Zəlimxan Məmmədli: Gürcüstan hakimiyyət orqanlarında azərbaycanlıların təmsilçiliyi zəifdir

Posted September 2nd, 2011 at 9:24 pm (UTC+4)
Leave a comment

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli

Borçalı Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli Amerikanın Səsi radiosuna müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən danışıb. Onun fikrincə, Gürcüstanda azərbaycanlıların əsas problemləri təhsil, dövlət və hökumət qurumlarında, eləcə də seçkili orqanlarda təmsilçiliyinin az olması ilə bağlıdır. O, torpaqla bağlı problemlər olduğunu da bildirib.

Sual: Gürcüstanda yaşayan azərbaycanlıların mövcud problemləri nədir?

Cavab: Bəzən, yanlış olaraq inteqrasiya problemini qabardırlar. Bu süni şəkildə qabardılır. Çünki, eyni ərazidə min illik yaşam tarixi olan bir toplumun gürcü cəmiyyəti ilə inteqrasiya problemi ola bilməz. Azərbaycanlılar buraya heç yerdən gəlməyib, tarixi aborgen toplumdur. Təhsillə bağlı ciddi problemlər var. Milli təhsil sisteminin qorunması, inkişafı, onun modernləşdirilməsi, yeni şəraitə uyğunlaşdırılması ən ciddi məsələlərdən biridir. İkinci ciddi məsələ, Borçalı zonasında elm ocaqlarının inkişafıdır. Nəzərə  almalıyıq ki, Gürcüstan və Azərbaycan Avropaya nə qədər inteqrasiya etsə də, fərqliliklər var, xüsusi ilə təhsil sistemində xeyli fərqlər mövcuddur. Artıq, Azərbaycan təhsil sistemi Gürcüstanda pedaqoji kadrların hazırlanması üçün əhəmiyyətini itirməkdədir. Düşünürük ki, Borçalıda ali təhsil ocaqlarının yaradılması, bu regionun inkişafının əsasını təşkil edə bilər.

Vaxtı ilə ciddi problemlərdən biri də torpaq mülkiyyətinin məhdudlaşdırılması və torpaq islahatı məsələsi idi. Hazırda müəyyən məsələlər həll edilib. Amma, problemlər də var. Məsələn, 2010-cu ildə Qardabani rayonunda azərbaycanlı əhaliyə məxsus 920 hektar torpaq sahəsi bir iş adamına satılıb. Bu yaxınlarda, biz Gürcüstan quberniyasında məsələni rəhbərlərin diqqətinə çatdırdıq. Bildirdik ki, inqilabi ənənədə torpağın kəndliyə paylanması təcrübəsi var, torpağın kəndlidən alınması təcrübəsi isə ümumiyyətlə mövcud deyil. Onlar bu məntiqin qarşısında söz deyə bilmədirlər və problemin həllinə çalışacaqlarını bildirdilər.

Problemlərdən biri də Gürcü dili ilə Azərbaycan dilinin işlənməsi ilə bağlı qızıl ortanın hələ tapılmamasıdır. Biz, sərhədləri tapmalıyıq və ana dilimizi gürcü dilinin öyrənilməsinə qurban verməməliyik. Bəzi hallarda Azərbaycan dilli məktəblərdə əsas olmadan gürcü şöbələri açılır və burada oxuyanlara yüksək imtiyazlar vəd edilir. Hansı ki, həmin məntəqədə bir nəfər gürcü yaşamır.

Toponimlərlə bağlı problemlər neçə illərdir yaşanmaqdadır. 1992-1993-cü illərdə Azərbaycan toponimləri dəyişdirilib. Hesab edirik ki, toponimlər qaytarılmalıdır və bunun vaxta ehtiyacı var. Gürcüstan hakimiyyəti söz verir, amma ölkədə ictimai-siyasi durum ağır olduğundan bunun reallaşdırlması hələ çətindir.

Sual: Azərbaycan və Gürcüstan dövlət rəsmiləri səviyyəsində bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı müzakirələr yerli azərbaycanlıları razı salırmı?

Cavab: Hesab edirik ki, təhsillə və orta təbəqənin inkişafı ilə bağlı siyasət yanlışdır. Bu siyasətdən Borçalıda yaşayan azərbaycanlılar narazıdır. Bəzi hallarda, rəsmilərin səfərləri daha çox dekorativ xarakteri daşıyır və  problemlər ciddiliyi ilə müzakirəyə çıxarılmır.

Sual: Gürcüstan cəmiyyətinin inkişafında və dövlətin idarə edilməsində azərbaycanlıların təmsilçiliyi necədir?

Cavab: Təbii ki, çox zəifdir. Yerli idarəetmə orqanları olan bələdiyyələr, ayrı-ayrı nazirliklər, parlament və quberniyalar səviyyəsində statistik hesablamalar aparanda bunun yetərincə olmadığı açıq görünür. Əgər, azərbaycanlılar Gürcüstanda say tərkibinə görə ikinci toplumdursa, qonşu Azərbaycan və Türkiyə faktorunu da nəzərə alsaq azərbaycanlılar parlamentdə üç deyil, on iki  deputatla təmsil olunmalıdır. Quberniyada bir müavin yox, azı birinci müavin azərbaycanlı olmalıdır. Bələdiyyələrə seçkilər kifayət qədər şəffaflaşdırılmalıdır. Təəssüflər olsun ki, bu seçkilər şəffaf deyil.

Zəfər Quliyev: Azərbaycanda islahatlar inqilabın yeganə alternatividir

Posted August 29th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Politoloq Zəfər Quliyev

Müxalifət qüvvələrinin təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev Amerikanın Səsi radiosuna müsahibəsində qurumun “Demokratiyaya yumşaq keçidin Yol Xəritəsi” adlı sənədindən danışıb. Sənəddə Azərbaycan iqtidarı müxalifətlə dialoqa çağırılır və inqilabsız demokratiyaya keçidlə bağlı təkliflər əksini tapıb.

Sual: “Demokratiyaya yumşaq keçidin Yol Xəritəsi” sənədinin əsas strategiyası nədir?

Cavab: Demokratik islahat məsələsi o, qədər aktuallaşıb ki, artıq  həm daxildə bütün insanlar, həm də beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyəti qarşısında bu məsələni tez-tez qaldırır.   Azərbaycanda sistemli demokratik islahatlar keçirilməlidir. Məhz, bu məsələnin aktuallığı İctimai Palatanı Yol Xəritəsini qəbul etməyə vadar etdi. Sənəd yalnız məramnamə, platforma deyil, praktiki addımlara çağırışdır. Biz, Azərbaycan hakimiyyətini və bütün siyasi qüvvələri dialoqa çağırırıq. Sənəddə, ilk öncə ölkədə dialoq mühitinin yaradılması məsələsi irəli sürülüb. Bundan sonra, son illər ölkədə mövcud olan avtoritarizmdən yumşaq formada, inqilabsız, qarşıdurmasız, islahatlar yolu ilə demokratik quruculuğa keçməyin yolları sadalanır. Sənədin reallaşması hamının xoş niyyətindən və ilk növbədə hakimiyyətin istəyindən asılıdır.

Sual: Hökumət Sizin demokratiyaya keçidinizi qəbul edəcəkmi?

Cavab: Hökumət islahatlar istəyirsə, mövcud siyasi qarşıdurmadan qaçmaq, narazılığın aradan qaldırılmasını istəyirsə, addım-addım demokratiyaya yaxınlaşmaq mümkündür. Əgər, hökumət əvvəlki siyasətini davam etdirəcəksə, opponentlərinə qarşı ən sərt  antidemokratik üsullardan istifadə edəcəksə, avtoritarizmi dərinləşdirəcəksə, bu halda yalnız İctimai Palatanın resursları ilə  demokratiyaya keçid mümkün olmayacaq. Bu sənədlə, İctimai Palata hökumətə və ictimaiyyətə mesaj göndərir ki, ərəb ölkələrini bürüyən inqilablardan qaçmağın yeganə yolu demokratik islahatlardır. İslahatlar inqilabın yeganə alternatividir. Biz, Azərbaycanda qarşıdurmanın baş verməsini, inqilabi proseslərin başlanmasını istəmirik. Əlbəttə, bu gün Azərbaycanda inqilabın olacağı o qədər də ciddi görünmür. Amma, beynəlxalq ekspertlər də vurğulayır ki, dünyada ciddi dəyişikliklər başlayıb. Bütün avtoritar rejimlər ərəb ölkələrində baş verən proseslərdən ciddi nəticələr çıxarmalıdır. Bu gün real görünməyənlər sabah real olur.

Sual: İqtidar İctimai Palatanın etiraz aksiyasından sonra çoxsaylı fəalı həbs edib. Eyni zamanda, iqtidar partiyası İctimai Palatanın dialoq təklifini qəbul etmədiyini bildirib. Yol Xəritəsi sənədinə isə rişxəndlə yanaşılır.

