ABŞ-ın şimal-şərqində yerləşən Meyn ştatının Nümayəndələr Palatası martın 13-də Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənəd qəbul edib.
Xocalı faciəsinin anılmasına dair sənədin qəbul edilməsi təşəbbüsləri ilə Meyn ştatının Nümayəndələr Palatasının üzvü Anna Haskel və senator Castin Alfond çıxış ediblər.
Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənədin qəbul edilməsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü və təşkilatın Meyn ştatında fəalı Tərlan Əhmədovun səyləri nəticəsində mümkün olmuşdur.
Sənəddə 2012-ci il fevral ayının 26-da Azərbaycanda Xocalı qətliamının 20 illiyinin qeyd edildiyi deyilir. “20 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri Rusiyanın 336-cı moto-atıcı alayının iştirakı ilə Azərbaycanın bu bölgəsində silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq, Xocalıya hücum etmiş və şəhəri işğal etmişdir”-deyə sənəddə qeyd edilir. Burada göstərilir ki, münaqişədən qaçmağa cəhd göstərən Xocalı sakinləri pusquya salınaraq, erməni və rus əsgərləri tərəfindən atəşə tutulmuş, qətliam nəticəsində 613 mülki vətəndaş həyatını itirmişdir.
Meyn ştatının qanunvericiləri sənəddə ABŞ-ın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi siyasətinə qoşulduqlarını bildiriib.
Sənəddə Xocalı faciəsində həyatlarını itirmiş insanların xatirəsinə ehtiram ifadə edilir.
One response to “Xocalı faciəsinə dair daha bir qətnamə Meyn ştatında qəbul edildi”
This was an USAN resolution spearheaded by the USAN Board of Directors member.