İsa Qəmbər: 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm

Posted January 2nd, 2012 at 7:06 pm (UTC+4)
Leave a comment

Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində 2012-ci ildə Azərbaycanda dəyişikliklərin qaçılmaq olduğunu bildirib. O 2011-ci ilin əsas siyasi yekunlarından danışıb.

Sual: 2011-ci ilin siyasi yekunlarını necə qiymətləndirirsiniz? 2011-ci ilin müxalifət üçün əsas siyasi yekunları nə olub?

Cavab: 2011-ci ilin əsas siyasi yekunları ilə bağlı danışmaq bir az çətindir. Çünki, 2011-ci ildə siyasi proseslər hələ tamamlanmayıb. Əslində, 2010-cu ildə saxta parlament seçkilərindən sonra çox ciddi siyasi proseslər başlandı. Bunun da ən ciddi nümunəsi demokratik düşərgənin toparlanmağa başlaması və İctimai Palatanın yaradılması oldu. 2011-ci il ərzində İctimai Palata həm özü təşkilatlanmağa, güclənməyə, həm ölkədə və dünya miqyasında qəbul olunmağa başladı, köklü demokratik dəyişikliklər uğrunda bir sıra addımlar atdı. Bunun da həm intellektual tərəfi, təkliflər hissəsi var. Xüsusən də “Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsi”, həm də kütləvi aksiyalar, etiraz aksiyalar məsələsi var. Bu proses başlandı, amma hələlik ölkədə demokratik proseslərə keçid başlanmayıb. Ona görə də hesab edirəm ki, 2011-ci ildə başlanmış proseslərin siyasi yekununu 2012-ci ildə xeyli dəyərləndirə biləcəyik. Çünki, proses davam edir, dünya dəyişir və bu dəyişən dünyada Azərbaycanın dəyişməməsi mümkün deyil. Beynəlxalq amillərə görə də bu mümkün deyil, çünki dəyişən dünyada Azərbaycanın da dəyişməsi zəruridir. Həm də Azərbaycanın özündə cəmiyyət artıq əvvəlki tək yaşamaq istəmir, cəmiyyət artıq mövcud vəziyyətlə barışmaq istəmir və cəmiyyət ciddi dəyişikliklər olmasını istəyir. Bunu biz, bütün əlamətləri ilə görür və dəyərləndiririk. Ona görə də hesab edirəm ki, 2011-ci ildə başlanan proseslər 2012-ci ildə ciddi nəticələr verəcək.

Sual: Azərbaycanın dövlət başçısı ötən ilin yekunları ilə bağlı çıxışında bildirdi ki, insan hüquqları, demokratiya sahəsində ciddi inkişaf var, 100 mindən çox yeni iş yerləri açılıb və yoxsulluğun səviyyəsi kifayət qədər aşağı düşüb. Siz necə hesab edirsiniz?

Cavab: İlham Əliyevin çıxışına diqqət yetirsəniz görərsiniz ki, o bəzi məsələlərdən danışanda faktları, rəqəmləri göstərməyə çalışır. O faktlar, rəqəmlər nə qədər həqiqətə uyğundur, bu başqa söhbətdir. Məsələn, deyəndə ki, 100 min yeni iş yeri açılıb, təqaüdçülərin sosial vəziyyəti yaxşılaşıb, pensiyalar 10 faiz artırılıb. Bunlar, pis və ya yaxşı rəqəmlərdir. Onlar ətrafında söhbət etmək, diskussiya aparmaq olar. Amma, İlham Əliyev demokratiya sahəsində irəliləyiş olub deyəndə heç bir fakt gətirmir, arqument səsləndirmir. Bunun özü də göstərir ki, bu sahədə formal olsa da addım atılmayıb. Bu baxımdan, təbii ki, insan hüquqları və demokratiya ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Təsadüfü deyil ki, Azərbaycan 2011-ci ildə bir çox göstəricilər üzrə dünyada avtoritarizmin, korrupsiyanın inkişaf etdiyi, insan hüquqlarının pozulduğu ölkələrin siyahılarında təəssüf ki, liderlik etdi.            Elə, Azərbaycanın bu gün ən böyük problemi  ölkədə azadlıqların, haqqın, ədalətin olmamasıdır. Çıxışla, sözlərlə heç kim bu situasiyanı təzələyə bilməz.

Sual: Ölkə başçısı həmçinin korrupsiyaya qarşı amansız mübarizə aparıldığını bildirib. Siz necə hesab edirsiniz?

Cavab: Təbii ki, bu o qədər qeyri-ciddi yanaşmadır ki, bunu şərh eləmək bəlkə də artıqdır. Çünki bu il ölkədə korrupsiya daha da genişlənib, daha da şiddətli xarakter alıb. Hakimiyyətin ən yüksək səviyyəli şəxslərindən başlamış, aşağı səviyyəli məmurlaradək elə bil ki, hakimiyyətdə olduqlarının son dövrlərindəki kimi özlərini hiss edərək qənimətçilik edirlər, qəddarlığı daha da artırıblar. Ölkədə insanların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması baş verir. Evlərin, daxmaların, istərsə də biznes obyektlərinin, böyük zavodlardan tutmuş kiçik sexlərə, emalatxanalara, dükanlaradək insanların mülkiyyətinin kütləvi şəkildə əlindən alınması, insanlara qarşı kütləvi haqsızlıq edilməsi faktı ortadadır. Arada-sırada hansısa bir həkimi, müəllimi, hansısa sıravi bir məmuru həbs edirlər. Məsələn Təhsil nazirliyində Orxan Kərimovu (Orxan Kərimov Təhsil nazirliyində şöbə müdirinin müavini olub-red) həbs edirlər, guya ki, korrupsiyanın başında duran bir adam kimi onu təqdim etməyə çalışırlar. Təbii ki, bunlar ciddi xarakter daşımır. Bu hərəkətlər korrupsiyaya qarşı mübarizə deyil, sadəcə korrupsiyaya qarşı mübarizə üçün görüntü yaradan addımlardır. Təbii ki, belə addımlarla heç kimi aldatmaq mümkün deyil. Ölkədə dəhşətli bir korrupsiya sistemi var. Bu sistemin başında İlham Əliyevin özü dayanır. Bu səbəbdən də hazırkı rejimin korrupsiyaya qarşı mübarizə aparması mümkün deyil .

Sual: 2012-ci il siyasi sahədə nə ilə yadda qala biləcək? Çünki, beynəlxalq təşkilatların vurğuladığı kimi, Azərbaycan 2012-ci ilə 17 vicdan məhbusu ilə keçdi.

Cavab: Onlardan biri, Cabbar Savalan buraxılıb. Hazırda 16 vicdan məhbusu və onlarla siyasi məhbus həbsxanalardadır. Hesab edirəm ki, 2012-ci ildə Azərbaycanda köklü dəyişiklərin olması qaçılmazdır. Hakimiyyət bu istiqamətdə addım atmaq şansını 2011-ci ildə qaçırdı. İlin sonunda bir çox hüquq müdafiəçiləri düşünürdü ki, hakimiyyət 2011-ci ildə əfv fərmanı ilə vicdan və siyasi məhbusların bir çoxunu azad edəcək. Hətta, belə optimis fikirlər səslənirdi ki, Azərbaycan 2012-ci ilə siyasi məhbus olmadan daxil olacaq.  Hakimiyyət bu sadə addımı da ata bilmədisə, deməli hakimiyyətin bu istiqamətdə addım atmağa iradəsi yoxdur. Bu halda da təbii ki, cəmiyyətin fəallaşması və dəyişikliklərin xalqın iradəsi ilə, beynəlxalq birliyin təsiri ilə baş verməsi ehtimalı daha da artmaqdadır. İstənilən halda 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm. Cəmiyyətdə fəallaşmalıdır ki, bu dəyişikliklər sürətlə və itkisiz olsun.

Müəllifdən: Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ilin başlanması münasibəti ilə xalqa təbrik çıxışında ölkədə sürətli iqtisadi inkişafın olduğunu, insanların sosial vəziyyətinin durmadan inkişaf etdiyini, il ərzində 100 mindən çox yeni iş yerinin açıldığını, işsizlik səviyyəsinin 5,5 faiz olduğnu, yoxsulluğun səviyyəsinin 8 faizdən aşağı düşdüyünü bildirib. Dövlət başçısı 900 min pensiyaçının təqaüdünün 40 faiz artırıldığını deyib.Cənab Əliyevin sözlərinə görə, ölkədə demokratiya və insan hüquqları sahəsidnə də ciddi irəliləyişlər qeydə alınıb.

