Ötən günlərdə Ukraynanın Odessa vilayətinə yeni qubernator təyin edilmiş Mixeil Saakaşvilinin regional ədliyyə orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirə sosial mediada ən çox paylaşılan videolardan oldu. İlk baxışdan müşavirədə unikal elə də bir şey yoxdur. Rəhbərin öz işçilərini masa arxasına toplayıb telekameralar qarşısında danlaması sabiq Sovet məkanında ənənə halını alıb. Əksər vaxtlarda bu müşavirələr xalqın gözündən pərdə asmaq, məmur özbaşınalığından cana doymuş adamların könlünü almaq məqsədi daşıyır. Amma bu müşavirə başqa idi. Odessa hökumət binasında çəkilmiş təqribən 10 dəqiqəlik video iki fundamental şəkildə fərqli idarəçilik baxışlarının toqquşmasını təcəssüm etdirirdi. Masanın başında “qulluqçu dövlət” fəlsəfəsinin görkəmli xadimi, ətrafda isə əsrlərdən miras qalmış “yırtıcı dövlət” anlayışının davamçıları yer almışdı. Bu çarpışmadan hansı tərəfin qalib çıxması təkcə Ukraynanın deyil, bütövlükdə sabiq Sovet məkanının müqəddaratına təsir göstərə bilər.
Qarşısında prokurorluq sənədlərindən ibarət bir qovluq qoymuş Saakaşvili iclasa sakit tərzdə başladı. Toplantının başlıca məqsədini prokurorluq işçilərinə açıqlayan sabiq Gürcüstan prezidenti regionda sahibkarlığın inkişafını sürətləndirmək üçün yollar aradığını bildirdi. “Bu günlərdə mən iqtisadiyyatın bərbad durumda olduğu Reni rayonunda oldum, orada insanlar acınacaqlı vəziyyətdə yaşayırlar. Bir yerli sahibkar orada Rumıniyaya bərə keçid qurub ki, bu da vilayətə gələn turistlərin sayını 5-6 dəfə çoxalda bilər. Məndə olan məlumata görə sizin orqanın işçiləri həmin adam məktub göndərərək gələcəkdə ona qarşı cinayət işi açılacağı təqdirdə bir sıra sənədlərin təqdimatını tələb ediblər. Sizin bundan xəbəriniz varmı?” deyə Saakaşvili üzünü vilayət prorkuroruna tutdu.
“Mənim konkret bu situasiyadan xəbərim yoxdur, amma prinsipcə bu məsələ prokurorluğun səlahiyyətlərinə daxildir,” deyə baş məmur sualı cavablandırmağa başlamışdı ki, rəhbər onun sözünü kəsdi: “Məgər prokurorluğun funksiyası odur ki, içəri ayaq basar-basmaz investoru qorxutsun? Mən investoram. Birinci addımı atan andan mənə dövlətdən gələn ilk şey yardım yox, dostluq yox, məktubdur ki, mənə deyir ki, bizə sənəd göndər ki, sabah səni həbsxanaya oturtmaq lazım gəlsə əlimizdə olsun. Buna reket deyirlər, mənim əzizim. Harada yazılıb ki, prokurorluğun funksiyası banditizmdir? Siz rüşvət almaq məqsədilə insanları terror edirsiniz. Bunun adı budur.”
Bu məqamda prokuror Sakkaşviliyə nəyisə izah etmək istədi. Amma yeni qubernatorun onu eşitməyə həvəsi yox idi. “Mən belə şeyləri çoxdan keçmişəm. Sizin bu binada rüşvətsiz heç nə verilmir. Bütün bu sənədlər, sorğuların bir məqsədi var – insanlardan rüşvət almaq. Mən belə prokurorları çox görmüşəm, sonra da onları həbsdə görmüşəm. Mən dözə bilmərəm ki, mənim rəhbərlik etdiyim vilayətdə dövlət məmurları reketlə məşğul olsunlar,” deyə Saakaşvili emosional şəkildə fikrinə davam etdi. “Bir tərəfdə qanunsuzluq, o biri tərəfdə mən. Bir tərəfdə Ukrayna, o biri tərəfdə banditlər. Seçiminizi edin! Mən burada həmişəki kimi biznes eləmək fikrində deyiləm. Mən orada o insanların gözlərini gördüm. Onlar az qala acından ölür. Amma siz reket və müxtəlif yollarla onlardan son tikələrini qoparırsınız.”
