Fevralın 4-ü dünya şöhrətli riyaziyyatçı-alim, mühəndis-elektrik və kompyuter mütəxəssisi Lütfi Zadənin ad günüdür. Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olmuşdur. Atası Rəhim Ələsgərzadə Ərdəbildən, anası isə Rusiyadan olub. O, rus və fars dillərində sərbəst danışır, Azərbaycan dilini yaxşı başa düşür.
Kaliforniyanın Berkli universitetində kompyuter elmləri professoru Lütfi Zadə elm dünyasında Fuzzy Logic (qeyri-səlis məntiq) nəzəriyyəsinin banisi kimi tanınır. Doktor Lütfizadə ilə Berkli universitetində onun iş otağında görüşdük. Yay mövsümü və tələbələrin tətildə olmasına baxmayaraq, professor gündə bir neçə saat universitetə gəlib işləyirdi. Professor hələ də dəsr deyir və artıq bir neçə ildir təqaüddə olmasına baxmayaraq, buna əhəmiyyət vermir və deyir ki, təqaüd sadəcə rəsmi prosedurdur.
Söhbətimiz doktor Lütfi Zadənin həyatının ilk illərini harada keçirdiyi ilə başladı.
Dilşad Əliyarlı: Doktor Zadə, həyatınızın ilk dövrü harada və necə keçib?
Professor Lütfi Zadə: Həyatımın ilk 10 ili Bakıda keçib. 10 yaşım olanda valiydenlərim İrana qayıtmaq qərarına gəldi. Beləliklə, 10 yaşından 23 yaşına qədər İranda yaşamışam. 23 yaşında olarkən mən Birləşmiş Ştatlara gəlmişəm.
Dilşad Əliyarlı: İranda harada yaşamısınız?
Professor Lütfi Zadə: Tehranda. Əvvəlcə, o zaman Amerika kolleci adlanan məktəbə getmişəm. Sonradan onun adı dəyişdirilib Əlboz oldu. Məktəbi bitirdikdən sonra Tehran universitetinə daxil oldum. Universiteti mühəndislik üzrə bakalavr dərəcəsi ilə bitirmişəm. Mən iki dildə ləhcəsiz danışıram. Bu da rus və fars dilləridir. İngilis dilində də rus ləhcəsi ilə danışıram.
Dilşad Əliyarlı: Bəz buraya Kaliforniyaya necə gəldiniz?
Professor Lütfi Zadə:Biz Amerikaya gəldikdən sonra mən Massaçusets texnologiya institutuna daxil oldum və orada magistr dərəcəsi aldım. Bundan sonra təhsilimi Nyu Yorkda Kolumbiya universitetində davam etdirdim. Çünki valideynlərim ABŞ-a gələndə Nyu Yorkda məskən salmışdılar. Mən də Nyu Yorkda onlarla bərabər olmaq istəyirdim. Texnologiya universitetində qala bilərdim, amma bunu etmədim və Nyu Yorkda iş tapdım. Nyu Yorkda Kolumbiya universitetində doktorluq dərəcəsi aldım və elə burada qalmaq qərarı verdim. Sonra mənə professor adı verdilər. Lakin gözlənilmədən Berkli universitetində mənə iş təklif etdilər və mən 1959-cu ildə Kolumbiya universitetindən Kaliforniyaya, Berkli universitetinə gəldim. O vaxtdan buradayam.
Dilşad Əliyarlı: Kolumbiya və Berkli universitetlərini necə fərqləndirə bilərsiniz? Bunların ikisi arasında necə müqayisə aparmaq olar?
Professor Lütfi Zadə:Sizə bir söz deyim. Əgər Kolumbiya universitetində qalsaydım, indi heç bir şey idim. Bəxtim gətirdi ki, buraya qərbə gəldim. Kolumbiya çox yaxşı yerdir. Amma orada təzyiq hiss etmirsən. İnsanlar təzyiq olmadığı halda, inkişaf edə bilmir. Berkli də isə o təzyiq var idi.
1959-cu ildə buraya gəldim və1963-cü ildə bölmə müdiri təyin edildim. 1968-ci ilə qədər bu vəzifədə çalışdım. Yəni təzyiq var idi. Mən təzyiq deyəndə, normal səviyyədə təzyiq nəzərdə tuturam. Nə çox, nə də az təzyiq yaxşı deyil. Həyatda çox şey bizim nəzarətimizdən xaricdədir. O zaman Berkli universiteti çox yüksək templə inkişaf edirdi. Lakin bu gün Kaliforniyada vəziyyət bir qədər dəyişib. İqtisadi şərait başqadır.
Dilşad Əliyarlı: Sizcə, kompyuter elmi sahəsində 21-ci əsrdə hansı inkişafları gözləmək olar?
