Əksər xaricilərin nəzərində 1861-65-ci illər arasında ABŞ-da savaşılan Vətəndaş Müharibəsinin əhəmiyyəti quldarlığın ləğvi ilə səciyyələnir. 19-cu əsrin sonlarında qaradərililəri qul kimi saxlayıb işlətməyə israr edən bir neçə cənub ştatı qiyam qaldıraraq ABŞ-dan ayrılmağa qərar verdi. Prezident Abraham Linkolnun rəhbərliyi altında bir araya gələn və quldarlığın mövcud olmadığı şimal ştatları ittifaqı qorumaq üçün hərbi münaqişəyə girdilər. Dörd il sürən və Amerika tarixində ən qanlı müharibənin ardınca özlərini Konfederasiya adlandıran cənub ştatları toplumu təslim oldu və Amerikada quldarlıq birdəfəlik ləğv olundu. Tarixçi Don Doylun qənaətinə görə bu müharibə təkcə quldarlığın mövcudluğunu deyil, dünyada ilk demokratik təcrübənin, respublika ideyasının taleyini həll edirdi. ABŞ-ın parçalanması güman ki, dəyişən dünyada quldarlığın davamiyyətini uzun müddətə təmin etməyəcəkdi, lakin dünya xalqlarına göstərəcəkdi ki, demokratiya, özünü-idarəçilik ideyası iflasa məhkumdur.
“Vətəndaş Müharibəsinin qızğın çağında Kubadakı qullar “Avanza Lincoln, avanza! Tu eres nuestra esperanza! (İrəli, Linkoln, irəli! Sən bizim ümidimizsən!) deyə oxuyurdlar. Sanki onlar uzaq şimalda vuruşan əsgərlərdən və siyasətçilərdən daha yaxşı anayırdılar ki, Amerikadakı müharibə onların həyatlarını, bütün dünyanı dəyişəcək,” Don Doyle yazır. “Əgər quldarlığın movcudluğuna icazə verilsəydi və dünyanın aparıcı demokratiyası bu səbəbdən parçalansaydı, onda azadlığa inamın taleyi necə olacaqdı?” Həmin vaxt Amerikadakı müharibəni rəsmən seyr etmək üçün Fransa və Britaniya hərbi gəmilər göndərmişdi. Fransız və ingilis müşahidəçiləri New York Times qəzetinin “Malakoff” ləğəbli müxbiri “Möhtəşəm Respublikanın dəfnində” iştirak etməyə gəlmiş qonaqlara bənzədirdi.
1861-ci ilin dünyası bir ovuc dövləti çıxmaq şərtilə monarxiyalar dünyası idi. Az qala heç yerdə insanlar Amerikada olduğu kimi öz hökumətlərini mütəmadi şəkildə seçmir, idarəçilərini özləri müəyyən etmirdilər. ABŞ ideya kimi bir eksperiment idi – elə bir eksperiment ki, avtokratik idarəçiliyi təşviq edən rejimlər onun sadəcə varlığına öz hakimiyyətlərinə təhlükə mənbəyi kimi baxırdılar. 1861-ci ildə ABŞ Vətəndaş Mühiarbəsinin ilk atəş sədalarından altı ay sonra Fransa, İspaniya və Britaniya siyasiləri Londonda bir araya gələrək Meksikanın zəbtini planlaşdırmağa başladılar. İspaniya və Britaniya sonradan bu fikirdən vaz keçdi, lakin İmperator III Napoleon ABŞ-ın cənubunda yerləşən iri bir dövləti Fransanın əlaltısına çevirməkdə əzmli idi.