Söhbətin qızğın çağında hələ də mövcud praktikanı, iş metodikasını müdafiə etməyə çalışan pörokuror sabiq Sovet məkanında yaşamış çoxlarına tanış gələn bir ifadə işlətdi: “interesı derjavı” – yəni dövlətçilik maraqları. Bu söz Saakaşvilini az qala özündən çıxardı. “Dövlətin maraqlarını sən müəyyən etmirsən,” qubernator püskürdü. “Mənim üçün dövlətçiliyin maraqları investorun maraqlarıdır. Sənin maraqların dövlətçiliyin maraqları deyil. Dövlətçiliyin maraqları iş yerləri açmaq, biznesmenə şərait yaratmaq, ona xoş münasibət sərgiləməkdir. İş yeri yaratmaqdan mühüm hansı dövlətçilik marağı ola bilər?”
Sabiq Sovet məkanında tez-tez rast gəlinən “dövlətçilik” ifadəsinin avtoritarizmə və korrupsiyaya bəraət qazandırılması üçün istifadə edilməsi açıq sirrə çevrilib. “Statehood” yaxud “state” anlamına gələn bu ifadələrə Amerika siyasi leksikonunda nadir hallarda rast gəlinir, onda da adətən insanların şəxsi həyatına yersiz müdaxiləni əks etdirən mənfi mənada. Qərbdə heç bir siyasətçi dövlət haqda xalqdan ayrı bir məfhum kimi danışmır, dövlətin maraqlarını xalqın maraqlarından ayırmır. Prezident Barak Obamanın çıxışlarında tez-tez işlədilən ifadə “folks”, yəni “camaat”dır. Dövlətin funksiyası xalqa xidmət etməkdirsə, dövlətçiliyin xalqdan, onun rifahından ayrı hansı maraqları ola bilər? Və nəhayət dövləti idarə edən adamlar xalqa xidmət edirlərsə, dövlətlə xalq maraqlarını bir-birindən ayırmaq hansı məntiqə sığır? Amma Ukrayna kimi totalitar Sovet irsi ilə çarpışan məkanlarda bəzi məmurlar bu ifadə arxasına sığınıb, xalqın maraqlarına zidd fəaliyyət göstərməkdə problem görmürlər.
Yaxın Şərq üzrə qocaman amerikalı tarixçi Bernard Lewis bir vaxtlar müşahidə etmişdi ki, demokratiyalarda insanlar varlanıb hakimiyyətə gəlir, avtoritar rejimlərdə isə insanlar hakimiyyətə gəlib varlanırlar. Dövlət apparatından cəza mexanizmi kimi istifadə edilməsi dünyanın bir çox qeyri-demokratik bölgələrində dövlət məmurlarının ən varlı zümrəyə çevrilməsinə gətirib çıxarıb. Həmin ökələrdə varlılar biznes sahibləri yox, səlahiyyətli dövlət rəsmiləridir. Ölkədə qanun işləmirsə, yaxud qanunu icra etməli olan adamlar bu səalhiyyətlərdən sui-istifadə edib sərbəst ticarətə, istehsala mane olurlarsa, bu mexanizm şübhəsiz insanların rifahına mənfi təsir göstərir. Dövlət rəsmilərinin dəbdəbəli imarətlərdə yaşadığı ölkələrdə çoxluq daxmalarda yaşamağa məhkumdur. Rüşvətə, dövlət başında oturmuş adamların ciblərinin doldurulmasına sərf olunan vəsait potensial orta sinfin kisəsindən gedən puldur. Məhz bu səbəbdən əksər avtoritar ölkələrdə cəmiyyət iki ifrat qütbə – super-varlı və ac-yalavac yoxsullara bölünür.