Professor Lütfi Zadə: Bunu qabaqcadan söyləmək çətindir. 10-15 il bundan əvvələ getsək, nələr olacağını söyləməkdə çətinlik çəkərdik. Amma tam əminliklə demək olar ki, ən böyük dəyişikliyi əlbəttə, internet yaratdı. İnternet bir çox şeyləri dəyişdi. Tendensiya isə miniatürləşməyə, yəni kiçilməyə doğru gedir. Bu gün mobil telefon kiçik kompyuterə bərabərdir. 20-30 il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Cihazların ölçüsü getdikcə kiçilsə də, onlar daha “zəkalı” olur. Bu iki tendensiyanı müşahidə etmək mümkündür . Bu da bir tərəfdən yaxşıdır, lakin başqa tərəfdən, o qədər yaxşı olmaya da bilər. Bütün inkişafların həmişə olduğu kimi həm müsbət, həm də mənfi tərəfləri olur.
Amma 20-30 il əvvəllə müqayisədə indi müşahidə edə bilmədiyimiz bir cəhəti də qeyd etmək istərdim. Bu da ondan ibarətdir ki, o zaman bir şövq, bir həvəs var idi. 1963-1968-ci illərdə mən bölmə müdiri olanda kompyuter dövrü təzə başlayırdı. Baş verən hər hadisə, inkişafla bağlı bir həyacan yaşanırdı. Bu gün bunu görə bilmirik. “Süni beyin” indi daha böyük əhəmiyyət daşımağa başlayıb.
Dilşad Əliyarlı: İnternet insanları bir-birinə daha yaxından bağlaya bilibmi və insanlar kompyuter sahəsində biliklərdən istifadə edərək həyat keyfiyyətini yaxşılaşdırmağa nail olubmu?
Professor Lütfi Zadə: Əvvəl dediyim kimi, bunun həm mənfi, həm müsbət tərəfləri var. Müsbət inkişafların bundan sonra davam edib-etməyəcəyini gələcək özü göstərəcək. Lakin internetin özü ilə bağlı problemlər də var. Məsələn, saxta mesajlar, fərdi informasiyanın oğurlanması, özəl həyata müdaxilə, bütün bunlar böyük problemlərdir. Lakin eyni zamanda, bir dəfəyə minlərlə insana mesaj göndərmək mümkündür. Ya da Google saytından istifadə edərək, istədiyiniz informasiyanı tapa bilirsiniz. Bunlar əvvəllər mümkün deyildi.
Burada bir məsələni də qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, pul və maliyyə daha çox önəm daşımağa başlayıb. Cəmiyyətdə maddiyyətçilik var. Bu, mənim heç xoşuma gəlmir. Mən 1944-cü ildə Birləşmiş Ştatlara gələndə vəziyyət fərqli idi. Mən bu gün kommersiyanın və reklamın böyük təsir qüvvəsinə malik olmasını heç bəyənmirəm. Televiziya proqramları reklamlardan, kommersiyadan ibarətdir. İnsanlar bunun təsirinə məruz qalırlar. Bu da narahatlıq doğurur.
Dilşad Əliyarlı: Birləşmiş Ştatlara gəldikdən sonra uşaqlıq və gənclik illərinizin keçdiyi ölkələrə, Azərbaycana, İrana, Rusiyaya səfər etmisinizmi?
Professor Lütfi Zadə: Sonuncu dəfə Rusiyada 1979-cu ildə olmuşam. Sovet İttifaqı dağıldı. İndi sual budur ki, Rusiya və başqa respublikalarda insanların vəziyyəti yaxşılaşdı, yoxsa daha da pis oldu. Fikrimcə, Sovet İttifaqının tərkibində olan ölkələr, xüsusilə də Azərbaycan, Gürcüstan kimi ölkələr müəyyən mənada daha yaxşı səviyyədədirlər. Azərbaycan mənim vətənimdir. Gözəl ölkədir. Bakı gözəl şəhərdir. 2009-cu ilin noyabrında Azərbaycanda olmuşam. Azərbaycan neftə görə başqa ölkələrdən daha zəngindir. Buna görə də Azərbaycanın vəziyyəti başqalarından daha yaxşıdır. Mən prezident İlham Əliyevlə görüşdüm və o mənə çox yaxşı təsir bağışladı. Kommunikasiya naziri Əli Abbasovla görüşdüm. Belə insanların ölkəni gələcəyə apara biləcək insanlar olduğunu düşünürəm.
Lakin başqa ölkələrlə bağlı bu nikbinliyi bölüşə bilmirəm. Müstəqillik əldə etmiş başqa ölkələrə baxdıqda, onlar əvvəlki kimi bir ölkənin tərkibində deyil. Sovet dövrü insanlar bir yerdə təhsil alır, başqa yerdə işləyirdilər. İndi isə vəziyyət fərqlidir.
Mən Rusiyada gedən proseslərdən razı deyiləm. Orada bir tərəfdən oliqarxlar, milyarderlər var, digər tərəfdən isə zibillikdə çörək axtaran insanları görmək olar. Cəmiyyətdə çox böyük qeyri-bərabərlik var. İşsizlik çox yüksək səviyyədədir. Rusiyada işsizlik səviyyəsi Birləşmiş Ştatlardan qat-qat yüksəkdir. Bu da sosial partlayışa səbəb ola bilər.
