Hökumət Bizi Yoxsul Edir

Posted October 10th, 2011 at 1:45 pm (UTC-5)
2 comments

Xoşladığım köşə yazarlarından biri Con Stosselin son məqaləsi belə adlanır. Stossel Amerika siyasi arenasında libertar baxışlarına görə tanınır. Yazdığı bütün yazılarda, hazırladığı bütün proqramlarda daim kiçik hökumət ideyasını tərənnüm edir. Stossel bütün varlığı ilə inanır ki, hökumətin iqtisadiyyata müdaxiləsi nə qədər çox olursa cəmiyyətdə yoxsulluq o dərəcədə artır. Bu baxımdan Stossel Qərb dünyasının üzləşdiyi iqtisadi böhranın köklərini də məhz bürokratlatın vaxtikən tətbiq etdikləri boğucu nizamlamalarda və başıpozuq qaydalarda görür.

Stossel cəmiyyəti konkisürmə meydançasına bənzədir. Bu növ meydançalarda onlarla adam müxtəlif istiqamətlərdə konki sürür, amma nədənsə heç kəs bir-birinə toqquşmur, yaxud nadir hallarda belə olur. İnsanlar özləri sürüşdükləri meydançada təbii nizam-intizam yaratmağa nail olurlar – heç bir köməksiz, müdaxiləsiz. “Demokratların və Respublikaçıların birgə hakimiyyəti altında hazırda biz nizamlamalar içərisində batırıq. Təsəvvür edin ki, ABŞ-da 160,000 səhifəlik qayda-qanun var. Mikromenecment azadlığı öldürür,” deyə Stossel yazır. Müəllif təklif edir ki, Amerikada istifadə olunmayan ərazilərdə kiçik hökumətli, minimal qaydaların mövcud olduğu iqtisadi zonalar təsis olunsun.

Bu məsələni Stossel Azad Şəhərlər Layihəsinin rəhbərləri Maykl Stronq və Maqatte Veydlə müzakirə edib. Stronqun həyat yoldaşı Maqatte əslən seneqallı olaraq üçüncü dünya ölkələrinin yoxsulluğunu hökumətin həcmi ilə izah edir. “İnsanlar anlamırlar ki, səfalət girdabında üzən Afrika dünyanın ən çox qayda-qanunu olan qitəsidir. Konqoda nəyisə idxal etmək üçün 18 sənəd tələb olunur… Afrikada korrupsiya nəhəng nizamlama mühitinin simptomudur,” Maqatte bildirir. Hökumətlər bir qayda olaraq bürokratik süründürməçiliyin arxasında gizlənib cəmiyyətdə sahibkarlıq hissini boğurlar. Bu qaydalardan bəhrələnən yeganə qüvvələr nəhəng korporasiyalar yaxud hökumət rəsmilərinə yaxın şirkətlər olur.

Azad Şəhərlər Layihəsi Honq Konq və Sinqapur kimi nümunələrdən ilham alır. Bu şəhərlər dünyanın ən varlı məkanlarıdır, halbuki orada təbii sərvət yoxdur. Amma azadlıq var. “Bir Dubaya baxın,” Stronq deyir: “Onlar maliyyə sektoru yaratmaq istəyirdilər. Şəriət buna imkan vermirdi. Onlar gördülər ki, Honq Konq, Sinqapur, Nyu York, Sidney və London kimi yerlərdə sadə Britaniya qanunlarından istifadə olunur.” 110 akr sahəsi olan səhrada şəhər ucaldıldı. Britaniya qanunları tətbiq olundu, şəhərə də britaniyalı hakim təyin edildi. Nəticəsi? Cəmi səkkiz ilin içərisində heç kimin adını eşitmədiyi Dubay dünyanın 16-cı ən iri maliyyə mərkəzinə çevrildi. “Elə libertarlar da bunu deyirlər: Azadlıq işləyir, amma hökumət minimum çərçivəsindən kənara çıxırsa, insanları yoxsul saxlayır,” deyə Stossel yazısını bitirir.

2 responses to “Hökumət Bizi Yoxsul Edir”

  1. Parvin Kouliev says:

    Sənin bu yazın və maraqlı mülahizən sənin əvvəlki “Hər qazanda bir toyuq, yaxud demokratiya nə deməkdir?” yazısındakı səni Facebookda “Yeni qurulan ailələrə hökumətimiz ev versin!!!” səhifəsinə qoşulma çağırışını yada saldı. Doğrudanda insanlar hakimiyyətin fəaliyyətinin nədən ibarət olmasını özləri üçün müəyyənləşdirə bilməyəndə cəmiyyətdə olan sosial çatışmamazlıqların həllini çox hallarda dövlət qurumlarına dahada səlahiyyətlər verirlər.

