blank

Haqqımızda | Bizimlə əlaqə saxlayın

çərşənbə Axşamı, 15 May 2012Rəsul Cəfərov: Eurovision ölkələrində “Demokratiya naminə səs ver!” kampaniyasına başlamışıq

Rəsul Cəfərov

“Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, ölkədə insan hüquqlarının, söz azadlığının ümumi durumu ilə bağlı hesabatlar hazırlanıb. “İctimai televiziyanın verilişlərinin Avropa Yayım Birliyinin standartlarına uyğunluğu ilə bağlı isə xüsusi monitorinq aparmışıq”, – deyə o qeyd edib.

Cənab Cəfərovun fikrincə, ölkədə insan hüquqlarının durumu pisləşməkdə davam edir. “Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının, eyni ilə də bizim davamlı mübarizəmizə baxmayaraq ölkədə heç də insan hüquqlarının durumunun yaxşılaşmasından danışa bilmərik. Çünki, vəziyyət olduğundan da bir qədər pisləşməyə doğru gedib”.

Onun sözlərinə görə, kampaniya başlayandan indiyədək beynəlxalq mediada Azərbaycanda insan haqları ilə bağlı yüzdən çox məqalə dərs edilib. “Artıq, beynəlxalq ictimaiyyətin diqqəti ölkədə insan haqlarının gərgin durumuna yönəlib. Məsələn,  Avropa Parlamentinin prezidenti, Avropa Şurasının rəhbərləri, beynəlxalq səviyyədə tanınmış musiqiçilər Azərbaycanda insan hüquqları ilə bağlı fikir bildirib. Ümid edirik ki, Bakıya gələcək tanınmış musiqiçilərdən də müəyyən mesajlar gələcək”.

Cənab Cəfərov “Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində “Demokratiya naminə səs ver!” kampaniyasına start verildiyini deyib. “Biz Avropa vətəndaşlarına və xüsusilə də Eurovision fanatlarına müraciət edəcəyik ki, əgər xüsusi seçimləri yoxdursa demokratiya və insan haqları sahəsində problemləri olan ölkələrə səs versinlər. Belə olan halda “Demokratiya naminə musiqi” kampaniyasını həmin ölkələrdə davam etdirəcəyik. Bu ölkələr sırasında Azərbaycan, Belorus, Ukrayna var və digər ölkələri də siyahıya daxil edə bilərik. İstəyirik ki, festival çərçivəsində insan haqları ilə bağlı duruma yardım göstərilsin”.

“Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində mayın 16-da Bakıda “İnsan haqlarının mövcud durumu və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Mayın 19-da Bakıda insan haqlarına, demokratiyaya həsr olunmuş mahnılardan ibarət musiqili parti təşkil ediləcək. Mayın 21-də Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək. Nəhayət, mayın 22-dən 26-dək, Eurovision mahnı müsabiqəsinin yarımfinallarından finalınadək olan dövrdə “İnsan haqlarına dəstək verin!”, “Demokratiyanı dəstəkləyin!”,  “Demokratiya naminə oxuyun!”, “Vicdan məhbuslarına azadlıq!”, “Jurnalsitlərə azadlıq!”, “Söz azadlığına dəstək ol!” və başqa şüarlar yazılmış, habelə həbsdə olan vicdan məhbuslarının şəkilləri olan köynəklər geyinərək müxtəlif kampaniyalar təşkil ediləcək.

Öz növbəsində, rəsmi Bakı ölkədə insan haqlarının durumunu yüksək qiymətləndirir. Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Avropa Yayım Birliyinin mayın əvvəllərində Cenevrədə Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı keçirdiyi dinləmədə deyib ki, ölkədəki söz azadlığı və insan haqları sahəsində mütərəqqi durum hətta, bəzi Avropa ölkələri üçün nümunə ola bilər.

çərşənbə, 25 Aprel 2012Jurnalist işgəncələrə məruz qaldığını bildirir, Baş Prokurorluq təkzib edir (baxış bucağı)

Sərhədsiz reportyorlar” təşkilatı “Xəyal TV”nin baş redaktoru Zaur Quliyevə qarşı qeyri-insani davranışdan şoka düşüb. 1 mart Quba hadisələrindən sonra həbs olunmuş redaktor Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində zorakılığa məruz qalıb. Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun qalmaqallı çıxışı ilə bağlı videoçarx YouTube saytında yerləşdirildikdən sonra iğtişaşlar başlayıb. Hakimiyyət “Xəyal TV-nin əməkdaşlarını iğtişaşların təşkili məqsədilə yerli bələdiyyə rəhbərinin sifarişi ilə bu videoçarxın hazırlanmasında ittiham edib. “Zaur Quliyevə fiziki və psixoloji təzyiqlərə dərhal son qoyulmalıdır. Biz jurnalistin həbsdə saxlanması üçün normal şəraitin yaradılmasını tələb edirik və məhkəmə orqanlarını onun şikayətlərinə operativ reaksiya verməyə çağırırıq”, – deyə təşkilatın bəyanatında deyilir.

Həbsdə olan Zaur Quliyev dünən “İnsan Hüquqları Uğrunda” İctimai Birliyinə işgəncəyə məruz qalması ilə bağlı yazılı bəyanat göndərib.

Jurnalist bildirir ki, martın 22-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dəfələrlə işgəncələrə məruz qalıb. Onun əlləri arxasında bağlı şəkildə bir neçə saat dindirilib. 1 mart Quba iğtişaşlarının təşkilində günahı öz üzərinə götürməsi tələbi ilə təzyiqlər göstərilib.

Zaur Quliyev yazır ki, hüquq mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələri onu vaxtaşırı dindirib və cinayətkarlarla bir yerdə dəhşətli şəraitdə saxlanıb. Ona bildirilib ki, bunu etiraf edib-etməməsindən asılı olmayaraq mühakimə olunacaq.

Cənab Quliyev mədə xorasından əziyyət çəkməsinə baxmayaraq, tibbi yardımdan məhrum edilib və dərman verilməyib. Bu səbəbdən mədəsində qanaxma dayanmır. “Azərbaycan Eurovision müsabiqəsi ərəfəsində öz imicini yaxşılaşdırmağa çalışsa da jurnalistlərin hüquqları əvvəlkitək pozulur. Ölkə mətbuat azadlığı indeksi üzrə 179 ölkənin siyahısında 162-ci yerdədir”, – deyə bəyanatda vurğulanır.

Öz növbəsində, bu gün Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Quba hadisləri

jurnalistin işgəncələrə məruz qalması barədə bəyanatını təkzib edib.

Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, son günlər bəzi KİV-lərdə “Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə ibtidai araşdırma zamanı işgəncələr verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilir.

“Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini  yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur”.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov isə “Media forum” saytına bildirib ki,  “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev bu ilin martında Quba rayonunda baş vermiş hadisələrə görə həbs edilib və martın 14-dən aprelin 4-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılıb. “Zaur Quliyevin dediklərinin hamısı əsassız sözlərdir, böhtandır. O, boş-boş danışır. Ona heç bir işgəncə verilməyib. O, nə döyülüb, nə söyülüb, nə də təhqir olunub. Tam qətiyyətlə deyirəm ki, belə bir hal olmayıb və ola da bilməz”.

Mirqafar Seyidovun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanma şəraiti bütün standartlara cavab verir: “Şərait çox gözəldir. Ondan əvvəl burada yüzlərlə insan saxlanılıb. Niyə onlar indiyədək saxlanma şəraitindən giley etməyiblər? İdarəmizdə bütün məsələlər yüksək səviyyədədir, hazırda da əlavə təmir işləri gedir. Beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri idarədə saxlanma şəraiti ilə bağlı indiyədək bizə hər hansı irad bildirməyiblər, nəyisə dəyişmək haqda təklif verməyiblər”.

