Bu yaxınlarda maraqlı statistikaya rast gəldim.  Belə məlum olur ki, lotereyada milyonlarla dollar pul udmuş adamlar uzun dönəmdə başqalarından o qədər də xoşbəxt olmurlar.  Əksinə, bəzi hallarda qəfil var-dövlət insanların həyat məcrasını pozur və onları çoxlu dərd-bəlaya mübtəla edir.  Artur Brooks-un Wall Street Journal qəzetindəki yazısı bu baxımdan maarifləndirici əhəmiyyət kəsb edir.  İspaniyadakı işini tərk etdikdən sonra Amerikaya gəlib burada özünə yeni həyat qurmuş müəllif yeni vətənini başqa ölkələrdən fərqləndirən mühüm xüsusiyyətə diqqət yetirir.

Barselona Filarmoniyasında hökumət işçisi qismində ştatlı musiqiçi olan Artur həyatını əksər ispanlar kimi quru maaşla yaşamaq istəmirdi.   Orada hökumətin bəxş etdiyi sabitlik hamını qane edirdi.  Nə çox varlanmaq olurdu, nə də yoxsul halda sürünmək.  “Barselonadakı dostlarıma mənim işimi tərk edib Amerikaya gəlməyim çox qəribə görünürdü,” deyə Brooks yazır.  Qayınanası kürəkəninin Amerikada ciddi sınaqlarla üzləşəcəyini güman edərək çətin vaxtlarda satmaq üçün ona qızıl qolbağ vermişdi.  Amma Birləşmiş Ştatlara qədəm qoyandan az sonra Artur və onun xanımı özlərinə iş tapdılar, yeni həyat qurdular.

“Sonda bu qənaətə gəldim ki, ABŞ-ı İspaniyadan fərqləndirən əsas cəhət qazanılmış uğurla vərdiş edilmiş köməksizlik arasındakı ziddiyətdir.  Qazanılmış uğur o deməkdir ki, sən gələcəyini özün bildiyin kimi müəyyən edirsən və müvəffəqiyyət bacarığa və işgüzarlığa əsaslanır.  Öz həyatındakı mənfəətləri istənilən meyarla ölçə bilirsən – istər pulla, istər yaratdığın musiqi ilə. Qazanılmış uğur Amerika istisnalılığının özəyində dayanır… Bunun əksi isə vərdişli köməksizlikdir.  Bu, onda baş verir ki, həyatdakı mükafatlar və ya cəzaların bacarığa heç bir dəxli olmur.  Belə olan halda insanlar qədərə boyun əyir və heç nəyə cəhd göstərmirlər.”