Rəsmi Bakı Fransa parlamentinin Türkiyə əleyhinə qərarını qəti şəkildə pisləyib (münasibətlər)

Posted December 23rd, 2011 at 9:49 pm (UTC+4)
Leave a comment

Xarici İşlər naziri Elmar Məmmədyarov

“Fransa Milli Assambleyasının səsverməsində parlamentin deputatlarının 10 faizi belə iştirak etməyib. Səsvermə mərhələlidir. Hələ Senat səs verməli və prezident sənədi təsdiq etməlidir. Bununla belə? Milli Assambleyanın qərarı qəbuledilməzdir”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugünki mətbuat konfransında Fransa Milli Assambleyasının “erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyəti müəyyən edən qərarı ilə bağlı jurnalistlərin sualının cavabında bildirib.
Qanuna görə, qondarma “erməni soyqırımı”nı inkar edən şəxsləri bir il müddətinə həbs cəzası və 45 min avro cərimə gözləyir.
Nazir Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb. “Fransa ədalətli mövqe tutursa, 100 il əvvəl baş verməsi güman edilən məsələlərə deyil, son illər azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına, Azərbaycan ərazilərinin işğalına, bir milyon Azərbaycan qaçqını ilə bağlı məsələlərə münasibət bildirməlidir”, – deyə nazir qeyd edib.
Cənab Məmmədyarov eyni zamanda həmsədr missiyasını başa vurmuş Bernar Fasyenin Fransa Senatında və Yerevandakı bəyanatlarına da toxunub. “Cənab Fasye bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ən böyük problem Azərbaycanın işğal altında olan torpaqlarıdır. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir və nizamlanmadan sonra da belə olacaq. Biz qəbul edirik ki, bu, həm də Fransanın mövqeyidir”, – deyə nazir xatırladıb.
O, eyni zamanda jurnalistlərin Amerika Nümayəndələr Palatasında Azərbaycana səfir təyinatına blok qoyan ölkənin nizamlanma prosesində ədalətli mövqe tuta biləcəyinə şübhə ifadə edən sualının cavabında deyib ki: “Bu, daxili məsələdir. Azərbaycan başa düşür ki, bunun arxasında erməni diasporasının təsiri altında olan bəzi ermənipərəst senatorlar dayanır. Amma bunu Minsk Qrupu ilə bağlamaq olmaz”.

Azərbaycan parlamentinin noyabrın 23-də keçirilən plenar iclasında da deputatlar Fransa parlamentinin qərarını kəskin tənqid edib. İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, bu qərarı Türkiyəni dəstəkləyən Azərbaycan xalqı qətiyyətlə pisləyir.

YAP İcra katibinin digər müavini, deputat Mübariz Qurbanlının fikrincə, Fransa parlamentinin qəbul etdiyi qərar ondan xəbər verir ki, bəzi ölkələr Türkiyənin güclənməsindən qorxur. “Senatın qərarı antidemokratikdir və fransızların özlərinə qarşı yönəlib”.

Müxalifətdə olan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hesab edir ki, bu qərar ifadə azadlığı prinsipini pozur.

Millət vəkili Məlahət İbrahimqızı deyib ki, bundan sonra Fransanın hansısa ölkədə demokratiyanın olmadığını söyləməyə haqqı yoxdur.
YAP sədrinin müavini, deputat Əli Əhmədov qeyd edib ki, Aransa Milli Assambleyasının qərarı ATƏT-in Minsk Qrupunun həmsədri kimi Parisin fəaliyyətini şübhə altına alır.

Vitse-spiker Bahar Muradova hesab edir ki, bu addım Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı yönəlib.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan və Türkiyə Fransa Senatının bu qərarın qanuni qüvvəyə minməməsi üçün tədbir görməlidir.

Türkiyə prezidenti Abdulla Gül TRT Haber televiziyasına deyib ki, Fransa qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, “Çünki ölkə öz neytrallığını itirib”.

Cənab Gülün fikrincə, “erməni soyqırımı” haqqında qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması işinə ziyan vurur, o cümlədən, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti pisləşdirir.

Dekabrın 23-də bir qrup gənc fəal Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Gənclər Fransa hökumətini qərəzli mövqe tutmaqda günahlandırıb və ATƏT-in Minsk Qrupunda həmsədrlikdən geri çəkilməyə çağırıb.

Dekabrın 22-də Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

 

Hakan Açar: Azərbaycanın 44 bankından 33-ü MasterCard sisteminə qoşulub

Posted December 20th, 2011 at 7:53 pm (UTC+4)
Leave a comment

MasterCard-ın Azərbaycan üzrə ölkə meneceri Hakan Açar

Bakı sakinlərinin 50%-nin azı bir bank ödəmə kartı (plastik kart) var, kredit kart sahibləri isə paytaxt sakinlərinin  yalnız təqribən 2%-ni təşkil edir. Kredit kartların istifadəçilərinin böyük əksəriyyəti 18–34 yaşlar arası ali təhsilli kişilərdir. Bu barədə  MasterCard-ın Azərbaycan üzrə ölkə meneceri Hakan Açar Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Belə ki, MasterIndex Araşdırması ilk dəfə olaraq Bakıda bu ilin oktyabr-noyabr aylarında araşdırma aparıb və 1000 nəfər arasında sorğu keçirib

Araşdırma nəticəsində bəlli olub ki, ödəmə kartlardan başlıca olaraq ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün istifadə olunur. Kart sahiblərinin 47%-i öz kartlarından daimi əmək haqlarını və pensiya ödənişlərini ATM-lərdən almaq üçün istifadə edir. Belə ki, “Siz öz bank kartlarınızdan harada tez-tez istifadə edirsiniz?” sualına  respondetlərin 86%-i bank kartlarından əsasən nəğd pul vəsaitlərinin çıxarılması üçün istifadə etdiklərini bildirib. “Müfəssəl nəticələr göstərir ki, bank kartlarının 95%-i ayda 3 dəfədən az və əksər hallarda əmək haqları və pensiya ödənişlərinin ATM-lərdən çıxarılması üçün istifadə olunur”, – deyə cənab Açar qeyd edib.

Respondentlərin 54%-i bildirib ki, ticarətçilər (dükan və mağaza sahibləri) alıcılardan plastik kartlar vasitəsilə ödənişi qəbul etmək üçün POS sistem terminalları malik deyillər. Sorğuda iştirak edənlərin  24%-i deyib ki, ticarətçilər hətta POS sistem terminalları olduğu halda belə plastik kartları qəbul etmək istəmir. “Əhalinin əksəriyyəti kartlarından gündəlik həyatda daha çox istifadə etmək istəyir. Məsələn, ictimai nəqliyyatda, bazarda, yarmarkalarda və səhiyyə ocaqlarında. Respondentlərdən 67%-i ictimai nəqliyyatda, 48%-i açıq bazarlar (yarmarkalarda) və 46%-i isə səhiyyə xidmətlərində kartlarından istifadə etmək istəyir”, – deyə o qeyd edib.

Araşdırma nəticəsində həmçinin bəlli olub ki, ödəmə kartlarından ərzaq məhsullarının alınması zamanı 2 faiz, geyim mallarının alınmasında 10 faiz, kitab alışında 1 faiz, əmək haqqı və pensiyaların alınmasında 86 faiz, kommunal ödəmələrdə 1 faiz istifadə edilibsə, dövlət ödənişlərində (gömrük, vergi, yol hərəkəti  qaydalarının pozulması və s.), yanacaq doldurma məntəqələrində isə ümumiyyətlə istifadə edilməyib.

Azərbaycanda 2012-ci ildə keçiriləcək Euriovizion mahnı müsabiqəsi zamanı ölkəyə milyonlarla turist gələcək. “Ümid edirik ki, turistlərin ödəmələrində problem olmayacaq. Turistlərin rahatlığı üçün ödəmə kartları ilə ödənişlər sahəsində inkişaf vacibdir”.

Hazırda Azərbaycanın 44 bankından 33-ü MasterCard sisteminə qoşulub.

O eyni zamanda, Azərbaycanı regionun inkişaf etməkdə olan mühüm ölkəsi adlandırıb. “Azərbaycan bazarı dinamik inkişaf edir. Maliyyə bazarı çox aktivdir. Ümid edirik ki, tezliklə ödəmə kartlarından istifadə sahəsində irəliləyişlər olacaq. Biz bununla bağlı, Mərkəzi Bankla layihələr həyata keçirməyi nəzərdə tuturuq”.