Cavab: İctimai Palata tək Yol Xəritəsinin qəbulu ilə kifayətlənmir.  Siyasi məqsədləri və vəzifələri daha genişdir. Hakimiyyət ciddi demokratik islahatlar aparmayacaqsa, İctimai Palata indiyədək apardığı mübarizəsini davam etdirəcək. Yəni, birbaşa cəmiyyətə, vətəndaşlara, digər siyasi qüvvələrə birgə demokratiya uğrunda mübarizə aparmaq üçün müraciət edəcək. Ona görə ki, biz başqa yol görmürük. Hakimiyyətin tutduğu indiki yol Azərbaycan xalqını pis bir gələcəyə, dünyada gedən proseslərdən təcrid vəziyyətə aparır.

 

Əli Kərimli: Azərbaycanda mübarizə kütləvilik mərhələsinə keçəcək

Posted August 25th, 2011 at 10:40 pm (UTC+4)
3 comments

AXCP sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində Səbael rayon məhkəməsinin müxalifət fəalları barədə həbs hökmünü siyasi sifariş adlandırıb. O, Azərbaycan müxalifətinin demokratik islahatlar uğrunda apardığı mübarizə, avtoritarizmdən  demokratiyaya yumşaq keçidin yol xəritəsi və ərəb inqilablarının səbəblərindən danışıb.

Sual: Bu gün Səbael rayon məhkəməsi 6 müxalifət fəalı barədə həbs hökmü çıxarıb. Hökmə münasibətiniz necədir?

Cavab: Bu, siyasi sifarişlə verilmiş  məhkəmə qərarıdır. Əvvəlcədən bəlli idi ki, bizim müxalifətçi dostlar cinayət törətməyib, onların hərəkətlərində heç bir qanun pozuntusu, ictimai təhlükəli, cinayət xarakterli əməl olmayıb. Mitinqlərin qarşısını almaq, insanların fəal şəkildə hüquqları uğrunda mübarizəyə qoşulmasına mane olmaq məqsədi ilə bu, cinayət işi quraşdırılıb. Əvvəlcədən bilinirdi ki, cinayət işi saxtadır. Məhkəmə istintaqı zamanı da işin saxta olduğu sübut olundu. Onlarla şahid iştirak etdi. Şahidlərin doxsan faizi polis əməkdaşları idi. Hətta, prokurorluğun tapdığı, saxta şahidlərin özləri də təsdiq etdi ki, bu gün ittiham olunan şəxslərin heç biri konkret cinayət əməli törətməyib. Onların rejim qarşısında yeganə suçu “Azadlıq!”, “İstefa!” şüarlarını səsləndirməsi olub. Belə müəyyən olunur ki, Azərbaycanda qeyri-rəsmi qaydalara görə, “Azadlıq!”, “İstefa!” şüarlarını səsləndirmək cinayət hesab olunur. Bu, bir daha göstərdi ki, ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur. Çox təəssüf ki, Azərbaycanda məhkəmə, polis, prokurorluq avtoritar rejimin repressiya maşını kimi işləyir. Azərbaycan vətəndaşlarını qorxutmaq məqsədi ilə onlara qarşı qanunsuz repressiyalar həyata keçirilir. Mən əminəm ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da belə repressiyalarla xalqı qorxutmaq mümkün olmayacaq. Məhkəmələrin qarşısında keçirilən etiraz aksiyaları da bunun sübutudur. Bu gün azadlıqdan qanunsuz olaraq məhrum edilmiş dostlarımızın mərdi-mərdanə mübarizəsi və hətta məhkəmə hökmündən sonra optimizm nümayiş etdirmələri göstərir ki, rejim çox çalışsa da, ölkədə qorxunu bərpa edə bilməyəcək. Azərbaycanda da demokratiya uğrunda mübarizə kütləvilik mərhələsinə keçəcək. Mən inanıram ki, bu gün məhkum edilmiş dostlarımız uzun müddətə həbsdə qalmayacaq.

Sual: İctimai Palata və ya müxalifət yeni mitinqlərə başlamaq fikrindədirmi?

Cavab: Mitinqlər əslində, dayandırılmayıb. Bizim kütləvi  aksiyalar keçirmək barədə siyasi qərarımız var. Amma, indi çalışırıq ki, mitinqlər daha kütləvi olsun. Doğrudur, müəyyən lokal aksiyalar keçirilir, “Azadlıq!”, “İstefa!” şüarları səsləndirilir. Amma, biz maraqlıyıq ki, İctimai Palatanın mitinqləri daha kütləvi və vətəndaşların iştirakı ilə olsun. Yalnız, müxalifət fəalları tərəfindən keçirilən mitinqlər arzuladığımız nəticəni əldə etmək üçün kifayət deyil. Ona görə də, biz təşkilatlanmanı, İctimai Palatanın fəal tərəfdarlarını artırmaq xəttini aparırıq ki, aksiyalara bağlayan zaman daha kütləvi aksiyalar keçirmək mümkün olsun.

Sual: Məhkəmənin qərarından yuxarı məhkəmələrə şikayət veriləcəkmi?

Cavab: Əlbəttə, dərhal Apelyasiya Məhkəməsinə müraciət ediləcək. Amma, bu ona görə olmayacaq ki, biz ilkin məhkəmədə görmədiyimiz ədaləti burada görəcəyik. Biz, Azərbaycanda məhkəmə sisteminin tam iflasa uğradığını yaxşı bilirik. Amma, mövcud qaydalara görə, ölkə daxilində bütün məhkəmə instansiyalarını keçməliyik ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edək. Avropa İnsan Hüquqları Məhkəməsində dostlarımızın cinayət etmədiyini sübut edəcəyik və hökumət onlara kompensasiya ödəməli olacaq.

Sual: İctimai Palatanın gələcəkdə ölkədə demokratik islahatlara nail olacağına inanırsınızmı? Bunun yolları nədir?

Cavab: Biz inanırıq, inandığımıza görə də, konkret layihələrimizi ictimaiyyətə təqdim edirik. Avqustun 27-də İctimai Palatanın sessiyasında “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı sənədin son variantının qəbul ediləcəyini düşünürük. Əslində, bu yol xəritəsi iqtidara yaradılan bir şansdır ki, demokratikləşmə ilə bağlı proses tədricən, islahatlar yolu ilə  həyata keçirilsin, inqilabi varianta ehtiyac olmadan addım-addım ölkənin mütərəqqiləşməsinə nail olaq. Azərbaycan müxalifətinin istədiyi budur. Amma, təcrübə göstərir ki, harada ki, sistemli və ardıcıl şəkildə irəli sürülən islahatlar rejimlər tərəfindən qulaqardına vurulur və xalq da görür ki, iqtidar konstruktiv təklifləri, demokratik dəyişikliklərə addım-addım nail olmaqla bağlı təklifləri qəbul etmək iqtidarında deyil. O, zaman xalqın özü siyasi meydana atılır. Xalq meydan çıxanda onun özünün spesifik dəyişikliklər xəritəsi olur. O mərhələdə, daha müxalifətin təklif etdiyi yol xəritəsinə ehtiyac olmur. Biz, hökumətə xatırladırıq ki, dəyişikliklər mütləq olacaq. Azərbaycan xalqının avanqard qüvvəsi olan müxalifət bu dəyişiklikləri etməyə qərarlıdır. Yaxşı olar ki, dəyişikliklər, Azərbaycana yaraşan sivil şəkildə həyata keçirilsin. Azərbaycan hökuməti indiki repressiv siyasətində israr etsə, günün birində Azərbaycan xalqı ilə üz-üzə qalmalı olacaq.

Sual: Amma, müxalifətin yol xəritəsi iqtidarın yüksək səviyyəli məmurları, siyasətçiləri tərəfindən birmənalı qarşılanmır? Hətta, bəzən rişxəndlə qarşılanır.

Cavab: Bu, bir daha göstərir ki, avtoritar rejimlər tarixdən heç bir dərs almır. Onlar özlərindən qabaqkıların səhvlərini təkrarlamaqda davam edir. Vaxtı ilə Misirin prezidentinə islahatlar təklif olunanda, o və ətrafı belə, rişxəndlə yanaşırdı. Tunisin prezidenti də, belə etinasız münasibət nümayiş etdirirdi. Suriyada, Liviyadakı rejimlər islahatlara gülünc yanaşırdı. Onlar özlərini həddindən çox güclü bildirdi. Amma, biz indi onların “güclü taleyi”ni də görürük. Heç kimin şübhəsi olmasın ki, Azərbaycandakı rejim istisna olmayacaq. Bütün avtoritar rejimlərin, o cümlədən Azərbaycandakı  rejimin də perspektivi və gələcəyi yoxdur. Təəssüf ki, Azərbaycan iqtidarı dünyada baş verənləri düzgün müşahidə edib, düzgün nəticə çıxara bilmir. Bu kobud səhvi etmiş insanların yolu ilə gedirlər. Özləri bilmədən, uçuruma doğru gedirlər.