Xatırladaq ki, martın 1-də Qubada bir neçə min yerli sakin İcra Hakimiyyətinin başçısına etiraz olaraq mitinq keçirib. Dinc mitinq sonradan qarşıdurmaya keçib. Etirazçılar İcra Hakimiyyəti binasının şüşələrini sındırıb, icra başçısının villasını yandırıb. Rayona daxili qoşunlar və polis qüvvələri yeridilib. Adamlar yalnız icra başçısı vəzifədən azad edildikdən sonra sakitləşib.
Faktla bağlı cinayət işi qaldırılıb. Baş Prokurorluq və daxili İşlər Nazirliyinin birgə məlumatına görə, cinayət işi üzrə barələrində təkzibedilməz sübutlar toplanmış 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-si barəsində həbs, 18-i barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Barələrində həbs qəti imkan tədbiri seçilənlərdən iki nəfəri yerli “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev və icraçı direktor Vüqar Qonaqovdur.

Məlumatda deyilir ki, hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi

Vəkil Elçin Sadıqov

istiqamətində aparılan istintaq araşdırmaları göstərib ki, Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə videoçəkiliş aparan “Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqovdan icra hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamağı xahiş edib. Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montajçısı İslam Aslanov tərəfindən icra başçısının rayonun bəzi sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi fikirlərin ardıcıllığı pozulmaqla, ayrı-ayrı sözləri vətəndaşlarda hiddət doğuran məzmunda birləşdirilməklə süjet hazırlanıb. Həmin videomaterial 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqova təqdim olunub və o, diski Elxan Əliyevə verib.

Bu səbəbdən  Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, “Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Zaur Quliyev və baş redaktoru Vüqar Qonaqov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxs martın 14-16-dan aprelin 4-dək DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanıb.

Vəkil Elçin Sadıqov martın 29-da Amerikanın Səsi radiosuna bildirib ki, “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanması ciddi qanun pozuntusudur. “Təqsirləndirilən şəxs 72 saatdan artıq saxlama kamerasında saxlanıla bilməz”.
Vəkil həmçinin hüquqlarını müdafiə etdiyi Z.Quliyevlə görüşə buraxılmadığını da deyib. “Vəkilin müdafiə etdiyi şəxslə görüşə buraxılmaması da ciddi hüquq pozuntusudur”.

Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama kamerası zirzəmidə yerləşir. Bu kameralarda havasızlıqdır, tualet, su kranı yoxdur. Hamam isə ümumiyyətlə yoxdur. “Təsəvvür edin ki, təqsirləndirilən şəxs hər dəfə əlini yumaq, tualetə getmək üçün polisdən xahiş etməlidir ki, kameranın qapısının kilidini açsın”, – deyə o qeyd edib.

Vəkil Kamandar Nəsibov aprelin 9-da Amerikanın Səsi radiosuna bildirib ki, istintaq orqanı Elxan Əliyevin müdafiə hüququnu dəfələrlə pozub.

Onun sözlərinə görə, E.Əliyev aprelin 4-dək qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma kamerasında saxlanılıb. Aprelin 4-də Penitensiar Xidmətin Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb. “Mənimlə martın 17-də müqavilə bağlanıb. Həmin gün istintaq qrupunun rəhbəri və üzvləri mənimlə telefonla danışmaqdan imtina edib, müqaviləmi qəbul etməyiblər. Müqaviləm olduğu halda martın 17-də iştirakım olmadan ona qarşı ittiham elan edilib. Yalnız martın 28-də müdafiə etdiyim şəxslə görüş üçün məktub veriblər. Həmin gün də üç saat gözləməyimə baxmayaraq, görüşə buraxmayıblar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına məni martın 29-da buraxıblar”, – o bildirib.
Vəkil  deyib ki, müdafiə etdiyi şəxslə görüşə buraxılmadığı müddətdə istintaq orqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində E.Əliyevi bir neçə dəfə dindirib və ondan hədə-qorxu ilə ifadə alıb. “Həmin müddətdə hətta hüquq mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri onunla görüşüb, hədə-qorxu gəliblər”, – Kamandar Nəsibov qeyd edib.
O, müdafiə hüququnun pozulması, E.Əliyevin qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması barədə məhkəmələrə 4 şikayət ərizəsi verib.

Bazar Ertəsi, 09 Aprel 2012Adam Sterlinq: Azərbaycan istər bölgədə, istərsə də dünyada Amerikanın güclü tərəfdaşıdır

Adam Sterlinq

Amerika ilə Azərbaycan arasında diplomatik əlaqələrin 20-ci ildönümü münasibəti ilə Bakıda Azərbaycan hökumət rəsmilərinin, deputatların, siyasi partiya rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı geniş tədbir keçirilib. Tədbirdə ABŞ Konqresindən 10 senator, Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov, keçmiş səfirlər də iştirak edib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, Amerika Azərbaycanın sülhsevər, çiçəklənən, müstəqil və demokratik dövlət kimi inkişafını davam etdirməsini dəstəkləyib və  bundan sonra da dəstəkləmək üçün əlindən gələni edəcək. “Güclü Azərbaycan istər bu önəmli bölgədə, istərsə də dünyada ABŞ-ın güclü tərəfdaşıdır. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, əsrlər boyu xarici hökmdarların öhdəsindən gəlmiş, uzunmüddətli tolerantlıq və müasirlik ənənələrini qoruyub saxlamış, dünyəvi, demokratik Azərbaycan, hər şeyə rəğmən, qadınlara seçki hüququnu Birləşmiş Ştatlardan öncə verib. Azərbaycan bu bölgədə və ondan kənarda nümunəvi və lider ölkə ola bilər”.
Cənab Sterlinq iki ölkə arasında əlaqələrin təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar sahəsində ortaq maraqlara əsaslandığını bildirib. “Azərbaycan beynəlxalq təhlükəsizlik və terrorla mübarizə sahəsində önəmli rol oynayır”. Burada o, Azərbaycan və Amerika əsgərlərinin Kosovo, İraq və Əfqanıstanda birgə fəaliyyətini xatırladıb.

“Azərbaycan həmçinin Əfqanıstanda NATO əməliyyatlarının dəstəklənməsi üçün önəmli nəqliyyat marşrutudur”, – deyə müvəqqəti işlər vəkili vurğulayıb.

O Azərbaycanın təhlükəsizliyinə diqqət çəkərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli nizamlanmasında hər iki ölkənin ortaq sadiqliyindən daha önəmli heç nə ola bilməz. “ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar yolu ilə uzunmüddətli nizamlanmaya nail olmaq üçün tərəflərlə sıx əməkdaşlığı davam etdirir”.

Cənab Sterlinq enerji sahəsində güclü əməkdaşlığın sübutu kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərini misal çəkib. “Bu gün, biz Azərbaycan təbii qazını Avropaya ixrac etmək üçün cənub dəhlizinin yaradılması məqsədini bölüşürük”.

O həmçinin demokratiya və iqtisadi islahatlar sahəsində Amerika və Azərbaycanın uzunmüddətli əməkdaşlığa malik olduğunu önə çəkib. “Biz Azərbaycanın qeyri-adi potensialını tam şəkildə gerçəkləşdirməsi üçün zəruri olan qanunun aliliyi, fundamental azadlıqlar, fəal vətəndaş cəmiyyətinin təşviq olunması üzrə birgə fəaliyyətimizi səbirsizliklə gözləyirik”, – deyə o qeyd edib.

Azərbaycan xarici işlər nazirinin müavini, ölkənin Amerikadakı ilk  səfiri Hafiz Paşayev vaxtaşırı problemlərə baxmayaraq  Azərbaycan-Amerika münasibətlərinin strateji  tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Cənab Paşayev iki ölkə arasında enerji layihələri, təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində effektli işin müvəffəqiyyətini önə çəkib.

Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Amerikanın səylərini artırmasını istəyir. “Biz, Amerikanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin nizamlanmasında daha fəal rolunu görmək istəyirik. Biz, ABŞ-ın bizim regionda etnik siyasətin əsiri olmadan öz milli maraqlarını güdməsini istəyirik. Söhbət təcavüz və işğaldan gedəndə Amerikanın əşyaları öz adı ilə çağırmasını istəyirik. Yalnız, ABŞ-ın təməli olan əsl dəyər və prinsiplərə sadiqlik Amerikaya Qafqazda uzunmüddətli, möhkəm və uğurlu dayaq nöqtəsi təmin edəcək”.

Cənab Paşayevin fikrincə, ötən 20 ildə iki ölkə qarşılıqlı anlaşma və etimad istiqamətində uğurlu addımlar atıb. “Ancaq, biz bu sahədə çox işlər görməliyik. Biz, tərəfdaşlığın üfüqlərini genişləndirməli və xalqlarımızın bir araya gətirilməsinin yeni yaradıcı yollarını axtarıb tapmalıyıq. Bu istiqamətdə insanlar arasında əlaqələr vacibdir. Şadam ki, bu gün bir qrup Konqresmen bu auditoriyaya qoşulub”.

Nazir müavini ikitərəfli əlaqələrin gələcəyinə böyük nikbinliklə baxdığını önə çəkib. “Xalqlarımız azadlıq, sülh və tolerantlıq kimi eyni dəyərləri, eyni strateji məqsədləri və qarşılıqlı hörmət hissini bölüşür. Biz bir-birimizə kömək etməyi davam etdirməli və daha geniş sülh və tərəqqi üçün səylərimizi birləşdirməliyik. Biz birgə çox şeyə nail ola bilərik”, – deyə o qeyd edib.

Bazar Ertəsi, 12 Mart 2012Vəfa Quluzadə: Azərbaycanın Rusiyaya iradlarını bərk səslə deməyin vaxtı çatıb

Vəfa Quluzadə

Xəzər Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Xəzər regionunda mövcud geosiyasi durum, Rusiyada prezident seçkiləri və İrana beynəlxalq təzyiqlərin regiondakı duruma təsirlərindən danışıb. Onun fikrincə, Azərbaycan demokratik islahatlar keçirərsə Amerikanın və NATO-nun güclü müttəfiqinə çevrilə bilər.

Sual: Rusiyadakı prezident seçkilərinin Xəzər regionuna hansı təsirləri ola bilər?

Cavab: Seçkilər Rusiyanın zəiflədiyini, ictimaiyyətin parçalandığını bir daha üzə çıxardı. Seçkilər həmçinin prezident institutunun möhkəm əsaslara söykənmədiyini göstərdi. Saxta yolla seçilmiş Vladimir Putin ilk növbədə öz mövqeyini möhkəmləndirməklə məşğul olacaq. Bu səbəbdən bir müddət Xəzəryanı dövlətlər rahat nəfəs ala biləcək.

Eyni zamanda, Rusiyada Putinin, rejimin, seçki saxtakarlığının əleyhinə hərəkat yaranıb. Demokratiya uğrunda mübarizə aparan bu hərəkatda bütün Rusiya iştirak edir. Bu səbəbdən hakimiyyətə gəlmiş mürtəce rejim öz hakimiyyətini möhkəmləndirməyə daha çox vaxt ayıracaq. Məhz, bu zaman Rusiyanın xarici siyasəti xeyli zəif olacaq.

Sual: Bir çox ekspertlər İrana qarşı beynəlxalq təsirlər artdıqca və  Rusiyada prezident seçkilərindən sonra Cənubu Qafqazda situasiyanın daha gərgin olacağını düşünür. Azərbaycan belə bir vəziyyətdə təhlükəsizliyini təmin etmək üçün nə etməlidir?

Cavab: Hesab edirəm ki, İranla bağlı hadisələrin Azərbaycana və regionun digər dövlətlərinə o qədər də təsiri olmayacaq. Çünki, artıq İrana qarşı böyük embarqolar var və İran xalqı çox narahatdır.   İrandan olan azərbaycanlılar Azərbaycanda torpaq və evlər almaqda davam edir. Bu proses iki ölkədə yaşayan xalqlın birləşməsinə aparan yoldur.

Qərblə İran arasında müharibə olarsa yalnız İranın nüvə və əsgəri obyektlər sıradan çıxarılacaq, əhali bundan ziyan çəkməyəcək. Ona görə də Azərbaycana İrandan böyük qaçqın axını olmayacaq. İrana zərbələrin Azərbaycana fəsadları cüzi ola bilər.

Bununla yanaşı, İran Azərbaycana qarşı son zamanlar aqressiv siyasət aparır. Mən İranla Azərbaycanın dost və bərabər hüquqlu əlaqələrinin tərəfdarıyam. Əgər, indiki İran hakimiyyəti bunu bacarmırsa, ümid edirəm ki, gələcək hakimiyyət bu siyasəti dəstəkləyəcək.

Sual: Gürcüstan prezidenti Azərbaycan parlamentində çıxışında Rusiyanın siyasətini kəskin tənqid edib, Azərbaycan-Gürcüstan ittifaqı təklif edib. Necə qiymətləndirirsiniz?

Cavab: Gürcüstan prezidentinin çıxışını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Rusiyanı tənqid etməyə tam haqqı var. Çünki, Rusiya açıq-aşkar Gürcüstana hücum edib, Abxaziya və Cənubi Osetiyanı işğal edib. Gürcüstanda hakimiyyəti dəyişməyə çalışıb.

Azərbaycanın da Rusiyaya iradlarını bərk səslə deməyin vaxtı çatıb. İndiki münasibətlər sistemindən belə çıxır ki, Rusiya bizim dostumuzdur, düşmənimiz isə yalnız ermənilərdir. Əslində, Rusiya erməniləri silahlandırıb Azərbaycana qarşı müharibəyə cəlb etməsə idi, bu münaqişə, bu təcavüz, bu işğal da olmazdı. Bu səbəbdən də Azərbaycan öz haqlarını Rusiyadan tələb etməyə ciddi hazırlaşmalıdır. Azərbaycanın buna bütün imkanları var.

Sual: Belə mürəkkəb geosiyasi durumda Azərbaycan təhlükəsizliyini necə təmin etməlidir? Xüsusilə daxili sülhə necə nail olmalıdır?  Eyni ilə də, Avropaya inteqrasiya sahəsində nə etməlidir?

Cavab: Azərbaycanın stabilliyi daxili vəziyyətindən asılıdır. Arzulamazdım ki, bir çox politoloqların arzuladığı kimi,  Azərbaycanda da Yaxın Şərqdə baş verənlər təkrarlansın, ərəb inqilabları kimi hadisələr olsun. Çünki, Azərbaycan müharibə vəziyyətindədir. Bizə daxili sülh, daxili birlik çox lazımdır. Arzu edirəm ki, bunu həm hakimiyyət, həm müxalifət, həm də xalqımız yaxşı başa düşsün. Eyni zamanda, daxili stabillik gərək ürəkdən olsun. Xalq gərək bizim milli sərvətlərdən öz payını alsın. Onda xalq hakimiyyətin arxasında möhkəm dayanar və heç bir qüvvə Azərbaycanda heç nəyə nail ola bilməz. Bu halda Azərbaycanı istəməyən xarici qüvvələr, təxribatçılar həmişə uğursuzluğa düçar olacaq. İstəyirəm ki, Azərbaycanda islahatlar aparılsın, qanunun aliliyi, insan hüquqları təmin olunsun, korrupsiya həqiqətən aradan qaldırılsın və ya onun əleyhinə islahatlar vasitəsi ilə ciddi mübarizə başlanılsın. Əgər, Azərbaycanda məhkəmə islahatları, demokratik islahatlar baş tutsa, bu halda korrupsiya da öz-özündə aradan qalxacaq. Onda xalqın sosial durumu da yaxşılaşacaq. Demokratiyanı polis yolu ilə gətirmək olmaz. Demokratiya islahatlar yolu, qanunun aliliyinin təmin olunması yolu ilə gəlməlidir. Bu Azərbaycan güclü və qüdrətli dövlətə çevirər. Bu halda Azərbaycan regionda Amerikanın da, NATO-nun da təbii dayağı və güclü müttəfiqinə çevirər.