Dilşad Əliyarlı: İranda necə olmusunuzmu? Oradakı hadisələri izləyirsinizmi?
Professor Lütfi Zadə:Sonuncu dəfə İranda 1976-cı ildə olmuşam. Onu deyə bilərəm ki, burada demokratiyanın süqutu baş verib. Mən orada proseslərə yaxşı insanlarla pis insanların qarşıdurması kimi baxmıram. Gördüyüm odur ki, insanlar bir-birinə inanmır. Onlar seçkilərə inanmır və bu, birinci dəfə deyil. Hər dəfə seçkidə bir tərəf o biri tərəfi seçkini saxtalaşdırmaqda ittiham edir. Mən İranda demokratiyanın çiçəklənə biləcəyinə inanmıram. Bu, qeyri-mümkündür. Mən bunu hələ İranda tələbə olarkən müşahidə etmişəm. Şah dövrü İranda total diktatorluq mövcud idi. Sonra demokratiyaya bənzər nəsə oldu, əslində isə bu, total qarışıqlıq idi. İnsanlar azadlıqdan yaxşı mənada necə istifadə edəcəyini bilmirdi.Burada da Rusiyadan misal gətirmək istəyirəm. Yaxşı, indi deyək, daha çox azadlıq var. Amma bunun nəticəsi nədir. Yeni qanun çıxana qədər Moskvada 68 kazino var idi. Hər tində bir bar var. Azadlıqdan istifadə etmək əvəzinə, azadlıqdan sui-istifadə edilir. İran kimi ölkədə də demokratiya mümkün deyil. Ya bu, ya da başqa bir formada diktatorluq mövcud ola bilər. Ona görə də islahatçıların seçkilərdə qələbəsindən danışanda, yada salmaq istəyirəm ki, Musəviyə intellektuallar, tələbələr səs vermişdi. Lakin xalqın böyük hissəsi intellektuallardan ibarət deyil. Rejimə qarşı mübarizə prosesində isə insanlar və İranın özü əziyyət çəkir. Cəmiyyətdə qütbləşmə İranın xeyrinə deyil və İran gələcəkdə güclü ölkə olmayacaq. Buna görə yenə demək istəyirəm ki, mən oradakı proseslərə xeyir və şər arasında mübarizə kimi baxmıram. Amma bir söz demək istəyirəm ki, İran da, Bakı da mənim ürəyimdə xüsusi yer tutur.
Dilşad Əliyarlı:Sizin üçün həyatda ən mühüm nədir?
Professor Lütfi Zadə: Mənim işim. Həmişə və hər zaman belə olub. Mən heç vaxt pul haqda düşünməmişəm. Amerikanın özündə də görürsünüz ki, prosfessorlar nəsə bir işlə məşğul olub pul qazanırlar. Mənim üçün isə bu, heç vaxt belə olmayıb. Görünür, boya-baş çatdığım dövrün və mühitin mənə təsiri olub. Mən Bakıda 16 nömrəli məktəbdə oxuyanda belə bir atmosfer var idi ki, elm mühümdür, alimlər mühüm adamlardır. Pul isə əhəmiyyətli deyildi. Sovet İttifaqı dağılana qədər belə idi. O zamanlar zəngin adamlar deyil, alimlər, yazıçılar, şairlər ən çox hörmət olunan insanlar idi. Bu da mənə öz təsirini göstərib.
Mən Birləşmiş Ştatlara gəlib elmi fəaliyyətə başlayanda bu atmosferin təsiri altında idim. Sonradan Fuzzy Logic nəzəriyyəsini yaratdım və nəhayət bu mərhələyə çatdım. Amma mən o mədəniyyətə mənsub olmasaydım, bəlkə də indi bir şirkət rəhbəri idim. Mən pulda deyil, həmişə elm naminə elmdə maraqlı olmuşam.
Dilşad Əliyarlı: Özünüzü xoşbəxt insan hesab edirsinizmi?
Professor Lütfi Zadə: Bəli. O mənada ki, şikayət etməyə bir səbəb yoxdur. Yüksək ad qazanmışam, gözəl ailəm, gözəl həyat yoldaşım var. Berklidə yaşayıram, bura çox gözəl yerdir. Çox gözəl bir ölkədə yaşayıram. Mən Amerikanı çox sevirəm. Lakin məni narahat edən məsələlər də var. Kaliforniyada indi işini, sığortasını itirən insanlar var. Bu insanlar yaşadıqları evləri itirmək qorxusu qarşısındadır. Mən bu vəziyyətə baxdıqda narahat oluram. Özümə görə yox. Bir insan cəmiyyətdə başqaları böyük problemlər üzündən gecələri yata bilmədiyi halda özünü tam mənada xoşbəxt hiss edə bilməz.
Yenə də demək istəyirəm ki, mən bu ölkəyə mənə verdiyi bütün imkanlara görə minnətdaram. Başqa heç bir ölkədə mən bunlara nail ola bilməzdim.
One response to “Lütfi Zadə:”Mən pulda deyil, həmişə elm naminə elmdə maraqlı olmuşam””
Cox maraqlı bir həyat hekəyəsi!