Washington Post qəzetində “Azərbaycan Şərqlə Qərb arasında” adlı məqalə dərc edilib. Məqalənin müəllifi Keti Lalli Azərbaycanın Eurovision müsabiqəsində qələbəsinin ölkənin imicinə və gələcəyinə təsirindən yazır.
Məqaləni “Görəsən fərqli düşünən insanların danışıq dili olan rokn-roll azərbaycanlıları azad edəcəkmi?” sualı ilə başlayan müəllif gələn il 43 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edəcək Azərbaycanın indikindən daha artıq tolerantlıq və açıqlıq göstərməli olacağını deyir. Məqalə müəllifi yazır ki, Eldar Qasımov və Nigar Camal müəyyən mənada xalqın azadlıq və demokratiya ilə bağlı ümidlərinin simvoluna çevrilib.
Washington Post-un məqaləsində deyilir ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza müxalifətçi jurnalistin azad edilməsini şərh edərək, bunu 2012-ci il Eurovision müsabiqəsi üçün gözəl başlanğıc adlandırmışdır. Müəllif Azərbaycanda yeni Fecebook nəsli və onu nəzarətdə saxlayanlar, Qərblə yaxınlaşmaq istəyənlər və ona şübhə ilə yanaşanlar arasında mübarizə getdiyini yazır. Məqalədə Eurovision müsabiqəsində qələbədən sonra Azərbaycanda böyük dəyişikliklərin başlana biləcəyinə inamın olduğu qeyd edilir. “Bəlkə söhbət sadəcə rokn-rolldan gedir, amma onlar onu sevir”-deyə Keti Lalli məqaləsinin sonunda yazır.