 

çərşənbə Axşamı, 14 Fevral 2012Sülhəddin Əkbər: Azərbaycan İran məsələsində Suriya məsələsində olduğu kimi aydın və birmənalı mövqe tutmaqdadır

Sülhəddin Əkbər

Azərbaycan Milli Təhlükəsizlik Nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsi radiosuna müsahibəsində İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentinin İranda nüvə fizikası alimini öldürdükdən sonra Azərbaycan ərazisindən istifadə etməklə İsrailə getməsi barədə bu ölkənin Azərbaycana verdiyi notanı şərh edib. O eyni zamanda, Azərbaycan-İran münasibətlərinin perspektivdə daha da gərginləşəcəyini düşünür.

Sual: İran Xarici İşlər Nazirliyi fevralın 12-də Azərbaycana nota verib. Notada İranın nüvə alimini öldürən “Mossad” kəşfiyyat xidmətinin agentlərinin Azərbaycan ərazisinə keçməsi bildirilir. Necə qiymətləndirirsiniz?

Cavab: İran ətrafında vəziyyətin gərginləşməsi, Suriya məsələsinin aktuallaşması, eyni zamanda Azərbaycanın bu məsələlərdə getdikcə daha açıq-aydın mövqe tutması, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Suriya ilə bağlı qətnamənin lehinə səs verməsi İran-Azərbaycan münasibətlərinin gərginləşəcəyini göstərirdi.

Bu notaya gəlincə, Azərbaycanda bundan öncə apardılan həbslərin İran xüsusi xidmət orqanlarına bağlanmasına simmetrik bir cavab kimi də qiymətləndirmək olar. Ona görə də hər iki tərəfdən gələn informasiyalara tənqidi yanaşmaq lazımdır. Nəzəri cəhətdən təbii ki, bu mümkündür. Amma, bir araşdırma, istintaq aparmadan bir cinayət hadisəsi barədə fikri yürütmək qeyri-ciddidir.

Sual: Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, İranın absurd xarakterli notası iftira, böhtan və yalandır.  Bu Azərbaycanın bir neçə gün əvvəl İrana təqdim etdiyi notaya cavabdır. Yəni, Azərbaycan ərazisində Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi bir neçə şəxs Bakıdakı yəhudi məktəbinin müəllimini öldürmək üçün İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılıb, silah və sursatla təmin edilib.

Cavab: Bundan öncə də, Azərbaycan hüquq-mühafizə orqanları Bakıdakı İsrail səfirliyinə qarşı planlaşdırılan bir hücum əməliyyatının qarşısını aldı. Bu şəxslərin məhkəməsi də oldu.

İran və İsrail təhlükəsizlik orqanlarının Azərbaycanda aktiv fəaliyyət göstərməsi düzgün informasiyadır. Bu yeni bir söhbət deyil. Yəqin ki, bu ölkələrin kəşfiyyat xidmətlərinin Azərbaycanda fəaliyyəti bundan sonra daha da aktivləşəcək. Belə ki, hər iki dövlət arasında münasibətlər getdikcə kəskinləşir. Hətta, İsrail tərəfindən İrana hərbi müdaxilə məsələsi tez-tez gündəmə gətirilir. Eyni zamanda, İranın ali dini rəhbəri bəyan edib ki, bu ölkənin hərbi potensialı İsraili doqquz dəqiqədə yer üzündən silməyə qadirdir. Eyni zamanda, İsrailin də qərarı var ki, İranın atom silahı əldə etməsi İsrail üçün qırmızı xətdir və o, buna imkan verməyəcək. Digər tərəfdən, Hörmüz boğazının bağlanması barədə İranın bəyanatından sonra Amerika, Böyük Britaniya və Fransa hərbi qüvvələrini  bu istiqamətdə cəmləşdirir. Bir sözlə hərbi-siyasi gərginlik artır. Hərbi-siyasi gərginlik artdıqca isə xüsusi kəşfiyyat orqanları daha aktiv fəaliyyət göstərəcək, informasiya savaşı daha da qızışacaq. Daha çox informasiyalar gələcək, informasiya məkanı dezinformasiyalarla doldurulacaq. İnformasiyaları da daha düzgün analiz etmək, təhlil etmək və qiymətləndirmək çətinləşəcək. Bu, həm də bir informasiya savaşıdır. Bu baxımdan məsələlərə daha ehtiyatlı və tənqidi yanaşmaq lazımdır.

Bir daha qeyd edirəm ki, hər zaman ehtiyatlı və birtərəfli mövqe tutan Azərbaycan hökumətinin son zamanlar birmənalı mövqe tutması, ağır və sərt dildə İranı tənqid etməsi göstərir ki, artıq  Azərbaycan hökuməti İran məsələsində də Suriya məsələsində olduğu kimi aydın, birmənalı mövqe tutmaqdadır. Bu isə göstərir ki, İran və Suriya məsələsi strateji bir bütövün ayrı-ayrı hissələridir.

Sual: Son zamanlar akademik Ziya Bünyadovun qətlindən başlayaraq, hicab məsələsi, islamçıların həbsi, İsrail və Amerika səfirliyi ilə bağlı problemin aradan qaldırılması, Rafiq Tağının qətli və Azərbaycan vətəndaşının İranda Əl Qaidə sıralarına keçməsi üçün ələ alınması və başqa çoxsaylı xəbərlər yayılmaqdadır. Bu fonda Azərbaycan İrandan gözlənilən təhdidlərin qarşısını almaq gücündədirmi və ya buna hazırdırmı?

Cavab: Burada iki məsələni ayırmaq lazımdır. Bir ikitərəfli münasibətlərdən irəli gələn problemlər var, bir də iki dövlət arasında münasibətlərin kəskinləşməsində maraqlı olan üçüncü qüvvələrin marağı var. Bu məsələləri bir-birindən ayırmaq çətin olsa da, hər halda bu cəhddə bulunmaq lazımıdır.

Konkret sualınızın cavabına gəlincə, düşünmürəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının resursları İranla mübarizəyə təkbaşına yetərlidir. Ona görə də Azərbaycan bu məsələlərdə Amerika, Avropa Birliyi və xüsusilə Türkiyə ilə sıx əməkdaşlıq etməlidir. Mənim məlumatıma görə, İsraillə də sıx əməkdaşlıq edir. Azərbaycan hökumətinin getdikcə daha aydın mövqe tutması və getdikcə İrana daha sərt dildə cavab verməsi  göstərir ki, artıq Azərbaycanın adını çəkdiyim qüvvələrlə, şərti desək koalisiya qüvvələri ilə gizli də olsa bir razılaşması var.

Sual: Ərəb baharının təhdidləri, NATO-nun Əfqanıstana yolu və İrana qarşı sanksiyaların dərinləşməsi fonunda Azərbaycanı hansı təhlükələr gözləyir?

Cavab: Azərbaycan Əfqanıstan əməliyyatlarında mühüm rol oynayır. Pakistanda gərgin vəziyyət yarandıqdan sonra Azərbaycanın tranzit əhəmiyyəti daha da artmaqdadır. Bu isə Azərbaycanın strateji əhəmiyyətini artırır. Əgər bəyan edildiyi kimi, NATO 2014-cü ilədək Əfqanıstandan çıxarsa, buna qədər Azərbaycanın əhəmiyyəti diqqət mərkəzində qalacaq. Bu isə İran-Azərbaycan münasibətlərinə mənfi təsirini saxlayacaq.

