Nyu-Yorkda moda dünyasının ən mühüm tədbirlərindən biri olan dəb şousunda azərbaycanlı model Rüstəm Cəbrayılov kişilər üçün yeni geyim kolleksiyasını təqdim edib.
Rüstəm Cəbrayılov kişi geyimləri dizayneri Maykl Bastianın 2012-ci il üçün yeni kolleksiyasını nümayiş etdirib. Dizaynerin son kolleksiyası klassik Amerika stilini təcəssüm etdirir.
Kolleksiya gözəl zövq qaydalarını pozmayıb diqqəti cəlb etməyi və gözəl geyinməyi xoşlayan kişilər üçün nəzərdə tutulub. Yaraşıqlı Rüstəm Cəbrayılov bu stili nümayiş etdirmək üçün ən yaxşı seçimlərdən biri hesab edilir.
Hazırda Nyu-York şəhərində yaşayan Rüstəm Cəbrayılov 2007-ci ildə dünyada ən yaxşı kişi model “Best Model of the World” titulunu qazanıb.
Nyu-York dəb həftəsi moda dünyasının ən mötəbər tədbirlərindən biridir. İldə iki dəfə fevral və sentyabr aylarında keçirilən dəb həftəsində dünyanın ən tanınmış dizaynerləri son geyim kolleksiyalarını nümayiş etdirir, moda aləmində yeni tendensiyaları göstərir.
Moda həftəsi çoxsaylı insanı cəlb edir, kolleksiyaların nümayişinə şou-biznes və kino dünyasının ulduzları, məşhurlar gəlir. Nyu-York moda həftəsi Amerika və dünya mətbuatında geniş işıqlandırılır.