“Hökumət qüvvələrinin Suriyanın cənub–qərbində üsyançıları məğlub etməsi ilə prezident Bəşar əl-Əsəd ölkənin əksər yerlərində nəzarəti bərpa edib. Hazırda onun hakimiyyətinə ciddi hərbi və diplomatik maneə gözə dəymir.” Lakin Washington Post qəzetinin təhlilçisi Liz Slayın yazdığına görə, Suriya müharibəsinin sonuncu mərhələsi eyni zamanda onun ən təhlükəli mərhələsi ola bilər. Belə ki, “ilk dəfə olaraq Suriya hökuməti və onun müttəfiqləri ölkədə mövcudluğunu təmin etmiş xarici qüvvələrlə ayaqlaşmalı olacaq.”
Əsədin son hərbi uğurlarına baxmayaraq, ölkənin az qala üçdə biri hələ də hökumətin nəzarətindən kənardadır. Suriyanın şimal-qərbində — əsasən, Hələb ətrafına və İdlib vilayətinə Türkiyə silahlı qüvvələri nəzarət edir, kürdlərin məskunlaşdığı ərazilərdə isə ABŞ xüsusi qüvvələri qərar tutublar.
“Bu arada hökumət qüvvələrinin nəzarət etdiyi ərazilərdə istehkamlanmış İran qüvvələri İsrail üçün ciddi narahatlıq mənbəyinə çevrilib.”
Bəzi təhlilçilər bu kombinasiyanın daha geniş konfliktə resept olacağından ehtiyat edir.
Çoxları Bəşar əl-Əsədə qahmar çıxmış və ona hakimiyyətini saxlamağa həyati yardım göstərmiş Rusiyanın proseslərə nəzarət edəcəyini güman edir. Lakin baş verə biləcək ssenarilərin Moskvanın nəzarətində qala biləcəyi sual doğurur.
“Rusiyanın əlində göründüyü qədər nəzarət rıçaqı yoxdur,” Dubayda qərargahlanan Riad Xavaci deyir. Onun fikrincə, rus diplomatiyası İsrailin İranın bölgədəki mövcudluğu ilə bağlı narahatlıqlarını aradan qaldırmaq iqtidarında deyil. Digər tərəfdənsə, Suriya müharibəsinə bu qədər pul və qan sərf etmiş İranın yaxın vaxtlarda ölkəni tərk etmək niyyəti yoxdur.
“İranın qoşunlarını Suriyadan çıxarmaqdan imtinası və İsrailin məhz buna israr etməsi o deməkdir ki, nə vaxtsa onlar toqquşacaqlar.”
Hazırda cənubda əl-ayaqları açılmış Suriya hökumət qüvvələri ölkənin uzun müddətdir ki, nəzarətdən çıxmış şimal bölgələrinə göndərilirlər. Ancaq bu addım özü-özlüyündə başqa problemlərə qapı açır.
Türkiyə İdlib vilayətində müşahidə postlarını gücləndirməkdədir. Əsədə qarşı etiraz dalğasının ən ilk günlərindən müxalifətin tərəfini tutmuş prezident Rəcəb Tayyib Ərdoğan aydın edib ki, İdlib ‘qırmızı xətt’-dir və bu bölgəyə hər hansı bir müdaxiləyə müqavimət göstərəcək.
Problem təkcə bununla bitmir.
“İdlib uğrunda döyüşlər bütün əvvəlki döyüşlərdən qat-qat ölümcül olacaq,” Liz Slay yazır. “Suriya qüvvələri başqa əraziləri tutarkən oradakı döyüşçülərə bu vilayətə evakuasiya etməyə imkan yaradılmışdı. Hazırda İdlibdə 70,000 döyüşçü cəmləşib ki, bunların çoxu Əl-Qaida ilə əlaqəli ekstremistlərdir.”
Suriyanın başqa vilayətlərindən qaçaraq sığınacaq üçün pənah gətirmiş 3 milyona yaxın daxili köçkün İdlibdə yurd salıb. Bu baxımdan, vilayətə hücum Türkiyə və Avropaya növbət qaçqın axınına təkan verə bilər.
Kreml hazırda İdlibdə dinc yolla hökumət qüvvələri ilə müaxlifət arasında anlaşma əldə olunmasına can atır. Siyasi dialoqa hədəflənmiş bir sıra təkliflər səsləndirilib.
“Suriya müxalifəti belə bir anlaşmanı nəzərdən keçirməyə hazırdır, ancaq o, bilmək istəyir ki, bunun müqabilində nə əldə edəcək,” deyə müxalifətə keçmiş sabiq Suriya diplomatı Bassam Barabəndi deyir.
“Sual budur,” o deyir. “Bədəl nədir və bizə nə düşür?”
“Ən azı indilik ABŞ-ın nəzarət etdiyi şimal-şərq əraziləri o dərəcədə problematik görünmür,” müəllif yazır. “ABŞ Prezidenti Donald Tramp aydın edib ki, o, xüsusi qüvvələrin Suriyada İŞİD-i məğlub etmək üçün nə qədər lazımdrısa, o qədər də qalmasını istəyir.”
ABŞ-a müttəfiq Suriya kürdləri hazırda muxtariyyat əldə etmək üçün rəsmi Dəməşqlə danışıqlara başlayıblar. Bu danışıqlar ABŞ qüvvələrinin köməyi ilə onların bir sıra ərazilərə nəzarəti bərpa etməsindən sonraya təsadüf edir.