Ərəb baharı adlandırılan proses də davam edəcək. Artıq açıq cəmiyyətlər üzərində qurulan qapalı rejimlər təhdid hesab edilir. Heç təsadüfü deyil ki, demokratik dövlətlərin liderləri bəyan edir ki, dövrümüzdə qapalı rejimlərə yer yoxdur. İranın strateji müttəfiqi olan Suriyada proseslər gedir və hər kəsə aydındır ki, Bəşər Əsəd nə qədər müqavimət göstərsə də, sonda hakimiyyətdən getmək məcburiyyətində qalacaq. İran əslində bu gün Suriyada vuruşur. Bu gün Suriyaya qarşı kim gedirsə dolayısı ilə İranla da qarşıdurmadadır. Bu baxımdan, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnaməyə səs verməsi İranı qıcıqlandırmaya bilməzdi. Bu proseslər artıq qərbdən şərqə İrana, Azərbaycana, Rusiyaya doğru gəlir. Martın 4-də Rusiyada prezident seçkilərindən sonra bu ölkədə ictimai-siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi heç kimə bəlli deyil. Eyni zamanda, martda İranda parlament seçkiləri keçiriləcək. Martda İran və Rusiya ətrafında proseslərin daha da gərginləşəcəyi və Azərbaycan ətrafında da beynəlxalq vəziyyətin mürəkkəbləşəcəyini düşünürəm. Bu baxımdan Azərbaycan hökuməti resurslarının təkbaşına mübarizədə yetərsizliyini nəzərə almalıdır, beynəlxalq birliklə, xüsusilə qardaş Türkiyə ilə birgə hərəkət etməlidir.

Müəllifdən: İran tərəfindən rəsmi mövqe almaq mümkün olmadığından bu ölkənin mövqeyini dərc edə bilmirik.

Xatırladaq kİ, fevralın 12-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran Xarici işlər Nazirliyinə dəvət edilərək, ona etiraz notası təqdim olunub.

İRNA dövlət agentliyinin məlumatına görə, İran tərəfi Azərbaycanı İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edir. Rəsmi Tehran bildirir ki, məhz “Mossad”ın agentləri bu yaxınlarda nüvə üzrə alimlərin qətlini həyata keçirib və sonra Azərbaycan ərazisi vasitəsilə İsrailə gediblər.

İRNA-nın məlumatına görə, Tehran Bakıdan İrana qarşı əməliyyatın keçirilməsi üçün öz ərazisindən istifadə edilməsinə son qoymağı tələb edib.

 

çərşənbə Axşamı, 24 Yanvar 2012Azərbaycan Fransaya kəskin etiraz edir

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu qanunu qəbul etməsindən təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir.
“Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər”, – nazirliyin  bəyanatında deyilir.
Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa, bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır.
Fransa Senatı yanvarın 23-də uzun sürən müzakirələrdən sonra “erməni soyqırımı”nı inkara görə cəzanı nəzərdə tutan qanun layihəsini təqdir edib. Səkkiz saatlıq debatdan sonra Senat (yuxarı palata) sənədin qəbuluna səs verib. Bundan əvvəl sənəd Milli Assambleyanın deputatları tərəfindən qəbul edilib. 127 senator sənədin lehinə səs verib. 86 nəfər əleyhinə olub. Fransa 2001-ci ilin yanvarında Osmanlı imperiyasında “erməni soyqırımı”nı qanuni şəkildə tanıyıb. Bundan sonra, onun inkar edilməsi və miqyasının azaldılması bir ilədək həbs cəzası və ya 45 min avro həcmində cərimə ilə nəticələnəcək. Qanun layihəsinin müzakirəsi Fransanın siyasi dairələri arasında xeyli mübahisələr yaratmışdı. Belə ki, ötən həftə Senatın hakim partiyanın və müxalifət nümayəndələrinin daxil olduğu profil komitəsi sənədin Konstitusiyaya uyğunluğuna əmin olmaq üçün onun qəbulunun təxirə salınmasını tövsiyə etmişdi. Həmçinin xarici işlər naziri Alen Jüpe və əvvəllər Fransa ilə Avropa əməkdaşlığı üzrə cavabdeh olmuş kənd təsərrüfatı naziri Bryuno Le mer səsvermə ilə bağlı şübhələrini açıqlamışdılar. Yanvarın 23-də Lüksemburq sarayında Türkiyə və Ermənistan səfirləri debatları böyük diqqətlə izləyiblər. Türkiyə tərəfinin reaksiyası özünü gözlətməyib. Erməni soyqırımının inkarına görə cəzanı nəzərdə tutan qanun Türkiyədə “məsuliyyətsiz akt” adlandırılıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Biz bu qərarı qətiyyətlə pisləyirik, bu, bütün hallarda şübhəlidir və məsuliyyətsizlik nümunəsidir”, – nazirliyin kommunikesində bildirilir.
Türkiyənin Parisdəki nümayəndəsi Engin Solakoğlu bildirib ki, qanunun qüvvəyə minməsi Ankara və Parisin münasibətlərinə ciddi təsir göstərəcək. “Fransa strateji tərəfdaşını itirəcək”, – diplomat vurğulayıb.
Bundan əvvəl Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, Ankaranın Parisə qarşı sanksiyası qaçılmaz xarakter daşıyacaq. “Kim düşünürsə ki, sanksiya tətbiq etdikdən sonra biz ona yenidən baxacağıq, Türkiyəni tanımır”, – nazir vurğulayıb.
Xəbər verildiyi kimi, Ankara bəyan edib ki, qanun layihəsi qəbul olunduğu halda, ölkə Parislə diplomatik əlaqələrinin səviyyəsini azaldacaq və öz səfirini Fransadan geri çağıracaq.
Bakıda da sənədin qəbulunun əleyhinə çıxışlar olub. Ölkənin siyasi qüvvələri Azərbaycan hakimiyyətini Fransanı ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasından çıxarmağa və Azərbaycandakı Fransa şirkətlərini ölkədən çıxarmağa çağırıb.
İqtidarda olan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Amerikanın Səsi radiosuna müsahibəsində Fransa Senatının qərarını insan hüquqlarına, Fransanın qoşulduğu beynəlxalq konvensiyalara və öhdəliklərə zidd olduğunu bildirib. “Bu qanun Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşıdır. Ümumilikdə isə bütövlükdə islam dünyasına qarşı yönəlib. Fransa Türkiyənin regionda və dünyada təsiri olan güclü dövlətə çevrilməsini istəmir”, – deyə o qeyd edib.
Cənab Qurbanlı, Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk  qrupunun üzvü olduğunu yada salıb. “Fransa Senatının  qondarma “erməni genosidi”ni inkara görə, cəza nəzərdə tutan qanun qəbul etməsi ilə Minsk qrupunda həmsədrlik missiyası bir araya sığmır. Mənim fikrimcə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Minsk qrupundan çıxarılmalı BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində həll edilməlidir. BMT baş katibinin münaqişə üzrə xüsusi nümayəndəsi təyin edilməlidir”.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Fransa Senatının qəbul etdiyi qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun işləməyən qanun olacaq. “Sənədin yeganə nəticəsi Türkiyə-Fransa münasibətlərinə gərginlik gətirmək olacaq. Bu qanun bir də Ermənistanda millətçilik xülyası ilə yaşayan insanların Türkiyə və Azərbaycana qarşı düşmənçilik hisslərinin davam etdirilməsinə səbəb olacaq. Bu isə nəticədə Ermənistanın uduzmasına xidmət edəcək”, – o bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, ATƏT-in Minsk Qrupunda Parisin vasitəçiliyini nəzərə alsaq, Fransa parlamentinin qəbul etdiyi qanun təkcə Türkiyənin deyil, həm də Azərbaycanın maraqlarına ziddir. “Faktiki olaraq Fransa öz ermənipərəst mövqeyini rəsmiləşdirdi”, – o qeyd edib.
Cənab Şahinoğlunun sözlərinə görə, Türkiyə Senatın bu qərarına sərt reaksiya verəcək və bununla əlaqədar hazırladığı “B” planını işə salacaq. “Təəssüf ki, Azərbaycan hökumətinin bu cür planı yoxdur”, – ekspert vurğulayıb. Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupundan kənarlaşdırılması məsələsini qoymalıdır, baxmayaraq ki, bu, dərhal baş verməyəcək və müəyyən prosedurlar tələb edir.
Cənab Şahinoğlu hesab edir ki, Anlara Bakıdan qətiyyətli tədbirlər gözləyir və əgər Azərbaycan tərəfdən ciddi real addımlar atılmasa, iki ölkə arasında münasibətlər pisləşəcək.
Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata da Fransa Senatının qərarını qınayan bəyanat qəbul edib.
İctimai Palata həmçinin yanvarın 25-də Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirəcək, yanvarın 26-da isə Bakıdakı Türkiyə səfirliyinin binası qarşısından Fransa səfirliyinə qədər yürüş təşkil edəcək.
Azərbaycan Liberal Partiyasının qurucusu Lalə Şövkət Turan Agentliyinə bildirib ki,  Azərbaycan dövləti təxirəsalınmaz addımlar atmalıdır. “Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən dərhal uzaqlaşdırılmalı, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır”.
Xanım Şövkətin fikrincə, Azərbaycan Fransa ilə siyasi, iqtisadi və mədəni əlaqələrinə yenidən baxmalıdır. “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Fransanı Avropa İnsan Hüquqları Məhkəməsinə verməlidir. Dövlət başçısı, onun xanımı və Fransanın “Fəxri legion” ordeni ilə təltif olunan digər Azərbaycan vətəndaşları həmin ordendən imtina etməlidir. Azərbaycan vətəndaşlarına Fransaya səyyahət etməmək tövsiyə olunmalıdır. Bütün digər hüquqi, siyasi, iqtisadi, sosial yöndə addımlar Türkiyə ilə birgə uzlaşmalıdır”.