MasterCard-ın Araşdırması Bakının yerli əhalisi ilə 1000 respondent arasında onların evlərində üzbəüz şəkildə aparılıb. Respondentlərin 50%-i plastik kart istifadəçiləri olub. Araşdırma üçün hədəf auditoriya 18 – 64 yaş arasında qadınlar və kişilərdir.

MasterCard qlobal ödəmə və texnologiya şirkətidir. O, dünyanın 210-dan artıq ölkə və ərazilərində istehlakçıları, maliyyə institutlarını, ticarətçiləri, hökumətləri və biznes strukturlarını bir-birinə bağlayan dünyanın ən sürətli ödənişlərin işlənilməsi şəbəkəsini idarə edir.

Human Rights Watch həbsdə olan 17 fəalın hamısını siyasi və vicdan məhbusu kimi tanıyır

Posted December 12th, 2011 at 10:26 pm (UTC+4)
Leave a comment

Rachel Denber, Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini  Reyçel Denber Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda 2011-ci ildə insan hüquqları sahəsində vəziyyətin pisləşməkdə davam etdiyini bildirib. O, Human Rights Watch-ın bu il həbs edilən 17 nəfər fəalı siyasi və vicdan məhbusu kimi tanıdığını deyib.

Sual: 2011-ci il başa çatmaqdadır. Azərbaycanda insan hüquqlarının mövcud durumunu necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda insan hüquqlarının vəziyyəti pisdir. Pisləşmə tendensiyası artıq bir neçə ildir davam etməkdədir. Xüsusilə, bu ilin mart-aprel aylarındakı aksiyalar zamanı polis zorakılığı, aksiyalarının zorakı üsullarla dağıdılması, çoxsaylı insanın həbs edilməsi, təzyiqlərə məruz qalması əslində insan haqları üzərində qaranlıq bir işarədir.

2011-ci ili xarakterizə etsək görərik ki, 17 nəfər fəal həbsdədir, amma əslində bunların heç biri həbsdə olmalı deyil. Human Rights Watch həbsdə olan 17 nəfərin hamısını siyasi və vicdan məhbusu kimi tanıyır.

Ölkədə bir hüquq müdafiəçisi həbsdədir, vəkillərə qarşı təzyiqlər var. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 2011-ci ildə insan hüquqları baxımından qiymətləndirmə çox kafidir.

2011-ci ildə Azərbaycanda insan hüquqlarının pozulması baxımından digər problemləri də müşahidə etmişik. Məsələn, 2010-2011-ci illərdə hökumət tərəfindən evlərin ardıcıl olaraq dağıdılması, bunun müqabilində insanlara müvafiq kompensasiyaların verilməməsi və dağıdılmış evlərin yerində park salınması ciddi hüquq pozuntusu ilə müşahidə olunub. Müvafiq kompensasiyaların verilməməsi ilə yanaşı, evlərin insanlardan alınması ilə hökumət Azərbaycanın öz qanunvericiliyini və beynəlxalq öhdəliklərini pozub.

Sual: İşgəncələrlə bağlı durumu necə qiymətləndirirsiniz? Bu il ölkədə işgəncə faktı qeydə alıbsınız və ya yox?

Cavab: Azərbaycanın yerli hüquq-müdafiə təşkilatları işgəncə faktları ilə bağlı ictimaiyyətin məlumatlandırılması baxımından çox yaxşı iş aparır.  Ümumiləşdirib deyə bilərəm ki, Azərbaycanda hələ də saxlama məntəqələrində işgəncələrlə bağlı ciddi problemlər mövcuddur. Bu problemlər davam edir və biz bundan narahatıq.

Sual: Söz azadlığı sahəsində vəziyyət barədə nə deyə bilərsiniz? Xüsusilə, yazıçı Rafiq Tağının qətlinə və bu qətli İran din xadiminin alqışlamasına münasibətiniz necədir?

Cavab: Human Rights Watch bu ilin noyabrında Azərbaycanla bağlı hesabat dərc edib. Həmin hesabatda ölkədə söz və mətbuat azadlığı sahəsində irəliləyişin olmadığı bildirilir. Bütün problemlər olduğu kimi qalır. Söz azadlığı, fikrin azad ifadə edilməsi sahəsində ciddi maneələr var. Xüsusilə, hakimiyyət qanunlardan diffamasiyanın kriminallaşdırılması ilə bağlı geniş istifadə edir. Nəticədə, jurnalistlər məcbur edilir ki, özünüsenzuraya sürüklənsinlər, fikrilərini açıq ifadə edə bilməsinlər. Azərbaycanda fikri ifadə etmək üçün televiziyadan istifadə sahəsində heç bir şərait yoxdur.

Bu il media sahəsində yeganə müsbət hadisə jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsidir. Amma, o da həbsdə olmamalı idi. Bununla yanaşı, “Xural”  qəzetinin baş redaktoru Əvəz Zeynallı və  bölgə müxbiri Aydın Canıyev həbs edilib. Bu isə məşhur “bir addım irəli, iki addım geri” deyimini xatırladır.

Sual: Azərbaycan hökuməti ilə insan hüquqları ilə bağlı dialoq üçün müraciət edibsinizmi?

Cavab: Əlbəttə. Məsələn, ötən il hesabatımızı yaydıqdan sonra Azərbaycan daxili işlər, xarici işlər nazirlikləri, Milli Teleradio Şurası ilə açıq müzakirələr aparmışıq. Hesab edirik ki, məsələlərin həlli qarşılıqlı dialoq şəklində çözülə bilər. Biz eyni zamanda, beynəlxalq təşkilatlarla da müzakirələr aparırıq. Məsələn, regionda işləyən böyük təşkilatlar, o cümlədən Avropa Şurası, Avropa Birliyi ilə Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə edirik.

Sual: Hökumət bir qayda olaraq hesabatınızın reallığı əks etdirmədiyini bildirir. Münasibətiniz?

Cavab: Human Rights Watch-ın növbəti dünya üzrə hesabatı 2012-ci ilin yanvarında təqdim olunacaq. Həmin hesabatın Azərbaycanla bağlı bölümü də olacaq  və orada yəqin ki, tənqidi məqamlar olacaq. Hökumət tənqidi məqamlarla razılaşmadığı halda, həmin məsələləri müzakirə edə bilərik.

Müəllifdən: Azərbaycan rəsmiləri ölkədə insan haqları sahəsində durumun normal olduğunu bildirir. Rəsmi Bakı bəyanatlarında vətəndaşların hüquqlarının beynəlxalq hüquq normaları və yerli qanunvericiliyə uyğun tənzimləndiyini vurğulayır. Rəsmilər ölkədə siyasi və vicdan məhbuslarının olması barədə beynəlxalq təşkilatların çağırışlarını qəbul etmir.

Yazıçı Rafiq Tağının qətlinə fərqli baxışlar

Posted November 25th, 2011 at 9:16 pm (UTC+4)
Leave a comment

Yazıçı Rafiq Tağı

Yazıçı Rafiq Tağıya qarşı sui-qəsd və onun ölümü ictimaiyyətin diqqət mərkəzindədir. Yerli və beynəlxalq mediada yazıçının qətli ilə bağlı çoxsaylı yazılar dərc edilib. Ölkə ictimaiyyəti azad sözə qarşı sui-qəsdi pisləyir.

Rafiq Tağı dünyada jurnalistlərin qatillərinin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günündə – noyabrın 23-də qətlə yetirilib. Müstəqillik illərində Azərbaycanın 11 jurnalisti öldürülüb. Onların 9 nəfəri silahlı münaqişələr zamanı həlak olub. Amma, indiyədək bir jurnalistin belə qatili tapılaraq məhkəmə qarşısına çıxarılmayıb.

Bu gün rəsmi Bakı yerli medianın sualının cavabında yazıçı Rafiq Tağının qətlini pisləyib. Amma, beynəlxalq qurumlar, o cümlədən ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç yazıçı dünyasını dəyişən gün, noyabrın 23-də dərhal azad sözə qarşı qəsdi qəti şəkildə pisləmişdi. Beynəlxalq qurumlar həmçinin Elmar Hüseynov da daxil olmaqla ölkədə yazarlara qarşı olan cinayət işlərinin istintaqının yekunlaşdırılmasını və canilərin tapılaraq məhkəməyə verilməsini tələb edib.

Beləliklə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Media Forum” saytının sualının cavabında deyib ki, Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi. “Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndi nə olub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar”.

Cənab Həsənov sui-qəsdin motivi ilə bağlı sualın cavabında bildirib ki, hazırda buna heç cür qiymət verə bilməz. “Bu məsələ tam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma, mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma, bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır”.

