“Bir cəsarətli adam çoxluq deməkdir,” ABŞ-ın məşhur prezidenti Endryu Cəkson demişdi. Əlbəttə, 1812-1814 müharibəsi zamanı ingilis ordusu üzərində yeganə qələbə çalmış generaldan bu cür deyim gözləniləndir. Eyni zamanda, bu günlərdə ABŞ senatında baş vermiş maraqlı olay göstərir ki, Cəkson kimi liderlərin Amerika uğrunda göstərdikləri şücayət ruhu hələ də sağdır. Hərbi dronların ABŞ vətəndaşlarına qarşı istifadəsinə etiraz edən və bu etirazını 13 saat senat kürsüsündə qanunvericilik prosesini filibaster (əngəlləmə) edən senator Rand Paul sübut etdi ki, Amerika vətəndaşlarının azadlıqları daimi sayıqlıq tələb edir və lazımi məqamda bu azadlıqları qoruyan adamlar meydana çıxır.
Martın 6-da Demokratlar prezident Barak Obamanın Mərkəzi Kəşfiyyat Agentliyinə rəhbər kimi nominasiya etdiyi Con Brennanın namizədliyini təsdiq etməyi planlaşdırırdılar. Brennanı həm Demokratlar həm də Respublikaçıların əksəriyyəti dəstəkləyirdi. Amma səsverməyə bir az qalmış Kentaki ştatından yenicə seçilmiş senator Rand Paul kürsüyə qalxdı və nominasiyanı filibaster edəcəyini dedi. Filibaster Amerika parlamentar təcrübəsində nadir hallarda işlənilən taktikadır ki, bu da qarşı tərəfin hansısa ölçünü qəbul etdirməsini əngəlləmək yaxud vaxtı uzatmaq mahiyyəti daşıyır. “Ta danışa bildiyim vaxtadək danışacağam,” deyə senator Paul elan etdi və sözünün üstündə durdu.
“Söhbət Brennandan yox, administrasiyanın müharibəni necə aparmasından gedirdi,” deyə Washington Examiner qəzetinin köşə yazarı Timothy Carney yazır. “Prezident Obama pilotsuz təyyarələrdən istifadə edərək Yəməndə ABŞ vətəndaşı olan və sonradan Əl-Qaidaya daxil olmuş Ənvər əl-Əvlakinin edam olunmasına fərman verdi. Obamanın dronları ayrıca olaraq əl-Əvlakinin 16 yaşlı oğlunu da öldürdülər ki, o da həmçinin ABŞ vətəndaşı idi.”
İlk baxışdan baş verənlər normal görünə bilər. Əl-Qaida Amerikanın qatı düşmənidir və bu təşkilatın üzvlərini məhv etmək müharibə qaydalarına uyğundur. İntəhası, burada iki böyük problem var. Nə Əvlaki, nə də onun oğlu döyüş meydanında yox, kafedə oturduqları zaman vurulublar. ABŞ konstitutsiyası aydın şəkildə bildirir ki, hökumət Amerika vətəndaşlarını məhkəməsiz həyatdan məhrum edə bilməz. Senator Rand Paulu mötəbər məclisin işini 13 saat dayandırmağa məcbur edən fakt da budur. “Paul Brennanın nominasiyasını əngəlləməkdə məqsəd Ağ Evi elə bir şeyə etiraf etdirmək idi ki, onu heç bir Ağ Ev könüllü şəkildə etiraf etmək istəməz: hökumətin səlahiyyətlərinə bir limit var – konkret bu məsələdə mühakimə olunmamış amerikalıları öldürmək səlahiyyəti.”
Siyasətdə, ələlxüsus demokratik dövlətlərin siyasətində, qanunvericilərin üzərində normaya uyğunlaşmağa, çoxluqla ayaqlaşmağa böyük təzyiq var. Rand Paulun öz partiyadaşları İslam ekstremizminə qarşı mübarizədə əksər metodlardan istifadə olunmasına tərəfdardırlar. Amma Rand Paulu qayğılandıran mağara təfəkkürlü cihadçılar yox, Amerikanı daxildən çürüdə biləcək ətalət, etinasızlıq, tənbəllik, qeyri-mübarizlikdir. Rand Paul kimi adamların əməllərinə baxanda cəmiyyətin, azadlıqların məhz təzyiqə boyun əyməyən azlığın – bir nəfərin – üzərində dayandığı aydın sezilir. Həmin bu bir nəfərlər tarixdə çox şeyi dəyişiblər. Onlardan biri də Amerikanın qurucu babası Benjamin Franklin idi ki, vaxtikən onun səsləndirdiyi bir fikir hazırkı dron debatına uyğun gəlir: “O cəmiyyət ki, azacıq təhlükəsizlik əldə etmək üçün azadlığını qurban verməyə hazırdır, onun nə azadlığı olacaq, nə də təhlükəsizliyi.”