Bu günlərdə vəfat etmiş Britaniyanın sabiq baş naziri Marqaret Tetçer sabiq Sovet cəmiyyətinin sakinləri arasında SSRİ-nin dağılmasında mühüm rol oynamış bir adam kimi tanınır. Elə “Dəmir Ledi” ifadəsini ərsəyə gətirən də xanım Tetçerin kommunizmə qarşı barışmaz mövqeyini ifadə etməyə çalışan Sovet jurnalistləri olub. Amma Marqaret Tetçer təkcə Soyuq Müharibə dönəminin fiquru kimi deyil, həm də dünya tarixində ən effektiv qadın hökmdarlardan biri kimi irs qoyub. Bu mənada Marqaret Tetçer 16-cı əsrdə Britaniyanı qüdrətli imperiyaya çevirmiş I Elizabeti xatırladır.
1980-ci illərin əvvəllərində Tetçerin hakimiyyəti ərəfəsində Britaniya iqtisadiyyatı bərbad durumda idi. Onilliklərin etatist siyasətləri, mütəmadi hal almış əməkçi tətilləri və ümumi özbaşınalıq bir çoxlarında belə bir təəssürat yaratmışdı ki, Britaniyanın ən yaxşı günləri arxada qalıb. Konformizmi rədd edən Tetçer hesab edirdi ki, gəmiçilik, maşınqayırma, mətbuat və hətta zibilyığan fəhlələrin davamlı tətilləri və günbəgün artan tələbləri təkcə iqtisadiyyatı yox, demokratik idarəçiliyin özünü təhlükə altına qoyur. Dövlətin məhsuldar zümrənin hesabına başqalarını havayı ev və başqa imtiyazlarala təmin etməsinə etiraz edən Marqaret Tetçer inanırdı ki, iqtisadi uğurun formulu azad bazardır – insanların öz əmək və qabiliyyətlərinə uyğun mükafatlandırılması həm işgüzar adamların həm də cəmiyyətin rifahına xidmət edəcək. Eyni düşüncədən çıxış edərək Tetçer pul itirən sənayeləri dotasiyalaşdırmaqdan imtina etdi. Qısa zaman kəsiyində daş kömür, polad, nəqliyyat və başqa iri sektorları özəlləşdirdi.
Marqaret Tetçer öz dəmir iradəsini təkcə iqtsadi siyasətdə deyil, başqa sahələrdə də nümayiş etdirdi. 1982-ci ildə Argentinada hakimiyyətə gələn xunta Britaniyaya məxsusu Folklənd adalarını işğal etdi. Əksər britaniyalılar və siyasi elita dünyanın o tayında yerləşən bir ərazinin itirilməsinə etinasız yanaşdıqları halda Marqaret Tetçer fərqli kurs götürdü. Argentinanın təcavüzünə hərbi qüvvə ilə cavab verən Tetçer düşməni darmadağın etdi. Argentina üzərində qələbə özünəinamı itirmiş Britaniya cəmiyyəti üçün həm də ruhlandırıcı mahiyyət daşıyırdı. Dəmir Ledinin terrora üz tutmuş İrlandiya Respublikaçılar Ordusu ilə rəftarı da eyni dərəcə barışmaz idi. Cəld və qəti tədbirlərlə Tetçer aydın etdi ki, o bir ovuc terrorçuya Britaniya idarəçiliyini çoxluğun iradəsinə zidd olaraq Şimali İrlandiyadan sıxışdırmağa imkan verməyəcək. Nəhayət, bu həmin Tetçer idi ki, 1990-cı ildə Səddam Hüseyn Küveyti işğal edəndə müharibəni götür-qoy edən ABŞ prezidenti ata Corc Buşa “müvazinətini itirmə, möhkəm get!” demişdi.
“Tetçer 1979-cu ildə hakimiyyətə gələndə çoxu Britaniyanın labüd tənəzzülə yuvarlandığını güman edirdi. Tetçer bu ideyanı büsbütün rədd edirdi və onun yanlış olduğunu sübuta yetirdi. Bir çoxları buna görə onu heç vaxt bağışlamadılar” deyə köşə yazarı Michael Barone müşahidə edir. Barone-un sözlərinə görə Tetçerə bu ögey münasibətin əsasında həm də bitaniyalının öz ölkəsini Avropa Birliyinin bir çox fəaliyyətlərindən uzaq saxlaması idi. “Bütün qitə boyu elitalar Avropa Birliyinə növbəti müharibənin qarşısını alacaq qurum kimi baxırdılar. Amerika elitası güman edirdi ki, Birləşmiş Avropa Dövlətləri ABŞ kimi xeyirxah bir siyasi təsisat olacaq. Tetçer isə bu fikirlə razılaşmırdı. O, inanırdı ki, milli dövlət toplumun özünü-idarəçiliyinin ən optimal ifadəsidir. Onun fikrincə vahid Avropa pul vahidi müxtəlif millətlərin, fərqli iqtisadiyyatların və mədəniyyətlərin mövcud olduğu qitədə işləyə bilməz.”