Azərbaycan rəsmilərindən fərqli olaraq beynəlxalq təşkilatlar və bir sıra Avropa dövlətləri yazıçıya qarşı sui-qəsdin söz azadlığına və demokratiyaya qarşı olduğunu bəyan edir.

Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin sözçüsünün “Rafiq Tağının qətli” adlı bəyanatında deyilir ki,

Rafiq Tağının dəfni

noyabrın 19-da Bakı küçələrindən birində qəddarlıqla bıçaqlanmış azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının ölüm xəbərindən çox mütəəssir olduq. “Rafiq Tağı öz tədqiqatlarının keyfiyyəti və ciddiliyi ilə hamı tərəfindən tanınırdı. Onun ölümü ilə, öz ölkəsində və həm də xaricdə, siyasi və jurnalistika dairələrində dinlənilən və hörmət edilən bir səs bizi tərk edib”.

Azərbaycan hökumətindən fərqli olaraq Fransa hökuməti bu ağrılı anlarda mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına öz  həmrəyliyini bildirib. “Fransa bu mənfur cinayəti  törədənlərin və onun sifarişçilərinin tezliklə tapılması və ədalət məhkəməsinə verilməsi üçün azərbaycan rəsmilərini bütün imkanlardan istifadə etməyə çağırır. Fransa xatırladır ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da jurnalistlərin təhlükəsizliyi və mətbuat azadlığı demokratiyanın fundamental prinsiplərini təşkil edir”, – deyə nazirliyin noyabrın 24-də yaydığı bəyanatda deyilir.

Nəhayət bu gün, noyabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da tanınmış yazıçı Rafiq Tağının ölümünə münasibət bildirib. “Biz Rafiq Tağıya qarşı sui-qəsdi qətiyyətlə pisləyirik. Yazıçının bıçaqlanması çox ağır bir cinayətdir. Ümumiyyətlə hər hansı bir insanın bıçaqlanması cinayətdir. Əgər bu, yazıçıya qarşı törədilibsə, çox naqis və bağışlanmaz hərəkətdir”, – deyə o qeyd edib.

Maraqlı məqamlardan biri də mühacirətdə fəaliyyət göstərən İran Yazıçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyi ilə eyni gündə yaydığı bəyanatıdır. Amma, Azərbaycan Yazıçılar Birliyindən fərqli olaraq İran Yazıçılar Birliyinin Rafiq Tağının qətlində günahkarın kim olduğunu qeyd edir və onu ittiham edir.

İranın Azərbaycandakı səfirliyinin sui-qəsddə İranın adının çəkilməsini təkzibindən sonra bu ölkənin mühacirətdə olan yazıçıları İran rejimini yazıçıları qətlə yetirməkdə günahlandırır.

“Media forum” saytının məlumatına görə, mühacirətdə olan İran Yazıçılar Birliyinin bəyanatında deyilir. “Birinci dəfə deyil ki, İran İslam Respublikası yazıçıların ölümünə şərait yaradır və onu təşkil edir. Həm İran, həm də dünya əhalisi birbaşa ETTELAAT məmurlarının əli ilə qətlə yetirilən və ya zindanlarda edam olunan yazıçıları unutmayıb. Öldürülən yazıçılar siyahısında Səid Sultanpur, Səidi Sircani, Piruz Dəvani, Məhəmməd Muxtari və Cəfər Puyəndə kimi yazıçıların adları var. Qətlə yetirilmiş bu yazıçıların siyahısı isə islam respublikası rejiminin qırğın, işgəncə və repressiya siyasətinin göstəricisidir”.

İslam respublikasının göstərişi və fitvası ilə baş verən son qətllərdən biri də azərbaycanlı yazıçı Rafiq Tağının öldürülməsidir. “Bu yazıçı “İran və qloballaşma qaçılmazlığı” adlı bir məqaləsində islam respublikasının rəftar və siyasətini tənqid etdiyinə görə bir qatilin hücumuna məruz qalaraq yaralandı və xəstəxanada can verdi. O həmçinin bundan əvvəl “Avropa və biz” adlı digər məqaləsində İran İslam Respublikasının islam inqilabını ixrac etməyə cəhd göstərməsini tənqid etdiyinə görə axund Fazil Lənkərani tərəfindən ölümə məhkum edilmişdi. Bu terrorla eyni vaxtda Əhvazdan olan Nasir Cəbərzərqani adlı bir ərəb şairi də islam respublikasına müxalif mövqeyinə görə rejim məmurlarının hücumuna məruz qalaraq ağır yaralanıb, ölümcül vəziyyətdə xəstəxanaya düşüb. Rejim məmurları hazırda ölüm ayağında olan bu şairin evini də dağıdıblar”.

İranlı yazıçılar bildirir ki, İran İslam Respublikası onu hər yandan böhran bürüdüyü vaxtda da adam öldürmək, terror siyasətindən əl çəkmir. “O hələ də danışan dilləri kəsməyə çalışır. Biz sürgündə fəaliyyət göstərən İran Yazıçılar Birliyi olaraq yazıçılara hər hansı hücumu, onlara xəsarət yetirilməsini, öldürülməsini kəskin pisləyir, bu siyasətin davam etdirilməsini islam respublikasının, azadlıq öldürən rejimin sarsılmasının göstəricisi kimi qiymətləndiririk”, – deyə bəyanatda qeyd edilir.

Noyabrın 15-də Azərbaycan Səhiyyə Nazirliyi isə yazıçının xəstəxanada ölümünün səbəbləri əks olunmuş ilkin tibb ekspertizanın nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, Rafiq Tağıyevin meyiti noyabrın 23-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qərarına əsasən Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyində yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə komisyon qaydada ekspertiza müayinəsindən keçirilib. “Meyitinin ekspertizasının ilkin nəticəsinə görə, mərhumun ölümünə səbəb ona yetirilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaralanmalar nəticəsində daxili üzvlərin (dalaq, mədəaltı vəz, diafraqma) zədələnməsindən inkişaf etmiş süst gedişli peritonit, nazik bağırsağın atoniyası və intoksikasiya, eləcə də əvvəllər keçirdiyi ikitərəfli plevrit xəstəliyinin qalıq əlamətləri fonunda ağciyərlərin kəskin ödemi olub”.

Tanınmış yazıçı Rafiq Tağının son mənzili (təhlil)

Posted November 24th, 2011 at 8:17 pm (UTC+4)
Leave a comment

Tanınmış yazıçı Rafiq Tağı bu gün torpağa tapşırılıb. O, Ümumşəhər qəbiristanlığında dəfn olunub. Mərasimdə media ictimaiyyəti və yazıçının dostları iştirak edib. İndiyədək rəsmi Bakı yazıçıya qarşı sui-qəsd və onun xəstəxanada ölümü ilə bağlı reaksiya verməyib.

Rafiq Tağı noyabrın 19-da evinə gedərkən, yolda naməlum şəxs tərəfindən bıçaqlanıb. Yeddi bıçaq zərbəsi alan yazıçı cərrahi əməliyyata məruz qalıb, ümumi durumu yaxşılaşıb və noyabrın 23-də qəflətən vəfat edib.

Rafiq Tağı ilk dəfə 2006-ciı ildə yazdığı “Avropa və biz” məqaləsinə görə təqiblərə  məruz qalıb. O zaman İranda ayətullahlar və Azərbaycanda bir qrup dindar onun ölümünə fətva verib. Azərbaycan məhkəməsi isə dini ədavəti qızışdırma maddəsi ilə üç il həbsə məhkum edib. 8 ay həbsdə qaldıqdan sonra prezident tərəfindən əfv olunub.

Tanınmış yazıçı xəstəxanada olarkən, noyabrın 21-də Amerikanın Səsi radiosuna müsahibəsində “kimi günahkar bilirsiniz?” sualına belə cavab verib.

Sual: Siz 2006-cı ildə “Avropa və biz” başlıqlı məqaləyə görə həbs edilibsiniz. Həmin məqalədən sonra İranda bir qrup ayətullah və Azərbaycanda bir qrup dindar ölümünüzə fətva vermişdi. Siz həbsdən azad edildikdən sonra bu yazı ilə bağlı təhdidlərə, hədələrə məruz qalıbsınız?

