Florida ştatında çıxan The Miami Herald qəzetində azərbaycanlıların kütləvi qətlləri günü kimi tanınan 31 mart qırğınları haqda məlumat verilib. Qəzetin redaktoruna məktubda Azərbaycan-Amerika Florida Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova 1918-ci ildə azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyi faciəli hadisələri qeyd edir. Məktubda professor Firuz Kazımzadənin qırğınlarla əlaqədar yazdıqları göstərilir: ”Ermənilər tərəfindən üç gün ərzində törədilən qırğınlar tarixdə “mart hadisələri” kimi tanınır, burada minlərlə müsəlman (azərbaycanlı) qoca, qadın və uşaq həyatını itirib.”
The Miami Herald qəzetinə məktubda Nevada ştatının qubernatorunun 2009 və 2010-cu illərdə martın 31-i gününü kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların anım günü kimi tanıyan sərəncamları qeyd edilir. Burada deyilir ki, azərbaycanlı amerikalıların icması 31 Mart gününü bütün ştatların qanunvericilik orqanları və ABŞ Konqresində bəyanatların qeydə alınması, mətbuatda yazıların dərc edilməsi və hökumət rəsmilərinin sərəncamlar verməsinə nail olmaqla qeyd edir.
Florida ştatının Hallandeyl şəhərində yaşayan Töhfə Eminova AzeriDiaspor bloquna bildirdi ki, ABŞ-da yaşayan azərbaycanlılar Azərbaycan haqda həqiqətləri Amerika ictimaiyyətinə çatdırmaq üçün fəaliyyət göstərir.
The Miami Herald qəzetindəki məlumatı aşağıdakı linkdə oxuya bilərsiniz.
http://www.miamiherald.com/2011/03/30/2142114/remember-genocide.html#ixzz1IEiExchK