Əhməd Obalı:” Millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk”

Posted September 7th, 2011 at 2:30 pm (UTC-5)
Leave a comment

ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir. Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirdi ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə çoxsayda məlumatlar gəlir.

Əhməd Obalı bu günlər Urmiyədə yaranmış vəziyyətlə əlaqədar etiraz nümayişlərinin mediada işıqlandırılması ilə bağlı tənqidlərini bildirmək üçün televiziya vasitəsilə dünya azərbaycanlılarına emosional müraciətində kəskin tənqidlər səsləndirib.

Əhməd Obalı suallarımızı cavablandırırdı.

Dilşad Əliyarlı: Əhməd, siz bu yaxınlarda Urmiyə gölündə yaranmış ekoloji fəlakət və bu səbəblə keçirilən aksiyaların işıqlandırılması ilə bağlı Günaz TV-də müraciətlə çıxış etmisiniz. Çox emosional çıxış etmisiniz. Bu çıxışda kəskin tənqidlər səslənib. Məqsədiniz nə idi?

Əhməd Obalı: Atalar deyib ki, uman yerdən küsərlər. Biz küsmürük. Tənqidimiz var, etirazımız var. Mən bir nəticə əldə etmək üçün bilərək çıxıb tənqid etdim. Biz dostlarımız və həmvətənlərimiz elə ağır vəziyyətdə olanda emosional olmaya bilmərik. Gərək də emosional olaq. Onlar bizim ailələrimizdir. Fərqi yoxdur. Mən onların çoxunu heç vaxt görməmişəm. Amma onlar da bizim ailələrimizdir. İnsani baxımdan da adam hər zaman özünə nəzarət edə bilmir. Ailədə bir itki olursa, insan ağlayır. Bu da bizim ailəmizdir. Azərbaycan ailəsi. Bu tənqidlərdən sonra mən arzu edirəm ki, buraya qədər nəticə olub və bundan daha artıq olacaq. Tənqid etdiyimiz televiziyalar və qəzetlər bizə dolayısı ilə, ya da bəzən birbaşa deyib ki, haqlısız, bu məsələləri daha çox işıqlandırmalıyıq. Yəni, görünür, onun nəticəsi olub. Mən öz növbəmdə buna müsbət baxan və hadisələrə daha çox yer verən insanların hamısına təşəkkürümü bildirirəm.

SUAL: Əhməd bəy, çıxışınızın emosionallığına görə sizi də tənqid ediblər. Azərbaycanlılar arasında nəticə əldə etmək üçün məsələlərə indi emosional deyil, daha çox soyuqqanlılıqla, daha praqmatik yanaşmaq tərzinə üstünlük verənlər var. Buna münasibətinizi bilmək maraqlıdır.

CAVAB: Haqlıdırlar. Sözdə gözəl məna var. Həmişə praqmatik yanaşmaq çox düzgün yodur. Məsələ ondadır ki, praqmatik yanaşma nə deməkdir. Bir yerdə ki, millət ayağı qalxıb sözünü deməyəndə dövlət onun sözünə qulaq asmır, o zaman praqmatizm evdə oturmaq mənasında işlədilirsə, bu, dövlətə kömək etmək deməkdir. İran dövləti istəyir ki, millət sakitcə evdə otursun. Amma məsələ həll olunmur. 7 ildir elə biz televiziyada bundan danışırıq. Rejim 10 ildən artıqdır bilir. İndi özləri deyirlər ki, biz 10 ildir bilirdik göl quruyacaq. Amma heç bir iş görməyiblər. Bu il məclisin nümayəndəsinin dediyinə görə, Urmiyə gölünə gedən suların səviyyəsi sıfra çatıb. Yəni artıq Urmiyə gölünə heç su buraxılmır. Halbuki oraya ildə 7 milyard kubometrdən çox su gedirdi. Amma onun hamısını kəsiblər. Demək, millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk. Bu, vətən və ölüm-dirim davasıdır. Burada ayağa qalxıb söz deməkdən başqa heç bir çarə qalmayıb. Ayağa qalxıb söz demək də yanlış yolla yox, sadəcə mədəni yolla sözü demək lazımdır. Milli fəallarımızın çağırışlarına cavab verməşik. Düşünürük ki, belə davam etsə, bir nəticə verəcək. Yoxsa o gölü tamamilə qurutmaq istəyirlər.

SUAL: Əhməd bəy, bir sual da vermək istəyirəm. Bu il əvvəlki illərlə müqayisədə xarici media vasitələrində Urmiyə hadisələri geniş işıqlandırıldı. Sizcə, bu dəfə beynəlxalq media vasitələrində hadisələrə verilən diqqət nə ilə izah edilir?

CAVAB: Bunun iki səbəbi ola bilər. Birincisi, ərəb ölkələrində baş verən hadisələr diqqəti Yaxın Şərqə yönəltdi. Gözlənilir ki, Suriyada hadisələr başlayandan sonra növbədə İran ola bilər. Bu baxımdam İranda indi nə baş versə, oraya tez diqqət verilir. Bu, məsələnin bir tərəfidir. İkincisi odur ki, Azərbaycan hərəkatı öz səsini yavaş-yavaş çatdırmağa başlayır və bu getdikcə nəticə verməlidir. Mən iki səbəbi göstərdim. Amma bunun bir səbəbi də var. Üçüncüsü, İran rejiminin içindən islahat adı ilə çıxmış qrupların fəalliyyətinin məğlubiyyətə uğramasından ibarətdir. İranda rejimin içindən çıxan islahatçılar hər hansı bir iş görə bilməyəcəklər. Ona görə mənim fikrimcə, həm dünya yavaş-yavaş inanır, həm də İranda yaşayan başqa xalqlar da buna inanır ki, bu dərdləri rejimin içindən çıxan qruplar həll edə bilməyəcəklər, yenidən başqa bir formada burada islahat aparmaq lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>