“Axşam çağı bir qadın qonşumuzun bostanına girdi və soğanları dərməyə başladı. Tereşko qadının üstünə cumdu, yerə yıxdı və təpikləməyə başladı,” Petro Humenyuk xatırlayır. “Sonra o, qapı açarını qadının ağzına soxdu və onu çevirdi ki, bütün dişlərini qırsın və o qadın bir də yeyə bilməsin.”

Petro Humenyukun yuxarıda nəql etdiyi əhvalat onun Ukraynada cərəyan edən kütləvi aclıq zamanı şahidi olduğu dəhşətlərdən bəlkə də ən mülayimidir.

Hər il bu vaxtlar Ukrayna milləti sovet diktatoru İosif Stalinin rəhbərliyi altında 1932-33-cü ildə törədilən məşum soyqırım kampaniyasını anır. Dörd milyona yaxın insanın ölümü ilə nəticələnən süni aclıq Ukraynada “Holodomor” kimi tanınır.

Xarkovda sakinlər acından ölmüş adamın cəsədinin yanı ilə keçirlər. 1932.

Holodomor Araşdırmalar və Təhsil Konsorsiumu aclıq kampaniyasını sovet hakimiyyətinin siyasətinə müqavimət göstərən ukraynalı kəndlilərə qarşı hücumun kulminasiyası kimi qiymətləndirir.

“1920-ci illərin sonlarında sovet lideri İosif Stalin Ukraynanın mədəni muxtariyyatını əzmiş, minlərlə ukraynalı intellektuala və kilsə liderlərinə qarşı kütləvi həbs və edam kampaniyası həyata keçirmişdi,” hesabatda deyilir.

Ortada qalan yeganə qüvvə ukraynalı kəndlilər idi ki, Stalinin kolxozlaşdırmasına müqavimət göstərir, mal-mülklərini dövlətə peşkəş etməkdən boyun qaçırırdlılar.

Stalin həmin kəndliləri uydurma “kulak” kateqoriyasına daxil edərək, onların “sinfi düşmən” kimi məhv edilməsinə göstəriş vermişdi.

Əslində kulak kimi idi? Çox vaxt bu kateqoriyada təqiblərə məruz qalan adamlar bir cüt-iki heyvanı olan adamlar, özlərini güc-bəla ilə dolandıra bilən kəndililər olurdu.

Tüğyan edən aclığa baxmayaraq, sovet hökuməti zor gücünə kəndlilərdən taxıl yığmaqda davam edirdi. Proletar İnqilabı Kolxozundan “Qırmızı Qatar” adlanan araba kolxozun ilk məhsulunu daşıyıb aparır. Oleksiyivka, Xarkov. 1932.

Stalin həmin kəndliləri əzməklə bütün sovet cəmiyyətinə göz dağı vermək istəyirdi.

1931-ci ildə başlanan ilk beşillik plan Sovet İttifaqını sənayeləşdirməyə yönəlmişdi. Ancaq hər şeyin zor gücünə, tələm-tələsik, arbitrar hökmlər şəraitində beşillik planın icrası istisna təşkil etmirdi.

Stalinin planı bundan ibarət idi ki, xaricə taxıl sataraq sənayeləşdirməni maliyyələşdirmək üçün vacib olan qızıl valyuta əldə etsin. Kənd təsərrüfatı haqda elementar bilgiyə sahib olmayan kommunist liderin anlamında dövlətin idarəçiliyində olan iri təsərrüfatlar kiçik fermerlər tərəfindən sərbəst şəkildə idarə edilən təsərrüfatlardan daha faydalı olacaqdı.

Sovet rəhbərliyi insanların əkib-becərdiyi torpağın onların əlindən alınmasına necə reaksiya verəcəyini, bunun məhsuldarlığa necə təsir göstərəcəyini hesaba almamışdı. Onları xalqın güzəranı, rəyi yox, konkret nəticə maraqlandırırdı.