çərşənbə, 18 Yanvar 2012Azərbaycan əhalisi 9 milyon 235 min nəfərdir

2012-ci il yanvarın 1-dək Azərbaycanda əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9.235 min nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Əhalinin 53 faizi şəhər, 47 faizi kəndlərdə yaşayır, 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür.
Statistika Komitəsinin hesablamalarına görə, 2011-ci ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir. 2011-ci il ərzində ölkədə 175,4 min nəfər körpə doğulub ki, bu da son 17 ildə ən yüksək göstəricidir. 2010-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 1506-sı əkiz, 33-ü üçəm olub. Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür. Komitə bildirir ki, 2011-ci ildə doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.
2011-ci ildə rəsmi dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alınıb, əhalinin hər 1000 nəfərinə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artıb.
Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olub.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən 2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı 2,2 min nəfər olub və 0,5 min nəfər ölkədən gedib. İmmiqrantların 77,1 faizini Rusiyadan, 8,1 faizini Qazaxıstandan, 4,3 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 45,1 faizini, 32,7 faizini, və 8,4 faizini həmin ölkələrə gedənlər təşkil edib.

Bazar Ertəsi, 09 Yanvar 2012Zərdüşt Əlizadə: 2012-ci ildə Azərbaycanda yaxşılığa doğru heç nə dəyişməyəcək

Politoloq Zərdüşt Əlizadə

Şərqşünas politoloq Zərdüşt Əlizadə Amerikanının Səsi radiosuna müsahibəsində 2011-ci ildə başlanan ərəb baharının ərəb payızı ilə nəticələndiyini deyib. Belə ki, ərəb inqilabları nəticəsində dünyəvi, eyni zamanda xalqa xidmət etməyən korrupsioner hakimiyyətlər seçki yolu ilə qatı islamçılarla əvəz olunur. Onun fikrincə, 2012-ci ildə Azərbaycanı azadlıqlar sahəsində uğur gözləmir.

Sual: 2011-ci il ərəb baharı ilə yadda qaldı. Ərəb baharının regional təsirləri nə oldu?

Cavab: Ərəb baharının ərəb payızı da oldu, onu da unutmayın. Qərbsayağı demokratikləşməyə ümidi olan insanların, hətta demokratik seçkilər keçirildikdən sonra bir qədər ümidləri puça çıxdı. Çünki, hakimiyyətə əsla qərbyönümlü insanlar deyil, “Müsəlman qardaşları” gəldi. Zəmanət yoxdur ki, Suriyada dünyəvi Bəşər Əsəd hökuməti getdikdən sonra, onun yerinə qatı sünni hökuməti gəlməyəcək, Yəməndə kifayət qədər açıq qərbyönümlü siyasət yürüdən Əli Abdalla Saleh gedəndən sonra qatı müsəlmanlar hakimiyyətə gəlməyəcək və bunlar antiqərb siyasəti yürüdən qüvvələr olmayacaq. Onu da unutmaq olmaz ki, ərəb baharının başlaması həqiqətən donmuş, korrupsiyaya uğramış, səmərəsiz, antimilli hökumətləri yıxdı. Bütövlükdə ərəb dünyasına 55 milyard dollarlıq bir ziyan dəydi, iqtisadiyyat xeyli çökdü. Hələlik iqtisadiyyatın canlanması üçün əsər-əlamət görünmür.

Sual: Amma, Azərbaycanın ətrafında da bir kabus dolanmaqdadır. Xüsusilə də İran və Rusiyada. Necə proqnozlaşdırırsınız, 2012-ci ildə İran və Rusiyada siyasi vəziyyət necə olacaq?

Cavab: Əgər İrana xaricdən hücum olmasa, rejim kifayət qədər möhkəm görünür. Mütəşəkkildir, vəziyyətə nəzarət edir, özünə çox arxayındır. Rusiyada bəli, Vladimir Putinin əvvəlki hörməti itib və o daha pis bir durumda prezident postuna yiyələnəcək. Amma, həqiqətən ciddi bir maliyyə böhranı başlayarsa nə edəcək, onu heç kim bilmir.

Sual: 2011-ci ilin sonlarında “Amnesty İnternational” təşkilatı Azərbaycanla bağlı “Heç vaxt çiçəklənməyən bahar: azadlıqlar tapdanır” adlı hesabat yayıb. 2012-ci ildə Azərbaycanda siyasi səhnəni necə proqnozlaşdırırsınız?

Cavab: Azərbaycan klassik petrokratiya, tüfeyli bir dövlətdir. Hakimiyyət neft pulları hesabına hədsiz varlanıb və xalqı əsarətdə saxlayır. Onun üçün dövlətin cəza mexanizmi funksiyasından geniş istifadə edir, müxalifəti tapdalayıb, vətəndaş cəmiyyətinə qarşı səlib yürüşü həyata keçirir. Hansısa mütəşəkkil və mədəni müxalifət hələ formalaşmayıb, müəyyən cücərtilər var, amma bu vəziyyəti dəyişmək üçün kifayət deyil. Onu da unutmaq olmaz ki, Azərbaycan elitası ümumi qlobal məkanda öz yerini tapıb. Onu çox doğru olaraq petrokratiya, oğru hökumət adlandırırlar. Buna baxmayaraq, ümumi vəziyyətdə Azərbaycan hakimiyyətindən həm Rusiya, həm Türkiyə, həm Amerika, həm də Avropa razıdır. Çünki, Azərbaycan hökuməti onlara qlobal siyasi, geosiyasi layihələrdə dəstək verir.

Sual: “Artikl 19” təşkilatı 2011-ci ildə “Dissident kimi yaşamaq: Azərbaycanda ifadə azadlığı” adlı hesabat yayıb. Fikrinizcə, 2012-ci ildə azadlıqların səviyyəsi necə olacaq?