Saakaşvili bu mexanizmi kökündən dəyişməyə çalışır. Onun nəzərdə tutduğu dövlət maşını sakinləri əzmək yox, onlara xidmət göstərmək funksiyası daşıyır. Belə bir dəyişiklik ilk baxışdan sadə görünür. Amma sabiq Sovet məkanında iflasa uğramış demokratik təcrübələrin sayını nəzərə alsaq, qarşıda duran vəzifə kifayət qədər mürəkkəb və çətindir. Rusiya və onun sabiq peyklərində bir çox insanlar demokratiyanı anarxiya, özbaşınalıqla eyniləşdirir. Boris Yelstin, Viktor Yuşçenko və başqa liderlərin timsalında keçmiş təcrübə onlara bunu deyir. Amma demokratiya qanunsuzluq yox, onun əksidir – qanun aliliyidir. Saakaşvilinin xalqa təqdim etmək istədiyi model işlək, dayanıqlı demokratiya modelidir – elə bir model ki, hər zaman mövcud olacaq sosial-iqtisadi problemlər, hakimiyyət dəyişikliyi, xarici təhlükə fövqündə çökməyəcək. Heç vaxt kamil olmayacaq və ola da bilməz. Ancaq imkanları çərçivəsində xalqa xidmət edə və özünü qoruyub saxlaya biləcək. Bunun üçünsə təkcə dövlət məmurlarını “business as usual” ifadəsinin mənasını dərk edən adamlarla əvəzləmək yox, cəmiyyətin şüurunu, idarəçiliyə baxışlarını dəyişmək tələb olunur. Bu dəyişiklik sözdə yox, əməldə, insanların rifah halının real yüksəlişində özünə haqq qazandırmalıdır. Buna nail olmaq üçün Saakaşvili fürsət pəncərəsinin dar, vaxtın az olduğunu dərk edir.
Aristotel tiraniyanı passiv vətəndaş mövqeyinin cəzası kimi qiymətləndirmişdi. Zülmün hüdudlarını məzlumun ona dözümü müəyyən edir. Gözlənti zülmdürsə, zalım labüd. Azad vətəndaşları qula çevirmək nə qədər çətindirsə, dövlətə ağa gözü ilə baxan toplumun təfəkkürünü dəyişmək bir o qədər çətindir. Bu günlərdə Anqlo-Amerika dünyası Maqna Karta adlı sənədin 800-cü ildönümünü qeyd edir. 1215-ci ildə Kral Cona qarşı üsyana qalxan aristokratlar onu müharibədə məğlub edərək, ona hakimiyyətinin hüdudlarını tanımağa məcbur edən saziş imzalatdırdılar. Həmin saziş bəşər tarixində ilk dəfə olaraq monarxı bütün başqaları kimi qanunlara tabe etdi və təəbələrin dəlilsiz həbsdən qorunmaq və mülkiyyət təhlükəsizliyi kimi bir sıra toxunulmaz hüquqlarını kağız üzərində əsaslandırdı. Maqna Karta ingilislərin azadlıq mücadiləsinin sonu yox, başlanğıc nöqtəsi idi – elə bir mücadilə ki, əsrlər keçdikdən sonra, 1783-cü ildə Amerikada Hüquqlar Bəyannaməsinin qəbuluna və daha sonra dünya miqyasında insan haqlarını qoruyan konvensiyaların təşəkkül tapmasına yol açdı. Amma günün sonunda o haqları tarixi sənədlər, müasir konvensiyalar, yaxud fəlsəfi traktatlar yox, konkret toplumlarda məsul vəzifələrdə çalışan liderlərin xalq sevgisi, onun rifah halını əngəlləyən düşüncəyə və həmin düşüncənin daşıyıcılarına qarşı gündəlik mübarizəsi himayə edir. Körpə Ukrayna demokratiyasının taleyi həmin iclasda dövlətçilik haqda nağıl danışan prokurorla insanları bu yırtıcı dövlətçilikdən qorumağa çalışan qubernator arasındakı qarşıdurmanın kimin xeyrinə nəticələnməsindən asılı olacaq. Maydan Hərəkatında və ondan sonra Rusiya təcavüzü qarşısında bunca itkilər vermiş toplumun bu çarpışmada seyrçi qalmağa haqqı yox.