Cavab: Bəzi məqalələrdə, yazılarda hədələr olurdu. Yazırdılar ki, bu çox yaşamaz və sairə. Yazılarda olurdu. Sonra hesab etdim ki,

Yazıçı Rafiq Tağı

hədələr səngidi. Ara-sıra bəzən yenə mənə bəzi məqamlarda toxunurdular. İndi, yəqin bunlar mənim yazılarımı izləyirmişlər. Yəqin ki, indi qərara gəliblər. Mən belə hesab edirəm. Ola bilər ki, səhv edirəm.

Sual: Ümumiyyətlə, kimi günahkar görürsünüz?

Cavab: Günahkar barədə heç nə deyə bilmirəm. Özüm də şok vəziyyətindəyəm. Bilmirəm, bu kim ola bilər. Çünki, bu nə oğurluq oldu, nə başqa bir şey. Zərbə endirdi və  qaçdı getdi. Nə isə təşkil olunmuş bir iş idi.

Sual: Belə görünür, o qəsd etmək istəyirmiş?

Cavab: Sui-qəsd. Elə məqsəd o olub. Bəlkə də elə bilib ki, bu qədər zərbələrdən sonra   öldüm. Amma, nə isə alınmadı (gülür).

Beləliklə, yazıçı sağ qalmaq sevincini yaşadığı anda dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji-Anotomiya Birliyinin baş direktoru Şakir Musayev Amerikanın Səsi radiosuna deyib ki, tibbi ekspertizanın ilkin rəyinə görə, Rafiq Tağı qarın boşluğuna işləmiş bıçaq yarasının fəsadı nəticəsində dalağın, mədəaltı vəzin quyruğunun zədələnməsi səbəbindən ölüb.

“Peritonit inkişaf olub, atoniya baş verib və ölümlə nəticələnib. Yəni, bıçaq yarasının ağırlaşması, bıçaq yarasının fəsadıdır. Bu tibbi ekspertizanın ilkin nəticəsidir. Laborator analizlərdən sonra isə son rəy veriləcək”.

Tibb elmləri doktoru Adil Qeybulla deyib ki, əgər tibbi ekspertizanın rəyində peritonit qeyd edilibsə bu, o deməkdir ki, qarın boşluğunun infeksion zədələnməsi əlaməti var. “Bu əməliyyat vaxtı aseptika qaydalarının pozulması, yaxud qarın boşluğu orqanlarının zədələnməsi nəticəsində möhəviyyatın qarın boşluğuna tökülməsi ilə bağlı ola bilər. Peritonit fonunda bir qayda olaraq atoniya və dinamik bağırsaq keçməzliyi inkişaf edir”, – deyə o qeyd edib.

Rafiq Tağının bıçaqlanması faktı üzrə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. “Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Tanınmış yazıçının bıçaqlanması və xəstəxanada ölümü beynəlxalq və yerli ictimaiyyətin etirazı ilə qarşılanıb. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatovic Rafiq Tağının ölümü ilə bağlı bəyanat yayıb. O, Rafiq Tağının ölümündən kədərləndiyini, cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib. Xanım Miyatoviç yazıçıya olan bu hücumu mətbuat və söz azadlığına hücum hesab edir, cinayətin demokratiya naminə hərtərəfli araşdırılmasının vacibliyini vurğulayır. “Cinayətkarların kimliyindən və cinayətin motivindən asılı olmayaraq bütün günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Mən ümid edirəm ki, Azərbaycan hakimiyyəti bu qətllə bağlı tez və hərtərəfli istintaq aparacaq”.

Eyni zamanda, xanım Miyatoviç bəyanatında 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmadığını xatırladıb.

“Sərhədsiz reportyorlar” və Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Rafiq Tağının qətlini pisləyir. “Bir neçə bıçaq yarası alan yazıçının dörd gündən sonra ölməsi barədə xəbərlərdən sarsılmışıq. Rafiq Tağının ailəsinə və həmkarlarına öz dəstəyimizi bildiririk. Biz noyabrın 19-da ona qarşı baş vermiş sui-qəsdin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik”, –  deyə bəyanatda vurğulanır.

“Sərhədsiz reportyorlar” xatırladır ki, 2007-ci ildə Rafiq Tağı antiislam məqaləyə görə məhkum edilib, bu il noyabrın 10-da isə dərc etdirdiyi digər məqalədə İran prezidenti Əhmədinejatı tənqid edib, onu islamı nüfuzdan salmaqda ittiham edib.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi də noyabrın 19-da yazıçıya naməlum şəxs tərəfindən hücum faktının hərtərəfli araşdırılmasını tələb edib. “Biz bütün qəlbimizlə Tağının ailəsinin yanındayıq və onun qətlində günahkar olanların tapılıb cəzalandırılmasını Azərbaycan hakimiyyətdən tələb edirik”, – deyə təşkilatın nümayəndəsi Nina Oqnyanova bildirib.

Öz növbəsində, İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir” saytı da yazıçı Rafiq Tağıya qəsddən yazıb.

“Media Forum” saytının məlumatına görə, İran saytı “Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü”  başlıqlı

Tabnak.ir saytı

yazı dərc edib. “Rəsul əkrəmi (peyğəmbəri) təhqir etdiyi üçün Azərbaycan Respublikasında Salman Rüşdi adı ilə tanınan Rafiq Tağını dünən naməlum bir şəxs qətlə yetirdi. O, peyğəmbəri misilsiz təhqirlərinə görə Azərbaycan Respublikası əhalisinin nifrətinə məruz qalmışdı. Məhz buna görə də Azərbaycan əhalisi ayətullah Fazil Lənkəraniyə müraciət edərək onun haqqında rəyini soruşmuşdu. Həmin vaxt ayətullah Rafiq Tağını edama məhkum etmişdi”,-  deyə Tabnak.ir saytı qeyd edib.

İranın Bakıdakı səfirliyi isə yazıçıya qarşı sui-qəsddə İranın adının hallanmasını təkzib edib. “Bununla yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran və Azərbaycan arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik”,- deyə İranın Azərbaycandakı səfirliyinin açıqlamasında qeyd edilir.

Tanınmış yazıçının qətli Azərbaycanın iqtidar və müxalifətinin də diqqətindədir. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının İcra katibinin müavini Siyavuş Novruzov “Media Forum” saytına bildirib ki, istənilən qəsdi pisləyir və Rafiq Tağıya qarşı qəsd də pislənməlidir: “Ancaq hüquq mühafizə orqanları məsələni araşdırır və nəticələr barədə cəmiyyətə məlumat veriləcək. Əgər hər hansı bir şəxsə bu və ya digər formada xəsarət yetirilibsə bunun həmin şəxsin hansı əməlinə görə edildiyi araşdırılmalıdır. Hüquq mühafizə orqanları da bununla məşğul olur. Nəyə görə hakimiyyət məsuliyyət daşımalıdır? Təbii ki, hər bir vətəndaşın təhlükəsizliyini qorumaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Ancaq cəmiyyət mövcuddursa orada bu və ya digər formada cinayətlər də olur”.

AXCP sədri Əli Kərimli

Müxalifətdə olan İctimai Palata Rafiq Tağının qətlini pisləyən bəyanatla çıxış edib.

“İstənilən halda Azərbaycan hakimiyyəti, hökumət hər şeyi etməlidir ki, bu cinayət tezliklə açılsın. Əgər bu cinayət də tezliklə açılmayacaqsa, o zaman Azərbaycan hökumətinə qarşı yönələn ittihamlar daha da artacaq. Çünki indiyə qədər ictimai-siyasi zəmində baş vermiş olayların, qətllərin üstü açılmayıb. Bu sırada jurnalist Elmar Hüseynovun, general Rail Rzayevin qətlini xatırlatmaq olar. Bu cinayətlərin açılmamısı Azərbaycan hökumətinə qarşı ittihamları, qınaqları daha da artırır. Ona görə də Azərbaycan hökuməti özü bu qınaqlardan, məsuliyyətdən yaxa qurtarmaq üçün tezliklə Rafiq Tağıya qarşı sui-qəsd də daxil olmaqla bütün qətllərin üstünü açmalı və cəmiyyətə bu barədə məlumat verməkdə maraqlı olmalıdır”, -AXCP sədri Əli Kərimli qeyd  edib.

Cənab Kərimli “Media Forum” saytına  deyib ki, Rafiq Tağı kimin sifarişi ilə öldürülüb. “Burada icraçı o qədər də önəmli deyil. Hətta qatil tapılsa da, ciddi araşdırma aparılmasa, cinayət işini açılmış hesab etmək olmaz. Rafiq Tağı məişət zəminində öldürülməyib. Burada sifarişçinin kimliyi çox önəmlidir. Ona görə də mən Azərbaycan  hökumətini sürətli və şəffaf istintaqa çağırıram ki, ən azından öz üzərlərindən şübhələri götürə bilsinlər”.