Müəllifdən: Azərbaycanın hüquq mühafizə orqanları hazırda məhkum olunan müxalifət fəallarının kütləvi aksiyaya cəhd zamanı etdikləri cinayətlərin istintaq yolu ilə sübut olunduğunu bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə “Media forum” saytına deyib ki, məhkəmənin hökmünü xüsusiləşdirmək, siyasiləşdirmək lazım deyil. “Buna göstərilən cəhdlər əbəsdir. Azərbaycan demokratik dövlətdir və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında cavabdehlik daşıyır. Qanuna hörmət, riayət etmək hamımızın borcudur. Qanunun aliliyini təmin etmək isə dövlətin vəzifəsidir. Azərbaycanda qanun pozuntusu ilə bağlı məhkəmələrin çıxardığı qərarlar cəmiyyətin, ictimaiyyətin xeyrinədir, ictimai asayişin, vətəndaşların şəxsi mülkiyyətinin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanda qanunsuz mitinqlərə cəhdlər olub, o cümlədən aprelin 2-də bəzi siyasi dairələr qanunsuz mitinqlər keçirməyə cəhd edərək ictimai asayişi pozublar, vətəndaşların mülkiyyətinə zərər vurublar. Bu da hüquq mühafizə orqanları tərəfindən araşdırılıb, məhkəmə istintaqı aparılıb. Sonda isə məhkəmə hökmü verilib. Məhkəmənin hökmünü şərh etmək niyyətində deyiləm. Çünki məhkəmənin hökmü qanuna istinad edir. Qərardan yalnız yuxarı instansiya məhkəməsinə şikayət vermək olar”.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının yüksək vəzifəli şəxsləri həmçinin, müxalifətin yol xəritəsini və müxalifətlə dialoqu mümkün saymır.

YAP İcra katibinin müavini Səyavuş Novruzov hesab edir ki, müsəlman ölkələrində cərəyan edən dalğanın əsas mahiyyəti və məğzi həmin ölkələrin sərvətlərinin bəzi Avropa ölkələri və ABŞ tərəfindən mənimsənilməsinə və bölüşdürülməsinə xidmət edir. “Liviya və Suriyanın beynəlxalq fondlarda olan bütün pulları, sərvəti dondurulub və mənimsənilir. Çünki, Avropa ölkələri və ABŞ xərclədikləri bütün pulları Liviya xalqının belindən çıxaracaq. Onlar Liviyada demokratiya axtarmır, demokratiya qurulması gündəmdə olan məsələ deyil”, – deyə o qeyd edib.

Qabil Hüseynli: “Ərəb baharı” davam edəcək

Posted August 24th, 2011 at 9:43 pm (UTC+4)
Leave a comment

Politoloq Qabil Hüseynli

Politoloq Qabil Hüseynli Amerikanın Səsi radiosuna müsahibəsində Liviyada keçid dövrünün ağır olacağını düşünür. Onun fikrincə, Türkiyə demokratiyası bütün müsəlman dünyası üçün yaxşı nümunədir.

Sual: Artıq, Liviya xalqı qələbəyə çox yaxındır. Qəzzafi hökumətinin süqutundan sonrakı dövrü necə görürsünüz?

Cavab: Müəmmar Qəzzafidən sonrakı proseslər o qədər də asan olmayacaq. Liviya tayfaların, qəbilələrin üstünlük təşkil etdiyi çoxrəngli və  mozaik bir ölkədir. Bu səbəbdən də ölkədə ümummilli həmrəyliyə gəlməyin yolları asan olmayacaq. Xüsusilə, nəzərə almaq lazımdır ki, Liviyanın indiki ərazisində vaxtı ilə üç bölgə olub və hər üç bölgə özünü müstəqil elan edib. Sonra, kral İdrisin vaxtında 20-cu əsrin ortalarında bölgələr birləşdirilərək vahid Liviya elan edilib. Keçmişdən qalan, ayırıcı fikir sindromu da, ola bilər ki, gələcəkdə maneələr yaratsın. Bununla yanaşı, qalib gəlmiş inqilabçılar Qəzzafi hökumətinin üzvlərindən bütövlükdə imtina etsə, idarəetmədə çətinliklər daha da artacaq.

Bununla yanaşı, güman edirəm ki, artıq çətin proseslər arxada qalıb. İnqilab dünya dövlətlərinin yaxından dəstəyi ilə məqsədinə çatacaq.

Sual: Liviya və ərəb inqilablarının regional təsirləri nə ola bilər? Çünki, bir sıra siyasi liderlər, dövlət başçıları rişxəndlə artıq “ərəb baharının” arxada qaldığını iddia edir.

Cavab: Yox, “Ərəb baharı” başa çatmayıb, proses davam edir. Çünki, Liviyada cərəyan edən hadisələr Suriyada da cərəyan etməkdədir. Suriya da artıq yeni siyasi dəyişikliyə “hamilədir”. Suriyadan sonra, başqa ölkələr də bu, proseslərə qatılacaq. Xüsusilə uzun illərdir ki, İranla bağlı söylənilənlər yenidən gündəmə gələcək. Çünki, bölgədə həm terrorizmə, həm də qərb əleyhinə yönəlmiş diversiyalara hamilik edən dövlətlər sırasında həm Suriyanın, həm İranın, eləcə də Müəmmar Qəzzafinin adı çəkilir. Hazırda bu adamların tarix səhnəsindən silinməsi prosesi gedir və proses məntiqi sonluğuna çatacaq.

Sual: Türkiyənin demokratiya təcrübəsi ərəb dünyası üçün nümunə ola bilərmi?

Cavab: Türkiyədə bərqərar olmuş demokratiya və dövlətçilik modeli bütün müsəlman dünyası üçün daha keçərlidir və çox pozitiv əhəmiyyətə malikdir. Son zamanlar, bu nöqteyi-nəzərdən Türkiyənin qərbdən inqilab baş vermiş ölkələrə bir kart-blanş aldığının şahidi olmaqdayıq. Məsələn, Liviyada proses hələ məntiqi sonluğa çatmayıb, amma Türkiyənin xarici işlər naziri öz xanımı ilə birgə bu ölkəyə səfər edib. Nazir Türkiyənin qalib gəlmiş üsyançıların tərəfində olduğunu açıq bəyan edib. Bu isə Türkiyənin Liviyada gedəcək yenidənqurma prosesinə yaxından dəstək verəcəyini göstərir. Bununla yanaşı, Türkiyə Suriya rəhbərliyinə ultimativ şəkildə qırğınları dayandırmağı məsləhət görüb. Düzdür, buna cavab verilməyib. Amma, Türkiyə açıq şəkildə bəyan edib ki, “sözün qurtardığı yerdə əməli hərəkətlər başlayır”.

Sual: Bundan sonra, ərəb dünyasında qərbin, xüsusilə də Amerikanın regional təsirləri necə olacaq?

Cavab: Bundan sonra, ərəb dünyasındakı proseslər demokratiya və insan haqlarına söykənən proseslər olacaq. Bərqərar olan və olacaq siyasi sistemlər qərb demokratiyasına bənzəməyə çalışacaq. Bu nöqteyi-nəzərdən Amerikanın regionda təsirləri böyük olacaq. Prezident Obamanın Liviya, Suriya ilə bağlı bəyanatları ərəb dünyası və xalqları tərəfindən ürəklə təqdir və qəbul edilir.

İlham Şaban: Şahdəniz qazı Türkiyənin təsir imkanlarını qat-qat artıracaq

Posted August 18th, 2011 at 10:22 pm (UTC+4)
Leave a comment

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində Şahdəniz qazının

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Türkiyə ərazisindən daşınması ilə bağlı aparılan danışıqların avqustun 26-da İstanbulda davam etdiriləcəyini bildirib. Burada, Azərbaycan tranzit qiymətlərinin investisiyaların qaytarılmasına imkan verəcək dərəcədə olmasını istəyir. Türkiyə isə ildə 300 milyon dollaradək tranzit haqqı alsa da, böyük siyasi divident qazanır.

Sual: Azərbaycan qazının Türkiyədən tranziti ilə bağlı danışıqlar nə yerdədir?

Cavab: Hazırda, hələ ki, pat vəziyyətidir. Ona görə ki, yay aylarında faktiki danışıq aparılmayıb. Danışıqlar avqustun 26-da İstanbulda bərpa ediləcək. Bundan öncə isə, bu ilin mayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında danışıqlar olmuşdu və hər hansı razılıq əldə edilməmişdi.

Sual: Azərbaycanı hansı şərtlər təmin edir?

Cavab: Siyasi rəhbərliklərin göstərişi ilə danışıqlarda canlanma ola bilər. Amma, danışıqların başa çatması və kommersiya sazişləri üçün bu, yetərli deyil. Çünki, müzakirələr təsərrüfat subyektlərinin səlahiyyətinə daxil olan məsələləri əhatə edir. Hazırda maraqlı bir prosesi də müşahidə edirik. Cəmi iki il öncə, 2009-cu ildə Ukrayna Rusiya ilə belə saziş imzalayıb. İndi, həmin sazişə görə Ukraynanın baş nazirini həbs ediblər.  Məhz, bu səbəblərdən də  Türkiyə ən kiçik detallara qədər məsələləri diqqətlə öyrənir.

Nabucco layihəsi

Sual: Tərəflərin maraqları və təklifləri nədir?

