Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Birləşmiş Ştatlarda Novruz şənlikləri çərçivəsində Vaşinqtonda böyük konsert təşkil edib. Şəhərin tarixi Linkoln teatrında təşkil edilmiş konsertdə türk xalqlarını təmsil edən 140-dan çox incəsənət ustası iştirak edib. Novruz konsertində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə ilə yanaşı Ukrayna və Rusiya Federasiyasının bir sıra bölgələrini təmsil edən sənət ustaları çıxış edib.
Vaşinqtondakı konsertə ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN və Qarabağ Fondu da sponsorluq edib.
TÜRKSOY-un təşkil etdiyi konsert proqramlarının əsas məqsədi Avrasiyadakı türk xalqlarının ümumi mədəni birliyinin dəstəklənməsi və gücləndirilməsindən ibarətdir.
Vaşinqtondan öncə türk xalqlarının incəsənət ustaları Nyu Yorkda BMT-nin Baş Assambleyası və Nyu Yorkun mərkəzi meydanında konsert proqramı ilə çıxış ediblər.