Xatırladaq ki, Rafiq Tağı noyabrın 10-da www.kulis.az saytında “İran və qloballaşma qaçılmazlığı” başlıqlı yazısını dərc etdirdikdən sonra hücuma məruz qalıb. Məqalədə İran prezidenti Mahmud Əhmədinejat sərt tənqid edilib  və “Müasir İran – asanlıqla dağılası mifdir” kimi ifadələr yer alıb.

 

 

Yazıçı Rafiq Tağı əməliyyatdan sonra özünə gəlib (son fotolar)

Posted November 20th, 2011 at 3:40 pm (UTC+4)
Leave a comment

Yazıçı Rafiq Tağı cərahiyyə əməliyyatından sonra

Tanınmış yazıçı Rafiq Tağı artıq əməliyyat otağından reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir. Cənab Tağı anlaqlıdır. Mən bu gün Bakı vaxtı ilə saat 14 radələrində yazıçı ilə qısa müddətli görüş imkanı əldə etdim. O reanimasiya otağında aparatlara qoşuludur. Hələlik həkimlər danışmağa icazə verməsə də, cənab Tağı bir neçə sualıma əl işarələri ilə cavab verib. Yazıçı bildirib ki, ona bir nəfər 6 dəfə bıçaq zərbəsi endirib. Bu zaman Rafiq Tağı həmin şəxsə müqavimət göstərməyə çalışıb və 3 bıçaq zərbəsi isə əlindəki qovluğa dəyib.

Növbətçi cərrah Amerikanın Səsi radiosuna bildirib ki, yazıçının dalağı çıxarılıb, vəziyyəti stabildir, həyatı üçün təhlükə sovuşub. Ona bir litrədək qan köçürülüb. Rafiq Tağının üzərində altı saat yarım müddətində cərrahiyyə əməliyyatı  aparılıb, bədənindəki altı bıçaq yarasının hamısı təftiş edilib. Bıçaq zərbələrinin hamısı bədənin sol, ürək nahiyəsindən vurulub. Zərbələrdən yazıçının kürək sümüyü və qabırğası sınıb, daxili orqanları zədələnib. Xoşbəxtlikdən bıçaq Rafiq Tağının ürəyindən yan keçib, diafraqmanı kəsib və dalağını doğrayıb.

Xatırladaq ki, noyabrın 19-da axşam saatlarında tanınmış yazıçı Rafiq Tağı evinə gedərkən hücuma məruz qalıb. O yaralı halda evinə gəlib və sonradan təcili yardım xidməti vasitəsi ilə xəstəxanaya aparılıb.

Rafiq Tağı 2006-cı ildə isə işlədiyi “Sənət” qəzetində çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətdiyinə və xristian dəyərlərini islamdan daha üstün tutmaqda ittiham edir. Hətta, buna görə İranda bir neçə ayətullah onun öldürülməsinə fitva verib. Nəticədə Rafiq Tağı milli və dini düşmənçilik salma ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 8 aydan sonra əfv olunub.

Bu il noyabrın 10-da Rafiq Tağı www.kulis.az veb səhifəsində “İran və qloballaşma qaçılmazlığı” adlı məqalə ilə çıxış edib. Bu məqalədə “Müasir İran – asanlıqla dağılası mifdir” kimi ifadələr yer alıb. İctimai fikridə, yazıçının bu məqaləyə görə cəzalandırıldığı fikirləri dolaşır.

Hazırda Nəsimi rayon polisi ölümə qəsd faktı üzrə apaşdəıma aparır.

 

Rafiq Tağıı cərahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə köçürülüb. Şəkilləri noyabrın 20-də saat 14 radələrində Amerikanın Səsi radiosunun müxbiri çəkib.

 

 

Con Dalhizen: Azərbaycanda 17 nəfər vicdan məhbusu var

Posted November 18th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment

Amnesty İnternational təşkilatının proqram rəhbərinin müavini John Dalhuisen

Amnesty International təşkilatı Azərbaycanda  insan haqlarının durumu ilə bağlı “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” adlı hesabat yayıb. Sənəddə ölkədəki korrupsiya, müstəqil media, qeyri hökumət təşkilatları və müxalifət partiyalarının üzərinə artmaqda olan təqiblərin və həbslərin təfərrüatları yer alıb. Amnesty İnternational Azərbaycanda etirazlar əsasında məhkum edilmiş 17 nəfəri vicdan məhbusu hesab edir və onların dərhal azadlığa buraxılmasına çağırır.

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya Proqramlarının direktor müavini Con Dalhizen (John Dalhuisen) Amerikanın Səsi radiosuna müsahibəsində vicdan məhbuslarının azadlığa buraxılması üçün beynəlxalq tədbirlər keçiriləcəyini  deyib. Onun sözlərinə görə,  Azərbaycan hökuməti təşkilatın insan haqları ilə bağlı dialoq təklifini hələ qəbul etməyib.

Sual: Amnesty İnternational təşkilatı Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı hesabat yayıb. Hesabat əsasən nədən bəhs edir?

Cavab: Hesabat son dövrlərdə özünüifadə azadlığının boğulması ilə bağlı hüquq pozuntularını əks etdirir, fərqli və tənqidi fikirlərin boğulmasını özündə ehtiva edir.  Sənəddə həmçinin bu ilin mart və aprel aylarındakı etiraz aksiyalarında baş verən pozuntular əks olunub.

Sual: Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti necə qiymətləndirirsiniz və vəziyyətdən çıxışı necə görürsünüz?

Cavab: Hesab edirik ki, sərbəst toplaşmaq, ifadə və birləşmə azadlığına qarşı olan basqılar və bu sahədə durumun pisləşməsi ən ciddi hadisələrdən biridir. Bu  məsələlər barədə konkret faktlar hesabatda əksini tapıb. Əslində bu ilin yaz hadisələrindən əvvəl də jurnalistlər, azad media, müxalifət təqiblərə və təzyiqlərə məruz qalıb. Ancaq, xüsusi olaraq yaz hadisələrinin fonunda biz, toplaşmaq azadlığının, azad medianın və jurnalistlərin necə təqib olunduğunu bir daha müşahidə etdik.

Sual: Sizin hesabata görə, Azərbaycanda neçə siyasi məhbus var? Onların həbsdən azad edilməsi üçün çağırışlarınız varmı?

Cavab: Konkret olaraq bildirim ki, siyasi məhbuslar yox, 17 nəfər vicdan məhbusu hesab etdiyimiz insan var. Bir də ədalətli məhkəmə hüququ pozulanlar var. Hansı ki, bu insanlar öz sərbəst fikirlərini ifadə etməyə cəhd edərkən həbs olunublar. Vicdan məhbuslarından 13-ü etiraz aksiyalarının təşkilinə görə həbs edilib. Qalan dörd nəfərə gəlincə, hansı ki, bu siyahıda Bəxtiyar Hacıyev və Cabbar Savaln da var, onlar yaz hadisələrindən əvvəl və sonra həbs olunublar. Biz qəti şəkildə bildiririk ki, Bəxtiyar Hacıyev, Cabbar Savalan, Şahin Həsənli və Vidadi İsgəndərli etiraz aksiyalarına çağırışa görə həbs edilib.

Sual: Azərbaycan hökuməti Sizin hesabatı qəbul edirmi, hökumət nümayəndələri insan haqları ilə bağlı təşkilatınızın təmsilçiləri ilə müzakirə aparmaq istəyirmi, görüşlə bağlı çağırışlarınıza cavab verirmi?

Cavab: İndiki məqamda bunu söyləmək bir qədər çətindir. Çünki, hesabat bu gün ictimailəşdirilib. Ancaq, pis cəhət odur ki, biz bu dəfə ölkədə olduğumuz vaxt hökumət bizimlə görüşmək istəmədi. Amnisty İnternational Azərbaycan hakimiyyəti ilə həmişə konstruktiv dialoqda olmaq istəyir. Başa düşürük ki, bütün məqamlarla bağlı fikirlərimiz üst-üstə düşməyəcək. Amma, hesab edirik ki, bu müzakirə, diskussiya prosesi getməlidir və nöqteyi-nəzərlər bölüşülməlidir. Son olaraq demək istəyirəm ki, Azərbaycan hökumətinin milli səviyyədə siyasi partiyaların və qeyri hökumət təşkilatlarının səsinə qulaq asması daha vacibdir, nəinki bu situasiyada Amnesty İnternational-ı dinləmək. Yəni, indiki məqamda vacibdir ki, hökumət qeyri hökumət təşkilatları və siyasi partiyaların mövqeyini dinləsin, müzakirə etsin, nəinki onların tənqidlərini, fikirlərini ümumiyyətlə yaxına buraxmasın.