Cavab: Hər bir tərəfin marağı, milli maraqlarından doğur. Bir millət, iki dövlət olsaq da, hər bir dövlətin öz milli maraqları var. Azərbaycanın maraqlarını dövlət başçısı dəfələrlə yüksək kürsüdən elan edib. Bu, ilk növbədə Azərbaycanın və Şahdəniz iştirakçılarının kommersiya maraqlarıdır. Onlar qazın çıxarılması və nəqli üçün 20-22 milyard dollar vəsait sərf edəcək. Nəzərə alsaq ki, Şahdəniz-2 layihəsində hasilat da düz 20 il müddətinə biləcək. Bu isə, hər il azı 1 milyard dollar kapital qoyuluşu deməkdir. Vəsaitin geri qaytarılması üçün böyük risk tələb olunur. Bunun üçün qarant lazımdır. Qarantı isə dövlətlə biznesin vəhdəti təmin etməlidir. Bu vəhdət 2036-cı ilədək qazın çıxarılıb, dünya bazarında satılıb, gəlirin bölüşdürülməsini təmin etməlidir.

Qazın gəlirlərini neft gəlirləri kimi təsəvvür etmək olmaz. Məsələn, 2010-cu ilin nəticələrinə görə Azərbaycan Azəri-Çıraq-Günəşli yatağından 16 milyard dollar mənfəət nefti götürüb. Bu yalnız Neft Fonduna daxil olan mənfəətdir. Burada, ARDNŞ-nin gəlirlərindən söhbət getmir. Yəni, Şahdəniz qazının mənfəəti bundan qat-qat az olacaq. Ən yaxşı halda ildə 4 milyard dollar səviyyəsinə çatacaq.

Sual: Türkiyənin maraqları nədir? Əsas mübahisə nəyin üzərində gedir?

Birincisi, Türkiyə ilk dəfə olaraq qaz tranziti ölkəsinə çevrilir. Türkiyə həmçinin, siyasi mahiyyəti qat-qat iqtisadi mahiyyətindən böyük olan layihəni reallaşdıracaq. Bu ölkənin ərazisindən ildə 10 milyard kub metr qaz keçəcək. Bunun müqabilində isə Avropa qiymətləri ilə hesablayanda qazancı ildə cəmi 250-300 milyon dollar olur. Bu Türkiyə kimi böyük dövlət üçün çox kiçik rəqəmdir. Ancaq, Türkiyənin siyasi dividentləri və təsir imkanları qat-qat artacaq.

Azərbaycan-İran labirinti (təhlil)

Posted August 15th, 2011 at 9:57 pm (UTC+4)
Leave a comment

İranın son diplomatik manevrləri heyrətləndiricidir. Bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Seyid Həsən Firuzabadinin “Azərbaycanda qiyam” bəyanatı  doğrudan da qiyam effekti yaradıb. Bu bəyanat İranda və Azərbaycanda  çoxsaylı dövlət məmurlarının və ictimaiyyətin başını deyəsən çox ağrıdacaq.

General bildirib ki, Azərbaycan hakimiyyəti dindarların hüquqlarını pozmaq və sionistlərin maraqlarını təmin siyasətini davam etdirsə, Aran xalqının qiyamını yatırmaq mümkün olmayacaq. “Aran xalqının damarlarında iranlı qanı axır, ürəkləri isə Quran və İslam sevgisi ilə doludur”.

Qiyam öz yerində, amma ordu generalı “Aran xalqının damarlarında iranlı qanı axır, ürəkləri isə Quran və İslam sevgisi ilə doludur”, – deməklə əslində Azərbaycan Respublikasının rəhbərləri ilə yanaşı, öz siyasi rəhbərlərinə də sataşıb. Belə ki, İranın ən ünlü siyasi liderləri, ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneyi və İran müxalifətinin rəhbəri Mir Hüseyn Musəvi azəri türküdür. Milli mənsubiyyətin isə hansısa dövlətə dəxli yoxdur. Generalın bəyanatının ikinci hissəsindəki “ürəkləri Quran və İslam sevgisi ilə doludur”  fikri isə daha çox İrandakı azəri türkü siyasi liderlərə uyğun gəlir.  Bu baxımdan, İranın siyasi liderləri öz təyin etdikləri ordu generalına cavab versələr daha yaxşı olardı.

Amma, cavab da verdilər. Həm Azərbaycan Respublikası, həm də rəsmi İran qoşun başçısı generalı yerindəcə susdurdular.

Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirini dəvət edərək öz notasını ona çatdırıb. Notada İran rəsmisinin “məsuliyyətsiz iftiralarına”

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejad

qəti etiraz bildirilir və belə bəyanatın iki dövlət arasında yaranmış dostluq və qarşılıqlı anlaşma, eləcə də öhdəliklərə zidd olduğu vurğulanır.
Öz növbəsində, İranın xarici işlər naziri Əli Əkbər Salehi İran ordusunun Baş Qərargah rəisi Firuzabadinin Azərbaycan rəhbərliyi və xalqının ünvanına səsləndirdiyi bəyanatı rədd edib. Cənab Salehi İRNA agentliyinə bildirib: “Son vaxtlar KİV-də dərc olunan bəyanatlar əsassızdır və bu iddiaları irəli sürənlər tamamilə başqa məqsədlərə xidmət edə bilərlər”. Amma, nazir iddianın ordu generalı və ya media tərəfindən irəli sürüldüyünə aydınlıq gətirməyib.

Beləliklə, İran-Azərbaycan dostluğunun astar üzü daha aydın görünməkdədir. Münasibətlər əsas rəsmi bəyanatlarda dostluq, sonradan təkzib edilən bəzi rəsmi bəyanatlarda “həqarətli dostluq” və müstəqil politoloqların fikirlərində düşmənçilik səviyyəsində olduğu görünür.

“Hesab edirəm ki, İran ordusunun Baş Qərargah rəisinin hədələyici bəyanatı Azərbaycan-İran münasibətlərində olan gərginliyə işarədir. İran özünü regional güc kimi nümayiş etdirmək istəyir. Lakin, çox yəqin ki, rəsmi Bakı İranın Fələstində, Livanda, İraqdakı təsirlərinin Azərbaycanda olmasına ehtiyac duymur”, – deyə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Amerikanın Səsi radiosuna bildirib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, İran rəsmilərinin bu cür bəyanatları ikitərəfli münasibətlərə ciddi mənfi təsir göstərəcək. “Azərbaycanda kimlərinsə aqibətindən danışan insanlar, yaxşı olar ki, öz aqibətlərini düşünsünlər. Onların apardığı siyasət nəticəsində İran dünyadan təcrid olunub”, –  deyə o Amerikanın Səsinə bildirib.

Bakıda İran səfirliyi qarşısında etiraz

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə İran rəsmisinin din faktorundan siyasi məqsədlərlə istifadə etməsinin yolverilməz olduğunu bildirib. “Onun azərbaycanlıların damarlarında iranlı qanı var” deməsi düz deyil. Əksinə İranda on milyonlarla azərbaycanlı var və deyəsən, onun damarında türk qanı axır və bu səbəbdən də hirslidir. İran dövləti özünün milyonlarla müsəlman azərbaycanlı vətəndaşının bütün fundamental hüquqlarını pozanda, bir milyon müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanla hərbi əməkdaşlıq edəndə, xristian Ohanyanı silah-sursatla təmin edəndə islam yadına düşmür. Yaxşı olar ki, İranda yaşayan müsəlmanlar rəsmi Tehranın bu əməllərinə reaksiya versinlər”, – deyə cənab Mollazadə qeyd edib.

Göründüyü kimi, qarşılıqlı bəyanatlar problemin daha dərin olduğunu göstərir. Yəni, artıq Azərbaycanda İranda yaşayan on milyonlarla azərbaycanlının, o cümlədən çoxsaylı azərbaycanlı dövlət xadiminin dini deyil, ana dili, ana dilində məktəb, media və başqa fundamental hüquqları da qarşılıqlı ittihamların ana xəttinə keçir.

Azərbaycan və İranın siyasi maraqları da üst-üstə düşmür və yüz illərdir ki, hər iki tərəf münbit siyasi mühit gözləyir. İran Azərbaycan, Cənubi Qafqaz və Xəzər regionundakı siyasi maraqları daxilində Ermənistan və Rusiya ilə sıx dostluq münasibətlərindədir. Azərbaycan isə əksinə Türkiyə, Amerika, Gürcüstan və Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirir. Bu da regiondakı siyasi maraqların bloklaşmasının konturlarını biruzəsidir.

İranın Azərbaycanda uzun illərdən bəri dini təbliğatının nəticələri görünməkdədir. Hazırda, ölkənin siyasi kluarlarının əsas

Bakıda Təhsil nazirliyinin qarşısında islamçıların etirazı

mövzularından biri kimi din faktoru öndədir. Ölkədə təbliğata və həbslərə baxmayaraq ilbəil dini meyllər artır. Artıq, dindarlar ciddi siyasi bəyanatlar verir, rəsmi qurumlar qarşısında toplum kimi güc nümayiş etdirir. Dindarların bəyanatları hətta o səviyyəyə qalxıb ki, dünyəvi siyasi müxalifətin bəyanatlarına cavab verməyən rəsmi hakimiyyət onların bəyanatlarına bu və ya digər şəkildə reaksiya verir.

Xatırladım ki, İran generalının bəyanatından bir neçə gün sonra İslam Partiyasının sədr müavini Arif Qəniyev, islam-azeri saytının rəhbəri Ramin Bayramov və Abgül Süleymanov həbs edilib.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki,  Abgül Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan “Cəfəri” adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparıb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanmasını təşkil ediblər. “Cəfəri” adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə /www.islam-azeri.az/ internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub.

