1347-ci il. Canıbəy xanın ordusu Krım yarımadasının Feodosiya şəhərini mühasirəyə alıb. Müdafiə xəttini yarmaq cəhdləri şəhər sakinlərinin ciddi müqaviməti ilə üzləşir. Digər tərəfdən, hücumda olan ordunu dəhşətli bir azar bürüyüb. Əsgərlərin bəziləri kəskin qızdırma və iltihab nəticəsində bir neçə günün içərisində tələf olur. Canıbəy düşməni məğlub etmək üçün ağlasığmaz taktikaya əl atır. Qızıl Orda sərkərdəsinin əmri ilə xəstəlikdən ölmüş əsgərlərin cəsədləri katapultlara qoyularaq qala divarlarının o biri tayına atılır.
Bu insidentin tarixiliyi təkcə onun ilk dəfə olaraq bioloji silah hücumu olmasında deyil, həm də dünya tarixini dəyişəcək, öz radiusundan xeyli kənarlarda təkan verəcəyi tektonik sosial, siyasi və iqtisadi dəyişikliklərdədir. Mühasirədə olan şəhərdən qaçan genuyalı tacirlər tələm-tələsik gəmilərə doluşaraq vətənə üz tuturlar. Siciliyanın cənubunda lövbər salan və içərisində öldürücü Yersinia pestis (Taun çöpü) bakteriyası daşıyan siçovullar gətirmiş bu gəmilər bütün Avropa qitəsi boyunca Qara Ölüm adlanan epidemiyaya yol açacaqdılar. Növbəti dörd il ərzində Avropa əhalisinin az qala tən yarısı taun epidemiyasından tələf olacaqdı. Ranker onlayn dərgisində yazan Kellen Perry milyonlarla adamın qəfil ölümünün Avropa cəmiyyətlərinə gətirdiyi cahanşümul dəyişiklikləri sadalayır.
Orta sinif yaranır – İngiltərədə taun yayılmağa başlayanda adamların mütləq əksəriyyəti kənd təssərüfatında çalışırdı – fermer idilər. Epidemiyanın çox sayda kəndlini qırması o demək idi ki, əməyin dəyəri artıq əvvəlki kimi ucuz deyildi. İnsanların iş seçimləri birdən-birə genişləndi. Daha çox məvacib almaqdan əlavə, kəndlilər ölmüş yaxınlarının mal-mülkünü miras almaqla xeyli varlandılar. Qısa müddət ərzində İngiltərədə alıcılıq qabiliyyəti yüksək olan orta sinif formalaşdı.
Mülkiyyət qanunları formalaşır – Qara Ölümün xeyli sayda adamı öldürməsi kimə nəyin miras qalacağı il bağlı ciddi problemlərə yol açdı. Bir ailədə çox vaxt bütün üzvlərin ölməsi varidatın kimə qalacağı haqda hüquqi dilemmalar və mürəkkəb məhkəmə işləri ilə müşayiət olunurdu. Yeni problemlər Anqlo-Sakson qanununun əsasını təşkil edən yeni “presendentlərin” yaranması demək idi ki, onların bir çoxu həmin vaxtdan bugünədək mülkiyyət qanunlarında əks olunur.
Vikinqlər Şimali Amerikanı kəşf edə bilmir – Taun epidemiyası olmasaydı, güman ki, vikinqlər Şimali Amerikanı hamıdan əvvəl kəşf edər və burada məskunlaşardılar. Amerika qitəsində ilk ingilis koloniyası 1607-ci ildə qurulub. Lakin artıq 1300-cü illərdə vikinqlər Şimali Amerikanın bir addımlığında olan Qrenlandiyaya ayaq açmışdılar. Taun bu ərazidə məskunlaşmış vikinqləri tələf etmədiyi təqdirdə onların Şimali Amerikaya gəlişi zaman məsələsi idi. Lakin bu, baş vermədi. Əvəzində nəhəng bir ərazi ingilislər (və qismən fransızlar) tərəfindən məskunlaşdı və sonrası Amerika Birləşmiş Ştatları və Kanadadır.