“Avropada mühafizəkarlar ‘bir vaxtlar ABŞ adlanan dövlətin’ parçalanmasını sevinclə qarşılayırdılar. Onların fikrincə Fransa İnqilabından başlayaraq Avropada siyasi təlatümlərlə müşayiət olunan respublikaçı çibanın partlamasının vaxtı çoxdan çatmışdı. 1848-ci il inqilablarının süquta uğramasının ardınca respublikaçılıq ideyası bütün Avropa boyu geriləməkdə idi və bəziləri tezliklə yolunu azmış Amerika ştatlarının da monarxiyaya yol tapacağı və Avropanın imperial idarəçiliyinə qayıdacağını proqnozlaşdırırdı. Müharibənin ən qaranlıq məqamlarında Amerikanı ‘bəşəriyyətin son ümidgahı’ adlandıran Linkoln heç də lovğalanmırdı,” Don Doyle yazır.
Dörd il sonra ABŞ-ın müharibədən müzəffər çıxması dünyanın dörd küncündə respublikaçı amalının daşıyıcılarına böyük ruh verdi. İtaliyanın xilaskarı Cüzeppe Qaribaldi Amerikanın ölkəsindəki səfirinə yazdığı məktubda Respublika amalının əleyhdarlarını “aslanın heydən düşdüyünü güman edərək ona şıllaq atan eşşəyə” bənzətmişdi. “Amma onlar bu gün onun əzəmətli dirçəlişini görürkən öz tonlarını dəyirşirlər,” Qaribaldi yazırdı.
Əzəmətli qayıdışın ilk qurbanı Fransanın Meksikadakı monarxist layihəsinin baş fiquru, imperator Maksimillian oldu. 1866-cı ildə meksikalı respublikaçılar fransızların ölkələrinə zorla gətirdikləri monarxın ordusunu məğlub etməyə başladılar. Bir il sonra yaxalanan Maksimillian onu güllələməyə hazırlaşan respublikaçı əsgərlər qarşısında son sözünü söylədi: “Meksikalılar! Mənim sinfimə və irqimə mənsub olan adamları Allah millətlərin xoşbəxtliyi yaxud şəhid olmaları üçün yaradıb.” Respublikaçılar isə vətənlərinin xoşbəxt gələcəyini Maksimillian kimilərinin “şəhadətə” qovuşdurulmasında görürdülər.
Qələbədən az sonra, 1867-ci ildə Britaniya öz qüvvələrini büsbütün Şimali Amerikadan çıxardı. Elə həmin il Rusiya Alyaskanı ABŞ-a satmaq qərarına gəldi. Vətəndaş Müharibəsinin bitməsindən ilham alan Kubada respublikaçılar İspaniya krallığına qarşı üsyana qalxdılar. Onların mübarizəsi əzici qələbə ilə başa çatmasa da, adada quldarlıq praktikasına ciddi zərbələr endirildi. 1871-ci ildə Braziliyada oxşar anti-quldarlıq qanunları qəbul edildi. 1890-cı illərədək, hər iki ölkədə quldarlıq tamamilə ləğv olundu.
Qələbənin əks-sədası tezliklə Atlantik Okeanın o biri tayından gəlməyə başladı. Böyük Britaniyada İttifaqın qələbəsi respublikaçılığın zəfəri kimi yozuldu. “Belə təzyiqə heç bir aristokratiya, monarxiya, imperiya tab gətirə bilməzdi,” deyə bir ingilis radikal yazırdı. “Amma respublikaçı təsisatlar imtahandan alnıaçıq çıxdılar.” Proqressiv qüvvələrin təsis etdikləri İslahatlar Liqası Birləşmiş Krallıqda “Böyük İslahat Aktının” qəbul edilməsi ilə nəticələndi və, Don Doylun sözlərinə görə, “Britaniyanı demokratiyaya gedən yola qoydu.” 1870-ci ildə Prussiya ilə müharibədə məğlub olan III Napoleonu fransızlar devirdilər. Üçüncü Respublika bəqərar oldu. “Avropa respublikaçılığının beşiyi sayılan Fransa xalqın idarəçiliyində başlatmış olduğu təcrübəni bərpa etdi.” 1923-cü ildə növbə əsrlər boyu sultan və paşaların hökmranlıq etdikləri, Corc Vaşinqtonun, Tomas Ceffersonun Amerikaya əks-nümunə kimi misal gətrdikləri Osmanlı İmperiyasına yetişdi. Mustafa Kamal Atatürkün komandanlığı altında İslam dünyasında örnəyə çevriləcək dünyəvi respublika quruldu.
