ABŞ Dövlət Departamenti 2011-ci il üçün dünya ölkələrində insan alverinə dair hesabatını açıqalyıb. Dövlət Departamenti bildirir ki, insan alverinə qarşı mübarizə məqsədilə qoyulmuş minimum standartlara cavab verə bilməyən ölkələrin sayı artıb.
Hesabatı təqdim edən ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, dünya boyu 27 milyon insan qul kimi yaşayır. Onun sözlərinə görə, bir çox ölkələrdə insan alverinə qarşı qanunların mövcud olmasına baxmayaraq, onların tətbiqində ciddi boşluqlar var.
ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində deyilir ki, Azərbaycan insan alveri üçün mənbə və tranzit ölkə olmaqla yanaşı, həm də insan alveri qurbanlarının gətirildiyi ölkədir. Burada göstərilir ki, Azərbaycandan kişilər və oğlanlar məcburi əməklə məşğul olmaq üçün Rusiya və Moldovaya aparılır. Qadınlar və uşaqların isə seksual istismar məqsədilə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İrana aparıldığı qeyd edilir. Sənəddə göstərilir ki, qadınlar və uşaqlar Azərbaycanın özündə məcburi əmək və dilənçiliklə məşğul olmağa vadar edilir. Azərbaycanın Özbəkistan və Qazaxıstandan qadınların seksual istismar məqsədilə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılmasında tranzit ölkə olduğu deyilir.
Hesabatda Azərbaycan hökumətinin insan alverinin aradan qaldırıması istiqamətində minimum standartlara tam əməl etmədiyi qeyd olunur və hökumətə tövsiyələr verilir. Burada göstərilir ki, Azərbaycan hökuməti insan alveri hallarının araşdırılması, günahkarların cəzalandırılması, ya da insan alveri hallarının məhkum edilməsi və qurbanların müdafiə edilməsi sahəsində əhəmiyyətli inkşafa nail ola bilməyib. Hesabatda deyilir ki, Azərbaycan hökuməti ölkədə məcburi əməklə məşğul olmağa vadar edilmək probleminin mövcud olduğunu etiraf edir, lakin insan alveri ilə məşğul olan insanlar cəzalandırılmamış qalır.
Azərbaycan hökumətinə insan alveri qurbanlarının aşkarlanması səylərini yaxşılaşdırmaq, insanların məcburi əmək və seksual təcavüzə vadar edilməsi hallarının təhqiq edilməsini və cinayətdə iştirak etmiş hökumət rəsmilərinin cəzalandırılması işini yaxşılaşdırmaq tövsiyə edilir. Bununla yanaşı, Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinə tövsiyələr arasında ictimiayyətin insan alveri problemi ilə məlumatlandırılması səylərinin artırılması da qeyd edilir.