“Dünyanın bir çox yerlərində avtoritarizmin və proto-faşizmin tüğyan etdiyi bir dönəmdə vətəndaşların demokratik prinsiplərə bu dərəcədə sədaqət nümayiş etdirdiyi bir ölkə görmək ruhlandırıcıdır,” iqtisadiyyat üzrə Nobel mükafatı lauretı Cozef Stiqlitz yazır. Ciddi sosial-iqtisadi problemlərlə üzləşən dövlətlərin əhatəsində olan Kosta Rikanın uğuru qonşuluğun millətin taleyini müəyyən etməsi barədə irəli sürülən nəzəriyyələri puça çıxarır.
Son bir neçə onilliklərdə əhalisi 5 milyondan az olan Mərkəzi Amerika ölkəsi siyasi uğur modeli olaraq bir çoxlarının diqqətini cəlb etməkdədir. Stiqlitzin yazdığına görə, 1948-ci ildə vətəndaş müharibəsinin ardınca Prezident Jose Figueres Ferrer silahlı qüvvələri ləğv etməyə qərar verdi. Qlobal münaqişələrin həlli və qarşısı alınması istiqamətində səylərinə görə tanınan ölkə tez bir zamanda daxildə uzaqgörən siyasi kursa start verdi.
Kosta Rika bu yaxınlarda Rifah Alyansı adlanan kiçik dövlətlər qrupuna daxil olub. Qurumun məramı İqtisadi Göstəricilər və Sosial Proqresin Ölçülməsi üzrə Beynəlxalq Komissiyasının tövsiyələri əsasında bir sıra ideyaların həyata keçirilməsinə baş vurub. Ümumdaxili məhsul göstəricilərində qeydə alınan gerilmələri nəzərə alaraq Kosta Rika hökuməti demokratiyanın inkişafı və inklüsiv iqtisadi artımı təşviq etməyə can atır.
“Bu səylərin mühüm amili ölkədə onsuz da güclü olan kooperativlərin və sosial müəssisələrin miqyasını genişləndirmək və əhatə dairəsini ölkə əhalisnin yerdə qalan hissəsinə şamil etməkdir,” Stiqlitz yazır. “Bu təsisatlar maliyyə sektorunda yırtıcı kredit və bazar manipulyasiyaları kimi kapitalizmin ifrat təzahürlərinə dayanıqlı alternativ yaratmaq məqsədi güdür.”
Bütün uğurlarına baxmayaraq, Stiqlitzin qənaətinə görə, Kosta Rika hazırda iki ciddi sınaqla üzləşir ki, bunlar büdcə kəsiri və siyasi tıxacdır. İqtisadçının fikrincə, büdcə kəsirini aradan qaldırmağın formulu sadədir: Iqtisadi artıma təkan ver – ya vergiləri artır, ya da xərcləri azalt. Ancaq siyasi sistemdəki fikir ayrılıqlarını çözmək başqa məsələdir. Belə ki, iqtisadi artıma necə nail olmağın yolları üzərində qızğın debat gedir.
Stiqlitz hesab edir ki, vergi siyasətini ümumi iqtisadi strategiya ilə üzlaşdırmaq üç mərkəzi prinsipə əsaslanmalıdır. Pis şeylərə vergi qoy (məsələn, ətraf-mühitin çirklənməsi), yaxşı şeylərə vergini azalt (məsələn, iş) və vergiləri elə formalaşdır ki, iqtisadiyyatı ən minimum şəkildə təhrif etsin. Nəhayət, əhalinin ən varlı kəsimindən gəlirlərinin daha böyük payını vergi sisteminə ödəməsini təmin et.
Bir çox qonşularından fərqli olaraq Kosta Rikanın iqtisadiyyatı əsasən təmiz enerjiyə əsaslanır. Ətraf-mühitin yaxşı qanunlar əsasında qorunduğu bir ölkədə bütöv elektrik sistemi artıq təmiz enerji ilə işləyir. Belə olan halda Nobel mükafatı laueratı Kosta Rika hökumətinə elektrik maşınlara keçid təklif edir.
Qeyri-bərabərliyin problem olduğu bir ölkədə Stiqlitz habelə səhmlərdən qazanılan pul və əmlak vergilərinin artırılmasını məqsədəuyğun hesab edir. Onun fikrincə, varlılar gəlirlərinin böyük kəsimini səhmlərdən əldə edirlər ki, bu da qazancda qeyri-bərabərliyi kəskinləşdirir və iqtisadiyyatda təhrifə yol açır.
Ölkədə ikipartiyalı sistemin mövcud olduğu bir şəraitdə prezident üsul-idarəsini məqbul hesab edən Cozef Stiqlitz nazirlərin müxtəlif parityalardan seçilməsini ölkədə siyasi dialoq və əməkdaşlıq ruhuna töhfə verəcək amil kimi dəyərləndirir. Bu istiqamətdə 38 yaşlı prezident Karlos Alvarado Kuesadanın səylərini yüksək qiymətləndirən iqtisadçı Kosta Rikanın siyasi mədəniyyətinə hopmuş ənənənin davamının müsbət nəticələr verəcəyinə şübhə etmir.
“Əgər Alvarado bu işdə müvəffəq olsa, kiçik həcminə baxmayaraq, Kostra Rika gələcəyə ümidin mayakına çevriləcək və isbat edəcək ki, Maariflənmə dəyərləri olan məntiq, rasional mükalimə, elm və azadlığın hamının mənafeyinə xidmət etdiyi bir dünya yaratmaq mümkündür,” Stiqlitz fikrini tamamlayır.