“Hərçənd ki, xərçəng xəstəliyi hər adamı tuta bilər – gənc ya qoca, xəstə ya sağlam – müasir dönəmdə risk faktoru haqda müəyyən məlumatımız var. Məsələn, indi bilirik ki, genetik faktorlar və həyat tərzi xərçəng riskini artırıb azalda bilər. Amma Johns Hopkins Universitetinin yeni araşdırmasının müəllifləri israr edirlər ki, əksər hallarda xərçəng bəxt məsələsidir,” Jenna Birch yazır. Alimlərin apardıqları elmi tədqiqat aşkar edib ki, bir çox xərçəng formaları üçün qabaqlayıcı tədbirlərin heç bir mənası olmur. Erkən diaqnozu və mükəmməl müalicə şəratini çıxmaq şərtilə xərçəngin qarşısını alacaq qüvvə cüzidir.
Çoxlarına dəhşətli görünən xərçəng mikrobdan, virusdan yaxud bakteriyadan doğan azar deyil – insanın öz bədənindəki bir hüceyrənin anormal çoxalmasının doğurduğu azardır. Bu çoxalma mutasiyaların – spesifik genləri hüdudsuz çoxalmağa sövq edən DNK-dakı dəyişikliyin nəticəsidir. “Xəstəliklərin İmperatoru” kitabında Siddharta Muxerci azarı belə təsvir edir: “Normal hüceyrədə qüdrətli genetik dövriyyələr hüceyrə bölünnməsini və hüceyrənin ölümünü tənzimləyir. Xərçəng hüceyrəsində isə bu dövriyyələr xarab olur və nəticədə hüceyrə dayanmadan artmağa başlayır… Çox adam qəribə gəlir ki, bu qorxulu və çoxüzlü xəstəliyin arxasında hüdudsuz hüceyrə artımı dayanır. Hüceyrə bölünməsi orqanizmin böyüməsində, uyğunlaşmasında, sağalmasında və dirçəlməsində – bir sözlə, yaşamasında fundamental rol oynayır. Təhrif olunmuş və nəzarətdən çıxmış xərçəng hüceyrəsi isə bizim həyatımız hesabına böyüyür, çiçəklənir, uyğunlaşır, sağalır və dirçəlir. Xərçəng hüceyrələri daha sürətlə artır və daha yaxşı uyğunlaşırlar. Onlar bizim varlığımızın kamil variantlarıdır.”
Elə xərçənglərin müalicəsini olduqca çətinləşdirən faktor məhz onların varlığın kamil variantı olmasndan irəli gəlir. Hər dəfə elm xərçəng hüceyrəsinə qarşı yeni mübarizə üsulu tapanda, hüceyrə bu ölçüyə insan orqanizmindən daha cəld, daha effektiv uyğunlaşır. İnsan orqanizmi kimi onun başlıca amalı yaşamaq və artmaqdır. Johns Hopkins Universiteti alimlərini maraqlandıran da xərçəng hüceyrəsinin artması prosesidir ki bu, ilk növbədə xəstəliyin yaranmasının arxasında dayanan müəmmaya aydınlıq gətirir. Bu məqsədlə onların 31 müxtəlif artım prosesini nəzərdən keçirməsi xərçəngin yaranma insidenti ilə hüceyrənin replikativ (artan) ehtimal əmsalı arasındakı nisbət haqda meydana maraqlı mənzərə çıxarıb. “Alimlər müəyyən ediblər ki, xərçəng hallarının üçdə ikisi (65 faizi) sırf replikativ şansa – el dilində desək, qara bəxtə əsaslanır,” Birch yazır. Ətraflı araşdırılan 31 xərçəngdən 22-ndə alimlər xərçəngə rəvac vermiş olacaq genetik yaxud mühit faktorları aşkar etməyiblər. Onların rəyincə, əksər hallarda insan hüceyrələri təsadüf nəticəsində replikativ bölünməyə və bədxassəli artıma başlayıblar.
Qeyd olunmalıdır ki, bu araşdırmada döş və prostat xərçəngi nəzərdən keçirilməyib, hərçənd ki, bunlar insanlar arasında ən geni yayılmış xərçəng növləridir. Bundan əlavə ətraf mühit və gen faktorlarının istisna edilməsinin nə dərəcədə elmi baxımdan səhih olduğuna dair ciddi şübhələr qalmaqdadır. Tibb elminə məlumdur ki, siqaret çəkmək bir çox hallarda ağ ciyər xərçənginə, günəş şüalarına davamlı qaydada məruz qalmaq isə dəri xərçənginə yol açır. “Bu analizlər sadəcə göstərir ki, sağlam həyat tərzi heç də hamını xərçəngdən sığortalamır, deyə onkoloq Kristian Tomasetti müşahidə edir. “Amma bütün hallarda ikinci qabaqlayıcı tədbir kimi erkən diaqnoz olduqca mühümdür.”
“Bu araşdırmalara başqa cür də baxmaq olar,” deyə Tomasetti bildirir. “Bir tərəfdən bu fərdi səviyyədə insanın riskli həyat tərzindən uzaqlaşmasının vacibliyini göstərir. Əgər mənim validyenlərim bütün ömrü boyu siqaret çəkiblərsə və ağ ciyər xərçənginə tutulmayıblarsa, bu ona görə deyil ki, onların sağlam genləri olub; xeyr, sadəcə bəxtləri gətirib. Belə halda mən siqaret çəkməklə təhlükəli oyun oynamış olaram.” Araşdırmalardan belə çıxır ki, bəzilərimiz üçün həyat doğrudan da rus ruletinə bənzəyir. Amma bütün hallarda ekspertlər revolverinə patron qoyulmuş naqanı gicgaha sıxmağı tövsiyə etmirlər.