədə tapa bilmədikləri yoxsul səhra ölkəsi edir. 1940-cı illərdə neft kəşf olunandan bəri Səud ailəsinin ABŞ-la bağladığı strateji ittifaq Avro-Atlantik alyansın qara qızıla ehtiyacını, eyni zamanda kral ailəsinin yerə-göyə sığmayan cah-cəlalını təmin edib. Amma sonuncu dəfə üzərində “Made in Saudi Arabia” yazılmış hansı əşyanı görmüsünüz? Səudiyyə Ərəbistanı neftdən başqa dünya standartlarına cavab verən çox elə məhsul istehsal etmir. Onun səkkizinci əsr qaydaları üzrə dövləti idarə edən və öz radikal dini baxışlarını dünya boyu yayan hökmdarları buna heç lüzum da görmür.
Oxşar sözləri Vladimir Putin Rusiyası haqda da demək mümkündür. Senator John McCain bir çıxışında Rusiyanı yanacaqdoldurma məntəqəsinə oxşatmışdı. Əlbəttə, Rusiya dünyanın səkkiz vaxt zonasını əhat edən, özünəməxsus hərbi-siyasi-mədəni irsi olan nəhəng bir ölkədir. Amma o da bir faktdır ki, bütünlükdə iqtisadiyyatı təbii sərvətlərin istismarı əsasında qurulmuş Rusiyada sənaye istehsalı az qala Səudiyyə Ərəbistanı ilə eyni səviyyədədir. Yenə də həmin sual: Sonuncu dəfə üzərində “Made in Russia” yazılmış əşyanı nə vaxt görmüsünüz? Ucuz və aşağı keyfiyyətli hərbi texnikanı istisna etməklə, Rusiyanın sənaye potensialını nəinki təbii sərvətləri cüzi olan və ərazicə xeyli kiçik Yaponiya yaxud Almaniya, heç Cənubi Koreya ilə də müqayisə etmək olmaz.
Neft amilini çıxsaq, Rusiya, Venezuela, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrin qlobal arenada iqtisadi qüdrət olması üçün ciddi əsas yoxdur. Əslində elə hazırkı qüdrətin özü də ilğımdır. Ölkəni güclü edən başlıca amil onun torpaqlarının atlında neftin həcmi yox, onun üzərində gəzən insanlarının təhsili, bacarığı, rəqabətcilliyidir. Sosioloqlar buna “ölçülməz kapital” deyirlər. Əgər bu kapital varsa, onda ölçülü kapital haqda narahat olmağa, onun nə vaxt tükənib-tükənməyəcəyi üzərində baş sındırmağa dəyməz. O kapitalın yetişdirilməsi isə ömürlük liderlər, dəbdəbəli saraylar, hərbi ekspedisiyalar deyil, demokratiya, hüquqi dövlət və azad bazar tələb edir.