Kanadanın Toronto şəhərində iyunun 10-dan 13-ə qədər 4 gün ərzində Azərbaycan və Türk icmasının üzvləri Erməni Gənclər Federasiyasının Türkiyə əleyhinə aksiyasına cavab olaraq etiraz nümayişləri keçirib.
Toronto Universitetinin Azərbaycanlı Tələbələr Asssoasiyasının prezidenti İskəndər Qədirzadənin AzeriDiaspora verdiyi məlumata əsasən, iyunun 10-da Torontodakı Erməni Gənclər Federasiyası Türkiyəni ermənilərin iddia etdiyi soyqırımı tanımağa çağıraraq, 72 saatlıq aclıq aksiyasına başlayıb. Aksiyanın ilk günü erməni gənclər əllərində “Erməni soyqırımı” plakatları ilə Türkiyə konsulluğu qarşısında toplaşıb.
Toronto Universitetinin Azərbaycanlı Tələbələr Asssoasiyası və Kanadada Türk Assosiasiyaları Federasiyası buna cavab olaraq icma üzvlərini əks-aksiyaya çağırıb. Aksiya iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarının işğalı və Xocalı faciəsinə dair broşürlər və informasiya bülletenləri hazırlayıb, nümayiş zamanı Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırıblar.
Aksiyada Azərbaycan-Türk icmasının 100-dən çox üzvünün iştirak etdiyi bildirilir.