Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyevlə müsahibə

Posted October 20th, 2011 at 2:48 pm (UTC-5)
Leave a comment

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev bu günlər ABŞ-a səfər edir. Səfər çərçivəsində o, Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının işi ilə yaxından tanış olur. Amerikanın səsinə müsahibəsində o, Amerikaya səfəri ilə bağlı təəssüratları və Azərbaycan diaspor təşkilatlatının ABŞ-da fəaliyyəti ilə bağlı fikirləri ilə bölüşür.

Dilşad Əliyarlı: Cavanşir müəllim, Diaspor komitəsi xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları ilə işi hansı prinsip üzrə qurur?

Cavanşir Vəliyev: Diasporla iş üzrə Dövlət komitəsi öz fəaliyyətini xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində qurur. Eyni zamanda, bizim əsas məqsədimiz xaricdə yaşayan soydaşlarımızın öz mədəniyyətini unutmaması istiqamətində fəaliyyət göstərməkdir. Amerika və Kanadada 50 diaspor təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların da əsas məqsədi burada Azərbaycanın haqq səsini çatdırmaq, eyni zamanda Azərbaycan haqqında məlumatları yaşadıqları ştatlarda və şəhərlərdə ictimiayyətə çatdırmaq, öz mədəniyyətləri və dillərini unutmamaqdan ibarətdir.

Dilşad Əliyarlı: Siz Vaşinqtondan başqa digər şəhərlərə də səfər edəcəksiniz. Səfərinizin əsas məqsədi nədir? Hansı şəhərlərdə olacaqsınız və hansı tədbirlərdə iştirak edəcəksiniz?

Cavanşir Vəliyev: Səfərin əsas məqsədi Amerika Azərbaycan Gəncləri təşkilatı ilə USAN-ın birgə təşkil etdiyi konfransda iştirak etmək idi. Bu, bir daha sübut edir ki, bizim Amerikada fəaliyyət göstərən diaspora təşkilatları sistem çərçivəsində işləyir və biz bunun nəticələrini görməyə başlayırıq. Konfrans çox yüksək səviyyədə keçdi. Konfransın təşkili ərəfəsində Diaspor Komitəsi tədbirə öz dəstəyini verdi. Səfərin ikinci məqsədi odur ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyi ilə birlikdə Amerikaya teatr sənətçilərimizi dəvət etmişik. Onlar ilk teatr tamaşasını Nyu-Yorkda, sonra isə Vaşinqtonda ən möhtəşəm teatr salonlarından birində göstərəcəklər. Nyu-Yorkda kifayət qədər yaxşı fəaliyyət göstərən diaspoa təşkilatları var. Azərbaycan Nyu-York Assosiasiyasının təşəbbüsü ilə Azərbaycandan teatr xadimləri dəvət olunub. Bu da yenə də diaspor təşkilatlarının sistemli şəkildə fəaliyyət göstərdiyini sübut edir. Həmin diaspor təşkilatının Mədəniyyət Nazirliyinə müraciəti əsasında sənətçilərimiz dəvət olunub. Bizim üçün önəmli odur ki, bu, diaspor təşkilatının, Azərbaycan Nyu-York Assosiasiyasının təşəbbüsü nəticəsində olub, sənətçilər dəvət edilib, onların yerləşidrilməsi, nəqliyyat xərcləri kimi təşkilati məsələlərin hamısını təşkilat öz üzərinə götürüb. Onlar Bakıdan kömək gözləmir, əksinə, artıq onlar özləri Azərbaycandan mədəniyyət xadimlərinin dəvət olunmasında ciddi fəaliyyət göstərirlər. Məsələn, Nyu-Yorkda həftə sonu məktəb fəaliyyət göstərir. Dövlət komitəsinə də gələcək planlar barədə məlumatlar verirlər. Dövlət komitəsi əlindən gələn bütün imkanlardan istifadə edərək onlara dəstək olmağa çalışır.

Dilşad Əliyarlı: Amerikanı bəzən mühacirlər ölkəsi adlandırırlar, çünki ölkə əhalisinin böyük hissəsini dünyanın başqa ölkələrindən gəlmiş insanlar təşkil edir. Amerikada diaspor fəlaiyyətlərinin uzun tarixi var. Burada daha gənc olan Azərbaycan diasporonu necə görürsünüz?