    Ümumiyyətlə, gündəlik həyatımızda biz çalışırıq rəsmi və mülki şəxslərlə nə bir işimiz olsun və onlarda bizim işlərə qarışmasınlar. Mənəvi və əxlaqı qaydaların çoxu yazılmamış qanunlar olduğu üçün, insanlar ailə, təhsil, dostluq və başqa əlaqılərdən gələn sosial ən-ənələri (məsələn xeyirxahlıq eləmək) bir birilərinə ötürürlər. Axırıncı 10 illiklərin təcrübəsi göstərdi ki, dövlət idarələri bu gür insanlar arasında olan təbii tədbirləri süni yolla verciləri artırmaqla sosial proqramlara kevirməkləri (Medicare və Medicaid qalmaqalları) böyük maliyyə itkilərinin olmasına və korrupsiyanın qalxmasına səbəb olur.

    Sovet imperiyasının süqutundan sonra Azadlıq çağırışlarının əsl mənasını tez bir zamanda unudan insanlar müstəqilliklərin onlara verdikləri suveren hüquqları azad təşəbbüskarlığa yönəltmək əvəzinə daha çox milli şüarlar altında dövlətlərinin imza atacaqları təbii ehtiyatların satılması razılaşmalarının əsasında yaradılməş qeyri-leqitim və seçilməmış qəbilələrə ‘bağışladılar’. Azadlığın birinci növbədə beyin məhsulu olub və ancaq yaradıcılıqla bəhrələnə biləcəyini ‘hakimiyyətdən’ ala biləcəkləri “dilənçi payı” ilə əvəz elədilər.

    Avropa Parlamentinin qərargahı olan Belqiyada hökümətin 353 gün formalaşa bilməməsi göstərdi ki, özünü yerli idarə etmə təcrübəsi və insanların buna normal və təbii yanaşması ölkədə hərc-mərcliyə gətirib çıxartmır. Mərkəzdə dövlət funksiyalarının məhdud olması və daha çox yerli (kənd, şəhər, əyalət) səviyyədə qərarların verilməsi büdcə şəffağlığını gügləndirir və lazımsız rəsmi xidmətlərin yaranmasına imkan vermir.

    Bu günkü gün Amerikanın özündə federal hökümətin Kaliforniya höküməti ilə marixuana satışı ilə əlaqədar marağlarının toqquşması, mühacirətdə olanların hüquqlarının Arizona və yaxud Alabama ştatların qəbul etdikləri qanunlar ilə yerli polisin sərancamına verilməsinin federal qanunlarla uyğunlaşmaması, Obamanın bəşəri sağlamlıq proqramının ştatların yerli-idarəçilik qanunlarına zidd olması və şəxsiyyətin hüquqların konstitusiya altında pozulması göstərir ki, insanlar asanlıqla özlərinin və ailələrinin dinc həyatına hər hansı dövlət qurumun müdaxilə etməsini pisniyyət kimi qəbul edirlər.

    Bu yaxınlarda bizə öz yaradıcılıq mirasını qoyub gedən Steve Jobs fəlsəfəsi ilə yanaşsaq, insanın həyatda qazana biləcək nailiyyətlərinin 99 faizi özündən asılıdır. O hətta 2005-ci ildə Stanford universitetini bitirən tələbələrin qarşısındakı çıxışında ölümü müsbət bir hadisə kimi qiymətləndirməklə Allahın insanlara bəxş elədiyi böyük bir ixtira adlandırıb. Başqa sözlə əgər sənin Azadlığın əlindən alınırsa və sən onun üçün mübarizə aparmayıb nələrəsə nail olmasan, əvvəl axır ölüm həm səni və həmdə sənə zülm eləyənidə aparacaq.

    • aasgarov says:

      Amerikada bir deyim var: “all politics is local” – yəni, bütün siyasət lokaldır. Anlam odur ki, insanları ilk növbədə yaşadıqları yerdə baş verənlər, yaxın ətrafında hiss etdikləri reallıq maraqlandırır, siyasətə cəlb edir. Buna kiçik “r”-la respublikaçılıq deyilir – yəni siyasi hakimiyyətin lokal səviyyələrdən formalaşması. Təəssüf ki, nə Rusiyada nə də Rusiyanın siyasi ənənəsini qismən miras almış Azərbaycanda lokal idarəçilik ənənəsi yoxdur. Siz təsəvvür edin ki, 21-ci əsrdir, amma Rusiyada hələ də iki böyük şəhər var – Sankt Peterburq və Moskva. Səkkiz vaxt zonasını əhatə edən ölkədə bütün siyasi qərarlar bir neçə yüz kvadrat kilometrlik ərazidə qəbul olunur, hər şey orada müəyyən edilir. Ona görə də burada “sentr”, “Moskviç” kimi ifadələr xüsusi çəki qazanıb. Eləcə də Azərbaycanda “mərkəz” ifadəsi siyasi-iqtisadi-sosial reallığı əks etdirir. Sanki Bakıdan kənarda yaşayan adamlar və baş verənlər ikinci dərəcəli statusa şamil olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories