Azərbaycan mətbuatı: tarix və bu gün

Posted July 22nd, 2011 at 7:14 pm (UTC+4)
Leave a comment

Azərbaycan qəzetləri Iyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Rəsmi qurumlar və jurnalist təşkilatları mətbuat gününü qeyd edib. Bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müstəqillik dövründə azad medianın yaradıcısı Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş jurnalistlər, milli qəhrəmanlar Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Kazımağa Kazımov və digərlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyub.

Medianın mövcud durumu

Ölkədə həbsdə olan sonuncu jurnalist, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev bu il mayın 26-da azad edilib. Hazırda, Azərbaycan həbsdə jurnalist olmayan ölkələr sırasına daxildir. Bununla yanaşı, hüquq müdafiəçiləri blogerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanın həbsini pisləyir.

Hökumət rəsmiləri bir qayda olaraq dövlətin söz və fikir azadlığı üçün hər cür şərait yaratdığını iddia edir. Amma, müstəqil jurnalist təşkilatları və beynəlxalq hüquq-müdafiə təşkilatları bunun əksini düşünür.

“Freedom House” təşkilatının “Mətbuat azadlığı-2010” adlı hesabatına görə, Azərbaycan 196 ölkə arasında 171-ci yerdə qərarlaşıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesabatın əsasının olmadığını bildirib. “Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq konstitusiya

Həsən bəy Zərdabi

Həsən bəy Zərdabi

normasıdır. Bu institutların fəaliyyəti üçün hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir”, – deyə o Trend agentliyinə bildirib.

Norvecli film ustası Erlinq Borgen isə Azərbaycanda bir həftə çəkiliş apardıqdan sonra videolentləri aeroportda müsadirə edilib. O, Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə mətbuata azadlığının olmadığını deyib. “Azərbaycanda mətbuat azadlığı yoxdur!  Faciəvi haldır ki, bu qədər istedadlı, bilikli, ağıllı jurnalistlərin işləməyə yeri yoxdur. Azərbaycanda mətbuat azadlığı yoxdur. Hər şeyə prezident və onun əlaltıları nəzarət edir”, – deyə norveçli jurnalist qeyd edib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, ölkədə media azadlığı boğulur, jurnalistlər fiziki təzyiqlərə məruz qalır. “Media əsasən hökumətin nəzarətinə keçib. Azad və müxalifət medianın jurnalistləri təzyiqlərlə üzləşir”.

Onun fikrincə, 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də Gürcüstandan tutulub gətirilmir və jurnalistlərə qarşı fiziki təzyiqlərlə bağlı istintaq işləri nəticəsiz qalır. “Elmar Hüseynovun Gürcüstanda yaşayan qatillərinin həbs edilməsinin problem olduğunu iddia edən istintaq orqanları, bu günlərdə “Azər-Ross” şirkətində qətl törədərək Gürcüstanda gizlənmiş adamları bir neçə gün ərzində həbs edib ölkəyə gətirib və bununla da özlərini ifşa edib. Deməli, istintaq özünə lazım olan şübhəlini belə Gürcüstandan gətirə bilir. Amma, Elmarın qatilləri neçə illərdir Gürcüstanda azad yaşayır, onlar tutulmur”, – deyə o bildirib.

Elmar Hüseynovun məzarı

Turan Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Həsən bəy Zərdabi və müstəqillik dövrünün azad mediasının yaradıcısı Nəcəf Nəcəfov kimi ziyalılar Azərbaycan xalqının cəmiyyəti irəli aparan mühüm şəxsləridir. “Həsən bəy Zərdabi Azərbaycan xalqının vicdan səsi idisə, Nəcəf Nəcəfov müasir jurnalistikanın ədalət simvoludur”, – deyə cənab Əliyev qeyd edib.

Ölkədə blogerlərin işi də asan deyil. Media Hüququ institutunun hesabatında deyilir ki, hazırda sosial şəbəkələrdə daha çox fəallığı ilə seçilən Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanlı, gənc fəal Bəxtiyar Hacıyev birbaşa ittihamlarla olmasa da, digər ittihamlarla həbsdədir. “Ümumilikdə media və jurnalistlərə qarşı ifadə azadlığı ilə bağlı 27 məhkəmə işi  davam edib. Həmin məhkəmə işlərindən 11-i son yarım ildə açılıb”, – deyə institutun direktoru Rəşid Hacılı bildirib.

Cənab Hacılının sözlərinə görə, jurnalistlərə qarşı fiziki və psixoloji təzyiqlər də davam edir. “Belə ki, 50-dən çox jurnalist basqıya məruz qalıb. Bu basqılar arasında ən qalmaqallı olanı Azərbaycana gələn 6 əcnəbi jurnalistin fiziki təzyiqlə üzləşməsidir. Jurnalistlər əsasən kütləvi aksiyalardan, açıq toplantılardan məlumat alarkən təzyiqə məruz qalıb. 3 isveçli və 1 alman jurnalist Azərbaycandan qanunsuz deportasiya edilib, iki əcnəbi jurnalist döyülüb”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov baş verən istənilən hadisəni medianın ictimaiyyətə çatdıra bildiyini düşünür. “Azərbaycanda mətbuat azadlığı nə Cənubi Amerika, Afrika ölkələri, nə müharibə gedən Əfqanıstandakı kimi çox problemli, nə də inkişaf etmiş Avropa ölkələri və ABŞ-dakı kimi problemsiz deyil. Problemlər var. Ancaq, hər bir fikri cəmiyyətə çatdırmaq mümkündür”, – deyə o Amerikanın Səsi radiosuna bildirib.

Cənab Amaşov jurnalistlərə qarşı fiziki təzyiqləri pisləyir və daxili işlər naziri ilə görüşərək baş verənlərin araşdırılıb hüquqi qiymət verilməsini xahiş edib.

Ekspertlər ciddi problemlər kimi mətbuatın iqtisadi durumunun zəif olmasını, reklam bazarının hakimiyyətin nəzarətinə keçməsini, jurnalistlərin əmək haqqının az olmasını da qeyd edir.

Azərbaycanın çap mediası-tarixə baxış

Azərbaycan dilində ilk qəzet olan Əkinçi 1875-ci il iyulun 22-də çapdan buraxılıb. “Əkinçi” qəzetinin 56 nömrəsi işıq üzü görüb. Baş

Əkinçi qəzeti

Əkinçi qəzeti

redaktoru Həsən bəy Zərdabi olan qəzet ayda iki dəfə olmaqla 300-400 tirajla nəşr olunub. 1877-1878-ci illərdə Rusiya-Türkiyə  müharibəsi başlananda türk dilində qəzetin çapı çar Rusiyasını narahat edib və hökumətin göstərişi ilə 1877-ci il sentyabrın 29-da “Əkinçi”nin nəşri rəsmən dayandırılıb.

“Əkinçi”dən sonra Azərbaycan mətbuatının çiçəklənməsi dövrü 20-ci əsrin əvvəllərinə təsadüf edir. 20-ci əsrin əvvəllərində Bakıda “Kaspi”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Bakinski listok”, “Bakinskiye izvestiya”, “Vozrojdeniye”, “Hümmət”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik”, “Dəvət-Qoç” qəzetləri, habelə “Molla Nəsrəddin” jurnalı nəşrə başlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə söz, mətbuat, sərbəst düşüncə azadlıqlarının inkişafı üçün uğurlu addımlar atılıb. “Mətbuat haqqında Nizamnamə” qəbul edilib. 1918-ci il iyulun 3-də Azərbaycan hökuməti “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”nin nəşri haqqında qərar qəbul edib. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı “Azərbaycan” qəzetinin ilk nömrəsi çapdan çıxıb.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti 27 oktyabr 1920-ci ildə “Mətbuat haqqında” Dekret imzalayıb və bununla da media üzərində rəsmi senzuranın əsası qoyulub. Bu sənədlə 2 ay ərzində Azərbaycanda nəşr edilən 92 qəzet bağlanıb. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan Dövlət Sirlərini Mühafizə edən Baş İdarə yaradılıb, 1933-cü ildən ona mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti verilib.

Nəhayət, 1989-cu il dekabrın 24-də bolşevik hökumətinin süqutu ərəfəsində Nəcəf Nəcəfovun redaktorluğu ilə  müstəqillik dövründə Azərbaycanın ilk azad mediası olan “Azadlıq” qəzeti nəşr edilib.

Ədliyyə nazirliyinin məlumatına görə, hazırda ölkədə 4300 nəşr var və onlardan 2800-ü dövlət qeydiyyatına alınıb. Amma, gündəlik nəşrlərin sayı 50-dən çox deyil.

 

Güclü Azərbaycanın viza və hərbi təlimlərlə bağlı etirafları

Posted July 20th, 2011 at 9:01 pm (UTC+4)
Leave a comment

Azərbaycanın Türkiyə vətəndaşlarına viza rejimini ləğv etməsi Türkiyə və Azərbaycan cəmiyyətlərinin əsas gözləntilərindəndir. Türkiyə və İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. Bir sözlə, Azərbaycan vətəndaşları regionda mühüm qonşuları olan Gürcüstan, Rusiya, Qazaxıstan və başqa MDB ölkələrinə vizasız səfər edir. Hazırda Avropa İttifaqı ölkələrinə viza rejimin yüngülləşdirilməsi məsələsi də gündəlikdədir. Bu sıraya yalnız Baltikyanı ölkələr, Türkmənistan və Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan daxil deyil.

Xatırladaq ki, 2009-cu ildə Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında viza rejiminin ləğvi haqqında saziş imzalanması nəzərdə tutulurdu, lakin son anda təxirə salınıb. Buna baxmayaraq, Azərbaycan və Türkiyə ictimaiyyətləri davamlı şəkildə hökumətlərindən məsələ ilə bağlı danışıqları başa çatdırmağı tələb edir. Azərbaycan hökuməti artıq neçə illərdir viza rejiminin aradan qaldırılmasında çətinlikləri texniki məsələlərlə əlaqələndirirdi. Bu günlərdə isə problemin əsl səbəblərini Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov türkiyəli jurnalistlərlə söhbətində bildirib.

“2009-cu ildə Türkiyənin Azərbaycanla viza rejiminin ləğv edilməsi təklifi İranın təzyiqi səbəbindən baş tutmadı”, – deyə o qeyd edib

Əli Həsənov

Əli Həsənov

Onun sözlərinə görə, İran iranlılar üçün də viza rejimi ləğv edilmədiyi təqdirdə Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında yolu bağlayacağı ilə hədələyib. “Hazırda Naxçıvanın digər Azərbaycan əraziləri ilə yerüstü əlaqəsi yalnız İran vasitəsilə təmin edilir. Qaz, müxtəlif mallar və s. daxil olmaqla, ixracatın əsas hissəsi İrandan keçir. Vizalardan imtina etsək, bunu eyni zamanda həm Türkiyə, həm də İran üçün etməliyik. Lakin düşünmürəm ki, hökumətimiz buna hazırdır”, – deyə o bildirib.

Şöbə müdiri İrandan Azərbaycan vasitəsilə Avropaya 300 tona yaxın narkotik daşındığını bildirib. “Biz bu narkotikin cəmi 5-10 tonunu tuta bilirik”.
Cənab Həsənovun sözlərindən bəlli olur ki, Azərbaycanın milli maraqları İranla sərhədi açmağa imkan vermir. “İrandakı siyasi qeyri-sabitlik çox sayda qaçqının bizim tərəfə axınına səbəb ola bilər. Bu, bizim milli təhlükəsizliyimiz üçün təhlükədir. İran xüsusi xidmətlərinin Azərbaycanda gizli fəaliyyəti də narahatçılıq mənbəyidir”.

Maraqlıdır ki, şöbə müdirinin bəyanatı Azərbaycan hökumətinin bəyanatları ilə üst-üstə düşmür. Çünki, Azərbaycan dövlət başçısı bir qayda olaraq rəhbərlik etdiyi hökumətin güclü qüvvə olduğunu,   müstəqil daxili  və xarici siyasət kursu yeritdiyini bildirir. “Azərbaycan güclü dövlətdir, onun daxili və xarici siyasəti xalqa söykənir. Heç bir qüvvə Azərbaycanın siyasətinə təsir edə bilməz”, – deyə Azərbaycanın ali rəhbərləri davamlı olaraq vurğulayır.

Amerika Azərbaycan hərbi təlimlərinin təxirə salınmasında da xarici təsirlərin izi görünür. Belə ki, sonuncu “Regional Cavab” adlı Amerika-Azərbaycan hərbi təlimləri 2009-cu ildə keçirilib. Bu gün Müdafiə nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi Ramiz Nəcəfov bu adda təlimlərin müəyyən səbəblərdən keçirilməyəcəyini deyib. “Amma, bu ssenari ilə hərbi təlimlər keçiriləcək. Bu il Rumıniyada, gələn il isə Almaniyada Amerika-Azərbaycan hərbi təlimləri baş tutacaq”.

Hərbi təlimlərin Azərbaycanda keçirilməməsinin və regional cavab terminindən imtina edilməsinin sətraltı səbəbləri də bəlli olur.

Doğrudan da məntiqlə Amerika və Azərbaycan regional hərbi cavabları hansı ölkələrə verə bilər? Sualın cavabını da bu ölkələrin Azərbaycana münasibətində axtarmaq lazımdır. Bir də, İran və Rusiya əks olaraq, Azərbaycana hərbi təzyiq edərsə Amerika və Azərbaycan birgə regional hərbi cavab verəcəkmi? Yəqin ki,  2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi təcavüzü zamanı Gürcüstanın müharibə meydanında köməksiz qalması da Azərbaycanı ölkəsində hərbi təlimlərin keçirilməsinə icazə verməkdən vaz keçməsinə səbəb olub.

Azərbaycanda son üç gündə avtomobil qəzasında 16 adam həlak olub

Posted July 18th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Zəncirvari qəza Son üç gündə Azərbaycanda avtomobil qəzası nəticəsində 16 nəfər həlak olub, iyirmidən çox adam bədən xəsarəti alıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iyulun 16-da Bakının Xəzər rayonunda VAZ markalı minik avtomobili ilə KAMAZ markalı yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər həlak olub.

Abşeron rayonunda KAMAZ markalı yük avtomobili atlıya çırpılıb. Nəticədə atlı hadisə yerində həlak olub, at tələf olub.

Bakının Xətai rayonunda VAZ markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq qatara çırpılıb və nəticədə avtomobildə olan 3 nəfər yaralanıb, 1 nəfər həlak olub. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin məlumatlarına görə, iyulun 17-də İsmayıllı rayonunda Topçu kəndi ərazisində hərbiçi Sadiq Babayevin idarə etdiyi “Mersedes”in ağaca çırpılması nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Samux rayonunun Qarayeri qəsəbəsində Gəncə şəhər sakini Ramin Əsgərov idarə etdiyi VAZ markalı minik avtomaşını aşıb. Sürücü hadisə yerində həlak olub, xəsarət almış sərnişinlər – Səbuhi Əliyev və Yasin Səlimov xəstəxanaya yerləşdirilib.
Tovuz rayonunun Düz Qırıxlı kəndində Zəyəm qəsəbə sakini Namiq Quliyev idarə etdiyi VAZ  markalı minik avtomaşını ilə Könül Cəfərovanı vurub. Xanım Cəfərova xəstəxanaya aparılarkən yolda ölüb.