Cavanşir Vəliyev: Bir tərəfdən baxanda təəssüflər olsun ki, azərbaycanlılar Amerikada sistemli şəkildə məskunlaşmayıblar. Yəni mühacirət xidmətinin kvotası əsasında azərbaycanlıların gəlib Amerikada ermənilərdən fərqli olaraq kompakt yerləşməsini müşahidə etmirik. Onlardan fərqli olaraq, Ermənistandan qovulan azərbaycanlılara Azərbaycan dövləti Amerikaya və yaxud Avropanın başqa ölkələrinə miqrant kimi getməsinə razılıq verməyib və hər bir azərbaycanlının vətəndə qalmasına çalışıb. Ona görə də başqa millətlərdən fərqli olaraq bizim diasporumuzun fəaliyyət göstərməyə başlaması üçün zaman lazım idi. Qloballaşan dünyada insanların üstünlük verdikləri yerlərdə yaşamasına maneələr qoyulmur. Bu insanlar Amerikanı özünə ikinci vətən seçdikləri üçün Amerikaya axın var. Bizim də məqsədimiz bu axında olan insanların Azərbaycan üçün daha səmərəli, xeyirli fəaliyyət göstərməsidir. Məqsədimiz nədir? Biz onlara deyirik, biz sizdən heç nə istəmirik. Sizdən istədiyimiz sizin yaxşı vətəndaş olmanızdır. Dilinizi unutmayasınız, mədəniyyətinizi unutmayasınız, uşaqlarınıza yaxşı təhsil verəsiniz, burada daha yaxşı imkanlara malik olasınız. Azərbaycanlılar burada nə qədər yüksək səviyyədə fəaliyyət göstərsə, Azərbaycan üçün o qədər yaxşı olacaq. Məsələn, ABŞ-da fəaliyyət göstərən USAN təşkilatını biz nümunə kimi göstərə bilərik. Bu, çoxlu savadlı, Azərbaycanın haqq səsini Amerikanın müxtəlif dövlət strukturlarında deyə bilən gənclərdən ibarət təşkilat kimi formalaşıb. Biz bu təşkilata böyük ümidlər bəsləyirik ki, Azərbaycan üçün daha xeyirli işlər görə bilsin.

Dilşad Əliyarlı:Amerikanın spesifik ölkə olduğu qeyd etdiniz. Bəli, spesifik ölkədir, Azərbaycandan uzaq bir ölkədir və burada dil və mədəni ənənələri saxlamaq bəzən asan olmur. Məsələn, indiyə qədər Azərbaycan dilində məktəbin olmaması kimi bir problem var, halbuki azərbaycanlı valiydenlər belə bir məktəbin olmasını istəyir. Bu mənada Diasporla iş üzrə komitə Amerikada azərbaycanlılara hansı köməyi göstərə bilər. Xüsusilə də Azərbaycan mədəniyyətinin, Azərbaycan ənənələrinin, Azərbaycan dilinin unudulmaması üçün, yaşadılması üçün Amerikada yaşayan azərbaycanlılara hansı şəkildə kömək edə bilər.

Cavanşir Vəliyev: Diasporla iş üzrə Dövlət Komitəsi bu istiqamətdə çox ciddi fəaliyyət göstərir. Bizim diaspora.az saytımız var. Bu saytda çox yüksək səviyyədə Azərbaycan dili dərsləri keçirilir. Əvvəlki illərdən fərqli olaraq, burada istənilən ədəbiyyat, dilin öyrənilməsi üçün istənilən vəsait tapmaq olar. Biz həm də diaspora təşkilatlarının nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəblərini dəstəkləyirik. Eyni zamanda, Kaliforniyada Amerika Azərbaycan Cəmiyyəti fəaliyyət göstərir. Onun rəhbəri Cavid Hüseynovdur. O, Kaliforniyada və eyni zamanda Kanadada da fəaliyyətini davam etdirir. Diasporla iş üzrə Dövlət Komitəsi Kaliforniyada həftə sonu məktəbin fəaliyyətinə dəstək verib. Burada güclü diaspora yaratmaq üçün türk diaspora təşkilatları ilə birgə əməkdaşlıq aparılır, yəhudi təşkilatları ilə birgə fəaliyyət göstərilir. Azərbaycandan çıxan yəhudilər də Azərbaycan dilini unutmayıblar. Məsələn, Nyu-Yorkda teatr tamaşasına çox sayda dağ yəhudiləri qatılıb. Bundan başqa, Kaliforniyada və başqa ştatlarda cənubi Azərbaycandan soydaşlarımız yaşayır. Biz onları özümüzdən ayırmırıq. Biz İran ərazisindən köçmüş azərbaycanlıları diaspor təşkilatlatlarında məmmuniyyətlə görmək istəyirik, əməkdaşlıq etməyə çalışırıq. Onlar da Amerikada böyük bir qüvvədir və onlar bizim qardaşlarımızdır və biz onlarla hər bir zaman əməkdaşlıq edirik və gələcəkdə də etməyə hazırıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>