Keçmişə nəzər saldıqca, hadisələrin bu məcrada inkişafı bəzilərinə labüd görünə bilər. Ancaq tarixdə labüd heç nə yoxdur. Pis yaxud yaxşı nə baş verirsə, o əməlin müəllifləri, təşəbbüskarları, icraçıları olur. Amerikalı mütəfəkkir George Will avtoritarizmi bəşəriyyətin ən sadə, bəlkə də haradasa təbii idarəçilik metodu kimi təsvir edir. Qərinələr boyu bəşər övladı piramida şəklində qurulmuş, hakimiyyətin yuxarıdan aşağı qorxu əsasında sızıldığı hökumətlər tərəfindən idarə olunub. Bu mənada demokratiya – xalqın öz idarəçilərini müəyyən etməsi və müəyyən edilən adamların xalqı idarə etməsi kifayət qədər mürəkkəb siyasi mexanizm, yetkin toplum tələb edir. Demokratiyanı arzulamaq bir şeydir. Onu qurmaq, işlətmək, və ən əsası, qan bahasına qorumaq ayrı şey.
1861-65-ci illərdə amerikalılar dünyaya sübut etdilər ki, onlar üçün demokratiya gözəgəlimli ideya, utopik xəyal yox, uğrunda can verməyə dəyən məfkurədir. Əslində bu düşüncəni ən müfəssəl şəkildə izah edən şəxs həmin məşum anlarda ABŞ-a rəhbərlik etmiş və Pennsilvaniyadakı döyüş meydanına canlarından keçmiş əsgərlərin məzarlığında indi məşhur çıxış kimi tanınan Gettysburg Müraciəti ilə tarixə düşmüş Abraham Linkolndur:
“87 il öncə atalarımız bu qitədə hürriyətdən doğulmuş və bütün insanların bərabər yarandığını təsbit edən yeni bir millət ərsəyə gətirdilər. Biz indi vətəndaş müharibəsindəyik – bu müharibə bizim belə bir millət olaraq müqəddəratımızı müəyyən edir. Biz müharibənin möhtəşəm döyüş meydanında bir araya gəmişik. Biz həmin döyüş meydanının bir hissəsini bu millətin yaşaması uğrunda canlarından keçmiş və burada əbədiyəttə qovuşmuş insanlara ithaf edirik. Sözsüz ki, bu, təqdirəlayiqdir. Amma daha geniş mənada biz bu yeri ithaf edə, paklaşdıra, müqəddəsləşdirə bilmərik. Bu işi burada döyüşmüş sağ və ölü kişilər edib ki, onların qüdrətinə nəyisə əlavə edib, nəyisə ondan çıxmaq bizim cılız iqtidarımız xaricindədir. Dünya bizim burada nə dediyimizi xatırlamayacaq, amma burada onların nə etdikləri heç vaxt unudulmayacaq. Uğrunda mübarizə apardıqları bu bitməmiş mübarizəni davam etdirmək biz yaşayanların çiyinlərinə düşür. Biz özümüzü qarşıda duran vəzifəyə həsr etməliyik – o vəzifə ki, onun uğrunda şərəfləndirdiyimiz insanlar son bədəli ödəyiblər. Biz burada bəyan edirik ki, bu insanların qani yerdə qalmayacaq – və bu millət, Allahın nəzəri altında, yeni azadlıq doğuşu görəcək – və xalqın, xalqdan çıxmış və xalq üçün olan bu hökumət yer üzündən silinməyəcək.”
Abraham Linkoln
19 noyabr, 1863.