Bu gün Beyləqan rayonunda Əli Hüseynovun idarə etdiyi “Mersedes” Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili ilə toqquşub. Nəticədə “Mersedes”in sürücüsü ölüb, sərnişinləri isə ağır bədən xəsarəti alıb.
Digər bir yol-nəqliyyat qəzası Zaqatala rayonunun Əliabad kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər bədən xəsarəti alıb.
Şabran rayonunun Dəvəçi kəndi ərazisində Şabran rayonu Məliklər kənd sakini Sabir Ələsgərovun idarə etdiyi “Hyundai AX-35” markalı avtomaşın yolu keçən piyada, Quba rayonu Zərqova kənd sakini Əfqan Əliyevi vurub və o, hadisə yerindəcə dünyasını dəyişib.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin məlumatına görə, 2010-cu ildə ölkədə 2721 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 925 nəfər həlak olub. Yol qəzalarında 2871 nəfər yaralanıb. Göründüyü kimi 9 milyon əhalisi olan Azərbaycanda 2010-cu ildə hər gün avtomobil qəzasında orta hesabla 2,53 nəfər həlak olub.

Ölkədə təxminən 1 milyona yaxın avtomobil uzunluğu 25013 kilometr olan yollarda hərəkət edir. Ölkə yollarında orta hesabla hər 40 Bakı-Şamaxı-Qazax magistralında Ağsu aşırımı metrə bir avtomobil düşür. Bununla yanaşı, şəhərlərdə, xüsusilə paytaxt Bakıda avtomobil sıxlığı digər yaşayış məntəqələrinə nisbətən dəfələrlə çoxdur. Ölkədəki avtomobillərin yarım milyondan çoxu Bakı və onun ətrafında yerləşən rayonlarda istismar olunur.

Beynəlxalq hesablamalara görə, Azərbaycanda il ərzində dövlətə və insanlara avtomobil qəzaları nəticəsində dəyən maddi və mənəvi ziyanın məbləği on milyard dollardan artıqdır. Bu isə dövlət büdcəsinin 75 faizi deməkdir.

Beynəlxalq ekspertlər Azərbaycanda yeni yolların tikintisi sahəsində müvəffəqiyyəti qeyd edərək, yeni yolların tikintisinin davam etdirilməsini, yollarda avtomobillərin sürət normalarına, yol-hərəkəti nişanları ilə bağlı siyasətə yenidən baxılmasını təklif edir. Eyni zamanda, ekspertlər şəhərdaxili yollarda nizam-intizamın gücləndirilməsini, bütün yol xətləri üzrə işıqforların yerləşdirilməsini, səkilərin qanunsuz zəbtinin aradan qaldırılmasını, piyada yollarının nizama salınmasının vacibliyini bildirir.

 

Dağlıq Qarabağ münaqişəsinə Raket Əleyhinə Müdafiə Sistemləri müstəvisindən baxış

Posted July 15th, 2011 at 11:22 pm (UTC+4)
Leave a comment

Amerikanın Şərqi Avropada Raket Əleyhinə Müdafiə Sistemi (RƏM) yerləşdirməsi ilə bağlı prezident Corc Buş dövründən başlanan bəyanatları getdikcə regional siyasətin aktiv danışıqlar müstəvisinə gəlir. Belə ki, Amerikanın vaxtı ilə yalnız Rumıniya və Polşada yerləşdirmək istədiyi RƏM sistemləri ilə bağlı danışıqlar Türkiyə də daxil olmaqla daha böyük regionu əhatə edir.

Son aylarda isə, 2007-ci ildə ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyinin rəhbəri, general-leytenant Henri Oberinqin dediyi kimi “ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemi yaratmaq planları Polşa və Çexiyadan başqa Qafqazı da əhatə edir”.

Cənubi Qafqaz regionunda keçmiş SSRİ-nin strateji RƏM sistemi Azərbaycanın Qəbələ rayonunda yerləşir və Qəbələ Radiolokasiya Stansiyası indi də fəaliyyətdədir. Stansiya Azərbaycan Respublikasının mülkiyyətidir, 2012-ci ilin avqustunadək Rusiyaya icarəyə verilib.

