Mayın 28-də Nyu-York şəhərinin Uol Strit küçəsində yerləşən Boulinq Qrin (Bowling Green) bağında Azərbaycanın Respublika Günü münasibəti ilə Azərbaycan və ABŞ bayraqlarının ucaldılması mərasimi keçirilib.
Mərasim ABŞ-da 1957-ci ildən fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyəti (ASA) tərəfindən təşkil edilmişdir.
Tədbirdə Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri, Türkiyənin ABŞ-dakı səfiri Namik Tan, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Yusif Məmmədəliyev, ASA-nın İctimai Əlaqələr üzrə Direktoru və Azərbaycan Amerika Şurasının (AAC) Nyu-Yorkdakı nümayəndəsi Emin Həsənov çıxış edərək, Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının türk və müsəlman dünyası üçün əhəmiyyətini vurğulamışlar.
Mərasimdə habelə Türkiyənin Nyu-Yorkdakı Baş Konsulu Mehmet Samsar, Türk-Amerika Dərnəkləri Assambleyasının Prezidenti Günay Ovunc, azərbaycanlı, türk və yəhudi icmalarının nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan və ABŞ himnlərinin sədaları altında Azərbaycan və ABŞ bayraqlarının ucaldılması ilə başa çatıb.