Sual: Amnisty İnternational Azərbaycandakı vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlı hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

Cavab: Biz daha müxtəlif aspektləri nəzərdən keçiririk. Həbsdə olanların azad edilməsi üçün təşkilatımızın dünya üzrə şəbəkəsini hərəkətə gətirəcəyik və şəbəkəmiz vasitəsi ilə Azərbaycan hökumətini vicdan məhbuslarını azad etməyə çağıracağıq. Eyni zamanda, bu məsələni beynəlxalq səviyyədə də ciddi şəkildə qaldıracağıq. Məsələn, BMT mexanizmi vasitəsi ilə və Avropa Şurası səviyyəsində vicdan məhbuslarının azad edilməsi məsələsini qaldıracağıq. Biz həmçinin Amnisty İnernational-ın beynəlxalq şəbəkəsi vasitəsi ilə çoxsaylı ölkələrin xarici işlər nazirlərinə müraciətlər edəcəyik. Məsələn, ofislərimiz Amerika, Norveç, Böyük Britaniya və digər Azərbaycanda marağı olan hökumətlərlə qarşılıqlı dialoqlarında bu məsələni qaldıracaq.

Eynulla Fətullayev: Azərbaycanda siyasi məhbus problemi ən aktual mövzulardan biridir

Posted November 11th, 2011 at 8:12 pm (UTC+4)
Leave a comment

Eynulla Fətullayev

Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin Parisdə keçiriləcək iclasının gündəliyinə salınıb. İclasda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin yarım saatlıq çıxışından sonra ekspert qismində Azərbaycanın İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev çıxış edəcək.

Hüquq müdafiəçilərinin siyahısına görə, hazırda Azərbaycanda 70-dək siyasi məhbus hesab edilən şəxs var. Bu il İctimai Palatanın 2 aprel mitinqindən sonra 14 nəfər həbs edilib. Ümumilikdə isə bu il blogerlər Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, hüquq müdafiəçisi Vidadi İsgəndərli də daxil olmaqla, 18 nəfər fəal həbs olunub.

İnsan Haqları Uğrunda İctimai Birliyin sədri Eynulla Fətullayev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Azərbaycan siyasi məhbuslar üzrə məruzəçini ölkəyə buraxmır və siyasi məhbus məsələsi ilə bağlı gərgin situasiya yaranıb. Hüquq müdafiəçisi ölkədə siyasi məhbusların yeni siyahısını müəyyən etmək üçün alimlərin, hüquq müdafiəçilərinin və ekspertlərin iştirakı ilə komissiya yaradıldığını deyib.

Sual: Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı hökumətin mövqeyini necə qiymətləndirirsiniz? Hökumət AŞPA-nın siyasi məhbus problemi ilə bağlı məruzəçisini ölkəyə buraxmaq istəmir.

Cavab: Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin statusu və vəzifəsi oktyabr ayında AŞPA-nın müvafiq qurumu tərəfindən dəyişdirilib. Artıq, Krisofer Ştrasser Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi statusunda yox, Avropa Şurasına üzv dövlətlərdə siyasi məhbus məfhumunu müəyyən edən şəxs statusundadır. İndi, pat bir vəziyyət yaranıb. Azərbaycan hökuməti bu institutla əməkdaşlıqdan birmənalı şəkildə imtina edib. Digər tərəfdən, Avropa Şurası da müəyyən güzəştlərə gedib. Azərbaycanda siyasi məhbus üzrə məruzəçi statusunu ləğv edərək cənab Ştrasseri tamamilə fərqli bir mandatla təmin edib ki, onun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Lakin, cənab Ştrasser hələlik Azərbaycanda siyasi məhbus problemi ilə məşğul olmaq fikrindədir. Ona görə də çox qarışıq və mürəkkəb bir situasiya yaranıb.

Sual: Azərbaycanda siyasi məhbuslar varmı, varsa neçə nəfərdir? Son dövrlər ölkədə siyasi məhbusların sayı ilə bağlı tendensiya artmaqdadır və ya əksinə azalmadadır?

Cavab: Əfsuslar olsun ki, son on il ərzində Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı məsələ müzakirə olunmaqdadır. Yəni, ən aktual mövzulardan biridir. Bu onunla bağlıdır ki, xüsusilə son illərdə siyasi repressiyalar şiddətlənib və xeyli insanlar siyasi motivlərlə ittiham edilib. Digər bir problem, Azərbaycanda müstəqil və ədalətli məhkəmə sisteminin mövcud olmamasıdır. Minlərlə insana qarşı ədalətsiz və qeyri müstəqil məhkəmə mühakiməsi tətbiq olunur və yüzlərlə şəxs ədalətsiz mühakimənin qurbanına çevrilib. Azərbaycanda bəzən siyasi və vicdan məhbusu məfhumu ilə ədalətsiz məhkəmə mühakiməsi qurbanı məfhumu qarışdırılır. Bunlar müxtəlif növ kateqoriyalardır. Ona görə də situasiya olduqca mürəkkəbdir. Bir çox təşkilatlar elmi metodologiyaya söykənmir. Eyni zamanda, siyasi məhbusların siyahısı beynəlxalq təşkilatların, BMT-nin müvafiq qurumlarının, xüsusilə də Avropa Şurası baş katibinin 2000-ci il tarixli sərəncamı ilə tərtib olunmuş ekspertlər qrupunun hazırladığı meyarlar əsasında müəyyən edilməyib. Daha çox ədalətsiz məhkəmə mühakiməsi qurbanları siyasi məhbus kimi təqdim edilir. Cənab Ştrasser də müsahibəsində bunu xüsusi söyləyib.

Siyasi fəaliyyətinə görə həbs edilən insan birmənalı olaraq siyasi məhbusdur. Amma, hansısa şəxsə qarşı siyasi maddələr tətbiq olunursa, lakin, o sadəcə ədalətsiz mühakimənin qurbanıdırsa siyasi məhbus sayıla bilməz. Bu, Amnesty International təşkilatının yanaşmasıdır.

Mən, bir neçə ay öncə Norveç Xarici İşlər Nazirliyinə müraciət edərək siyasi məhbus məfhumunun və Azərbaycanda siyasi məhbusların siyahısını müəyyən edəcək komissiyanın formalaşması təşəbbüsü ilə çıxış etdim. Təşəkkür edirəm ki, Norveç Xarici İşlər Nazirliyi mənim təklifimi və təşəbbüsümü dəstəklədi. Biz artıq komissiyanı formalaşdırırıq. Bu komissiyaya görkəmli alimləri, hüquqşünasları, tanınmış hüquq müdafiəçilərini, siyasi məhbus problemi ilə uzun müddət məşğul olmuş insanları dəvət etmişik. Yaxınlarda komissiyanın problemlə bağlı rəyini açıqlayacağıq.

Məni AŞPA-nın İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitəsi noyabrın 16-da Parisə keçiriləcək iclasına ekspert qismində dəvət edib. Çıxışımda təklif edəcəm ki, bizim komissiyanın siyasi məhbuslarla bağlı tərtib edəcəyi siyahını Avropa Şurasının ekspertləri də təsdiq etsin. Hesab edirəm ki, bu çıxış yolu ola bilər. Yoxsa, ölkədə hər hüquq müdafiəçisi bir siyahı tərtib edib. Bir hüquq müdafiəçisinin siyahısında 20, digərinin siyahısında 60, başqasının siyahısında hətta yüzdən çox siyasi məhbus var. Ona görə də bu məsələdə sistemli, düşünülmüş və beynəlxalq təcrübəyə əsaslanan yanaşmaya və fəaliyyətə böyük ehtiyac var.

Sual: Azərbaycan hökuməti beynəlxalq təşkilatların müdaxiləsi olmadan siyasi məhbus problemini həll etmək üçün nə etməlidir?

Cavab: İlk növbədə, məhkəmələrin müstəqilliyi və hakimiyyət bölgüsü təmin olunmalıdır. Bununla yanaşı, konstitusiya real həyatda tətbiq edilməlidir, qanunlar işləməlidir. Əgər, Azərbaycanda hüquqi dövlətçilik təşəkkül taparsa, bütün bu problemlər də həllini tapar.

