ABŞ paytaxtında Azərbaycan musiqiçilərinin iştirakı ilə “Azərbaycan Ritmləri” konserti keçirilib. Yüzdən çox insan Vaşinqtonun tarixi Linkoln teatrında konsertə toplaşıb. Konsert iki hissədə keçib. Birinci hissədə Natiq Ritm qrupunun ifasında zərb alətlərində musiqi kompozisiyaları ifa edilib. İkinci hissədə isə Rast qrupunun ifasında Azərbaycan xalq mahnılarının caz improvizasiyaları səsləndirilib. Tamaşaçılar azərbaycanlı musiqiçiləri böyük rəğbətlə qarşılayıblar.
ABŞ-ın Qarabağ Fondu tərəfindən təşkil edilən konsert proqramına Azercell korporasiyası sponsorluq edib. Konsert proqramı Qarabağ Fondunun təşəbbüsü ilə Azərbaycan irsi həftəsi çərçivəsində keçirilib. Konsertdən öncə Qarabağ Fondunun Merilend ştatı, Montqomeri dairəsi, Aleksandriya şəhər bələdiyyəsi və Arlinqton dairəsindən, habelə Vaşinqton şəhər bələdiyyəsinin başçısı Kvame Braun və ABŞ-ın Təhsil naziri Arne Dunkandan aldığı təbriklər oxunub. Azərbaycan Milli Məclisinin deputatları Asim Mollazadə, Rasim Musabəyov və Ceyhun Osman, ABŞ Konrqesinin əməkdaşları, bələdiyyə və dairə rəsmiləri də konsertdə iştirak ediblər.