Bir sözlə, Amerika Dövlət katibi Hillari Klintonun Türkiyəyə bu gün başlanan səfəri ərəfəsində Raket Əleyhinə Müdafiə Sistemləri ilə bağlı bəyanatlar yenidən diplomatik gündəmin əsas mövzuna çevrilib. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin  iyunun 24-də Kazanda keçirilən görüşündən dərhal sonra Amerika və Rusiya prezidentləri arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi və RƏM sistemi ilə bağlı müzakirələr paralellik təşkil edib.

Prezidentlərin telefon danışığından sonra, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın İnterfax agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ətrafında son danışıqlarla yanaşı Qəbələ RLS-dən də danışıb. Onun sözlərinə görə, hər halda, Qəbələ RLS üzrə mövcud müqaviləyə əsasən bu stansiyanın icarəsi haqqında sənədi ya uzatmaq, ya da ya yenidən baxmaq lazımdır. “Zamanında, biz bunu yenicə müzakirə etməyə başlayanda və hətta daha əvvəl, Rusiya tərəfi o haqda təşəbbüslə çıxış edib ki, Azərbaycan RLS-in sahibi kimi stansiyanın Rusiya və ABŞ tərəfindən istifadəsinə razılıq versin. Biz təbii ki, söylədik ki, bu mövzunu müzakirə etməyə hazırıq. Bundan sonra, Moskva və Vaşinqton arasında danışıqların bir neçə raundu keçirildi, hər iki tərəf bizi danışıqların mahiyyəti barədə məlumatlandırırdı”.
Cənab Məmmədyarov vurğulayıb ki, indiki şəraitdə Qəbələ RLS çox əhəmiyyətli strateji əhəmiyyətə malikdir və o, “strateji obyekt kimi adekvat qiymətləndirilməlidir”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun iyulun 13-də Vaşinqtona səfəri zamanı da  ABŞ prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı Avropada raketlər əleyhinə müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Bu gün artıq ABŞ dövlət katibi Hillari Klintonun Türkiyəyə rəsmi səfəri başlayıb.

Turan Agentliyinin məlumatına görə, iyulun 14-də senatorlar Con Kil və Mark Kirk Dövlət Departamentinə və Pentaqona təkrar müraciət edərək RƏM elementlərinin Türkiyədə deyil, Gürcüstanda və ya Azərbaycanda yerləşdirilməsinə çağırıb. Bundan əvvəl bu ilin fevralında onlar belə təşəbbüslə çıxış edib.

Agentlik bildirir ki, ABŞ-da analitiklər istisna etmirlər ki, xanım Klinton Ankarada Amerika radarlarının Türkiyədə yerləşdirilməsi imkanlarını müzakirə edəcək. “Lakin radarların Cənubi Qafqazda yerləşdirilməsinin mümkünlüyü də istisna olunmur”.

Belə görünür ki, Ermənistan-Azərbayan münaqişəsi ətrafında danışıqlarla paralel olaraq Qəbələ RLS yenidən beynəlxalq güclərin diqqət mərkəzindədir. Burada, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlardan yararlanaraq stansiyanı yenidən, daha ucuz icarə haqqı müqabilində uzun müddətə icarəyə götürmək arzusu ilə Azərbaycanın münaqişə ətrafında danışıqlarda nəticə əldə edilməzsə ya müqaviləyə, və ya müqavilə şərtlərinə yenidən baxmaq istəyi qarşı-qarşıyadır. Digər tərəfdən, Amerika RƏM elementlərinin Türkiyədə deyil, Gürcüstan və Azərbaycanda yerləşdirmək müraciətlərinə baxarsa regionda yeni geopolitik situasiya yarana bilər. Burada, artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yalnız Amerika-Rusiya müstəvisindən deyil, regionda ciddi enerji maraqları olan Avropa İttifaqı, Amerika, Rusiya, İran və Türkiyə bucağından baxmaq zərurəti yaranır. Beləliklə, üfüqdə daha uzunmüddətli strateji maraqlar görünür.