Cavab: Yaxşılığa doğru heç nə dəyişməyəcək. Azadlıqlar deyəndə, kifayət qədər ciddi jurnalistika öz sözünü deyə bilir. Vacib deyil ki, kimisə birbaşa açıq şəkildə ittiham edəsən. Vəziyyəti olduğu kimi, ad çəkmədən təsvir elə, arif adama işarə də bəsdir. Azərbaycanın qeyri hökumət təşkilatları korrupsiyanın səviyyəsi, korrupsiya faktları ilə bağlı çox ciddi araşdırmalar aparır, heç də birinci şəxsə hücum etmirlər. Amma, arif adamlar bilir ki, balıq haradan iylənir. Bu baxımdan məhdudiyyət yoxdur. Amma, sırf siyasi müstəvidə mübarizəyə keçəndə, şəxsiyyətləri sancanda, adlarını çəkəndə, ortada isə kifayət qədər hüquqi əsaslar olmayanda, əlbəttə ki, hökumət cəza tədbirlərinə keçir, bütün hədləri aşır. Çünki, anlayırlar ki, xalqın təşkilatlanmağa başlaması, toparlanmağa başlaması onların indiki cəzasız hakimiyyətinin sonunun yaxınlaşması deməkdir.

Sual: 2012-ci ildə Azərbaycanda siyasi mübarizə müstəvisini necə görürsünüz? İqtidarla müxalifət arasındakı siyasi mübarizədən nə gözləmək olar?

Cavab: 2011-ci ildə müxalifətin həmişəki kimi düşünmədən, hazırlıqsız hansısa bir ərəb baharını mexaniki olaraq Azərbaycan səhnəsinə köçürmək cəhdləri puça uğradı. İndi də, 2012-ci ildə əgər, müxalifət əvvəlki minvalla yenə hansısa mexaniki, hazırlıqsız tədbir görməyə başlasa sərt şəkildə əziləcək. Bir də unutmayın ki, Azərbaycan Rusiya ilə sıx bağlıdır. Rusiyada hansısa geniş siyasi hərəkat başlamasa, siyasi dəyişiklik baş verməsə Azərbaycanda da, ümumiyyətlə Cənubi Qafqazda, mərkəzi Asiyada dəyişikliklərin olacağına ümid azdır.

Müəllifdən: Azərbaycan rəsmiləri ölkədə azadlıqların təmin edildiyini, korrupsiyaya qarşı amansız mübarizə aparıldığını, əhalinin hüquqlarının qorunduğunu, sosial vəziyyətinin durmadan inkişaf etdiyini bildirir. Azərbaycan prezidenti yeni il təbrikində də ölkədə bütün sahələrdə sürətli inkişaf olduğunu dəfələrlə vurğulayıb.

Bazar Ertəsi, 02 Yanvar 2012İsa Qəmbər: 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm

Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində 2012-ci ildə Azərbaycanda dəyişikliklərin qaçılmaq olduğunu bildirib. O 2011-ci ilin əsas siyasi yekunlarından danışıb.

Sual: 2011-ci ilin siyasi yekunlarını necə qiymətləndirirsiniz? 2011-ci ilin müxalifət üçün əsas siyasi yekunları nə olub?

Cavab: 2011-ci ilin əsas siyasi yekunları ilə bağlı danışmaq bir az çətindir. Çünki, 2011-ci ildə siyasi proseslər hələ tamamlanmayıb. Əslində, 2010-cu ildə saxta parlament seçkilərindən sonra çox ciddi siyasi proseslər başlandı. Bunun da ən ciddi nümunəsi demokratik düşərgənin toparlanmağa başlaması və İctimai Palatanın yaradılması oldu. 2011-ci il ərzində İctimai Palata həm özü təşkilatlanmağa, güclənməyə, həm ölkədə və dünya miqyasında qəbul olunmağa başladı, köklü demokratik dəyişikliklər uğrunda bir sıra addımlar atdı. Bunun da həm intellektual tərəfi, təkliflər hissəsi var. Xüsusən də “Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsi”, həm də kütləvi aksiyalar, etiraz aksiyalar məsələsi var. Bu proses başlandı, amma hələlik ölkədə demokratik proseslərə keçid başlanmayıb. Ona görə də hesab edirəm ki, 2011-ci ildə başlanmış proseslərin siyasi yekununu 2012-ci ildə xeyli dəyərləndirə biləcəyik. Çünki, proses davam edir, dünya dəyişir və bu dəyişən dünyada Azərbaycanın dəyişməməsi mümkün deyil. Beynəlxalq amillərə görə də bu mümkün deyil, çünki dəyişən dünyada Azərbaycanın da dəyişməsi zəruridir. Həm də Azərbaycanın özündə cəmiyyət artıq əvvəlki tək yaşamaq istəmir, cəmiyyət artıq mövcud vəziyyətlə barışmaq istəmir və cəmiyyət ciddi dəyişikliklər olmasını istəyir. Bunu biz, bütün əlamətləri ilə görür və dəyərləndiririk. Ona görə də hesab edirəm ki, 2011-ci ildə başlanan proseslər 2012-ci ildə ciddi nəticələr verəcək.

Sual: Azərbaycanın dövlət başçısı ötən ilin yekunları ilə bağlı çıxışında bildirdi ki, insan hüquqları, demokratiya sahəsində ciddi inkişaf var, 100 mindən çox yeni iş yerləri açılıb və yoxsulluğun səviyyəsi kifayət qədər aşağı düşüb. Siz necə hesab edirsiniz?

Cavab: İlham Əliyevin çıxışına diqqət yetirsəniz görərsiniz ki, o bəzi məsələlərdən danışanda faktları, rəqəmləri göstərməyə çalışır. O faktlar, rəqəmlər nə qədər həqiqətə uyğundur, bu başqa söhbətdir. Məsələn, deyəndə ki, 100 min yeni iş yeri açılıb, təqaüdçülərin sosial vəziyyəti yaxşılaşıb, pensiyalar 10 faiz artırılıb. Bunlar, pis və ya yaxşı rəqəmlərdir. Onlar ətrafında söhbət etmək, diskussiya aparmaq olar. Amma, İlham Əliyev demokratiya sahəsində irəliləyiş olub deyəndə heç bir fakt gətirmir, arqument səsləndirmir. Bunun özü də göstərir ki, bu sahədə formal olsa da addım atılmayıb. Bu baxımdan, təbii ki, insan hüquqları və demokratiya ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Təsadüfü deyil ki, Azərbaycan 2011-ci ildə bir çox göstəricilər üzrə dünyada avtoritarizmin, korrupsiyanın inkişaf etdiyi, insan hüquqlarının pozulduğu ölkələrin siyahılarında təəssüf ki, liderlik etdi.            Elə, Azərbaycanın bu gün ən böyük problemi  ölkədə azadlıqların, haqqın, ədalətin olmamasıdır. Çıxışla, sözlərlə heç kim bu situasiyanı təzələyə bilməz.

Sual: Ölkə başçısı həmçinin korrupsiyaya qarşı amansız mübarizə aparıldığını bildirib. Siz necə hesab edirsiniz?