İnformasiya Blokadası – Ukraynanı dünyadan təcrid etmiş İosif Stalin kütləvi aclıq haqda məlumat yayılmasının qarşısını maksimum almağa çalışırdı. Sərt ölçülərə baxmayaraq Aleksandr Veynberqer kimi bəziləri Ukrayna kəndlərində yaşanan faciəni sənədləşdirməyə macal tapmışdı.

1932-ci ildə böhran dərinləşərkən yerli rəsmilər Moskvadan qoyulmuş taxıl kvotalarının azaldılmasını xahiş edəndə Stalinin cavabı gözlənilən dərəcədə qəddar və zora hesablanmış oldu. Əksinə – o, taxıl toplanmasının daha da intensivləşdirilməsinə göstəriş verdi.

“Taxıl planını yerinə yetirmək üçün sovet rəhbərliyi dəhşətli qanunlara, repressiv və cəzalandırıcı ölçülərə əl atdı. Stalinin əlaltılarının birbaşa rəhbərliyi altında regionlara xüsusi cəza dəstələri göndərildi ki, fermerlərin özləri üçün qoruyub saxladıqları məhsul da onların əlindən zorla alınsın.” Ərzaq kütləvi şəkildə onsuz da ac-yalavac adamlardan müsadirə olunurdu.

1933-cü ilin qışında aclıq pik nöqtəsinə çatdı. Gündə minlərlə adam, ələlxüsus aclığa davamı olmayan körpə və uşaqlar tələf olurdu. Çoxları hər vəchlə ölüm ruhunun çokdüyü elləri tərk etməyə çalışırdı. Buna cavab olaraq 22 yanvarda sovet rəhbərliyi aclıqdan əziyyət çəkən milyonlarla adama Ukrayna ərazisini tərk etməyi rəsmən qadağan etdi.

Amerika mətbuatı imkan daxilində Ukraynadakı faciəni işıqlandırmağa çalışırdı. Bu işdə Şimali Amerikada məskunlaşmış Ukrayna icması önəmli rol oynayırdı.

İlin sonunadək Ukraynada toplam dörd milyon adam – iki il ərzində hər gün minimum 5,000 insan – acından ölmüşdü.

BMT soyqırım konvensiyasının atası sayılan Rafael Lemkin Stalinin Ukraynada yürütdüyü siyasəti  “sovet soyqırımının klassik nümunəsi” adlandırıb. 1988-ci ildə Ukrayanadakı aclığı araşdırmaq həvalə olunduğu ABŞ Konqresinin xüsusi komissiyasının qənaəti də eynidir: “ İosif Stalin və onun yaxın ətrafı 1932-33-cü illərdə ukraynalılara qarşı genosid törədib.”

Stalinin kollektivizasiya kampaniyası çərçivəsində başlanan süni aclıq Sovet İttifaqının başqa regionlarından da, ələlxüsus Volqa, Qafqaz və Orta Asiyadan təsirsiz ötüşməmişdi. Ancaq məhz Sovet İttifaqının “çörək zənbili” sayılan məkanda bu qədər adamın aclıqdan qırılması Kremldə qərargahlanan dövlətin öz vətəndaşlarına ifrat dərəcədə amansız, qeyri-insani rəftarının mühüm göstəricisi idi.

Ukrayna Prezidenti Petro Poroşenko və xanımı Marina Holodomor qurbanlarına ucaldılmış abidə önündə baş əyirlər. Kyiv, Ukrayna. 22 noyabr, 2014.

Bu günlərdə ərazi bütövlüyü və müstəqilliyi uğrunda təcavüzkar şərq qonşusu ilə çarpışan ukraynalılar üçün Holodomor xüsusi əhəmiyyət kəsb edir.  Hökumətin xalqla hesablaşmadığı digər sabiq sovet respublikaları üçün də həmin dövrün dərsləri qüvvədə qalır.

Amerikalı yazar Uilyam Faulkner dediyi kimi, “keçmiş heç vaxt ölməyib – o, heç keçmiş də deyil.”