Avropada anti-semitizm alovlanır – Əhalisinin yarısının tələf olduğu Avropada insanlar epidemiyaya görə kimisə qınamağa meylli idilər. Bütün Avropa boyu, ələlxüsus Almaniyada, yerli əhali çox vaxt yəhudiləri günahlandırır və onları hədəf almaq üçün müxtəlif növ bəhanələr uydururdular. Bəziləri hətta yəhudiləri su quyularını zəhərləyərək taunu yaymaqda ittiham edir, onlara qarşı poqromlar törədirdilər. 2011-ci ildə aparılan bir araşdırma göstərir ki, o yerlərdə ki, yəhudilər daha çox təqib olunurdu, 600 il sonra Holokost dönəmində həmin yerlərdə yəhudilərə nifrət daha kəskin xarakter almışdı.
Karantin – Bu ifadə hazırda infeksiyaya yoluxmuş adamaları cəmiyytədən təcrid etmək üçün tətbiq olunan praktikaya şamil edilir. İtaliyan sözü ‘quaranta’ yəni “40” ifadəsini əks etdirən bu ölçü İtaliyada taun epidemiyası zamanı xəstələrin 40 gün ərzində sağlam adamlardan uzaq tutulması praktikasından qaynaqlanırdı. Xəstələrin sağlamlardan təcrid olunması bundan əvvəl də baş verirdi, lakin konkret olaraq ‘karantin’ sözü tibbi lüğətə bu epidemiyadan sonra daxil oldu.
İngilis dili dominantlıq qazanır – Tarixçilər hesab edirlər ki, Qara Ölüm Avropada linqua franka – yəni universal dil olan latın dilinin ingilis dili ilə əvəzlənməsində sürətləndirici rol oynadı. Taun bütün dini ayinlərin indiyədək latın dilində icra olunduğu xristian ölkəsində disproporsional sayda din xadimlərinin, keşişlərin ölməsınə bais oldu ki, bu adamlar latın dilində yazıb oxumağı bacaran kiçik bir zümrəni təsmil edirdlər. Bəs onları kim əvəzlədi? Cavab: Latın dilini bilməyən, lakin keşişlik peşəsinə yiyələnməyə vadar olan sadə ingilislər.
Reformasiya – Dindən söz düşmüşkən, Qara Ölümün Avropada dini sabitliyə zərbə vurması şübhəsidzdir. Təcrübəli keşiş və ruhanilərin epidemiya nəticəsində kütləvi qırılması daha az təcrübəli və bəzi hallarda korrupsiyaya daha çox meylli din xadimlərinin meydana çıxmasına yol açdı. Bu növ nalayiq adamların kilsə ierarxiyasında yer alması Katolik Kilsəsinin reputasiyasına xələl gətirdi, və onun ictimaiyyətin gözündən düşməsində müəyyən rol oynadı. Bu üzdən bəzi tarixçilər Avropada maariflənmə və sənayeləşmə dövrünün başlamasına yardımçı olan Reformasiya Hərəkatının köklərini taun epidemiyasında görürlər.
İngilis Pabları (Pivəxanalar) – Kembric Universitetinin professor Robert Tombs hesab edir ki, kütləvi qırılma nəticəsində maaşların qaxlması və qiymətlərin ucuzlaşması İngiltərədə insanların pivə içmək imkanlarını xeyl genişləndirdi. Yaranan təlabatı qarşılamaq üçün açılan pab biznesləri İngiltərədə “pab mədəniyyətinin” formalaşmasında önəmli rol oynadı. Qara Ölümdən sonra yaranmış liberal mühitdə pivəxana işlədən sahibkarlar imkanlı və suz müştərilərə xidmət göstərməkdə və bununla pul qazanmaqda kifayət qədər sərbəst idilər.
Mənbə: Ranker.com