Cavab: Təbii ki, bu o qədər qeyri-ciddi yanaşmadır ki, bunu şərh eləmək bəlkə də artıqdır. Çünki bu il ölkədə korrupsiya daha da genişlənib, daha da şiddətli xarakter alıb. Hakimiyyətin ən yüksək səviyyəli şəxslərindən başlamış, aşağı səviyyəli məmurlaradək elə bil ki, hakimiyyətdə olduqlarının son dövrlərindəki kimi özlərini hiss edərək qənimətçilik edirlər, qəddarlığı daha da artırıblar. Ölkədə insanların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması baş verir. Evlərin, daxmaların, istərsə də biznes obyektlərinin, böyük zavodlardan tutmuş kiçik sexlərə, emalatxanalara, dükanlaradək insanların mülkiyyətinin kütləvi şəkildə əlindən alınması, insanlara qarşı kütləvi haqsızlıq edilməsi faktı ortadadır. Arada-sırada hansısa bir həkimi, müəllimi, hansısa sıravi bir məmuru həbs edirlər. Məsələn Təhsil nazirliyində Orxan Kərimovu (Orxan Kərimov Təhsil nazirliyində şöbə müdirinin müavini olub-red) həbs edirlər, guya ki, korrupsiyanın başında duran bir adam kimi onu təqdim etməyə çalışırlar. Təbii ki, bunlar ciddi xarakter daşımır. Bu hərəkətlər korrupsiyaya qarşı mübarizə deyil, sadəcə korrupsiyaya qarşı mübarizə üçün görüntü yaradan addımlardır. Təbii ki, belə addımlarla heç kimi aldatmaq mümkün deyil. Ölkədə dəhşətli bir korrupsiya sistemi var. Bu sistemin başında İlham Əliyevin özü dayanır. Bu səbəbdən də hazırkı rejimin korrupsiyaya qarşı mübarizə aparması mümkün deyil .

Sual: 2012-ci il siyasi sahədə nə ilə yadda qala biləcək? Çünki, beynəlxalq təşkilatların vurğuladığı kimi, Azərbaycan 2012-ci ilə 17 vicdan məhbusu ilə keçdi.

Cavab: Onlardan biri, Cabbar Savalan buraxılıb. Hazırda 16 vicdan məhbusu və onlarla siyasi məhbus həbsxanalardadır. Hesab edirəm ki, 2012-ci ildə Azərbaycanda köklü dəyişiklərin olması qaçılmazdır. Hakimiyyət bu istiqamətdə addım atmaq şansını 2011-ci ildə qaçırdı. İlin sonunda bir çox hüquq müdafiəçiləri düşünürdü ki, hakimiyyət 2011-ci ildə əfv fərmanı ilə vicdan və siyasi məhbusların bir çoxunu azad edəcək. Hətta, belə optimis fikirlər səslənirdi ki, Azərbaycan 2012-ci ilə siyasi məhbus olmadan daxil olacaq.  Hakimiyyət bu sadə addımı da ata bilmədisə, deməli hakimiyyətin bu istiqamətdə addım atmağa iradəsi yoxdur. Bu halda da təbii ki, cəmiyyətin fəallaşması və dəyişikliklərin xalqın iradəsi ilə, beynəlxalq birliyin təsiri ilə baş verməsi ehtimalı daha da artmaqdadır. İstənilən halda 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm. Cəmiyyətdə fəallaşmalıdır ki, bu dəyişikliklər sürətlə və itkisiz olsun.

Müəllifdən: Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ilin başlanması münasibəti ilə xalqa təbrik çıxışında ölkədə sürətli iqtisadi inkişafın olduğunu, insanların sosial vəziyyətinin durmadan inkişaf etdiyini, il ərzində 100 mindən çox yeni iş yerinin açıldığını, işsizlik səviyyəsinin 5,5 faiz olduğnu, yoxsulluğun səviyyəsinin 8 faizdən aşağı düşdüyünü bildirib. Dövlət başçısı 900 min pensiyaçının təqaüdünün 40 faiz artırıldığını deyib.Cənab Əliyevin sözlərinə görə, ölkədə demokratiya və insan hüquqları sahəsidnə də ciddi irəliləyişlər qeydə alınıb.

Cümə, 23 Dekabr 2011Rəsmi Bakı Fransa parlamentinin Türkiyə əleyhinə qərarını qəti şəkildə pisləyib (münasibətlər)

Xarici İşlər naziri Elmar Məmmədyarov

“Fransa Milli Assambleyasının səsverməsində parlamentin deputatlarının 10 faizi belə iştirak etməyib. Səsvermə mərhələlidir. Hələ Senat səs verməli və prezident sənədi təsdiq etməlidir. Bununla belə? Milli Assambleyanın qərarı qəbuledilməzdir”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugünki mətbuat konfransında Fransa Milli Assambleyasının “erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyəti müəyyən edən qərarı ilə bağlı jurnalistlərin sualının cavabında bildirib.
Qanuna görə, qondarma “erməni soyqırımı”nı inkar edən şəxsləri bir il müddətinə həbs cəzası və 45 min avro cərimə gözləyir.
Nazir Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb. “Fransa ədalətli mövqe tutursa, 100 il əvvəl baş verməsi güman edilən məsələlərə deyil, son illər azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına, Azərbaycan ərazilərinin işğalına, bir milyon Azərbaycan qaçqını ilə bağlı məsələlərə münasibət bildirməlidir”, – deyə nazir qeyd edib.
Cənab Məmmədyarov eyni zamanda həmsədr missiyasını başa vurmuş Bernar Fasyenin Fransa Senatında və Yerevandakı bəyanatlarına da toxunub. “Cənab Fasye bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ən böyük problem Azərbaycanın işğal altında olan torpaqlarıdır. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir və nizamlanmadan sonra da belə olacaq. Biz qəbul edirik ki, bu, həm də Fransanın mövqeyidir”, – deyə nazir xatırladıb.
O, eyni zamanda jurnalistlərin Amerika Nümayəndələr Palatasında Azərbaycana səfir təyinatına blok qoyan ölkənin nizamlanma prosesində ədalətli mövqe tuta biləcəyinə şübhə ifadə edən sualının cavabında deyib ki: “Bu, daxili məsələdir. Azərbaycan başa düşür ki, bunun arxasında erməni diasporasının təsiri altında olan bəzi ermənipərəst senatorlar dayanır. Amma bunu Minsk Qrupu ilə bağlamaq olmaz”.

Azərbaycan parlamentinin noyabrın 23-də keçirilən plenar iclasında da deputatlar Fransa parlamentinin qərarını kəskin tənqid edib. İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, bu qərarı Türkiyəni dəstəkləyən Azərbaycan xalqı qətiyyətlə pisləyir.

YAP İcra katibinin digər müavini, deputat Mübariz Qurbanlının fikrincə, Fransa parlamentinin qəbul etdiyi qərar ondan xəbər verir ki, bəzi ölkələr Türkiyənin güclənməsindən qorxur. “Senatın qərarı antidemokratikdir və fransızların özlərinə qarşı yönəlib”.

Müxalifətdə olan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hesab edir ki, bu qərar ifadə azadlığı prinsipini pozur.

Millət vəkili Məlahət İbrahimqızı deyib ki, bundan sonra Fransanın hansısa ölkədə demokratiyanın olmadığını söyləməyə haqqı yoxdur.
YAP sədrinin müavini, deputat Əli Əhmədov qeyd edib ki, Aransa Milli Assambleyasının qərarı ATƏT-in Minsk Qrupunun həmsədri kimi Parisin fəaliyyətini şübhə altına alır.

Vitse-spiker Bahar Muradova hesab edir ki, bu addım Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı yönəlib.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan və Türkiyə Fransa Senatının bu qərarın qanuni qüvvəyə minməməsi üçün tədbir görməlidir.

Türkiyə prezidenti Abdulla Gül TRT Haber televiziyasına deyib ki, Fransa qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, “Çünki ölkə öz neytrallığını itirib”.

Cənab Gülün fikrincə, “erməni soyqırımı” haqqında qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması işinə ziyan vurur, o cümlədən, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti pisləşdirir.

Dekabrın 23-də bir qrup gənc fəal Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Gənclər Fransa hökumətini qərəzli mövqe tutmaqda günahlandırıb və ATƏT-in Minsk Qrupunda həmsədrlikdən geri çəkilməyə çağırıb.

Dekabrın 22-də Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

 

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram. Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Featuring WPMU Bloglist Widget by YD