Abgül Süleymanov və “Cəfəri” adlı dini radikal qrupun üzvləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən radikal şiə meylli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar. Bundan başqa, Abgül Süleymanov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə xəyanət maddələri ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan Respublikasının vətəndaşı, İran İslam Respublikasının Qum şəhərində yaşayan və orada fəaliyyət göstərən “Haqq yolu” elmi-mədəni müəssisəsinin rəhbəri Hüseynov İsgəndər Hüseynəli oğlu ilə yaxın münasibətlər saxlamaqla yanaşı, “Cəfəri” adlı dini radikal qrupun fəaliyyət istiqamətini müəyyənləşdirməkdə sonuncudan mütəmadi təlimatlar alıb.

Nabicco layihəsi

Eyni, zamanda, keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşiş və ona məxsus avtomobildən 1 ədəd “Makarov” tipli tapanca, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd “PM” patronu, Ramin Bayramova məxsus qarajdan 1 ədəd “Baykal” tipli tapança, həmin tapançaya aid səsboğucu, 1 ədəd tapança darağı, 8 ədəd patron, 2 ədəd “F-1” tipli əl qumbarası və 2 ədəd alışdırıcı, 13 qramdan artıq narkotik vasitə olan həşiş qətranı, Abgül Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Göründüyü kimi, rəhbəri İranın dini lideri tərəfindən təyin edilən və 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzi də bağlanacaq. Bu isə, birbaşa İranın ali dini liderinə “işarə etmək” deməkdir.

Eyni zamanda, islamçıların “narkotik və silah” ittihamı da İranın Azərbaycana qarşı siyasətində bu faktorlara üstünlük verdiyini göstərir. Həm də, İran generalının qiyam bəyanatı ilə məhz, bu ittihamlar bir-birini tamamlayır.

Amma, üfüqdə yeni, daha parlaq “siyasi ilğımlar”da görünür. Regionda diplomatik-siyasi oyunların konturları bu ilin sentyabrında, Nabucco layihəsi ilə bağlı Avropa İttifaqının siyasəti tam aydın olandan sonra görünəcək.

 

 

Azərbaycanda Eurovizion-2012 – “Demokratiya üçün musiqi” kampaniyasına başlanıb

Posted August 8th, 2011 at 10:10 pm (UTC+4)
Leave a comment

Rəsul Cəfərov

Eurovizion-2012 mahnı müsabiqəsi ərəfəsində insan hüquqları sahəsində həyata keçirilən “Demokratiya üçün musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə insan hüquqları, söz, fikir, toplaşmaq, media azadlıqları, siyasi məhbus problemi və viza rejimindən danışıb.

Sual: Kampaniyanızın əsas məqsədi nədir?

Cavab: Əsas məqsədimiz gələn il Azərbaycanda keçiriləcək və dünyanın çoxsaylı ölkələrinin iştirak edəcəyi Eurovizion-2012 mahnı müsabiqəsi ərəfəsində dünya ictimaiyyətinin diqqətini ölkədəki insan hüquqları sahəsindəki problemlərin həllinə yönəltməkdir. Hesab edirik ki, xüsusi ilə siyasi məhbus, söz, toplaşmaq, birləşmək, media azadlığı sahəsindəki problemləri, ictimai teleradionun fəaliyyəti və viza rejimi ilə bağlı vəziyyətin yaxşılaşdırılması məsələləri aktuallaşdırılmalıdır. Biz, dünya səviyyəli müsabiqə keçirən ölkədə belə problemlərin olmamasının zəruriliyini ictimailəşdirmək istəyirik.

Sual: Kampaniyaya kimlər qoşulub?

Cavab: Kampaniya bu il iyulun 28-də dörd qeyri-hökumət təşkilatı, Siyasi Azadlıqları Müdafiə Alyansı, İnsan Hüquqları Klubu, Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən elan edilib. Kampaniya  vətəndaş cəmiyyətləri, ziyalılar, ictimai xadimlər, xarici təşkilatlar üçün açıqdır. Artıq, çoxsaylı yerli və beynəlxalq təşkilat maraq göstərir. Hesab edirik ki, payız aylarından başlayaraq tədbirlər daha geniş vüsət alacaq.

Sual: Hansı tədbirləri həyata keçirəcəksiniz?

Cavab: Biz problemlərin və onların həll yollarının lobbiçiliyini aparacağıq.  Bu yolla həm yerli, həm də beynəlxalq təşkilatların mövcud problemləri mütəmadi olaraq Azərbaycan hökuməti qarşısında qaldırmasına nail olacağıq. Müxtəlif təşkilatlara problemlərin monitorinqi və həlli yolları ilə bağlı məktublar göndərəcəyik, xüsusi internet saytı yaradacağıq. 2012-ci ilin yanvar və ya fevral ayında geniş tərkibli beynəlxalq konfrans keçirilməsini planlaşdırırıq. Biz, həmçinin İctimai teleradionun işinin yaxşılaşdırılması ilə bağlı Avropa Yayım Birliyi qarşısında məsələ qaldıracağıq.  Eyni zamanda, digər qanuni vasitələrdən də istifadə edəcəyik.

Sual: Azərbaycan mahnı müsabiqəsi ilə bağlı təşkilat komitəsi yaradıb. Bu komitəyə də müraciət ediləcəkmi?

Cavab: Artıq biz, bu komitəyə müraciət etmişik. Ötən həftə təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevaya müraciət ünvanladıq.

Müraciətdə Azərbaycanda mövcud olan siyasi məhbus probleminə, sərbəst toplaşmaq və birləşmə azadlığı, ifadə azadlığı, mülkiyyət hüququ, İctimai Televiziya və Radionun fəaliyyəti sahəsində çətinliklərə, viza rejiminin sərt olmasına toxunmuşuq.

Biz problemlərin həllində təşkilat komitəsi ilə  əməkdaşlıq etməyə hazırıq.

Azərbaycanda turizmi (təhlil)

Posted August 2nd, 2011 at 12:12 am (UTC+4)
Leave a comment

İyuldan başlayaraq Azərbaycanda temperaturlar çox istiləşib. Ölkə avqusta 42 dərəcə istiliklə keçib. Sinoptiklər istilərin ay ərzində davam edəcəyini bildirir.  Belə ki, avqustda Bakıda və Abşeronda

gündüzlər +30 +35 dərəcə, ayrı-ayrı günlərdə +38 +40 dərəcə isti olacaq. Regionlarda da isti olacaq. Ən yüksək temperatur Naxçıvandadır +38 +42 dərəcə…

Reallıqda, belə isti havalar turistləri cəlb etməlidir. Yəni, Abşeronun isti havasına Xəzərin sahilboyu saysız-hesabsız çimərliklərini və dənizin “qızıl qum”unu da əlavə etsək xaricilərin sayı çox olmalıdır.

Azərbaycan prezidenti də 2011-ci ili “Turizm ili” elan edib.

Turizmi ilinin

yanvarda elan edilməsinə  baxmayaraq hökumət “2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” adlı sənədi düz yeddi ay sonra iyulun 20-də təsdiq edib. Bu isə əslində Azərbaycan atalar sözündə deylidiyi kimi “toydan sonra nağara” effektinin göstəricisidir. Görünür hökumət “Turizmi ili” elan etməklə, bütün hazırlıq işlərinin həyata keçirildiyini düşünüb.

Amma, turistləri də aldatmaq mümkün deyil. Axı, heç kim “pulunun dəlisi deyil”. Elə, yayın istisində Xəzər çimərliklərində bəzi hallarad rus və nadir hallarda isə Anadolu türkcəsində danışıqlara rast gəlinməsi buna sübutdur. Doğrudur, çox bahalı çimərliklər də var. Oralarda əraziyə giriş 18-20 manatdan çoxdur. Hələ, xidmətlərin bahalığını demirəm.

Orta gəlirli Azərbaycan ailələri isə əsasən Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan turist obyektlərinə üstünlük verir. Buradakı qiymətlər və xidmətdən də razılıqla danışırlar.

Azərbaycanda istirahət neçəyədir

Xəzərdə çimərlik

Turan agentliyinin məlumatına görə, Azərbaycanda turizm mövsümünün qızğın vaxtı olmasına baxmayaraq istirahət zonaları yarıboşdur. Atlas Travel turizm agentliyi bildirir ki, yerli turizm obyektlərində qiymətlər bahadır. “Bu il dünyada turistlər üçün qiymətlər ucuzlaşsa da, Azərbaycanda 5% bahalaşıb. Yerli turistlərə bir neçə region təklif edilir. Bunlar Quba-Xaçmaz, Qəbələ, Masallı, İsmayıllı və Lahıcdır. Orada iki nəfərlik evin bir günü 90 manat (113 dollar), 1 ailə üçün 130 manatdır (163 dollar). Bu qiymətə yalnız səhər yeməyi daxildir. Şam yeməyi və naharı istirahət edənlər restoranda sifariş verməlidir. Bu isə, sutkada 80-120 manata başa gəlir. Yəni 2 nəfərin istirahəti sutkada 220 manata (275 dollar), 10 gün 2200 manata (2750 dollar) başa gəlir. Azərbaycanda orta aylıq maaş 351 manatdır (439 dollar). Bu halda ölkədə dincəlmək hər kəsi cəlb etmir. Çoxları ölkədən kənara getməyə üstünlük verir.

