Bu günlərdə Amerikanın tənəzzüldə olduğuna dair həm xaricdə, həm də Birləşmiş Ştatların daxilində söz-söhbət dolaşır. Bəziləri Çinin qalxmaqda olduğunu əsas gətirərək ətalət mərkəzinin artıq Asiyaya keçdiyini deyir, yaşlı amerikalılar gənc nəslin intizamsızlığından, qeyri-işgüzarlığından gileylənirlər. Tarixçi Victor Davis Hanson isə bədbinliyə ciddi əsas görmür.
“Bütün dünya gözünü səhərə IPhone-la açır, Facebook-da dostlarla yazışır, Amazon.com-da bazarlıq edir, Google-da araşdırma aparır və Microsoft Word-də fikirlərini yazır. Niyə bu ixtiraların heç biri Yaponiyada, Çində yaxud Almaniyada baş verməyib? Hər halda bunlar hamısı varlı sənaye ölkələridir ki, yüksək savadlı, işgüzar əhalilərə malikdirlər. Cavab: Çünki bu cür ölkələrdə Jeff Bezos, Bill Gates, Steve Jobs kimi adamlara həyatda müvəffəq olmaq üçün imkanlı valdeynlərə malik olmaq, müəyyən yaş həddi, ailə əlaqələri, yaxud vəzifəli bir tanış lazım gələrdi.”
Yaranmasından üç əsr keçməsinə bamxayaraq Amerika tarixdə ən meritokratik millət sayıla bilər. Meritokratiya deyəndə insanların sahib olduqları bacarıq və biliyə əsasən həyatda müvəffəq olmasından söhbət gedir. Toplum istedadlı insanlarını nə qədər irəli ötürə bilirsə, bir o qədər də uğur qazanır. Amerikada bu ənənənin əsası, dövləti quran qeyri-zadəganlar tərəfindən qoyulub. Benjamin Franklin kimi adam köhnə vətəni İngiltərədə yəqin ki, varlı zümrənin övladlarına xidmət göstərməklə həyatını başa vurardı. Amma Amerikada o, görkəmli ixtiraçı, varlı biznesmen, naşir və nəhayət dövlət qurucusuna çevrildi.
21-ci əsrdə monarxiyaların çoxu tarixin arxivinə qovuşub. Amma Amerikanı başqa millətlərdən ayıran fundamental fərqlər hələ də qalmaqdadır. “Hindistanın kasta sistemindən; Avropanın sinfi çəpərlərindən; Çin, Yaponiya və Koreyanın irqi homogenliyindən; Afrikanın traybalizmindən və Yaxın Şərqin dini diktatından fərqli olaraq Amerikada SƏN yeni ideya, ixtira ilə çıxış edə bilərsən və bu ideya onu irəli sürən adamın keçmişi, ləhcəsi, irqi, yaşı, cinsi və ya dini mənsubiyyətinə məhəl qoyulmadan dəyərləndiriləcək.” Kapitalist Amerikada bizneslər təklifləri yalnız bir kriteriyaya əsasən qiymətləndirilər: pul qazandıracaq yoxsa yox? “Naşirlər o müəllifin yazısını istəyirlər ki, onu milyonlarla adam oxumağa can atsın. Populyar mədəniyyət çoxluğun istəklərini əks etdirir. Sonda bu, millətin var dövlətinin və qüdrətinin artmasına gətirib çıxarır.”
Barak Obamanın prezident seçildiyi Amerikanı bir anlığa Çin yaxud Yaponiya ilə müqayisə edin: Təsəvvür edin ki, yapon əsilli kimsə Çində Kommunist parityasının zirvəsinə qalxır. Yaxud da əksinə – çin mənşəli son dərəcə istedadlı biznesmen Toyota yaxud Honda şirkətinə rəhbər təyin olunur. Yaxud, təsəvvür edin ki, böyük dühaya malik ağ xorvatiyalı Sudanın prezidenti olur… Hələ Sudanı kənara qoyaq. Ola bilərmi ki, liberal demokratiyalar olan Almaniya yaxud Meksikada qaradərili adam dövlət başçısı olsun? “Müasir Misirdə xristian yaxud yəhudinin dövlət başçısı, eləcə də buddist adamın İran hərbi qüvvələrinə komandan olmasını ağla gətirmək mümkün deyil. Yaxın gələcəkdə biznes məktəbini qurtarmış qadının Səudiyyə Ərəbistanında milli neft şirkətinə rəhbər olacağını da gözləməyin,” deyə Hanson arqumentini əyani hipotezislərlə izah edir.
Bura Amerikadır – o Amerika ki, afro-amerikalı Oprah Winfrey tok şou janrını icad edərək nəhəng media imperiyası qurur. Nebraskada yaşayan Warren Buffett Nyu Yorkun Wall Street-ini kölgədə qoyur. Balaca dükan sahibi olan Sam Walton (Walmart şirkətinin banisi) planetin prakəndə satış biznes qaydalarını dəyişir. Rusiyadan gəlmiş mühacir Sergey Brin Google-u təsis edir. “Amerikanın əlahiddə statusununun sonu onda çatmayacaq ki, bizim neftimiz, taxılımız, və ya kompüterlərimiz qurtaracaq. Bu məqam onda yetişəcək ki, biz fərdin azadlığına son qoyacağıq – istər pis istərsə də yaxşı məramlarla. O vaxt ki, biz insanları öz nailiyyətlərinə görə deyil, ad, sinif, irq, cins və dinlərinə görə mühakimə edəcəyik – onda biz də dünyanın yerdə qalan hissələri kimi olacağıq,” deyə Victor Davis Hanson həmvətənlərinə xəbərdarlıq edir.