ABŞ-da Azərbaycan Nyu-York Asossiasiyasının nəzdində ilk Azərbaycan teatrı yaradılıb. Dekabrın 4-də teatrın təqdimatı zamanı Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası keçirilib.
Azərbaycan Nyu-York Assosiasiyasının məsul katibi və həftə sonu Azərbaycan dili məktəbinin müəllimi Münəvvər Vahabova Amerikanın səsinə müsahibədə deyib ki, Nyu-Yorkda Azərbaycan teatrının yaradılması icma üzvlərinin uzun zamandır gerçəkləşdirmək istədiyi arzu idi.
Teatrın ilk tamaşasının səhnələşdirilməsi üçün ANA cəmiyyəti Diasporla iş üzrə komitənin köməyi ilə Azərbaycanın Əməkdar Artisti, “Qızıl Dərviş” mükafatı laureatı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovu ABŞ-a dəvət etmişdir.
Tamaşanın bədii tərtibatı Nyu-Yorkda yaradılmış “Soydaş” rəqs ansamblının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Telman Cəlilova məxsusdur. Münəvvər Vahabovanın sözlərinə görə, Amerikada ilk Azərbaycan teatrının yaradılması fikri ilə ilk dəfə Telman Cəlilov çıxış etmişdir.
Tamaşa Azərbaycan icması üzvlərindən ibarət həvəskar aktyorlar qrupunun 26 məşqindən sonra səhnəyə qoyulmuşdur. “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının Amerikanın digər şəhərlərində də göstərilməsi nəzərdə tutulub.
Münəvvər Vahabova ilə müsahibəni burada izləyin.