Qiymətlər

Turan agentliyi nümunə üçün Azərbaycanın bir sıra turist obyektlərində qiymətləri dərc edib (manatla /1 gecə, 1 manat 1,25 dollardır): “Qaya” istirahət evi (Lahıc) 2 nəfərlik – 90, 4 nəfərlik –  130 (qiymətə təkcə səhər yeməyi daxildir); “7 gözəl” istirahət evi (Qəbələ) 2 nəfərlik – 60 manat (3 dəfə yemək);  “Qız qalası” istirahət evi (İsmayıllı) 2 nəfərlik –  80 manat, 4 nəfərlik –  120 manat (qiymətə təkcə səhər yeməyi daxildir);  “Qubaterras” istirahət evi (Quba) 2 nəfərlik – 70 manat, 4 nəfərlik – 130 manat, (qiymətə təkcə səhər yeməyi daxildir).

Böyük Qafqaz dağları

Atlas Travel turizm agentliyində deyirlər ki, 3 dəfə yemək, uçuş və sığorta da daxil Türkiyənin məşhur kurortlarında 1 adam 650 manata 7 gecə dincələ bilər. 4 nəfərlik ailəyə belə istirahət 2600 manata başa gələr. Aşağıda Türkiyənin kurortlarının qiymətləri verilir  (manatla, qiymətə aviabilet, oteldə qalmaq, 3 dəfə yemək, transfer, sığorta daxildir): Antalya  –  499, Bodrum – 633, Quş adası – 659, Mərmərə – 545, Şimali Kipr  – 323 manatdır.

Gürcüstanda qiymətlər daha məqbuldur. Məsələn, Batumidə 7 gün istirahət 535 manatdır. Buraya aviabilet, oteldə qalmaq, 3 dəfə yemək, transfer, sığorta daxildir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, Gürcüstanda istirahət Azərbaycandakından 2 dəfə ucuzdur. “Qiymətin bahalığı turizm sahəsində əsas problemlərdən biridir. məhz bu səbəbdən vətəndaşlar çox vaxt qonşu ölkələrə gedir”, – deyə o qeyd edib.

Contact.az saytı yazır ki, xarici turistlərin Azərbaycana cəlb edilməsinə mane olan əsas problemlərdən biri də aviabiletlərin bahalığı və aeroportdakı yığımdır. Belə ki, rusiyalı turist 500-600 dollara Türkiyədə 1 həftə 4 ulduzlu oteldə qalmaq, 3 dəfə yemək, transfer imkanı və Moskva-Antalya-Moskva bileti əldə edir. Bu pula yalnız Moskva-Bakı-Moskva təyyarə bileti almaq olar. Qonşu Gürcüstandan isə İstanbula 79 avroya uçmaq olur.

Azərbaycana gəlməyin digər çətinlikləri

MDB ölkələrinin əksər vətəndaşları üçün Azərbaycana gələrkən viza almaq zərurəti yoxdur. Ancaq, Azərbaycana hazırda digər xarici

Palçıq vulkanı

ölkə vətəndaşlarının gəlməsində xeyli viza problemləri yaşanır. Belə ki, ötən ilədək istənilən ölkə vətəndaşı Bakı hava limanında ölkəyə giriş vizası ala bilirdi. Amma, qanunvericiliyə dəyişiklik edildikdən sonra xaricilər yalnız Azərbaycanın xarici ölkələrdəki konsul idarələrindən viza ala bilərlər. Bu isə, ölkəyə gəlmək üçün xərclərin artmasına səbəb olur. Digər tərəfdən, son dövrlər xarici ölkə jurnalistlərinin beynəlxalq mediada tez-tez ölkədən çıxarılması, insan haqlarının pis olması, fiziki təzyiqlər, hökumətin vətəndaşları ilə davranışı barədə mənfi xəbərlərin yayılması insanlarda turist ölkəsi kimi Azərbaycanı seçməsində qorxu hissi yaradır. Çünki, istənilən şəxs hansı ölkəyə getmək istəyirsə, internetdə o, ölkəni axtarır. Azərbaycan barədə beynəlxalq axtarış saytlarında da ilk öncə məlumatlar azdır, ingilis dilli məlumatlar isə həddən artıq azdır və əksəriyyəti insanlarda qorxu hissi yaradan xəbərlərdir.

Təssəvvür edin ki, bu xəbərləri oxuyan, hətta Azərbaycanda əvvəllər uzun müddtə yaşamış insan belə zəng vurub soruşur ki, “Azərbaycana gələnləri doğrudan qovurlar”.

Bundan başqa, təhlükəsiz qida məhsulları, tibbi xidmət və başqa sahələrlə bağlı qorxular da qalmaqdadır. Yayın istisində, hər gün satış müəssisələrində tonlarla keyfiyyətsiz və istifadə vaxtı keçmiş dondurma, qida və bostan məhsulları müəyyən edilir. Maraqlıdır ki, belə hallarla bağlı məlumatlar hər gün yayılır. Bəs, ölkədə məhsullar satış müəssisələrinə daxil olmamışdan öncə, ona keyfiyyət sertifikatı verən dövlət orqanları məsuliyyət daşımır. Bütün hallarda, idxal edilən və istehsal olunan məhsulların hamısının milli keyfiyyət standartları mövcuddur.

Azərbaycanın turizmi tarixindən

Vikipediya saytının məlumatına görə, Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olub. Eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plinin, Plutarxın, Heardotun, Ptolomeyin və Strabonun adlarını çəkə bilərik.

İçəri Şəhər

Azərbaycan qədim dövrlərdə Böyük İpək Yolunun üzərində mühüm dayanacaq kimi tanınan bir ölkədir. Antik müəlliflərin məlumatlarına görə, Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Strabonun yazdığına görə, hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Xəzər dənizinə, sonra dəniz vasitəsilə Azərbaycana və Kür çayı ilə Şərqi Gürcüstana, oradan isə Qara dənizə aparılıb.

Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilib və buradan da Azərbaycanın digər şəhərlərinə göndərilib. Orta Asiya, Hindistan və Çindən Mingəçevirə  gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilib, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılıb. Bu trasslardan biri Bərdədən cənuba Naxçıvan-Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən Qəbələ – Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı – Dərbənd Şimali Qafqaz istiqamətində gedib.

İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Şəki  Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilib.

Rusiyadan İrana və Hindistana gedən dəniz və qurur yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlaqələrində böyük rolu olub. . Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa – Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb olub, bunların ölüçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd edib. Hazırda bunlardan Multanı (XII – XIV), Buxara (XIV – XVI) və başqa memarlıq nümunələri tarixi abidə kimi qorunur.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da diqqət mərkəzində olub. 1999-cu ildə Milli Məclis “Turizm haqqında” qanun qəbul edib.

2001-ci ilin sentyabrın 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan bu beynəlxalq təşkilata üzv olub.

2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olunub.

Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə prezidentin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub.

2009-cu ilin aprelində Bakıda 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirilib. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak edib.

“2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Mehmanxanalar və səyyahət

Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,

Qızılağac qotuğu

bu obyektlərin 312-si Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında, 187-si isə qanunsuz fəaliyyət göstərir. Mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb. Hotellərin 15-i “beş ulduz”ludur. Onların 13-ü Bakıdadır. Respublikada 37 “dörd ulduz”lu hotel fəaliyyət göstərir, 21-i Bakıdadır. “Üç ulduz”lu 21 hoteldən 13-ü Bakıdadır. Ölkə üzrə ümumilikdə “iki ulduz”lu 3 hotel fəaliyyət göstərir. Onun 1-i paytaxtdadır. Ölkədə 100-dən çox turist şirkəti fəaliyyət göstərir.

Azərbaycanın istənilən regionuna quru, hava və dəmir yol nəqliyyatı ilə səyahət etmək mümkündür.

Azərbaycan-Türkiyə münasibətləri: danışıqlar və reallıqlar

Posted July 27th, 2011 at 11:21 pm (UTC+4)
Leave a comment

Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərə gəlib.

Bu, Türkiyə baş nazirinin seçkilərdən sonra ilk rəsmi xarici səfəridir. Azərbaycana səfər birinciliyi artıq Türkiyədə siyasi ənənəyə çevrilib və Türkiyənin yeni hökumətləri ilk xarici səfərlərini Azərbaycandan başlayır.

Amma, iki dövlət arasında qardaşlıq münasibətləri klassik deyimdəki kimi “bir millət, iki dövlət” teoreminə uyğun olsa da, həll edilməli ciddi məsələlər qalmaqdadır.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, “Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi, Azərbaycan qazının Türkiyə üzərindən daşınmasının tranzit qiymətlərinin müəyyənləşdirilməsi və Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Təşkilatının strukturlarının formalaşdırılması məsələləri həllini gözləyir”.