 

Azərbaycan təyyarəsinin qəzası və Əfqanıstanda təhlükəsizlik bəyanatları

Posted July 13th, 2011 at 5:57 pm (UTC+4)
Leave a comment

İyulun 6-da Azərbaycanın BK-76 yük təyyarəsi Əfqanıstanın Bəhram hava limanı yaxınlığında qeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Təyyarənin 9  nəfər heyət üzvündən hələ də xəbər yoxdur. Çünki, nə Azərbaycan, nə Əfqanıstan hökuməti, nə də Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri təyyarənin düşdüyü Pərvənd qəzasının Siyah Gərd əyalətinin Aksan kəndi yaxınlığında dağlıq əraziyə çata bilmir. Doğrudur təyyarə 3800 metr yüksəkliyi olan sıldırım qayalıqlarla əhatə olunmuş dağ zirvəsinə düşüb. Amma, məsələni çətinləşdirən bu deyil, təhlükəsizlik məsələləridir.

Əfqanıstanın xəritəsi

Siyah Gərd əyaləti Kabulun 25 kilometrliyində yerləşir və bu ərazidə aktiv döyüşlər gedir. Beynəlxalq hərbi qüvvələrə məxsus hərbi vertolyotlar iki dəfə təyyarənin düşdüyü əraziyə uçuş həyata keçirib və hər iki dəfə atəşə tutulub. İndi Azərbaycan və Əfqanıstan hökumətinin qəzanın səbəblərini tədqiq edəcək birgə komissiyası Taliblərlə danışıqlara cəhd edir. Amma, bu da alınmır. Hətta, Azərbaycan tərəfi “bütün vasitələrdən istifadə edib” təyyarə heyətinin cəsədlərini götürməyə hazır olduğunu da bəyan edib.

 

Azərbaycan Hava Yolları Şirkətinin vitse-prezidenti İlham Əmirov qəzadan sonra Əfqanıstana uçan bütün təyyarə reyslərinin dayandırıldığını bildirib. Azərbaycan yük təyyarələri Əfqanıstanın Kabul, Bəhram və Məzari Şərif hava limanlarına son on ildə yüzlərlə uşular həyata keçirib. Koalisiya qüvvələrinin və yerli şirkətlərin sifarişi ilə yüz tonlarla yük daşıyıb. NATO ölkələri, o cümlədən Amerika rəsmiləri Azərbaycana bu işinə görə dəfələrlə təşəkkür bildirib. Amerika Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisinin Bakıya səfəri zamanı isə Azərbaycanın yüklərin daşınmasında rolunun daha da artırılması vurğulanmışdı.

Azərbaycanın yük təyyarəsinin, yerli rəsmilərin dediyi kimi “çox yəqin ki, vurulması”   Əfqanıstanda hərbi-siyasi vəziyyətin daha qorxulu və çətin olduğunun bir daha nümayişidir. Belə görünür ki, Əfqanıstanda  çoxsaylı dövlətlərin  beynəlxalq koalisiya qüvvələri paytaxt Kabulun 25 kilometrlik ətrafına belə nəzarət edə bilmir. Koalisiya qüvvələrinin təyyarənin heyət üzvlərinin cəsədini götürə bilməməsi isə Əfqanıstandakı hərbi-siyasi qüvvələrin həm quruda, həm də hava məkanında təhlükəsizliyə nəzarət edə bilmədiyini göstərir.

Digər tərəfdən, NATO və koalisiya qüvvələrinin rəsmiləri Əfqanıstandan yaxın illərdə hərbi nəzarətin yerli hərbiçilərə veriləcəyini bəyan edir. Əgər, müasir silahlara, hərbi texnika və texnologiyalara malik koalisiya qüvvələri 9 nəfər heyət üzvünün cəsədini təhlükəsizlik baxımından çətin olan paytaxt Kabulun 25 kilometrliyindən götürə bilmirsə, Əfqan ordusunun tezliklə təhlükəsizliyə nəzarət edəcəyinə inanmaq çətindir. Elə bu günlərdə, prezident Karzainin qardaşının öz evində qətlə yetirilməsi də buna bir sübutdur.

 

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>