2008-ci ildə iqtisadi böhran dərinləşəndə Maykl Saymanın 13 yaşı var idi. Onun valideynləri kiçik restoran işlədirdilər. Kütləvi yoxsullaşma müştərilərin sayını xeyli azaltmışdı. Biznesin borcu xərcini ödəmirdi.
Balaca Maykl Google-da video dərslərə baxaraq kompüter kodlaşmasını öyrənməyə başladı. Kodlaşdırdığı proqramları internetdə satmaqla gündəlik $100-200 qazanan Maykl ailəsinə yardım göstərirdi. Çox keçməmiş, Maykl ailənin bütün dolanışığının yükünü öz çiyinlərinə götürdü.
Bu gün Maykl Sayman milyonerdir. Google şirkətində məhsul meneceri vəzifəsinədək yüksəlmiş Sayman Silikon Vadisində gənc yaşlarda özünə uğurlu karyera quraraq ağlın, bacarığın yaşda deyil, başda olduğunu əməli qaydada sübuta yetirib.
Apple Applikasiya Mağazasında ən yüksək satış rəqəmlərini əldə edən “4 Snaps” adlı müftə oyun applikasiyası icad etdikdən az sonra Facebook şirkətinin banisi Mark Zukerberq Mayklla əlaqə saxladı. 17 yaşında Maykl Facebook şirkətində işləməyə başladı. Bir neçə il burada uğurla işlədikdən sonra 2017-ci ildə o, Google şirkətinə keçdi.
“Məni ən çox narahat edən odur ki, məni ‘vunderkind’ adlandıranlar elə bir təsəvvür yaradırlar ki, guya mən əlahiddə bir istedadla doğulmuşam. Halbuki mən internetin bəxş etdiyi imkanlardan istifadə etmişəm və vaxt keçdikcə öyrənmişəm,” Maykl Sayman deyir.
Onun sözlərinə görə uğurunun bünövrəsində istedad yox, səy və bir az da bəxt dayanır.
Mayklı həvəsləndirən başlıca amillərdən bir məhz ailəsinin maliyyə durumu olub.
“Ailəm o qədər pulsuzluqla üzləşirdi ki, bəzən işığın pulunu necə ödəyəcəyimizi bilmirdik. Buradan gəlir götürməyə bir ehtiyac yaranmışdı. Nəsə böyük bir şey etməli idim,” deyə Maykl uşaqlıq dövründə üzləşdiyi çətinliklərin onu erkən böyüməyə vadar etdiyini vurğulayır.
Bəlkə də elə bu səbəbdəndir ki, Maykl risklərə ehtiyatla yanaşır. Facebook-dan Googl-a atılma onun üçün asan qərar deyildi.
“Fikirləşdim ki, bu sıçrayışı edim və əgər alınmasa, bundan da nəsə öyrənərəm.”
İndi Maykl Google-da işləməyi sevir, hərçənd ki, onun orada konkret nə işlə məşğul olduğunu deməyə icazə verilmir.
“Deyərdim ki, bu, mənim həyatımın ən həyəcanlı fürsətlərindən biridir.”
Bəs o, həyatından razıdırmı?
“Mən həyatda spontan yanaşmaya üstünlük verirəm. Günbəgün yaşayıram. Bəzən kefimə Disneylanda getmək düşür. Onda hamını başıma yığı deyirəm “Getdik Diseynlanda” – problem deyil.”
Bütün uğurları ilə yanaşı Maykl təvazökarlıq hissini itirməyib.
“Məndən də ağıllı milyonlarla uşaq var. Məndən də yaxşı kodlaşdırırlar, dizayn edirlər, daha yaxşı mühəndisdirlər. Amma məndə olan onlarda yoxdur.”