Ekspertlər həmçinin bu günki danışıqların əsas mövzusundan biri kimi Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazda təhlükəsizlik məsələsini də qeyd edir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səfərindən öncə bildirib ki, görüşlərdə Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi, enerji layihələri, xüsusilə də “Nabucco” layihəsi üzərində işlər davam edəcək. Bu layihədən Avropanın gözləntiləri 10 milyard kub metr təbii qazdır”.

Baş nazir Cənub Qafqazda sülhün bərpası üçün fəaliyyətdən də danışıb. “Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib”, – deyə o qeyd edib.

Bakı danışıqları – birgə mətbuat konfransı

Qarabağ münaqişəsi Azərbaycan üçün olduğu kimi, Türkiyə üçün də yaradır. Bu bəyanatı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan

Baş nazir Rəcəb Tayyib Ərdoğan

prezident Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında verib.

Cənab Ərdoğan bildirib ki, Qarabağ mövzusu iki ölkənin dialoqunda prioritet sayılır. “Siyasi, hərbi, iqtisadi münasibətlərin gələcək inkişafı Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin rəhbərlik etdiyi Strateji Əməkdaşlıq Şurasının iclasında ətraflı müzakirə obyekti olacaq”.

Baş nazir ticari-iqtisadi əlaqələrin dinamikasından məmnun olduğunu bildirib. “2010-cu ildə bu həcm 2,5 mlrd. dollar təşkil edib. Cari ilin 5 ayında əmtəə dövriyyəsi 1,4 mlrd. dollar təşkil edib və ilin sonunda 3 mlrd. dollara çatacağı gözlənilir”.

Enerji əməkdaşlığına toxunan cənab Ərdoğan əmin olduğunu bildirib ki, iki qardaş ölkə “Şahdəniz-2” yatağından qazın ixracı üzrə birgə strateji addım atacaq.

Bir ildir ki, tərəflərin qazın tranzit qiymətlərini razılaşdıra bilməməsinin səbəblərinə dair sualın cavabında Türkiyənin baş naziri deyib ki, iki ölkənin müvafiq nazirliklərinə həvalə olunub ki, sabah bu məsələnin həlli ilə bağlı danışıqlar aparsınlar.

Cənab Ərdoğan PKK-nın terrorçu fəaliyyətini rəsmən pislədiyinə görə, prezident Əliyevə dərin təşəkkürünü bildirib. “Terrorizmi dünyanın ümumi problemidir. Norveçdə baş vermiş son iki terror aktı bunu bir daha sübut edir. Norveçdəki terror aktını ruhi xəstənin hərəkəti kimi qələmə vermək cəhdlərinə baxmayaraq, bu, uzun zamandır islamofobiyanın artmasının nəticəsidir”.

Türkiyəli jurnalistin “nə üçün Azərbaycan tərəfi Türkiyə ilə viza rejiminin ləğvinə dair qarşılıqlı addım atmır və Bakının Şimali Kiprin tanınması ilə bağlı yol xəritəsi varmı” sualına cavabda prezident Əliyev, viza rejiminin birtərəfli ləğvinə görə, Türkiyəyə təşəkkürünü bildirib və etiraf edib ki, “Azərbaycan hələlik buna hazır deyil”. O, əlavə edib ki, “nə zaman hazır olsaq, onda da edəcəyik”.

Şimali Kiprin tanınmasına gəlincə, cənab Əliyev deyib ki, Qarabağ münaqişəsini nəzərə alsaq, “bu, sadə məsələ deyil. Vaxtı çatanda bu məsələ öz həllini tapacaq”.

Azərbaycan və Türkiyə Ermənistan prezidentinin bəyanatını pisləyib

Prezident İlham Əliyev

Ermənistan prezidenti Serj Sarkisyanın “Biz Qarabağ məsələsini həll etdik, gələcək nəsil Ararat məsələsini həll etməlidir” bəyanatını şərh edən baş nazir Ərdoğan deyib ki, bu cür fikirlər dövlət xadiminə yaraşmır. “Gənc nəsli nifrətə sürükləmək olmaz”.

Onun fikrincə, prezident Sarkisyan ciddi səhvə yol verib və üzr istəməlidir.

Prezident Əliyevin fikrincə, Ermənistan prezidentinin bu bəyanatında Ermənistan rəhbərliyinin aqressiv mahiyyəti özünü göstərir. O qeyd edib ki, rəhbərlik Qarabağ məsələsini həll etdiyini deməkdə çox yanılır. “Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyi dinc və ya hərbi yolla mütləq bərpa olunacaq”.

Türkiyəyə ərazi iddialarına gəlincə, cənab Əliyev qeyd edib ki, onlar reallıq hissini o dərəcədə itiriblər və ya illüziyalara qapanıblar ki, Türkiyəyə qarşı təcavüzkar niyyətlər bildirirlər ki, bu da ağılsızlıqdır.

Türkiyə-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin perspektivləri

Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələrinin inkişafı Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi ilə başlayıb.

İqtisadi sahədə əməkdaşlıq haqqında indiyədək iki dövlət arasında 23 sənəd imzalanıb. Ekspertlər bu sənədlərin Azərbaycan ilə Türkiyə

Bakı-Tbilisi-Ceyhan neft boru xətti

arasında əlaqələrin hüquqi təməlini təşkil etdiyini düşünür.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin fikrincə, iqtisadi əlaqələrdə ilk növbədə energetika sahəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin əhəmiyyətini qeyd etmək lazımdır. “2010-cu ildə  Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır. Bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.

Onun sözlərinə görə, son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkədəki şirkətlərin maliyyə imkanlarını artırıb və artıq yüzlərlə Azərbaycan şirkəti Türkiyədə çalışır və müxtəlif sahələrə sərmayələr yatırır. “Qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, informasiya-komunikasiya texnologiyaları, tranzit daşımaları, xidmət, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı səmərə üçün geniş imkanlar mövcuddur”.

Politoloq Elxan Şahinoğlu

Müstəqil ekspertlər, iqtisadi əlaqələrin inkişafında problem kimi Türkiyə biznesinin Koç, Sanbançı kimi nəhənglərinin Azərbaycanda iş qurması üçün şəraitin olmamasını göstərir. “Azərbaycan biznesmenləri Türkiyədə torpaq sahələri alaraq hotellər və digər obyektlər tikə bilir, amma Azərbaycanda Türkiyə biznesmenləri üçün bu şərait yoxdur. Digər tərəfdən, biznes işinin qurulmasında Türkiyə iş adamları çoxsaylı süründürməçiliklə rastlaşır. Eyni zamanda, bir sıra Türk iş adamları bizneslərini qurduqdan sonra ölkəni tərk etməyə məcbur edilib”, – deyə politoloq Elxan Şahinoğlu bildirib.

 

 

Statistika

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycan ilə Türkiyə arasında mal dövriyyəsi 942,165 milyon dollar təşkil edib. Bu zaman idxalın payı 771,274 milyon dollar, ixracın payı isə 170,894 milyon dollar təşkil edib.

Ankara Ticarət Palatasının məlumatına görə, Türkiyənin Azərbaycanda birbaşa investisiyaları 3,8 milyard dollara çatıb.

Bununla yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə “Petkim” neft-kimya kompleksinin ərazisində neft emalı zavodunun tikintisinə investisiya qoyması ilə Türkiyə və Azərbaycan arasında investisiyaların ümumi həcmi 15 milyard dolları keçəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu

Azərbaycanın investisiyası ilə tikilən bu yolun çəkilişinin başa çatması iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə növbəti nəfəs verəcək.

Türkiyənin nəqliyyat və kommunikasiya naziri Bilənt Yıldırım bu ilin əvvəlində APA agentliyinə bildirib ki, yolun tikintisi Azərbaycanla ticarət dövriyyəsinin 10 milyard dollara yüksəldilməsi üçün imkanlar açacaq. “Bakı-Tiflis-Qars dəmiryolunun tikintisini

2012-ci ildə başa çatdırılmasını planlaşdırırıq. Xəttin istifadəyə verilməsindən sonra 2012-ci ildə 1,2 mln. sərnişin və 3,5 mln. ton yük daşınacaq. 2034-cü ildə isə dəmiryolu xəttinin üzərində 7,8 mln. sərnişin və 21,5 mln. Ton yük daşıması olacağını təxmin edirik. Bakı-Tiflis-Qars xətti, Marmaray və tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələcək”, – deyə o qeyd edib.

Bununla yanaşı, Nabucco layihəsinin reallaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin ən yüksək həddini müəyyən edən amil olacaq.

Viza problemi

Türkiyə tərəfi iki il öncə Azərbaycan vətəndaşları üçün birtərəfli qaydada viza rejimini ləğv edib. Azərbaycan isə Türkiyə üçün viza rejimini

Prezident Administrasiyası ictimia-siyasi şöbəsinin müdiri Əli Həsənov

ləğv etməyə tələsmir. Cənab Ərdoğanın səfərindən bir qədər öncəyədək rəsmi Bakı viza rejiminin aradan qaldırılmamasının texniki səbəblərlə bağlı olduğunu iddia edirdi.

Bu günlərdə isə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyənin “Today’s Zaman” qəzetinə müsahibəsində deyib ki, Azərbaycan Türkiyə ilə viza rejiminin ləğvində problem görmür. “Amma İran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımı atılmasını istədi, əks halda Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi”.

