Əleyhdarları uzun müddət Barak Obamanı gənclikdə və təcrübəsizlikdə ittiham ediblər.  Amma Obamanın 2008-ci Demokrat praymerizində əri sabiq prezidenti olmuş Hillari Klintonu, 5 il Vyetnamda əsir qalmış populyar müharibə veteranı Con Makkeyni və nəhayət işsizliyin 7.8 faiz olduğu şəraitdə milyoner rəqibi Mitt Romnini məğlub etməsi göstərir ki, o təcrübə deyilən hər nədirsə, Obamanın malik olduğu silah həmin təcrübədən üstün olubmuş.  Washington Post-un yazarı Mark Thiessen Barak Obamanın siyasi zəfərlərini onun səsverməyə gətirdiyi inqilabi texnologiya ilə izah edir.

Bir neçə həftə bundan öncə mən Moneyball adlı filmə istinad edərək bir beysbol məşqçisinin oyuna yeni statistik təhlillə yanaşmasından və bu yolla zəif bir komandanı ümummilli liqada ikinci yerə qaldırmasından bəhs etmişdim.  Thiessen “Obamanın ‘Moneyball’ Qələbəsi” başlıqlı yazısında Demokrat prezidentin məhz yeni döyüş metoduna əl atmasından yazır.  Obama kampaniyasının misilsiz statistik data toplayışı prezidentə bir milyard dollar yığmağa və seçici reaksiyasının effektivliyini artırmaq üçün hədəfləndirilmiş televiziya reklamları hazırlamasına yardımçı oldu.  Arktik balina “Narval” adını daşıyan Obama əməliyyatı sorğuçulardan, maliyyə toplayanlardan, səhra fəallarından və istehlakçı məlumat mənbələrindən əldə etdiyi bilgini sosial media və mobil kontaktlarla bir yerə toplayaraq nəhəng informasiya bazası yaratmağa nail oldu.  Təkcə Ohayo ştatında 29,000 seçicinin profilləri yaradıldı və bu profillər Demokratlara seçki tendensiyalarını yüksək dəqiqliklə izləməyə imkan verdi.

Sistem o qədər dəqiq idi ki, Obama strateqi David Akselrod “seçki gecəsi baş verən heç nəyin onda təəccüb doğurmadığını söylədi – heç nəyin!”  “Hər düşən domino daşı bizim statistiklərin qurduğu modelə uyğun gəlirdi,” deyə prezidentin müşaviri bildirdi.  Qarşı tərəfdə isə Narvalın təbii qənimi olan ORCA balinası adını daşıyan Respublikaçı əməliyyatı büsbütün iflasa uğradı.  Seçki günündək bir dəfə testdən keçirilməmiş sistemə səsvermə günü o qədər məlumat daxil oldu ki, sistem dondu.  Noyabrın 6-da 30,000 Romni kampaniyası fəalı kompüter sisteminə çıxışsız halda – faktiki kor-koranə küçələri dolaşırdılar.  Thiessenin sözlərinə görə əgər Obama kampaniyasını iPhone-a bənzətsək, onda Respublikaçıların 2012-ci il kampaniyası torba telefonunu xatırladırdı.

Məğlubiyyətdən şoka düşmüş Respublikaçılar hələ bir müddət bu acı təcrübənin detallarını öyrənməklə məşğul olacaqlar.  Onlar nəyi düz, nəyi səhv etdiklərini saf-çürük etməyə çalışacaqlar.  Bu xüsusda Obamanın işə saldığı yeni kampaniya metodları nəzərdən keçirilən faktorlar siyahısının lap yuxarısında yer alacaq.  2016-cı il seçkiləri üçün nə cür dərs alındığına şərh verən Akselrodun tövsiyələri də yəqin ki, nəzərə alınacaq.  “Mən insanlara yatırım qoyardım – o insanlara ki, onların texnologiyadan başları çıxır, onun hara getdiyini və 2016-cı ildə seçiciləri hədəf alma, məlumata bazası toplama və dəqiq proqnozlaşdırma qabiliyyətinə yiyələnmək üçün hansı potensiala malik olacağını anlayırlar.”