Müəllifdən: Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olmadığını bildirir. Rəsmi Bakı Azərbaycanın Avropanın hüquq məkanında olduğunu deyir və Azərbaycan vətəndaşlarının yerli məhkəmələrin hökmündən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək hüququnu tanıyır.

“Azərbaycanda məhkəmə hakimiyyəti var və hər bir insan etdiyi əmələ görə ittiham edilir. Məhkəmə hakimiyyəti müstəqildir, heç kim məhkəmə qərarlarına təsir edə bilməz”, – deyə Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov yerli mediaya bildirib.

Şirməmməd Hüseynov: Azərbaycan bayraqda əks olunmuş üç prinsipə əməl etməlidir

Posted November 9th, 2011 at 10:13 pm (UTC+4)
Leave a comment

Azərbaycanın dövlət bayrağı

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti ilk dəfə olaraq üçrəngli bayrağı dövlət bayrağı kimi qaldırıb. 1920-ci ildə AXC-nin süqutundan sonra sovet bayrağı qəbul edilib. Lakin, 1988-ci ilin noyabrında milli-demokratik hərəkat zamanı üçrəngli bayraq Bakının mərkəzi “Azadlıq” meydanında yenidən qaldırılıb. 1990-cı ilin noyabrında üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib, sonra isə Azərbaycanın dövlət atributu kimi bərpa olunub. Dövlət Bayrağı Günü prezident İlham Əliyevin 2009-cu il 9 noyabr tarixli sərəncamı ilə təsis edilib.

Azərbaycan bayrağı üzərində səkkizguşəli ulduz və aypara olan mavi, qırmızı, yaşıl rəngli üfüqi zolaqlardan ibarətdir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olduğunu (qədim türklərdə mavi rəng səma, yəni yüksək nəciblik rəmzi olub), qırmızı onun müasirliyə can atmasını, yaşıl islama mənsubluğunu əks etdirir.

Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov Amerikanın Səsi radiosuna müsahibəsində dövlət bayrağının tarixi və onun ictimai-siyasi məzmunundan danışıb. Professor hesab edir ki, bayrağın ictimai-siyasi məzmunu daim müdafiə olunmalıdır.

Sual: Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir. Dövlət bayrağı nə vaxt qaldırılıb?

Cavab: 1918-ci il iyulun 21-də Azərbaycan hökuməti Gəncədə olarkən bayraq haqqında ilk qərar qəbul edib. Bu bayraq bir rəngli, qırmızı və aypara-səkkizguşəli ulduzlu idi. Bu türk bayrağı idi və vaxtı ilə Elxanilərin bayrağı olub. Türklər neçə əsrlər bu bayraq altında vuruşub. Məhz, bu bayraq altında da Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad edib. 1918-ci il noyabrın 11-də türklər Bakını tərk etməli idi. Türkiyə Birinci Dünya müharibəsində məğlub olmuşdu, 1918-ci oktyabrın 30-da bağlanan Mudros sülh müqaviləsinə əsasən Türkiyə ordusu Zaqafqaziyanı (Cənubi Qafqaz – T.F) tərk etməli idi. Noyabrın 17-də ingilis ordusu Ənzəlidən Bakıya gəlməli idi. Türkiyə ordusu təntənəli şəkildə yola salındı və Azərbaycan hökuməti müharibədə məğlub olmuş Türkiyənin bayrağı ilə ingilisləri qarşılaması düzgün olmazdı. İkincisi isə, Müsavat Partiyasının məşhur şüarı var idi: türkləşmək, müasirləşmək və islamlaşmaq. Odur ki, 1918-ci il noyabrın 9-da Azərbaycan hökuməti üçrəngli bayraq haqqında qərar qəbul etdi. İlk olaraq, bu bayraqla Bakı limanında ingilisləri qarşıladılar. Həmin bayraqla da 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclası açıldı. Bütün şəhər Azərbaycan bayraqları ilə bəzədilmişdi. Həmin üçrəngli bayraq indiki dövlət bayrağıdır. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdi və bu bayrağı dövlət bayrağı kimi yenidən qaldırdı. Üçrəngli bayraq 1988-1990-cı illər milli azadlıq hərəkatı zamanı keçirilən mitinqlərdə Türkiyədən Azərbaycana gətirilərək qaldırılıb.

Sual: Müsavat hökuməti Azərbaycanın üçrəngli bayrağını qaldıranda, türkləşmək, müasirləşmək, yəni demokratikləşmək, islamlaşmaq şüarını irəli sürüb. Hazırda Azərbaycan hökuməti bu şüarın reallaşdırılması istiqamətində siyasət aparırmı?

Cavab: Əlbəttə, aparır. Məmməd Əmin Rəsulzadə 1915-ci il oktyabrın 2-də Açıq Söz qəzetini nəşr edəndə “Tutacağımız yol” adlı baş məqalə yazıb. Həmin məqalədə bu şüarı irəli sürüb: türkləşmək, müasirləşmək, islamlaşmaq. 1916-cı ildə Açıq Söz qəzetinin bir illiyi münasibəti ilə yenə Məmməd Əmin Rəsulzadə “Tutduğumuz yol” adlı baş məqalə yazıb. Baş məqalədə yazır ki, bu şüarı belə dəyişməliyik, birinci müasirləşmək, türkləşmək və sonra islamlaşmaq. Sonra, 1918-ci ilin noyabrında bayraq qəbul ediləndə yenidən türkləşmək, müasirləşmək və islamlaşmaq şüarı qəbul edildi. Bu üçlük formulu vaxtı ilə üç dəfə yerini dəyişib.

Sual: Azərbaycan hökuməti Bayraq Meydanı qurub və Azərbaycan bayrağı zirvələrdə dalğalanır. Bayrağın ictimai-siyasi

Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov

məzmununun həyata keçirilmə vəziyyəti necədir?

Cavab: Bayraq perspektiv, uzunmüddətli düşünülmüş bir atributdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Sonra, o bayrağı endirdilər. Məmməd Əmin Rəsulzadə deyib ki, hər əski parçası bayraq deyil. O, eyni zamanda deyib ki, bir kərə yüksələn bayraq, bir daha enməz. Deyirdi ki, bayraq var ki, bir əski parçasıdır, amma bayraq var ki, insanların qanında, canında, tarixi yaddaşında, qəlbində ucaldılmış müstəqillik və dövlət rəmzidir. O dövlət yaşamırsa, o bayraq əski parçasıdır. Azərbaycan xalqı və dövləti bayraqda əks olunmuş üç prinsipə əməl etməlidir. Məmməd Əmin Rəsulzadə müasirləşmək düşünəndə deyirdi ki, bizə qərbin elmi, texnikası vacibdir, Avropadan demokratik quruluşu götürməliyik, amma şərq əxlaqı qalmalıdır. İslam deyəndə, Məmməd Əmin Rəsulzadə min illər ərzində formalaşmış millərin əxlaqını, düzlüyünü, halallığını, namusluluğunu, qeyrətliliyini nəzərdə tuturdu.

Sual: Sovet dönəmində Azərbaycan bayrağının bir rəngindən, islam rəngindən imtina etdilər. Ay-ulduzdan da imtina edildi, Sovet rəmzləri əlavə edildi. Amma, Azərbaycan xalqının qəlbindən üçrəngli bayraq eşqini Sovet imperiyası, kommunist rejimi silə bilmədi. O dövrü necə təsəvvür edirsiniz?

Cavab: Azərbaycan bayrağından Sovet nəslinin böyük bir qisminin məlumatı yox idi. Ayrı-ayrı şəxslər, ziyalılar bu fikrin daşıyıcısı olub. Eyni zamanda, Məmməd Əmin Rəsulzadə və müsavatçılar heç zaman təbliğatlarını, müstəqillik uğrunda mübarizələrini  dayandırmadı. Xaricdə olan müsavatçılar Azərbaycan bayrağını qoruyub saxladılar. Mən ilk dəfə 1988-ci ildə Ankarada Azərbaycan Kültür Mərkəzində üçrəngli bayrağımızı gördüm. Orada uşaqlar, rəsmilər bu bayrağı qaldırmışdı. Yəni, bayrağı mühacirlər, siyasi mühacirlər yaşatdılar. Çünki, Azərbaycanda o bayrağı kimdə tutsa idilər yeri müsavatçılar kimi Sibir idi, güllələnmək idi.

Bayraq bayramı ən müqəddəs bayramlardan biridir. Amma, elə etmək lazımdır ki, biz bayrağı yaradan kişilərə layiq demokratik, müasir, sosial ədalətli, insaflı, halal  bir cəmiyyət yaradaq.

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>