Cənab Həsənov bildirib ki, Azərbaycan viza rejimini həm Türkiyə, həm də İrana münasibətdə eyni vaxtda qaldırmalıdır: “Amma hazırkı mərhələdə Azərbaycan hökumətinin hər iki dövlətlə viza rejimini eyni vaxtda ləğv etməyə hazır olduğunu düşünmürəm”.
Onun fikrincə, əsas narahatlıq İran sərhədi və buradan yarana biləcək müxtəlif fəsadlarla bağlıdır. “İrandan Azərbaycan vasitəsilə Avropaya 300 tona qədər narkotik vasitə qaçaqmal yolu ilə daşınır və bunun yalnız 5-10 tonunu ələ keçirmək mümkün olur. Nəticədə, azərbaycanlı gənclər arasında narkomaniya yayılır”.

Müxalifət və müstəqil politoloqlar Azərbaycanın mövqeyini tənqid edir və İranla münasibətlərə görə strateji müttəfiqi olan Türkiyə ilə viza rejimin aradan qaldırılmamasını düzgün saymır. “İran rejimi öz ölkəsinin vətəndaşı olan 35 milyon azərbaycanlının ana dili hüququnu belə tanımır. Bu ölkənin təzyiqləri ilə Azərbaycan xarici siyasət kursunu müəyyən etməməlidir”, – deyə politoloq Ərəstun Oruclu qeyd edib.

Yaxın tarixin qısa xronologiyası

– 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub.

– 1993-cü ilin aprelində Ermənistan qoşunları Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən və BMT-nin işğal olunmuş əraziləri tərk etməsi barədə qətnaməsini icra etmədikdən sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb.

– 2006-cı il iyunun 13-də tikintisi başa çatan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri MDB və Rusiya ərazisindən keçməyərək iki dövləti birləşdirən ilk kəmərdir

– Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə abidə qoyulub.

– Bakıda Atatürk mərkəzi, Türk İş Adamları Birliyi və digər təşkilatlar fəaliyyət göstərir.

– Hər il hər iki ölkənin il yüz minlərlə vətəndaşı qarşılıqlı səfərlərdə olur.

Qəbələ RLS: Azərbaycan və Rusiya bucağı

Posted July 25th, 2011 at 9:11 pm (UTC+4)
Leave a comment

Qəbələ RLS

Qəbələ RLS

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıda səfərdədir. O bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, geniş tərkibli görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Əbiyev bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dmitri Medvedevin səyləri təqdirə layiqdir. Qısa zamanda prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həll edilməsinə ümidləri artırır”.

Eyni zamanda nazir Səfər Əbiyev bildirib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir.

Ekspertlər, danışıqların əsas mövzusunun Qəbələ RLS-in icarə müqaviləsinin vaxtının uzadılması məsələsi təşkil etdiyini düşünür. Rusiya Azərbaycanın mülkiyyətində olan Qəbələ RLS-in Amerikanın  Raket Əleyhinə Müdafiə sisteminin tərkib hissəsi kimi baxılmasına razı olduğunu  əvvəllər bəyan edib.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev

2011-ci ilin iyunun 9-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan Qəbələ RLS-in icarə qiymətini artıra bilər. Nazir müavinin sözlərinə görə, Rusiya RLS-in icarə müddətini uzatmaq istəyir. “Biz əməkdaşlığı davam etdirməyə hazırıq. Amma şərtlərə yenidən baxmaq lazımdır”.

Cənab Əzimov rəsmi Bakının konkret hansı məbləği tələb etdiyi açıqlamayıb. O ancaq bildirib ki, risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbindən icarə haqqı artırılmalıdır”.(anspress agentliyi)

Bu günlərdə isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Qəbələ RLS yenidən gündəmə gəlib. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilən görüşündən  sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın İnterfax agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ətrafında son danışıqlarla yanaşı Qəbələ RLS-dən də danışıb. Onun sözlərinə görə, hər halda, Qəbələ RLS üzrə mövcud müqaviləyə əsasən bu stansiyanın icarəsi haqqında sənədi ya uzatmaq, ya da  yenidən baxmaq lazımdır. “Zamanında, biz bunu yenicə müzakirə etməyə başlayanda və hətta daha əvvəl, Rusiya tərəfi o haqda təşəbbüslə çıxış edib ki, Azərbaycan RLS-in sahibi kimi stansiyanın Rusiya və ABŞ tərəfindən istifadəsinə razılıq versin. Biz təbii ki, söylədik ki, bu mövzunu müzakirə etməyə hazırıq. Bundan sonra, Moskva və Vaşinqton arasında danışıqların bir neçə raundu keçirildi, hər iki tərəf bizi danışıqların mahiyyəti barədə məlumatlandırırdı”.
Cənab Məmmədyarov vurğulayıb ki, indiki şəraitdə Qəbələ RLS çox əhəmiyyətli strateji əhəmiyyətə malikdir və o, “strateji obyekt kimi adekvat qiymətləndirilməlidir”.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov

APA agentliyinin məlumatına görə, Azərbaycan müdafiə naziri ilə avqustun 25-də keçirdiyi görüşdən sonra nazir Serdyukov bildirib ki, Rusiya Qəbələ radiolokasiya stansiyasının gələcəkdə istismarına dair təkliflər hazırlayıb. “Biz Qəbələ RLS ilə bağlı öz təkliflərimizi hazırlamışıq. Bundan başqa biz stansiyanı modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ RLS-i modernizə etməklə bağlı müəyyən planları var. Yaxın günlər ərzində işçi qrup formalaşdırılaraq Bakıya göndəriləcək və qrup iki həftə ərzində stansiyanın istismarının davam etdirilməsinə dair texniki məsələləri azərbaycanlı həmkarları ilə müzakirə edəcək”.
Müdafiə naziri bildirib ki, avqustun 15-dən sonra nazir Əbiyevlə birlikdə Qəbələ RLS-in istismarına dair sazişi bənd-bənd müzakirə edəcəklər.
Cənab Serdyukov bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, onun Qəbələ RLS-ə getməsi planlaşdırılır.

Öz növbəsində, Hərbi-Analitik Tədqiqatlar Mərkəzinin direktoru, keçmiş briqada komandiri İldırım Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Rusiya Azərbaycanın gələcəkdə Qəbələ RLS-i NATO və ya Amerikanın istifadəsinə verəcəyindən narahatdır. “Bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsində danışıqlarda təşəbbüsü ələ almasından istifadə edərək Amerika, İran, Avropa İttifaqı və Azərbaycana təzyiq məqsədi ilə icarə müddətini uzatmaq istəyir. Əslində, Rusiya eyni parametrli Voronej tipli RLS Şimali Qafqazda Armavirdə tikib və istifadə edir”.

Eyni zamanda, ekspert Amerika senatorlarının Raket Əleyhinə Müdafiə Sisteminin komponentlərinin Türkiyədə deyil Gürcüstan və Azərbaycanda yerləşdirilməsi ilə bağlı Amerika dövlət katibinə müraciətinin hazırki zamanda reallaşdırılacağını real saymır.

“Mən bu təklifə görə senatorlara minnətdarlıq bildirirəm. Onlar daha strateji və uzunmüddətli siyasəti düşünürlər. İndiki anda, RƏM

Hərbi ekspert İldırım Məmmədov

komponentlərinin Gürcüstan və Azərbaycanda yerləşdirilməsi üçün Amerika və NATO bu dövlətlərə tam təhlükəsizlik qarantiyası verməlidir. Əks təqdirdə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin nəticələri hamıya yaxşı dərsdir. Gürcüstan ərazi bütövlüyünü təmin etmək istəyirdi, amma qərb müttəfiqləri Gürcüstana təcavüz etmiş Rusiyaya qarşı siyasi bəyanatlardan irəli getmədi. Bu gün Gürcüstanla yanaşı, Azərbaycanın da ərazi bütövlüyü gündəlikdə durur. Eyni zamanda, Xəzər problemi də günün aktual mövzusudur. Burada, Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı iqtisadi cəhətdən 70 faizədək dəstəkləyən İranın da yarımaqressiv siyasətinin tam aqressivləşmə ehtimal yaranır”, – deyə o qeyd edir.

Cənab Məmmədov indiki anda Azərbaycanın Qəbələ RLS-in icarə haqqını yalnız dəfələrlə artırmağa nail olacağına ümid edir. “Rusiya Qəbələ RLS amilindən istifadə etməklə regionda aparıcı rolunu saxlamaq istəyirsə, Azərbaycan da gəlirlərini artırmalıdır. Gələcəkdə, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Xəzər problemlərinin həllindən sonra Türkiyədə qurulacaq mobil sistemlər Cənubi Qafqaza asanlıqla köçürülə bilər”, – deyə hərbi ekspert düşünür.

Qəbələ RLS-in icarə müddəti 2012-ci ilin avqustunda başa çatır.

Qəbələ RLS Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən “Daryal” tipli stasionar radiolokasiya stansiyasıdır.

SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. 1985-ci ildə istismara verilib.

Texniki parametrlərinə görə, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir.

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə verilib.

Hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəssisləri də daxil olmaqla ümumilikdə 2000 nəfər çalışır.

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>